525.Az

GƏNCƏ BAZARINDA ÜÇ KİŞİ - Rafael Hüseynov yazır


 

GƏNCƏ BAZARINDA ÜÇ KİŞİ - <b style="color:red"> Rafael Hüseynov yazır</b>

O son hamı üçün var, hər gələn bir gün gedir və torpaqla axırıncı görüş insan oğlunun qaçılmaz aqibətidir. Bəşər övladının oyanışsız yuxuya dalaraq torpağa sığınmasına hər xalq bir cür ad verib. Biri "haqqa qovuşmaq" deyib, bir başqası "son yola çıxmaq" və Azərbaycan türkcəsində adətən məzarı insanın axırıncı və sabit evi kimi qavrayıblar. Ona görə dünyadan köçənin qəbr evinə getdiyini, son mənzilinə yetişdiyini söyləyiblər.

Bəlkə də Tək İlahiyə tapınan bütün insanları Yaradıcının mütləq adilliyinə yəqin kəsdirən elə kimliyindən asılı olmayaraq ölümün hamı üçün varlığı, haçan gələcəyinin namüəyyənliyi, diriliyində hansı mərtəbəni tutmasından asılı olmayaraq torpağa gömülüncə hər kəsin eyniləşməsidir. Hətta torpağın üstündəki məzar da hansısa təmtəraqla fərqlənə bilir, ancaq yekun bərabərliyin hökmünü verən SON Hakim TORPAQ olur!

Hər kəs kimi, doğulduğu andan labüd ölümə məhkum, hər kəs kimi, yaşadıqca bir gün hökmən gələsi vida anına doğru irəliləyən Nizami Gəncəvi dünya içərisində durmağa qadir şəxsiyyət olduğundan ölüm onu yenə bilmədi. Ölüm, hər kəs kimi, Nizaminin də canına qəsd etməyi bacardısa da, onu bərabərləşdirərək hamıyla eyni mərtəbəyə qoymağa gücü çatmadı. Nizami bu həqiqəti ölüm ayağında, həyatdan ayrılarkən dərk etməmişdi, çox əvvəllərdən bilirdi və ona görə də Əcəl Mələyinin ən qəfil gəlişinə belə həmişə hazır idi.

Təbii, hər kəs kimi, o da dünyanın faniliyindən, həyatın bir gün bitəcəyindən agah idi, kim olduğunu, hansı solmaz miras yaratdığını da yaxşı bilirdi. Buna da əmin idi ki, o irs daim yaşayacaq, onu da yaşadacaq. Ancaq hər halda ölüm düşüncələri onun şeirlərində də vardı və Nizaminin ölüm mülahizələri başqa adamların bu qəbil düşüncələrindən xeyli fərqlidir. Ancaq onun insanı bir gün caynağına alacaq yoxluq haqqındakı düşüncələri və qənaətləri daha çox əbədiyyət haqqında fikirlər idi. O, ölümdən qorxmurdu və bunu açıqca da bəyan edirdi.

Gər mərg resəd çera hərasəm

Kan rah be tost mişenasəm.

 

Ölüm gələrsə, niyə qorxum?

Axı bilirəm ki, o, Sənə doğru aparan yoldur.

 

Sənə, yəni bitəcəksizliyə, Sənə, yəni aparan yol.

Davam edirdi:

Ta çənd konəm ze mərg fəryad

Gər mərg ze ust mərg-e mən bad

 

Axı mən ölüm qarşısında niyə fəryad çəkim,

Əgər ölüm Ondan gəlirsə, yaşasın ölümüm!

Və Nizamini ölümdən güclü edən bir başqa cəhət də o idi ki, şair ölümü bitmə, tükənmə, yekun yox, sadəcə yerdəyişmə hesab edirdi:

 

Çun bengərəm an çenan ke rayəst

İn mərg nə mərg nəğl-e cayəst.

 

Ölüm haqqında söylənənlərə qulaq

asdıqca görürəm ki,

Ölüm deyilən heç də ölüm deyil,

yerdəyişmədir.

Sağlığında fərz etdiklərinin hər biri gerçəkləşdi, öz qisməti məhz dediyi kimi də oldu. Gəncədə dünyaya göz açmışdı, bərəkətiylə dolanaraq Gəncə torpağının üstündə ömür sürdü, Peyğəmbərimizin sinnini aşandan sonra, yetmişinin astanasında onun da Nizami ruhundan ayrılaraq cansızlaşmış cəsədini torpaq aldı, yer gizlədi. Ancaq Nizami, öz bəyan etdiyi kimi, yerini dəyişdi. Həm də yalnız müasirlərinin yox, özündən sonra gələcək saysız nəsillərin də ürəklərinə köç elədi, beyinlərinə lövbər atdı. Nizami Gəncəvi XII yüzili yola saldı, XII yüzilin birinci onilində də yaşadı və getdi. Lakin ikinci minillik bitib, XXI əsrdir və bundan sonra nə qədər yüzillər sıralanacaq, Nizamininsə indiyəcən qaldığı dirilik təsdiqləyir ki, o, doqquz əsr sağ olubsa, bundan belə də həmin cavidliyini və ülviyyətini hifz edəcək. Niyəsini o vaxt özü anlatmışdı ki, ölüm onluq deyil, onunku bir şərafətli yeri digər bundan da əziz bir yerlə əvəzləməkdir.

