525.Az

Bir hekayə - 6 baxış


 

KAMAL ABDULLANIN "QATARDAKI ADAM" HEKAYƏSİ HAQQINDA QƏNAƏTLƏR

Bir hekayə - <b style="color:red"> 6 baxış</b>

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bir qrup tələbəsi Mətbuat Şurasında təcrübə proqramı keçir. Mətbuat Şurasının sədri Rəşad Məcid tələbələrlə görüşüb, onların Mətbuat Şurasında təcrübə keçmələrindən məmnunluğunu dilə gətirib və rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. Xalq yazıçısı Kamal Abdullanın "Qatardakı adam" hekayəsindən söhbət düşdükdə R.Məcid təklif edib ki, tələbələr hekayəni oxuyub, öz fikirlərini qələmə alsınlar. Beləliklə, tələbələr hekayəni oxuyub fikirlərini yazıblar. Hekayə haqqında həmin fikirləri təqdim edirik.

 

Xalidə Vəlizadə:

- Bu hekayə bütövlükdə bir insanın həyat yollarında başına gələn ağrılı-acılı hadisələr, sınaqlar qarşısında acizliyini göstərir. Əsərin ümumi məzmunundan məlum olur ki, qəhrəman məktəb illərində sevdiyi yaşıl gözlü qız və ən yaxın dostu İdbar Razi tərəfindən aldadılır. Bu xəyanət obrazın daxili aləmində dərin iz buraxır. Personajın psixoloji dünyasında travmaya çevrilmiş bu hadisə nəticəsində o, artıq heç kimə etibar edə bilmir. Sevməyin nə qədər mənasız olduğu düşüncəsi ilə yaşayır və bütün həyatını puç edir: "...O vaxtdı, bu vaxtdı mən sevgi, məhəbbət nədi bilmənəm, bilmək də istəmirəm. Hər şey öldü mənimçün. İndiyənə qədər günüm bu yollarda, elə bu qatarda keçir..."

Problemlərə tuş gələn hər bir insanın qarşısında iki yol dayanır. Ya zəiflik göstərib heç bir hiss, duyğu yaşamadan qadağalar içində həyata pəncərə arxasından baxacaqsan, ya da başına gələn hadisələrdən dərs çıxararaq, doğru nəticələrə gələrək, keçmişi keçmişdə buraxaraq həyatına daha güclü şəkildə davam edəcəksən. Hekayədən də məlum olduğu kimi, qəhrəman birinci yolu seçir. Onun nə səbəblə qatarda yaşaması hekayənin sonunda məlum olur: kupeyə çay gətirən qadının da gözləri yaşıldır. Bu da bir daha onu göstərir ki, qəhrəman bir zamanlar sevdiyi vəfasız qadından nə tamamilə əl çəkə bilir, nə də nöqsanlarına baxmayaraq, onu həyatının qadınına çevirə bilir.  

 

Aidə Həsənova:

- "Qatardakı adam" hekayəsi sadə və mücərrəd olan bir həyat lövhəsini əks etdirir. Oxucunu düşünməyə sövq edir, hər bir oxucuya öz baxış bucağından yanaşmaq imkanı verir. Hər kəs bu hekayədən fərqli bir nəticə çıxara bilər. Qatardakı adam niyə həyatını qatarda yaşayırdı? Nakam sevgisi bələdçi qadın idimi? Nakam  sevgisindən geriyə ancaq kədərli xatirələrmi qalmışdı? Yoxsa hələ də  o yaşıl gözlərin xəyalı ilə yaşayır?

Bu hekayəni oxuduqdan sonra insanın qatardakı kupe yoldaşına, avtobusda yanımızda əyləşən birinə etinasız yanaşması mümkünsüz olur. Çünki hər kəsin öz hekayəsi var. Bəzən bu hekayələr bizə həyatı başa sala, illərlə fərqinə varmadığımız bir həqiqəti dərk etməyə yardımçı ola bilər.

