525.Az

Ekoloji problemlər hansı fəsadlara yol açır?


 

Ekoloji problemlər hansı fəsadlara yol açır?<b style="color:red"></b>

Bütün dünya ölkələri kimi, bu gün Azərbaycan da çoxsaylı ekoloji böhranlarla üzə-üzədir. Qlobal iqlim dəyişmələri nəticəsində Yer kürəsində temperaturun tədricən artması və dünyanın müxtəlif bölgələrində atmosfer yağıntılarının azalması müşahidə olunur ki, bu hal ölkəmizdə də özünü göstərir. Nəticədə çaylarda və su anbarlarında suyun səviyyəsi azalır.

Bu məqsədlə BMT-nin inkişafı proqramı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən milli adaptasiya proqramına dəstək layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində həm su sektorunda, həm də digər problemlərlə bağlı tədbirlər görülür.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ekoloq Rövşən Abbasov "525"ə açıqlamasında bildirib ki, suyun səviyyəsinin azalması kənd təsərrüfatı ilə məşğul olan fermerlərin qazancını azaldır və ərzaq ehtiyatına ciddi mənfi təsir göstərir: "Doğrudur, bunun nəticəsində Azərbaycanda birbaşa kənd təsərrüfatı məhsullarının azalması müşahidə olunmur. Amma bir çox hallarda Azərbaycana gətirilən idxal məhsullarının həcmi artır. Digər tərəfdən, otlaq sahələrinin susuzluqdan əziyyət çəkməsi ət istehsalı ilə məşğul olan fermerlərin fəaliyyətində problemlərin yaranmasına və ərzaq  qiymətlərinin kəskin artmasına yol açır. İkinci problem isə Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə aşağı düşməsidir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində çoxsaylı fəsadlar yaşanır, flora və faunaya mənfi təsir göstərir. Bu problemdən Xəzərin Azərbaycan sahillərindəki ənənəvi balıqçılıq təsərrüfatı da zərər çəkir".

Mütəxəssisin sözlərinə görə, atmosferin çirklənməsi daha çox  Bakı, Sumqayıt və Gəncə şəhərlərində müşahidə olunur: "Bakı və Sumqayıtda atmosfer çirklənməsinin çoxsaylı səbəbləri var. Əsas səbəblərdən biri transsərhəd tozlarının Bakı şəhərinə gəlməsidir. Transsərhəd tozlar bir qayda olaraq Xəzər dənizinin şərqində yerləşən "Qaraqoyunlu" və "Qızıl qum" səhralarından gəlir və  havanın keyfiyyəti aşağı düşür. Ölkəmizdə sovet dövründən qalmış bir çox problemlər var ki, onlardan biri də neftlə çirkləndirilmiş ərazilərdir. Neftlə çirkləndirilmiş ərazilər hazırda Abşeronda təxmini 30 min hektara yaxın ərazini əhatə edir.

Atmosferi çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır. Təxmini hesablamalara görə, hər il sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosferə 1 milyon tondan artıq zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Avtomobillərin çoxu daxili yanma mühərriki ilə işlədiyindən atmosfer çirklənməsi baş verir. Bunun qarşısını almaq üçün ölkəyə gətirilən elektrik avtomobillərinin gömrük tariflərinin kəskin şəkildə azaldılması istiqamətində tədbirlər həyata keçirilir, Bakı şəhərində ictimai nəqliyyatın və metro nəqliyyatının inkişaf etdirilməsilə bağlı işlər görülür.

İqlimşünas Məhərrəm Mehtiyevin sözlərinə görə, gündən-günə artan iqlim problemləri adlarını belə eşitmədiyimiz xəstəliklərə gətirib çıxarır: "Dəqiq rəy verə bilməsək belə, baş verən proseslərin böyük hissəsi qlobal iqlim dəyişiklikləri ilə bağlıdır. Bəzi fəsillər bir müddət sonra bəlkə də heç olmayacaq. Qeyd edək ki, təkcə son dövrlər iqlim dəyişiklikləri ilə bağlı 28 konfrans keçirilib. Lakin istixana qazlarının atmosferə buraxılmasının azalması hələ də baş verməyib.

İstixana qazları atmosferdə 100 illərlə qalır. Qarabağ zonası işğaldan azad olunduqdan sonra su elektrik stansiyalarının sayı çoxalıb. Bir çox stansiyalar da təmir olunur və yenidən istifadəyə verilir. Günəş və külək enerjisindən daha çox istifadə etməyimiz də bu problemlərin aradan qaldırılmasına kömək edəcək. Enerji sahəsində yeni texnologiyaların tətbiqi, işğaldan azad olunmuş ərazilərdə yaşıllıqların salınması və digər bu kimi işlər yararlı və vacib tədbirlərdir".

Havar ŞƏFİYEVA

 





04.03.2024    çap et  çap et