Səbəbini özü XII yüzildə izah etmişdi - çünki o, ölüb getməyib, yer dəyişib. O yer bu gün də var, bütün gələcəklər içərisində də olacaq.

Vaxt öz dövranındadır, nə qədər fırlanır-fırlansın - Nizami təqvimlərin, zamanın fövqündəki sabit məqamını tərk edən deyil!

...1209-cu ildə Azərbaycan tarixinin ən yandırıcı hadisələrindən biri baş verdi. İlyas vəfat eləmişdi. O vaxt da, ondan sonrakı əsrlərdə də yüzlərlə, bəlkə minlərlə İlyaslar dünyaya gəlib-gedib. Amma bu İlyas bir başqa İlyas idi və özündən əvvəlkilərin, sonrakıların heç birinə bənzəməz. İlyas əbu Məhəmməd, yəni Məhəmmədin atası İlyas, İlyas ibn Yusif, yəni Yusifin oğlu. Gəncə də müsəlman Şərqinin bir parçasıydı və Arranın bu baş şəhərində də, Yaxın-Orta Şərqin dörd bucağında da elə Nizami əyyamlarının özündə də eynən belə ad sıralanmalarına təsadüf edilə bilərdi. Bu İlyası misilsiz edən gerçək deyil, qoşma adı - təxəllüsü idi və bir də həmin təxəllüsə qaynaq edilibmiş kimi ayrılmaz "Gəncəvi" kəlməsi.

Nizami Gəncəvi rəhmətə gedəndə artıq elə nəhənglikdə idi ki, onun ad-sanı Arran, Azərbaycan hüdudlarını çoxdan aşmışdı, Mərkəzi Asiyadan da kənarlara yayılmışdı. Odur ki, Nizaminin matəmi yalnız ailəsinin, qohum-əqrəbasının, Gəncəsinin yası deyildi. Bu, böyük sözün, böyük ədəbiyyatın matəmi idi. Elin sevdiyi, insanların misralarına təzim etdiyi, hökmdarların belə ayağına gəlməyi özlərinə rəva gördükləri Nizami Gəncəvi həyatdan getmişdi. Təbii ki, bu qüssəli qəziyyə elə o vaxtın içərisində də ciddi əks-səda doğurmaya, belə ifrat tanınmış bir simanın vəfatına münasibətlər aşağısı şeir səviyyəsində ağılaşdırılmaya bilməzdi.

Amma mən həmişə heyrətlənirəm ki, niyə Nizaminin dünyadan gedişinə həsr edilən sıra-sıra mərsiyələr, qəsidələr ortada yoxdur (Naümid də qalmayaq, bəlkə də var, hələ əlimizə çatmayıb, hansısa əlyazmalarda örtülü qalıb. Lakin istənilən halda o çağın məşhurlarının "Divan"larında isti-isti qələmə alınmış Nizami ağıları gözə dəymir)?!

Nizaminin doğma şəhərinin, bütün həyatının ötdüyü Gəncəsinin XX əsrinin lap əvvəllərini xəyaldan keçirəndə göz önündə bir neçə izdihamlı dəfn mərasimi canlanır. Cavan, parlaqlığı artıq hamılıqla etiraf edilən, gələcəyi böyük ümidlər vəd edən, İstanbul Universitetində təhsil almış ədəbiyyatşünas Abdulla Surun (1883-1912) həyatı 29 yaşındaykən insafsızca erkən qırılıb. Həmin dərdli gündən Əhməd Cavadın (1892-1937), Hüseyn Cavidin (1882-1941), o çağın daha neçə üstün ziyalısının səsi gəlir. Dəyərli bir qələm və düşüncə adamının həyatdan gedişi sadə vida mərasimi olmaq çərçivəsindən kənara çıxaraq ümumxalq kədərinə çevrilib. Ya bir az sonranın ayrı bir dəfn mərasimi - Gəncənin ağsaqqallarından, "el atası" adlandırılan Ələkbər bəy Rəfibəylinin (1839-1919) cənazə mərasimi. Yenicə fəaliyyətə başlamış Azərbaycan Cümhuriyyətinin neçə qurucusunun səsi gəlir o acı gündən. Ələkbər bəy haqqında söz çərçivəsinə sığa bilməyəcək təriflərini, təqdirlərini dilə gətirirlər. Həm də bütün bunlar söylənərək uçub getməyib, yazılaşdırılıb, nəşr edilib, tarixdə qalıb. Və sonrakı onillər içərisində elə Gəncədə də, bütün Azərbaycan boyu da nə qədər belə ayrılıq mərasimləri oldu. Yəni bir mollanın Quran ayələri dilə gətirməklə, "Yasin" oxumaqla, "Fatihə"lər verməklə yola verdiyi yığnaqlar deyil, əsl millət məclisləri, həyatdan gedənin çöhrəsini, əməllərini bütün xalqa nümayiş etdirən ayrılıq - hesabat mərasimi. Nizami üçün onunla ayrılıq günündə, 1209-cu ildə, təbii ki, belə mərasim keçirilməyib. O dövrdə heç belə bir ənənə də yox idi. Həyatdan müqəddəslik mərtəbəsinə ucalmış bir insan, nəhəng şair gedirdi, Şeyx gedirdi. Təbii ki, o məclisə toplaşanların hamısı ruhanilər və ruh adamları idilər. Üstündən əsrlər keçəndən sonra ənənəviləşəcək, belə qiymətli millət balalarının həyatdan gedişlərini bu cür dəfn mərasimi deyil, bir ədəbi mərasim səviyyəsinə qaldıracaq tədbirlər hələ dəbdə olmasa da, sonrakı yüzillərin dəfn mərasimini ədəbi məhfillər səviyyəsinə qaldırmaq vərdişi orta çağda başqa şəkildə üzə çıxırdı. Həmin vida günlərində, sonrakı həftələrdə, aylarda silsilə mərsiyələr, qəsidələr, qitələr yaranırdı, şeir məclislərində oxunurdu və həmin yazılmışlar yalnız müəlliflərin öz "Divan"larında qalmırdı, təzkirələrdə də əks olunurdu. Nizaminin miqyaslarını nəzərə alınca gərək belə şeirlər o qədər çox olaydı ki, hətta onları qovuşdurub bir kitab düzəltmək olaydı. Təəssüflər ki, o cür ağı-şeirlər, Nizaminin əbədi gedişinə sızlayan misralar təkəm-seyrəkdir.

