525.Az

İlk mizrabı - daraq dişi, ilk səhnəsi - ot tayası...


 

USTAD TARZƏN RAMİZ QULİYEV: "QƏLB, RUH MUSİQİ İLƏ HƏMAHƏNG OLANDA SARI SİM MÖCÜZƏ YARADIR"

İlk mizrabı - daraq dişi, <b style="color:red"> ilk səhnəsi - ot tayası...</b>

Hər dəfə Musiqi Akademiyasına gedəndə elə bilirəm, həyatda heç vaxt görmədiyim Üzeyir bəyi görəcəm... Möhtəşəm abidəsindən getmir söhbət. Binanın özündə də ruha toxunan nə isə var, elə bilirəm, Üzeyir bəyin ruhu o divarlar arasındadır, həm də həmişəlik: heç vaxt tərk etmir oraları. Hər otaqdan bir musiqi alətinin səsi gəldiyindən səslər bir-birinə qarışır, amma qulağı incitmir, əksinə, qəribə bir rahatlıq tapırsan...

Müsahibimlə vədələşdiyimiz vaxtdan tez gəlmişəm, böyük musiqiçilərin divar boyu sıralanmış şəkillərinə baxa-baxa onu gözləyirəm. Bir də baxıram, şəkillərdən birinin qarşısında müsahibim durub: Tarzən, Xalq artisti, professor Ramiz Quliyev. Görüşüb onun addımları ilə, asta-asta üçüncü mərtəbəyə qalxırıq. Mən sual vermədən söhbət artıq başlayıb...

 

- Gözümü açandan ətrafımda musiqi sədası, tar səsi eşitdim. Anadan olduğum şəhərin - Ağdamın hər tərəfindən müxtəlif musiqi alətlərinin ifasını dinləyirdim. Tarın nə olduğunu heç bilmirdim, 4-5 yaşım vardı. Bir gün evdə divardan asılan o aləti özümdən bir az böyük uşaqların sinəsində gördüm. Gəldim evə, xalçanın üstündəki aləti göstərib atamdan soruşdum ki, o nədir? Dedi, tar. "Kimin tarıdır?" Cavab verdi ki, əminin... Və kövrəldi. Sonra anam danışdı ki, əmin Həbib hərbçidir, hərbi komissar olub, müharibədə yaralanıb, əlləri işləmir, daha tar çala bilmir. Əmim də Kəlbəcərdə işləyib-yaşayırdı, ildə bir dəfə bizə - Ağdama gəlirdi. Bir də gələndə soruşdum ki, əmi, o divardakı tar kimindir? Cavab verdi ki, sənin. Bu cavabı alan kimi masanın üstünə çıxıb o tarı divardan götürdüm.

Əmimlə birlikdə onun simlərinə əl gəzdirib bir az köklədik. Əmimin barmaqları tutmurdu, o dedi, mən aşığı burdum. O tar indiyə qədər məndədir. Ağdamdan bir o tarı götürmüşdüm. İkimərtəbəli sarayımızdan mənə qalan o tar oldu. Qonşuda bir İsmayıl dayı var idi, oğlu tar çalırdı. O kişi həmişə oğluna deyirdi ki, ay, bala, bir o sarı simə də vur... Bilmirdim, nə deyir, sarı sim nədir. Oxuyub-öyrənəndən sonra gördüm, tarda sarı sim bir başqa aləmdir.

- El arasında "o sarı simə elə toxunma" deyə bir ifadə də var. Nədir axı, o sarı sim, ona toxunanda nə baş verir?