Hekayədə məktəb illərində yaşanan və cavabsız qalan bir sevginin kökünün bu qədər dərinə getməsi məndə etiraz doğurdu. Bir insan niyə keçmişində boğulub qalmalıdır? Bir dostun dönüklüyü gələcəkdə qarşılaşacağın nə qədər  dostun sədaqətinə niyə kölgə salsın? Eyni zamanda müəlliflə qazılaşmalı da olursan. Keçmişində boğulub qalan insanlar yetərincədir. Bəlkə də bu hekayə nə qədər insana mənəvi güc verəcək, yol göstərəcək, bir çoxu qatarın "taq-taq" ritmi altında gün keçirib boşluqda olmaq istəməyəcək. 

 

Nəzrin Əhmədli:

- Hekayə xəyanətin yaratdığı inamsızlıq, sevgiyə qarşı etinasızlıq barədədir. Ən çox diqqəti cəlb edən Qonşu obrazı məhəbbəti dünyanın ən gözəl neməti hesab etmir və bu fikrini məktəb vaxtı yaşadığı kədərli  xatirəsi ilə əsaslandırır. O, sevgini hər zaman ertələyir, gələcəyə buraxır, lakin sevgi onu heç  gözləmədiyi vaxtda gəlib tapır və onun bütün hisslərini, qəlbini, ruhunu ələ keçirir. Əsər boyu müəllif Qonşunun sevgisini elə çalarla ifadə edir ki, obrazın daxili aləmini duymamaq mümkünsüzdür. Süjetdə müəyyən hissədə oxucuya elə gəlir ki, sevgi qarşılıqlıdır, lakin əsərin sonuna doğru novella xarakterli hadisə ilə qarşılaşırıq. Sən demə, qız oğlanın ən yaxın dostu İdbar Razini sevirmiş... Bu hadisə Qonşuda sevgiyə qarşı etinasızlıq yaradır. Qonşu obrazı öz sevgisini ifadə etməyə çəkinir, bu, onun əsər boyu ən böyük səhvidir. İnsan öz hisslərini, sevgisini, arzularını ifadə etməyə çəkinməməlidir, çünki bəzən zamana buraxdıqlarımızı, zaman bizə buraxmır.

Müəllif əsərdə vəfasız dostluq nüansına da toxunub, hər nə qədər dildə ifadə etməsə də, Razi onun yaşıl gözlü qıza qarşı hissini duyurdu, hətta ona yalançı canıyananlıq edirdi. İdbar Razinin hərəkətini dostluğa xəyanət hesab etmək olar. Əsərin sonunda bir yaşıl gözlü qatar işçisi ilə qarşılaşırıq. Bu obrazla da müəllif bizə sətiraltı ipucu verir. Bəlkə də, o qadın elə onun gənclik sevgisi idi. Qonşunun qatarla səfəri bu qədər mənimsəməsi və işçi qadının onun ən sevdiyi mürəbbəni bilməsi oxucuya hansısa işarədir.

 

Nərgiz İsmayılova:

- Kamal Abdullanın "Qatardakı adam" hekayəsində obrazlar öz xarakterlərinə görə seçilir. Hekayə təsvirlə başlayır və təsvirin ifadə gücü oxucuya dərin emosional təsir bağışlayır. Obrazların hər birinin həyatın müəyyən bir hissəsində olsa da, tənhalıq hissi yaşadığı duyulur.

Hadisələr qatar kupesində davam edir. Əsas qəhrəman məktəb illərində olan nakam sevgidə boğulub qalan şəxsdir. Bu obrazda xəyanətin doğurduğu inamsızlıq, etibarsızlıq, güvən problemi özünü göstərir. Düşünürəm ki, əbədi sevgini arzulamaq sevgini yaşamaqdan milyon dəfə yaxşıdır. Çünki bəzən bu hiss haqqında xəyallar qurmaq gerçəklikdən daha uğurlu olur.