...Nizaminin dünyaya gəlişinəcən mənbələrin soraqlarına, biliklərimizin indiki həddinə görə Gəncə artıq bir dəfə yerini dəyişmişdi. 1139-cu ilin 30 sentyabrında, şənbə günü Gəncənin altını üstünə çevirən müdhiş zəlzələ qopmuşdu. Çox mülklər və imarətləri yerlə-yeksan edən o tərpənişlərdən sonra Gəncənin yeri dəyişdirilərək indi Nizaminin məzarı olan, o vaxt camaatın dilində "Təzə Gəncə" adlandırılan hissəyə yığışmışdılar. Vaxt ötdükcə adamlar təzə yerə isinişmişdilər, növbəti nəsillər buraları elə əyyam-i qədimdən qalan ata-baba yurdu kimi qavramışdı. Ancaq Yer yenə dinc durmamışdı. Baş verən yeni güclü zəlzələlər əhalini buradan da pərən-pərən salmışdı, oturaqlaşdıqları həmin Təzə Gəncədən də aralanaraq Gəncənin indiki yerini seçmiş, güzəranlarını burada qurmağa başlamışdılar.

Ona görə də sonralar zəlzələlərdən xəbərsizlər Nizami kimi əzizin məqbərəsinin niyə şəhərdən bu qədər qırağa düşməsinin məntiqini anlamaqda çətinlik çəkmişdilər.

Lakin Nizami türbəsi məsafəcə şəhərin əsas hissəsindən xeyli aralı düşsə də, heç vaxt gözdən-könüldən iraqda olmadı. XII yüzildə də, XII yüzildən sonrakı əsrlər boyunca da "Xəmsə"si kimi, şairin məzarı da insanların daim yönəldiyi, pirlərdən, ibadətgahlardan geri qalmayan qüvvətli cazibəsi ilə xalqı daim özünə doğru çəkən sevimli ziyarətgah oldu.

Vaxt sularına qatışaraq axıb getmiş doqquz əsrlik zaman boyunca Nizami Gəncəvi məzarının, məqbərəsinin başqa məzarlara bənzəməyən bir özəlliyi də olub. O məzara insanlar heç vaxt yalnız sükut yeri, gəlib qəmgin fikirlərə dalmaq məkanı kimi yanaşmayıblar. Bura insanların həm də şad-xürrəm gəlib bayram elədikləri məskən olub. Çünki bu dərsi verən, belə etməyi aşılayan Nizami "Xəmsə"si ortada idi. İnsanlar onun məzarından daha çox "Xəmsə"sinə inanırdılar və onu torpağa tapşırılmışdan daha əvvəl diri kimi qəbul edirdilər. Nizami məzarının ətrafının daim seyrəngah olması, insanların ən xoş günlərində ora üz tutmasının tarixdə qalan mötəbər izləri də var. XVI əsrin ikinci, XVII əsrin I yarısında yaşamış salnaməçi İsgəndər bəy Münşi (1560-1634) qiymətli "Tarix-i aləmara-yi Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərində 1606-cı ildə baş verən hadisələri nəql edərkən xəbər verir ki, o il Novruz zilqədə ayının 15-nə təsadüf etdi. Şah Abbasın (1571-1629) qoşunu Gəncənin ətəklərinə gəlib çatmışdı (Bu, miladi təqvimlə 1607-ci il mart ayının 14-nə təsadüf edir). Şah Abbas göstəriş verir ki, Nizami məzarının həndəvərində çadırlar qurulsun. Qət edilir ki, Novruz bayramını burada keçirsinlər. Əyan-əşrəf, yüzlərlə qoşun əhli Nizami məzarının yan-yörəsindəki düzənliyə səpilir, salnaməçinin yazmasınca, oradakı Novruz çal-çağırı bir neçə gün davam edir.