- Qəlb, ruh, musiqi ilə birləşib həmahəng olanda sarı sim möcüzə yaradır. Tarın səsi mənim üçün həmişə möcüzə olub. İlk dəfə o möcüzəyə öz ifamda düşmüşəm. Əmimlə tarı kökləyəndən sonra onu əlimdən qoymadım. Mizrabı yox idi, anam bir daraqdan bir diş sındırıb vermişdi, onunla çalırdım. Bir dəfə evdə tək idim. Həyətimizdə ot tayası vardı, çıxdım onun başına, başladım çalmağa. Nə qədər çalmışam, bilmirəm, bir də gördüm ki, nə isə hənirti var. Düşdüm aşağı, səs gələn tərəfə getdim, darvazanı açdım, gördüm ki, sürüsünü aparan iki çoban qoyunları düz darvazanın ağzına yığıb. Məni görən kimi biri qayıtdı ki, a bala, onu yenə çal. Dedim yox, çalmıram, dedi çal, sənə bir quzu verəcəm. Başladım elə darvazanın ağzında çalmağa. Kişi əlini atıb bir balaca quzu götürüb qoydu darvazadan içəri. Bax, onda sarı simlə çalırdım, çünki tar yaxşı köklənmədiyindən yaxşı səs ancaq sarı simdən çıxırdı.

Sonra atamgil evə gələndə quzunun səsini eşitdilər, atam dedi, bu quzu hardandır? Danışdım hal-qəziyəni, dedi, apar quzunu qaytar sahibinə.

- Qaytardınız?

- Aparıb qaytardım, atam demişdi, sərt adam idi rəhmətlik. Çobanla bərabər, özüm də elə o düşən düşdüm tarın, sarı simin sehrinə. Sonra Ağdam Musiqi Məktəbini oxuyub əla qiymətlərlə bitirdim, 4 il də Musiqi Texnikumunda təhsil aldım. Və nəhayət, gəlib Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasına qəbul olundum. İndi oturub sizinlə söhbət etdiyim bu otaq mənə çox doğmadır. 1964-cü ildən bu otaq taleyimə çevrilib, düz 60 ildir. Burda əvvəl tələbə olmuşam, Səid Rüstəmovdan, Adil Gəraydan burda dərs almışam. Sonra özüm müəllim, dosent, professora qədər burda ucalmışam. İndi də bu otaqda tələbələrimə dərs deyirəm.

- Ailənizdə sizdən başqa musiqiçi olmayıb, hərbçilər daha çoxdur. Eşitdiyimə görə, sizə də çox deyiblər hərbçi ol, tardan pul çıxmayacaq. Heç tarzən olmağınıza təəssüf etdiyiniz oldu?

- Mən hansı sənətdə olsam, onun zirvəsində olmalı idim, xarakterim bunu diktə edir. Tar mənim üçün zirvədir. Mən Azərbaycan xalqının səsini, ahəngini, musiqisini seçdim. Bundan gözəl nə ola bilərdi. Uşaqlıqdan oxumağa, öyrənməyə meyilli olmuşam. Mən balaca olanda bir otağımız vardı, 9 nəfər ailə üzvü orda yaşayırdıq. Səhər tez durub gedirdim Ağdam Musiqi Məktəbinə. Bəzən alaqaranlıqda itlər düşürdü arxamca, onları qova-qova gəlib çıxırdım məktəbə. Xidmətçi qadın zarafatla deyirdi ki, gəl, bala, sən müdirsən, mən də müavin, ikimiz də hər gün hamıdan tez gəlirik. Heç kim gəlməmiş, otaqda oturub çalırdım, notları oxuyurdum, öyrənirdim. Not müəllimim Con Əliyev mənə "sən çal, mən gəlirəm" deyir, çıxıb gedirdi. Mən saatlarla oturub öyrənib onu gözləyirdim. Solo ifaçılığa paralel, müşayiəti də elə orda öyrəndim. Bir sinifdən çıxıb o birisinə girir, bütün dərslərdə iştirak edirdim. Texnikumda isə not müəllimim Əlipaşa Daşdəmirov idi. Muğamı Xosrov Fərəcovdan öyrənirdim. Xanəndəlik sinfində Musa Şuşinskidən dərs alırdım, bu da müşayiət üçün lazım idi. Solistlik ayrı, müşayiət başqa, ansambl ayrı, orkestr bir başqa - hərəsinin öz yolu var.

- Solistdən nə tələb olunur?

- Solist o qədər sərraf olmalıdır ki! Ona yanılmaq olmaz. Böyük orkestrin içində tar konsertlərim olub. Simfonik əsərlər ifa etmişəm, orda tar aparıcı alətdir. Simfonik orkestr dirijorla bir yerdə solistə tabe olur. Klassik əsərlərin simfonik orkestrlə, yaxud xalq çalğı alətləri ilə ifası zamanı tar hansısa notu düz çalmasa, uğursuzluqla nəticələnər, orkestr dayanar. Solist aparıcıdır, orkestri arxasınca aparır.

