525.Az

Cümhuriyyət tarixinə dair taleyüklü sənədlərə bir baxış - Məhəmməd Əmin Rəsulzadə-140


 

Cümhuriyyət tarixinə dair taleyüklü sənədlərə bir baxış - <b style="color:red"> Məhəmməd Əmin Rəsulzadə-140</b>

Avropa ölkələrinin iki nəhəng koalisiyası - "Antanta"  və "Üçlər İttifaqı" arasında baş verən Birinci Dünya müharibəsi (28 iyun 1914-11 noyabr 1918) nəticəsində Rusiya, Almaniya, Osmanlı və Avstriya-Macarıstan imperiyaları çökdü, son ikisi isə parçalandı. Törətdiyi faciənin və əhatə etdiyi coğrafi ərazinin miqyası baxımından bəşər tarixində o vaxta qədər görünməmiş fəlakətin izləri Cənubi Qafqazdan, o cümlədən, Azərbaycandan da yan keçmədi. Qanlı döyüş meydanına çevrilən ölkəmizin şəhər və kəndləri dağıntılara məruz qaldı, məkrli planları ilə bolşevik-erməni quldurları Azərbaycanda insanlığa qarşı ağlasığmaz, dəhşətli cinayətlər, soyqırımlar, qətliamlar törətdi.

Taqətdən düşməsinə və tarixin səhnəsindən silinməkdə olmasına baxmayaraq, Osmanlı səltənətinin xarici siyasətində Qafqazda, Sovet Rusiyasında yaşayan türklərin taleyi önəmli yerlərdən birini tuturdu. Təsadüfi deyil ki, ən müxtəlif mənbələrdən, o cümlədən, Azərbaycanın, Şimali Qafqazın, Dağıstanın, Tatarıstanın azadlığı uğrunda mücadilə aparan liderlərdən alınan məlumatlar dərindən təhlil olunur, müvafiq tədbirlər müəyyənləşdirilir və həyata keçirilirdi. Ən ağır dövrlərini yaşayan Osmanlı imperiyası Birinci Dünya müharibəsindən qalib və  hətta məğlub (!) dövlətlərin təhdid və təzyiqlərinə rəğmən, 1918-ci ilin əvvəllərində mövcud tarixi, siyasi şəraiti dəyərləndirərək xalqımıza qarşı bolşeviklərin maddi, mənəvi dəstəyi ilə ermənilərin törətdiyi kütləvi qırğınların qarşısını almaq üçün Qafqaz İslam Ordusu yaratmaq, onu Azərbaycana göndərmək qərarını verdi. Beləliklə, 1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid sənədi təsdiq etdi. Qafqaz İslam Ordusunun komandanı təyin olunan Nuru paşa Cənubi Azərbaycandan hərəkət edərək, mayın 20-də Araz çayına çatdı, Zəngəzur bölgəsinə daxil oldu və azğınlaşmış erməni silahlı dəstələrinin bir qismi zərərsizləşdirildi. Nuru paşa Cəbrayıl-Ağdam-Tərtər yolu ilə mayın 24-də Yevlaxa, bir gün sonra - mayın 25-də Gəncəyə gəldi, daha sonra Azərbaycanın müxtəlif bölgələri ilə əlaqə yaratdı və həmin bölgələrdə müqavimət dəstələrinin təşkilinə başladı. Az vaxt ərzində Gəncə, Qazax, Zaqatala, Nuxa, Ağdam, Ağdaş, Cəbrayıl, Qarabağ və Zəngəzurun şərq hissəsini əhatə edən ərazilərdə asayişin təmini üzrə idarə və komandalar təsis edildi.

Belə təlatümlü və həyəcanlı dövrdə - 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxılır. Bir gün sonra Milli Şura - tariximizin ilk qanunvericilik orqanı yaradılır, bu zaman Batumda Türkiyə ilə danışıqlarda Məhəmmədhəsən Hacınski ilə birlikdə Azərbaycan nümayəndə heyətini təmsil edən Məhəmməd Əmin Rəsulzadə gizli səsvermə yolu Milli Şuraya sədr seçilir. Mayın 28-də Milli Şura Azərbaycanı müstəqil dövlət elan edir, 6 bənddən ibarət "Milli İstiqlal Bəyannaməsi" imzalanır.

Almaniyanın, İngiltərənin, Rusiyanın etirazlarına baxmayaraq, artıq 1918-ci ilin may ayının sonlarına doğru mərkəzi qərargahı  Gəncədə olmaqla Qafqaz İslam Ordusunun bölmələri Azərbaycanın müxtəlif bölgələrində yerləşmiş, daşnak-bolşevik quldurlarının törətdiyi kütləvi qırğınların qarşısının alınması istiqamətində bir sıra əməliyyatlar keçirilmişdi. Osmanlı dövləti ilə Azərbaycan arasında hərbi, siyasi, hüquqi, iqtisadi və fikri sahələrdə əməkdaşlıq məqsədi ilə Batumda Osmanlı ədliyyə naziri, Şurayi-Dövlət rəisi Xəlil bəy və Qafqaz Cəbhəsi Osmanlı Orduları Komandanı Vəhib Paşa ilə Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri və Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə tərəfindən 4 iyun 1918-ci tarixli iki saziş imzalanır. Beləliklə, tarixdə ilk dəfə Osmanlı səltənəti ilə Azərbaycan Cümhuriyyəti arasında  bütün istiqamətlər üzrə əməkdaşlığın, o cümlədən, Qafqaz İslam Ordusunun Azərbaycandakı fəaliyyətinin siyasi-hüquqi bazası yaradılır.

