525.Az

Sözü özünə bənzəyən şair


 

Sözü özünə bənzəyən şair<b style="color:red"></b>

Bu dəfə şair-publisist, neçə ildir, "Ulduz"un yükünü çiyinlərində sevə-sevə daşıyan Qulu Ağsəs haqda tamam fərqli yazı yazmaq istədim. Heç şeirlərindən də misal gətirmək fikrim yoxdur bu dəfə... Sadəcə özündən danışmaq istəyirəm. Düşündüklərimi üzünə deyə bilmirəm (ayağı yer tutar deyə), heç olmasa gizlində danışım. Heç Qulu da bu yazının fərqli olduğunu bilməyəcək. Bir az eynəyi güləcək, vəssəlam. Bilirəm. Tanıyıram axı. Bəzən təlatümlü, bəzən sakit şairin çoxlarının düşündüyü kimi nə eqosu var, nə təkəbbürü. Bir özüdür, bir də sözü. Anlayançün uşaq kimi safdır, başa düşməyənçün daş, qaya. Əvvəlcə mən də onun içində gizlənən o uşağı duya bilmirdim. İnciyirdim, incidirdim. Sonra eynəyiylə, daha sonra səsiylə, ən sonda sözüylə tanıdım Qulu Ağsəsi. Özündən də yaxşı tanıdım. Hərf-hərf, heca-heca, sətir-sətir anlatdı özünü və anladım ki, nöqtədən sonra vergül olmur.

Qulu Ağsəs hər adama etibar etməz, etibar etdiyinəsə axıracan güvənər. Bacarmadığı işin qulpundan yapışmaz, amma söz verdisə, edər. Dünya dağılsa da, eləyər. Ona zorla heç nə etdirə bilməzsən. Gərək özü istəyə. Ürəyinə bir şey yatmadısa, vəssalam. Bircə dəfə deyər sözünü. Amma sözü də daşdan keçər.

Tərifi inandığı adamdan qəbul edər ancaq. Səsindən tutarsan ürəyindən keçənləri. Onun paltarı da, çantası da, eynəyi də adamla danışar. Özü də şeircə. Adamın üstü, başı şeirdi elə... Gözlərində doğar əvvəlcə şeir, sonra ürəyində, daha sonra barmaqlarında. Sirlidi. Yerişi, duruşu, gülüşü, baxışı - hamısı sirdi. Özünü bircə özü çəkər, kimsəyə etibar etməz. Ya da qıymaz kiməsə. Bəlkə, özünə qıymaz Qulu Ağsəs. Susa-susa danışar bəzən. Susa-susa qışqırar, susa-susa küsər, susa-susa ağlayar, susa-susa gülər... Səssizliyinin öz dili var şairin. Tənhalığında bircə özüylədi. Heç kimə borclu qalmaz. Bircə borcu Tanrıyadı. Ürəyindən keçənləri dilinə gətirməz. Hünərin var, onu səssiz anla. Kiməsə bənzəməyi sevməz. Elə özünə bənzəyər həmişə. Çox dostu yoxdur. Ən yaxın dostu sözüdür. Sözüylə nəfəs alar sadəcə. Gizlində yazar, gizlində pozar. Hər kəs anlamaz quş dilini. Mükəmməlliyə qaçar. Yazdığını min dəfə özünə oxuyar. Varağa oxuyar, divara, tavana, qapıya, pəncərəyə oxuyar. Pıçıltısını uzaqdan eşidərsən. Hay-küyü sevməz. Elə hamıyçün da yazmaz Qulu Ağsəs. Heç hamı kimi düşünməz də. Elə hamı da onun kimi düşünə bilməz. Eynəyindən oxuyarsan ürəyindən keçənləri. Zarafat deyil. Onun qəhrini o eynəkdi çəkən elə. İkisi də bir-birinə vəfalıdır. Birdə əl çantasıdır ona dözən... Heç yanından əskik etməz. Hara getsə, özüylə daşıyar. Nə o, çantaya yükdür, nə çanta ona. Yollaşıb gedirlər.

Yeriyəndə qolları özündən qabaqda qaçar. Elə bil ki, ayaqlarına yol açar qolları. Sükutunun içində şeir doğular. Elə gözəl yiyə durar ki sözünə. Sözünün ağasıdır axı. Onu özündən heç kim çıxara bilməz, bircə özündən başqa. Sözü balası kimi sevər, amma özünə deməz. Dedim axı, Qulu Ağsəs fərqlidir. Hərdən elə söz çıxar ki ağzından, məəttəl qalarsan. Sözü bişirənlərdən deyil axı. Fərasəti yoxdur bu sarıdan. Bər-bəzəkdən uzaqdır. Bundan belə istəsə də, bəzək vura bilməz fikirlərinə. Necə düşünürsə, elə danışır. Uçurub dağıtdığını da özü yığışdırar. 55 ildi bir üzü var. Min şükür...

Bilmirəm, yazı necə alındı. Amma bir az Qulu Ağsəsə bənzədi, deyəsən.

Təranə DƏMİR

 





04.03.2024    çap et  çap et