Bu, sadəcə bizə bir tarixi qaynağın soraq verdiyi şadyanalıqdır. Amma əsrlər arxasında Nizami məzarının ətrafında, bu müqəddəs ziyarətgahda belə yığnaqlar, belə şad məclislər çox olmuşdu. Dünyaya dünyanı daha gözəl etmək üçün gəlmiş Nizami hətta qəbri ilə də əsrlər boyu insanlara sevinc bağışlamağı bacarıb.

Hökmdarın onu müşayiət edənlərlə bərabər Novruzu Nizami məqbərəsinin yanında keçirməsini təsvir edən salnamənin açıq mətndə ifadə etmədiyi, ancaq sətirlər ardından oxunan başqa təfərrüatlar da var. Şah qoşunu hər halda azı bir neçə yüz nəfərmiş. Onlar çadırlar qurub bir neçə gün burada şənlənirdilərsə, deməli, ətraf qəbiristanlıq deyildi, Nizami məqbərəsi ümumi məzarlıqda yerləşmirdi. Yəni lap əvvəldən - dəfn olunduğu çağlardan Nizaminin sıravi mərhumlar cərgəsinə qatılmasını düz saymayaraq onu ayrıca dəfn edib, sonra da qəbrinin üstünü götürüblərmiş.

...Azərbaycanın salnaməçiliyimizdə məxsusi xətt təşkil edən sıra-sıra "Qarabağnamə"ləri var. Onlardan birini də 1845-ci ildə Mirzə Adıgözəl bəy (1780-1848) qələmə alıb. Həmin əsərdə 1736-1826-cı illərdə Qarabağda baş vermiş tarixi hadisələr təsvir edilir. Mirzə Adıgözəl bəy yazır ki, 1752-ci ildə Hacı Çələbinin (1703-1755) ordusu və Gürcüstan qoşunu Nizami məqbərəsinin yanında qarşılaşdılar.

Bu tarixi sorağın əhəmiyyəti ondan ibarətdir ki, 1752-ci ildə Nizami məqbərəsinin hələ sahmanlı, yaxşı bir durumda olduğunu bizə xəbər verir.

Müqəddəs məkanın - Nizami məqbərəsinin narahat günləri hələ bir qədər sonra baş verəcək.

Mirzə Adıgözəl bəy Nizami Gəncəvinin "pak və nurlu" adlandırdığı məqbərəsinin artıq XIX yüzilin əvvəllərindəki xeyli aşınmış, nimdaşlaşmış vəziyyətini də görmüşdü və qeyrəti yol verməmişdi ki, bu qutsal ocağın belə miskin vəziyyətinə dözsün. Cibindən xərc çəkmişdi, şövqlə Nizami məqbərəsinin təmirinə başlamışdı. Onun Nizami məqbərəsinə təzə həyat verməsi ilə bağlı ayrıntılardan Abbasqulu ağa Bakıxanov (1794-1847) xəbər verir. Qüdsinin millətimizə ərməğan etdiyi bir-birindən dəyərli risalələr qatarında onun 1841-ci ildə tamamladığı "Gülüstan-i İrəm"in çəkisi daha ağırdır. Ən qədim zamanlardan XIX əsrin əvvəllərinəqədərki Azərbaycan və Qafqaz tarixini əks etdirən bu araşdırma Azərbaycan tarixşünaslığının ən qiymətli mənbələri cərgəsindədir. Çünki köhnə salnamələrə bənzəməyən, müxtəlif dillərdəki çoxsaylı mənbələrin tutuşdurulması və müqayisəli təhlili əsasında yazılmış bu əsərlə müəyyən mənada elə Azərbaycan elmi tarixşünaslığının əsası qoyulur, təsviri səciyyəli salnamə-sərnamə mərhələsindən, nəhayət ki, təhlil biçimli risaləçilik dövrünə adlanır. Ancaq "Gülüstan-i İrəm" bir tarix əsəri olsa da, ensiklopedik zəkalı Abbasqulu ağa Bakıxanov həm də şair idi, ürəyi dözməmişdi, istəmişdi ki, bu kitabda tarixi hadisələrlə yanaşı, ədəbi mənzərənin də həmin tarixlə qol-boyun irəliləmiş mənzərəsi də görünsün və əsərinin sonuna mini-təzkirə hesab edilə biləcək bir fəsil də artırmışdı, həmin bölmədə keçmiş zamanlarda ömür sürmüş, tarixdə iz qoymuş böyük şairlərdən, filosoflardan bəhs edirdi. Təbii ki, haqqında söz açdığı ustadlardan biri də Nizami Gəncəvi idi. Ancaq başqa seçkin ədib və düşüncə əhli ilə bağlı izhar etdikləri elə bu hissəyə sığışırsa, Nizami Gəncəvi haqqında Abbasqulu ağa Bakıxanov yalnız o fəsildə söz açmır, 1826-cı ildə baş vermiş məşhur Yelizavetpol döyüşünü təsvir edərkən də gəncəli Şeyxi yada salır. Həmin döyüşlərin Gəncə yaxınlığında, Nizami məqbərəsinin ətrafında baş verdiyini bildirəndən sonra, elə yeri gəlmişkən, bu məlumatı da bölüşür ki, çar ordusunun zabiti olan Mirzə Adıgözəl bəy xeyli köhnəlmiş olan bu məqbərəni öz vəsaiti hesabına təmir etdirib.