Hekayə öz sujeti ilə oxucunu sevgi və dostluq haqqında düşünməyə vadar edir. Əsər novella xarakterlidir. Çünki oxucu əvvəlcə sevginin qarşılıqlı olduğunu güman edir. Lakin bu, belə deyil. Ona ən yaxın dostu xəyanət edir və burada da bizə dostun, dostluğun necə olmaması gərəkdiyi göstərilir. Dostu ilə söhbətində daha qətiyyətli, sözlərində daha dəqiq olsaydı, öz sevgisini ifadə etməkdə çətinlik çəkməsəydi, bəlkə, belə olmazdı.

Hekayədə maraqlı nüanslar verilib və bu da oxucunun əsərə müxtəlif baxışlardan yanaşmasına imkan verir.

 

Radiyə Məmmədova:

- Kamal Abdullanın qısa, lakin maraqlı hekayələrindən biri olan "Qatardakı adam" dərin fəlsəfi məna daşıyır. Oxucunun cavab tapdığı və ya tapmalı olduğu bir çox suallar da var əsərdə.

Başlanğıcda hekayənin qəhrəmanı kupedə tək olduğuna sevinir, amma xoşbəxtliyi uzun sürmür. Kupeyə hündürboy bir kişi girib əşyalarını sıralayır. Onun hərəkətləri kupedə yaşamaq üçün uyğundur. Amma rəvayətçi tək qalmaq istədiyindən ucaboy kişini bəyənmir. Təsvirlər xüsusilə uğurludur. Danışan kəs baharı elə təsvir edir ki, dinləyici özünü məktəb bağçasında hiss etmiş kimi olur. Hekayədə səslənən fikirlər, etiraflar dostluğa münasibət, məyusluq və xəyanət haqqında önəmli düşüncələr oyadır.

 

Rəşad Məcidin isə hekayə barədə fikirləri belə oldu:

- Xalq yazıçısı Kamal Abdullanın "Qatardakı adam" hekayəsi gənc yazıçılar üçün ustad dərsidir. Onun bu tip məqsədini kodlarla çatdırdığı, mətləblərin ipucunu verdiyi hekayələri çoxdur. Yalnız diqqətli oxucu həmin mətləblərə agah olub özü üçün hansısa nəticəyə gələ bilər.

"Qatardakı adam" hekayəsi də bu baxımdan olduqca maraqlı təsir bağışladı. Bütün söhbətlər qatarda bir-birini tanımayan iki sərnişinin yol yoldaşı olması ilə başlayır. Öz həyat hekayətini nəql edən sərnişin əvvəlcə danışmaq üçün zəmin yaradır. Anidən kupedəki qonşusuna üzünü tutan kişi nitqinə belə başlayır:

"Deyirsən, məhəbbət dünyanın ən gözəl nemətidir? Belə dedin də sən?!"

O danışdıqca məlum olur ki, onun başına gələn hadisəninin özü məhəbbətdir. O, məktəb həyatındakı macərasından, sevdiyi qızdan və bu sevginin nəticəsindən danışır. Amma məktəb həyatından sonra başına gələnlərlər məlum deyil. Nəhayət, belə başa düşülür ki, onun məktəbdə sevdiyi qız indi qatarda bələdçidir. Belə çıxır ki, o qızın sevgisini ürəyində qoruyan həmin kişi qatarı öz evinə çevirib.

Hekayənin sonunda bütün mətləblər məlum olanda dərk edirsən ki, həqiqətən, o kişi üçün məhəbbət dünyanın ən gözəl neməti imiş. Bu adam o sevgisinə görə, o qadının çayını içmək üçün, onu hər gün görmək üçün ömrünü qatarda keçirir. Kamal Abdulla xırda detallarla təsirli məhəbbət hekayəsini nəql edir... Çox sevinirəm ki, tələbələr əsərdəki bir çox gizli detalları tutaraq hekayə haqda maraqlı qənaətlərə gəliblər.

F.AĞAZADƏ

 





04.03.2024    çap et  çap et