- Bəs müşayiət edəndən nə tələb olunur?

- Muğam ifası zamanı müşayiət edən, yəni tarzən xanəndənin səsini tənzimləyir. Səsi hara qədər çatır, onu müşayiət etməlidir. Tar aparıcı kimi xanəndəni idarə edir. Tar xanəndəni qabağa buraxıb onu göstərməlidir, özünü ondan qabağa salmamalıdır. Tarzənin imkanları, fantaziyası varsa, xanəndənin arxasınca özü də oxuya bilər, tar elə oxuyar ki, tamaşaçı onu da xanəndə ilə bərabər dinləyər. Belə şeylər də var. Tarçalanın ritmindən çox şey asılıdır. Burda yüzlərlə nüans var, onunla musiqi inkişaf edir. İfaçı ilə bir qəlbdə olmalısan. Onun gərək ruhunu ruhunla hiss edəsən, onunla həmahəng olasan. Müşayiət də bir başqa aləmdir. Xanəndəni vəziyyətdən çıxartmaq da var. Bir də görürsən, oxuyanın söz yadından çıxır. O yerdə tarzən özünü elə aparmalıdır ki, xanəndə özünü itirməsin, sözü də xatırlayıb davam etsin. Göz ağartsan, xanəndə bildiyini də itirəcək.

Tar 72 ildir ki, sinəmdədir. 5 yaşımda necə qaldırmışamsa sinəmə, hələ də ordadır. Bu sənət bir dəryadır. Tarzən o dəryaya baş vurub sahilə çıxa bilirsə, demək, sənəti ilə, idrakı ilə güclüdür. Çıxa bilmirsə, məhv olur.

- O dəryada batmaq yaxşıdır, yoxsa çıxmaq?

- Batmaq var, batmaq var. Ruhun dəryasında batmaq yaxşıdır. Mən tar çalanda gözlərimi yumub Allah dərgahına yol alıram. Çaldığım zaman kimsə mənə barmağı ilə toxunsa, diksinərəm və daha çala bilmərəm. Toxunan olmasa, Tanrının dərgahına yaxınlaşıram.

- O dəryada sizin də payınız var. Ora verdiyiniz çoxdur, yoxsa ordan götürdüyünüz?

- Mən ifaçılıqda heç vaxt tardan qorxmamışam. Ona baxıb ondan alacaqlarımı bilmişəm, tarın canını almışam. Tardan qorxan tarzən ondan istədiyini nə ala bilər, nə də verə. Tar ifaçılığında etdiklərim nə qədər böyükdürsə, o qədər də edə bilmədiklərim var. Adam istəyir ki, bir dəfə də gəlsin həyata, bu ömürdə çatdırmadıqlarını ikinci ömürdə çatdırsın. Bir ömür çatmır.

- Bu sənətlə professor oldunuz, mükafatlara, orden və medallara layiq görüldünüz, övladlarınızdan Əyyub da sizin yolunuzla gedir, onlarla yetirməniz var. Daha nə qalıb?

- Mənim 40 yaşımda çatdıqlarıma Əyyub 20 yaşında nail oldu. İfaçılıqdan tutmuş, nəzəriyyəyə qədər. Nəslimizdə məndən başqa musiqiçi olmayıb, Əyyubu mən yönləndirmədim, özünün istedadı, həvəsi və qətiyyəti rol oynadı. Uşaq vaxtı mən onu fikrindən daşındırmağa cəhd göstərdim, alınmadı, bir gün anladım ki, bu, günah olar. Yenə dərs deyirəm... Nə qalıb, nə qalmayıb, onu bilmirəm, amma mən davam edirəm. Hər gün tədbirlər, tələbələrimlə görüşlər, çətin də olsa, gedirəm, fəal həyatdan qalmıram.

- Heç qalmayın da, tarınız da sinənizdə, sizə uğur olsun!

Ramilə QURBANLI

 





04.03.2024    çap et  çap et