Abbasqulu ağa Bakıxanovun ovaxtkı Rusiyanın, Polşanın ziyalıları arasında hörməti, nüfuzu yüksək idi, dostluq əlaqələri qurduğu insanlar da az deyildi və həmin tanışlarından birini - rus diplomatı və yazıçısı Aleksandr Qriboyedovu (1795-1829)  da Nizami məqbərəsinin ziyarətinə gətirdiyi olmuşdu.

...Ömrü boyu Nizami aşiqi olaraq qalan nadir söz ustadlarından biri Seyid Əzim Şirvani (1835-1888) idi və "Xəmsə" daim onun qarşısındakı rəhildə, mütəmadi mütaliə etdiyi əsərlərin cərgəsində idi. Günlərin birində Seyid Əzim Şirvani onun üçün çox əziz olan bu əlyazmanı - çox nəfis "Xəmsə" nüsxəsini yazdığı xoşagəlim şeirinə mükafat olaraq sevimli şagirdi Ələkbərə, gələcəyin məşhur Sabirinə (1862-1911) hədiyyə etmişdi.

1870-ci illərin ortaları Seyid Əzimin həyatının böhranlı günləri idi. 1859-cu ildə Şamaxı zəlzələsi əsnasında uçub-dağılan mülklər arasında Seyid Əzimin evi də vardı. Ancaq dərd bir ev dərdi olsaydı, nə var idi ki! 1874-cü ildə Şamaxıda məktəb açılmışdı və Seyid Əzim də orada işə düzəlmişdi. Burada Azərbaycan, fars, ərəb dillərindən, bir də şəriətdən dərs deyirdi. Ancaq Seyid Əzim cədvələ sığışsaydı, yalnız həmin fənlərin çərçivəsinə qapılıb qalsaydı, Seyid Əzim olmazdı. Şagirdlərinə öz zəngin biliklərini həcmli və geniş ötürməyə səy etdiyindən vaxtaşırı proqramdan aralanmalı olur, uşaqlara daha ətraflı məlumat verir, onların dünyaya gözlərini açırdı. Ancaq Seyid Əzimi gözü götürməyənlər də az deyildi və onun məhz təhsil qaydalarının istisna etdiyi belə "qüsurları"nın hər birinin üstünə beşini də qoyaraq yuxarılara məktublar yollayırdılar. Yazırdılar ki, o, uşaqların tərbiyəsini pozur, onları tamam başqa səmtə yönəldir və Seyid Əzimi dolanışıqdan da məhrum etməyə nail olmuşdular. Ardıcıl xəbis şikayətlərin nəticəsi bu olmuşdu ki, şairi məktəbdən xaric eləmişdilər. Ona görə də haqq-ədalət ardınca Tiflisə - canişinliyə getmək, ona qarşı çıxarılmış qərardan şikayət etmək qərarına gəlmişdi.

Tiflisə gedərkən yolu Gəncədən düşür. Gəncədən keçmişkən Nizamini də ziyarət edir. Nizami Gəncəvinin məqbərəsi qarşısında dayanır və onsuz da pərişan olan halı lap bərbadlaşır. Baxır ki, Nizaminin bu halı ilə elə onun öz vəziyyəti də bir-birinə çox bənzəyir.

Seyid Əzimi ən çox ağrıdansa Nizaminin keçmiş ehtişamından əsər-əlamət qalmamış məqbərəsi olur. Seyr etdiyi acınacaqlı mənzərələr ürəyini sıyıran Seyid Əzim Şeyxin məzarı başında bədahətən göynəkli misralarını dilə gətirir (Və nə yaxşı ki, sonra həmin şeiri bir dəfə söyləyərək unudulanlar zümrəsindən olmur, Seyid Əzimin "Divan"ına da qatılır):

Ey Şeyx Nizami, ey nizami dağılan,

Ey Gəncədə izz ü ehtişami dağılan.

Olmubdu səninlə mən kimi aləmdə

Beyti, evi, məktəbi, kəlami dağılan.

Bu xiffətli dördlüyün anlatdığı başqa ağrı çalarısa ondan ibarətdir ki, görünür, Mirzə Adıgözəl bəyin təmiri yüngülvari imiş. Çünki təmir-bərpa işlərinin görülməsinin üstündən, sən deyən, çox illər sovuşmamışdı, bu dördlükdəsə artıq yenə Nizami məqbərəsinin uçulub-dağılmasından söz gedirdi. Belə çıxır ki, artıq yenə bu məqbərəyə əsaslı şəkildə əl gəzdirməyə ehtiyac yaranıbmış. Və özü də həmin çağlarda biganəlikdən əziyyət çəkən, bu dərdi hər çaları və dadı ilə ilə duyan Seyid Əzimi daxilən sıxan bu idi ki, Nizami boyda nəhəngin məqbərəsi bu haldadır, insanlar hamısı bunu görür, amma çarə qılmırlar.

...XX əsr gəlmişdi və yeni əsr Nizami üçün heç yaxşı başlamırdı. Düzdür, Nizamini yenə əvvəlki kimi sevirdilər, oxuyurdular, Avropanın neçə ölkəsində onu dillərinə çevirirdilər, Nizaminin əsərləri əsasında Fransada, İngiltərədə, Almaniyada, İtaliyada - dünyanın başqa neçə ölkəsində yeni əsərlər yaradılırdı, nizamişünaslıq asta-asta müstəqil bir elmi istiqamət kimi şəkillənməyə başlayırdı.

