525.Az

Yazıçılar Birliyindən Ədəbiyyat İnstitutuna yubiley təbriki


 

Yazıçılar Birliyindən Ədəbiyyat İnstitutuna yubiley təbriki<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə İnstitutun 90 illiyi ilə əlaqədar təbrik məktubu ünvanlayıb. Məktubda yazılıb:

"Hörmətli İsa müəllim!

Azərbaycan elmində xüsusi mövqeyə malik olan, uzun zamandan bəri uğurla rəhbərlik etdiyiniz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaradılmasının 90 illiyi münasibətilə Sizi və kollektivinizi səmimiyyətlə təbrik edirik.

Böyük tarixi yol keçmiş Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm rol oynamışdır. Bu elmi tədqiqat müəssisəsi ədəbiyyatımızın çoxəsrlik tarixinin dərin və əhatəli öyrənilməsi, çağdaş ədəbi proseslərin, dünya ədəbiyyatına, ədəbi əlaqələrə dair aktual məsələlərin müntəzəm izlənilməsi və araşdırılması kimi vacib istiqamətlərdə son dərəcə əhəmiyyətli nəticələr əldə etmişdir. Öz parlaq missiyasını bu gün də uğurla həyata keçirməkdə olan Ədəbiyyat İnstitutunun kollektivi ən yeni dövrdə, məhz Sizin rəhbərliyinizlə yeni-yeni nailiyyətlərə imza atmışdır. Elmi səviyyəsi daha da yüksələn, fəaliyyət imkanları, beynəlxalq əlaqələri xeyli genişlənən Ədəbiyyat İnstitutu, Sizin yüksək rəhbərlik-təşkilatçılıq bacarığınız sayəsində, həmçinin kollektivin ardıcıl səyləri nəticəsində təkcə Azərbaycanın və Qafqaz regionunun deyil, bütövlükdə MDB məkanının, Yaxın və Orta Şərqin ən nüfuzlu elm ocaqlarından birinə çevrilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbəri olduğunuz dönəmin ən əlamətdar və Azərbaycan Yazıçılar Birliyi üçün xüsusilə qiymətli cəhətlərindən biri də İnstitutla Birliyimizin elmi-ədəbi əlaqələrinin son dərəcə sıx və səmərəli xarakter almasıdır. Bədii və elmi yaradıcılıq sahələrini vəhdət halında təmsil edən bu iki qurum arasında son illər davamlı inkişaf tapan tərəfdaşlıq münasibətləri bir çox dəyərli nəticələrin ortaya çıxmasına yol açmışdır. Bərabər həyata keçirdiyimiz yaradıcılıq layihələri, birgə təşkil etdiyimiz təqdimatlar, müzakirələr və digər məzmunda çoxsaylı tədbirlər, o cümlədən, ortaq işimizin məhsulu olan sanballı nəşrlər Ədəbiyyat İnstitutu ilə Yazıçılar Birliyinin yaxın dövrdə daha da güclənmiş əlaqələrinin parlaq təzahürləridir. Eyni zamanda bütün bunlar hər iki qurumun Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin tərəqqisi naminə əməkdaşlığa böyük önəm verdiyinin, bu sahədə örnək sayıla biləcək işbirliyi sərgilədiyinin danılmaz isbatıdır. Ümidvarıq ki, Ədəbiyyat İnstitutu ilə Yazıçılar Birliyinin bu konstruktiv tərəfdaşlığı yüksələn xətt üzrə davam edəcək və yeni nailiyyətlər əldə olunmasına zəmin yaradacaq.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yubileyi - bu elm ocağının yaradılmasının 90 illiyi münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə və rəhbəri olduğunuz kollektivə möhkəm cansağlığı, həyatda və elmi fəaliyyətdə yeni-yeni uğurlar arzulayırıq!"

 





04.03.2024    çap et  çap et