Xalqımızın tarixində və taleyində müstəsna əhəmiyyət kəsb edən bu sənədlər ölkəmizdə sovet hakimiyyəti illərində üzə çıxarılmayıb, demək olar ki, xatırlanmayıb. Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra haqqında bəhs etdiyimiz müqavilələr arxivlərdən çıxarılıb, bütövlükdə, yaxud bir hissəsi müxtəlif kitab, toplularda verilib, tədqiqatçılar onları təhlil edib, dəyərləndiriblər. Bu sazişlərin tam mətni sənəd imzalandıqdan az qala 40 il sonrailk dəfə Azərbaycan mühacirlərinin Türkiyədə nəşr etdikləri "Azərbaycan" dərgisində dərc olunub (iyun 1957, №3 (63), s.9-14). Sənədləri jurnala indiki Dövlət Təhlükəsizliyi Xidmətinin sələfi Əksinqilab ilə Mübarizə Təşkilatının (ƏMT) rəhbəri Nağı Saleh oğlu Şeyxzamanlının (Nağı Keykurun (1883 Gəncə - 1967 İstanbul) oğlu Saleh Keykurun (1920 İstanbul - 2000 Vaşinqton) təqdim edib. İstiqlal uğrunda ideoloji mücadilə aparan Nağı bəyin oğlu Saleh bəy də atasının yolunu davam etdirərək, dərgidə istiqlalımıza dair bir neçə məqalə dərc etdirmiş, İstanbulda Azərbaycan Gənclik Dərnəyinin yaradıcılarından və fəallarından olmuşdu. S.Keykurun 1963-cü ildə ABŞ-a köçmüş və ömrünün sonuna kimi orada yaşamışdı.

"Müstəqil Azərbaycan murahsas heyətilə Osmanlı dövləti arasında imzalanan 2 mühüm tarixi vəsiqə" adlı materialda S.Keykurun əvvəlcə Məhəmməd Əmin Rəsulzadə ilə bir görüşündən bəhs edir, sonra 6 maddədən ibarət "Dövləti-Aliyyəyi-Osmaniyə ilə Azərbaycan hökuməti arasında müvəqqəti əhdnamə mətni"  və 11 maddəlik "Səltənəti-səniyyeyi-Osmaniyə ilə Azərbaycan hökuməti Cümhuriyyəsi beynində münaqid mühadenet Mühədenaməsi"nin tam mətnini verir. Müəllif, Məhəmməd Əmin bəylə görüşünü xatırlayaraq yazır: "1955-ci ilin son baharında əlimə iki vəsiqə keçdi. Azərbaycan nəşrlərində dərc edilməyən bu iki vəsiqədən Məhəmməd Əmin bəy mərhuma bəhs etdim. Çox məmnun oldu. Bu vəsiqələrin hər birindən bir nüsxənin də ona lazım olduğunu söylədi. Mərhumun bu arzusunu yerinə yetirdikdən sonra vəsiqələrin nəşr ediləcəyini təxmin etmişdim. Nə yazıq ki, əcəl qanadlarını davamızın öndərliyini yapan O böyük insanın üzərinə gərdi. Bu surətlə sunmuş olduğum vəsiqələrin o qiymətli qələmdən təhlil edilərək çıxması mümkün olmadı. Vəsiqələrin hər birinin özümdə bir nüsxəsinin olduğuna görə, dərcini özümə borc bilərək mütailənizə ərz edirəm". Müəllif əminliklə bildirir ki, tarixi qiymət daşıyan bəzi mühüm sənədlər hələ Azərbaycan nəşrlərində öz əksini tapmayıb. S.Keykurun yazır ki, bu qəbildən olan sənədləri silahdaşların istifadəsinə vermək istəməyənlər xəta işləyirlər. Daha sonra xatirə müəllifi  "ölümsüz M.Ə.Rəsulzadənin" şəxsiyyəti. mücadiləsi və qələminin qüdrəti barədə qısaca fikirlərini bölüşür, "iki müstəqil türk dövləti aradsında türkcə imzalanmış", "özəlliyi və yüksək dəyəri olan" sazişləri  təqdim edir.

Biz yuxarıda Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyərt arasında "hərbi, siyasi, hüquqi, iqtisadi və fikri sahələrdə" əməkdaşlıq məqsədi ilə imzalanmış müqavilələrin ölkəmizin ikinci dəfə müstəqillik əldə etməsindən sonra tədqiqata cəlb edildiyini, dəyərləndirildiyini qeyd etmişdik. Lakin bu istiqamətdə görülən işləri qənaətbəxş hesab etmək etmək olmaz. Adətən bu tarixi sənədin daha çox hərbi əməkdaşlığa və hərbi yardıma dair bəndləri təhlil və şərh olunur. Halbuki həmin sənədlərdə iki ölkə arasındakı münasibətlərin bütün istiqamətləri üzrə əməkdaşlığı, əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra da Türkiyə Azərbaycanla bağlı məsələlərə çox həssaslıqla yanaşıb. Azərbaycan SSR-in də daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında  13 oktyabr 1921-ci ildə bağlanmış sülh müqaviləsi fikrimizi təsdiqləyir.

15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilə iki ölkə arasında dərin kökləri olan Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri yeni tarixi şəraitdə yeni mərhələyə qədəm qoydu.

 

 





04.03.2024    çap et  çap et