Nizaminin vəziyyəti isə Gəncədə yaxşı deyildi, onun məqbərəsi XX əsrin əvvəllərində artıq tam bərbad hala düşmüşdü. Təbii, zaman ötdükcə bir bina köhnələ də, uça da bilər, təmirə ehtiyacı da olar, buna dözmək mümkündür. Ancaq dözülməz olan o idi ki, Nizaminin məqbərəsini döndərib eləmişdilər tövlə. Yoldan keçənlər orada at, öküz saxlayırdılar. Dahilər dahisi Nizami nadanlar əlində xar olurdu. Onun məqbərəsi təxminən hər gün təhqir olunurdu. Bundan xəbər tutan Gəncə ziyalılarının, təəssübkeş insanların laqeyd baxmağa qeyrəti tab gətirməzdi.

(Bunu da fərz edirəm ki, ola bilsin, XX yüzilin əvvəllərində, təqribən 1905-ci ildən sonra oralarda yenə yer silkələnməsi olubmuş, ya hansısa döyüşdən türbəyə sədəmə dəyibmiş ki, 2-3 il sonra artıq acınacaqlı vəziyyətdəymiş. Çünki şahid var -Nizami məqbərəsinin təxminən 1903-1905-ci illər arasında Hüseyn xan Rzayevin sulu boya ilə çəkdiyi rəsmi də qalmaqdadır ki, indi Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır).

1908-ci il dekabr ayının 12-də Gəncədə ziyalılar məşvərətə toplaşır. Onları Gəncə Dram Cəmiyyətinin növbəti toplantısına dəvət etmişdilər. Bu Cəmiyyət vaxtaşırı dram tamaşaları göstərsə, müsamirələr təşkil etsə də, əslində fəaliyyət dairəsi teatrla əsla məhdudlaşmırdı. Cəmiyyətin ünvanındakı "dram" sözünün yerinə "ziyalılar", "vətənpərvərlər" kəlmələrini qoysaydın, bəlkə də bu birliyin adı mahiyyətini daha dəqiq ifadə edərdi. Gəncə Dram Cəmiyyətinin ətrafında cəm olanların hamısı xalqını, yurdunu sevən, Gəncə və gəncəlilərin rifahı naminə fədakarlıqlara hazır olan insanlardı. Budəfəki yığılmalarının səbəbkarı Nizami idi. Hamısı şairin məqbərəsinin hazırkı vəziyyətindən qəlb ağrısı ilə bəhs edir. Son sözləri bu olur ki, ayıbdır, bu gedişata səbir etmək olmaz, hərəkətə gəlmək, nəsə təcili tədbirlər görmək lazımdır. Hamını silkələyərək Nizami məqbərəsinə kökləməyin ən qısa yolunu "Molla Nəsrəddin"də görürlər. Gəncə Dram Cəmiyyətinin bu toplantısından düz 9 gün ötüncə - 1908-ci il dekabr ayının 21-də "Molla Nəsrəddin" dərgisinin 51-ci sayı işıq üzü görür, son səhifələrindən birində 1906-1917-ci illərdə dərginin rəssamı olmuş Oskar Şmerlinqin (1863-1938) çəkdiyi karikatura dərc edilmişdi. Şəklin altında ərəb əlifbası ilə kiçik mətn vardı. Bu, Nizami məqbərəsi ilə əlaqədar yığcam məlumat və həyəcanlı çağırış idi: "Camaat! Bu əzim gümbəd (bunu bir az kinayə ilə deyir, yəni əzəmətli, möhtəşəm günbəz. Amma əzəmətli deyil axı, sınıq-salxaq haldadır - R.H.) şair-i məşhur Nizami Gəncəvinin qəbridir. Mərhumun "Pənc gənc" adlanan "Xəmsə"si farsdilli ədəbiyyatın bünövrə və rüknlərindəndir. Bundan savayı, iyirmi min beytdən ibarət qəsidə, qəzəl və qeyri şeirlərinin olduğu deyilirsə də, çoxsu itib-batıbdır. "Xəmsə"si misyö Şarmua tərəfindən fransız dilinə tərcümə edilmişdir. Zamanının padşahları mərhuma çox hörmət etdikləri halda, qeyri şairlər kimi heç kəsi mədh etməmişdir".

Və bütün bunları izhar edəndən sonra gəlinir əsas mətləb üstünə. Rəsmdə bir yanda bir Gəncə ziyalısı, o biri tərəfdə uçulan günbəzin - böyrü, içərisi qoyun-quzu ilə dolu Nizami məqbərəsinin ətrafına yığışmış adamlar. Həm "Molla Nəsrəddin"in, həm Gəncə Dram Cəmiyyətinin rəmzi olan ziyalı xalqa müraciət edir: "Camaat! Mən təklif edirəm ki, Gəncənin fəxri olan bu mübarək yadigarı qoyunların ziyarətindən qurtaraq".

"Molla Nəsrəddin" hansı sözü nə təhər deməyin, neştərləyib diksindirməyin ustası idi və bu məqaləylə karikatura sanki çoxlarını qəflət yuxusundan oyadır. Nizami Gəncəvinin həyatındakı yeni bir mərhələyə - onun məqbərəsini bərpa edərək şəxsiyyətinə layiq səviyyəyə çatdırmaq, bu müqəddəs məkanı tövləyə çevrilməkdən xilas etmək yolunda qətiyyətli addımlar atılmağa başlayır.

1908-ci ilin bitəcəyində Gəncə Dram Cəmiyyətində birləşən təşəbbüskar aydınlar Nizami məqbərəsi ilə bağlı ilkin əsas işləri görmüşdülər - məsələni qaldırmışdılar, hədəfləri müəyyənləşdirmişdilər, mövzunu mətbuata çıxarmağa müvəffəq olmuşdular - "Molla Nəsrəddin" yazdı, aləm bildi. Artıq növbəti - qəti addımları atmaq üçün bünövrə hazır idi. Yeni ilin lap əvvəlində - 1909-cu il yanvar ayının 3-də Gəncənin ağır-batman kişilərindən üç nəfər yollanır general-qubernatorun yanına. Gəncə valiliyinə təşrif gətirənlər Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədov, bir də Aslan bəy Səfikürdski (1881-1937) idi. Gedirlər Nizami məqbərəsi ilə bağlı xahiş edirlər. Deyirlər ki, Nizami bizim böyük şairimizdir, millətimizin, Gəncəmizin iftixarıdır, ona müasir tələblərə uyğun gələn, şairin böyüklüyünə yaraşan məqbərə tikmək istəyirik, izin verin.

Razılığı alırlar, indi qalırdı işin ağırı-məqbərəni tikib-quraşdırmaqdan ötrü vəsaitin toplanması. Bunu necə etmək haqqında da düşünmüşdülər - növbəti hədəfləri də elə bu idi. Onun da tədbirlərini irəlicədən müəyyənləşdirmişdilər. Məsləhət belə olmuşdu ki, yanvarın 7-də Gəncə teatrının binasında iki tamaşa göstərsinlər: Sultan Məcid Qənizadənin (1866-1938) "Axşam səbri xeyir olar" və "Xor-xor məzhəkələri"ni.

Çox keçməyəcək, həmin tamaşa ilə bağlı "Tərəqqi" qəzetində məqalə yer alacaq. "Tərəqqi" qəzetinin o sayını indi üstündən belə iri zaman parçası keçərkən riqqətə gəlmədən oxumaq olmur. Həmin tamaşada oynayanların heç biri peşəkar aktyor deyildi, hamısı həvəskarlardı - ürəyi millət eşqi ilə daşan vətənsevərlər. Bu xeyriyyə məqsədli tamaşalardan toplanan vəsait Nizami məqbərəsinin ucaldılması üçün gərək olan məbləğin bir hissəsini təşkil etməli idi. Rolları ifa edənlər - Nəsib bəy Yusifbəyli (1881-1920) (o Nəsib bəy ki, 10 il keçəcək, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri olacaq), Məmmədbağır bəy Şeyxzamanov (1880-1920) (o Məmmədbağır bəy ki, Azərbaycan Xalq Cümhuriyyətində Təhlükəsizlik İdarəsinin ilk rəisi olacaq, sonra həmin vəzifədə onu qardaşı Nağı bəy (1883-1967) əvəzləyəcək), Mirzə Hüseyn İsmayılzadə, İsrafil Atakişiyev və digərləri ki, hər biri illər ötəndən sonra da ən böyük məhəbbət və minnətdarlıq duyğuları ilə anılmağı bir çox nəcib əməlləriylə yanaşı, həm də bu unudulmaz tamaşaları qoymaqla qazanıblar. Təşkilatçılar tamaşanın daha da təsirli alınması üçün hətta qadın rolunu ifa etməkdən ötrü Gürcüstandan bir xanım da dəvət etmişdilər. Tamaşanın rejissoru Mirzə Məhəmməd Axundzadə (1875-1923) idi. "Tərəqqi" qəzeti 1909-cu ilin 12 yanvar sayındakı resenziyasında bu tamaşa ilə bağlı yazırdı ki, hər dəfə pərdə enəndə, hər dəfə pərdə yenidən qalxanda tamaşa salonu alqışlara bürünürdü.

Uğurla keçən tamaşa başa çatınca Mirzə Məhəmməd Axundzadə özü səhnəyə çıxır. Qələmə aldığı "Nizaminin tərcümeyi-halı" adlı yazını oxuyur. Bu nitq də camaatı xeyli məmnun salır, alqışlarla qarşılanır.

Və Axundzadə elan edir ki, bu "Tərcümeyi-halı" təsadüfən yazmamışıq. Yaxın günlərdə Nizaminin haqqında olan bu yazını ayrıca kitabça şəklində buraxacağıq, satışa çıxaracağıq, oradan toplanan vəsaiti də Nizami məqbərəsinin təmir edilməsi, yenidən qurulması işinə sərf edəcəyik.

Mirzə Məhəmmədin oxuduğu "Nizami tərcümeyi-halı" tamaşaçıların necə xoşuna gəlmişdisə, alqış sədaları altında onu ikinci dəfə səhnəyə dəvət edirlər ki, bir də oxusun. Gəlir, amma təkrarən oxumur, Nizaminin məqbərəsinə həsr etdiyi şeiri səsləndirir - bu şeirin misraları tikanlı idi, sancılı idi, qeyrəti dəbərdən idi. Mirzə Məhəmməd Axundzadə səhnədə idi:

Yol kənarında bir məzar-i fəqir,

Dağılıb gümbədi, olub viran.

Ona məxluqidən olub təhqir -

Bağlanır gümbədinə hər heyvan.

Mənzəri adəmə edir təsir,

Axıdır qəlbə hər dəqiqədə qan.

Kimsə etməz sual: "Kimdir bu?"

Ona quşlar olub fatihəqu.

Bu xəraba məzarda, aya,

Görəsən, kimdir belə xar yatır?

Kimsə etməz bunu sual əsla,

Sizə mən edim onu təqrir.

Edəsiz ol məzarı siz amma

Layiqincə əzizilər, təmir.

Bu yatan Nizami Gəncəvidir,

Şüara qisminin əzəmidir.

Orta əsrlərdə Azərbaycanda da, Yaxın-Orta Şərqin neçə ölkəsində də bazarlar sadəcə alış-veriş meydanı, insanın gündəlik ehtiyaclarını ödəmək üçün baş çəkdiyi yer deyildi. Bazarların hər birinin özünə xas mühiti vardı. Bazarlar şəhər əsnafının - şəhəri şəhər edən əsas təbəqənin qovuşaraq buranın təkrarsız ab-havasını yaratdığı, hər gününə bayram ovqatı çökən ünsiyyət məkanı idi.

Və çörəkçi nəslindən olan, əsnaf təbəqəsi və əxilərlə bağlı Nizami Gəncəvi də, söz yox ki, bazara tez-tez üz tuturmuş, onun yaşca böyük müasiri Məhsətininsə bazardakı sənət-peşə sahibləriylə mehriban təmaslarının əks-sədası silsilə şəhraşub rübailərində qalmaqdadır. XII əsrdən sonra dünyada çox şeylər başqalaşıb, ancaq Gəncə bazarındakı ruh elə həminkidir. Görünüş dəyişib, bazarın əski hücrələrinin yerində indi piştaxtalardır, adamlar da, təbii ki, indi büsbütün özgədir. Lakin ən az dəyişən bəlkə elə adamlardır. O adamlar ki, XII yüzildə bura gəlib alış-veriş edərdilər, bazarda saatlar keçirər, buradan çıxmağa tələsməzdilər, indikilər nəvə-nəticələri, övladlarının övladları, kötükcələri, itikcələridir, gəliblər, bu tanış məkanı Gəncənin şirin ləhcəsiylə süsləyirlər.

Haçansa yolunuz Gəncə bazarına düşsə, bir anlıq xəyal edin ki, XX yüzilin əvvəlləridir, bu adamların arasında Gəncənin yaddaşında həmişəlik qalan kişilər də var - şəhərin ağsaqqalları, başbilənləri, sözükeçərləri. Bir tərəfdə məğrur, vüqarlı görkəmi ilə Ələkbər bəy Rəfibəyli, o biri yanda Ələsgər bəy Xasməmmədov, digər səmtdə Aslan bəy Səfikürdski. Gəncədəki xüsusi hörmət, nüfuz sahibi olan bu şəxsiyyətlər neyləsələr yaxşıdır? Bilet satırlar və bu işi özlərinə əskiklik saymırlar. Yığılan pulları Nizami Gəncəvinin məqbərəsinin yenidənqurması üçün sərf ediləcək tamaşalara bilet satırlar.

Və o çağlarda - 1909-cu ilin yanvarında, fevralında, martında, aprelində "Tərəqqi" qəzetində Mirzə Məhəmməd Axundzadənin ard-arda məqalələri dərc edilir, elə bu gedişat haqqında. Ələkbər bəydən də yazır, Ələsgər bəydən də, Aslan bəydən də. Onların Nizami məqbərəsi üçün vəsait toplamaq naminə veriləcək tamaşalara Gəncə bazarında bilet satdıqları əsnada nadan, qaba, yontanmamış adamlardan köntöy rəftar görmələrindən, nalayiq atmacalar eşitmələrindən də bəhs edir.

Hər zaman bağrımızın başındadırlar, onları necə unutmaq olar?! Vücudu qara qəpiyə dəyməyənlərdən hərdən umulmayan sözlər də eşidiblər, öz ötkəm şəxsiyyətlərinə, kübar ailələrinin nüfuzuna, əsilzadə nəsillərinin sanbalına heç cürə tən gəlməyən idbar münasibətlə də qarşılaşıblar - səbirlərini basıblar, səslərini çıxarmayıblar, dözüblər, yollarını davam etdiriblər, biliblər ki, gördükləri bu iş millət adınadır, Vətən xatirinədir, inanıblar ki, bütün çürük sözlər uçub gedəcək, qalan saf əməllər olacaq. O biletləri sata-sata xalqın minnətdar yaddaşında həmişəlik qalmağın biletini qazanırmışlar...

28 fevral 2024

 

 

 

 

 

 

 

 





04.03.2024    çap et  çap et