525.Az

Həssas bir ruh: Günel Natiq


 

Həssas bir ruh: <b style="color:red"> Günel Natiq</b>

XX əsr rəssamlığında iz qoyan rus rəssamı Vasili Kandinskinin “Həssas ruh” adlı bir əsəri var. Tənqidçi Rapallinin fikrincə, bu rəsm insan ruhunun dəyişkənliyini və rəngarəngliyini ortaya qoyur. Rəsmdəki təxəyyül dünyasına toxunan həndəsi fiqurlar, rənglər və xətlər də insanların mürəkkəb psixi quruluşunu fərqli şəkildə izah edir.

Bu “Həssas ruh” tablosundakı kimi bəzi insanları sözlə izah etmək, onların əhvalını, həyat tərzini, mentalitetini, hərəkətlərini təsvir etmək çətindir. Azərbaycanlı yazıçı, jurnalist Günel Natiq də onlardan biridir. Əslində onunla həyat yoldaşım Afaq vasitəsilə tanış olmuşam. Həyat yoldaşım bizim evdə onunla on illik dostluğundan həmişə danışırdı. Ona görə də biz həmişə Günel Natiqin iddialılığını, cəsarətini, müxtəlif üslubda yazılarını, müsahibələrini, radio proqramlarını yaxından izləmişik. Onu tanıyandan sonra atası rəhmətlik Natiq Səfərovun tərcümələrini oxudum, həm də dostlarının hekayətlərindən onun mərd və vicdanlı insanlığını öyrəndim.

Günel Natiq təkcə radio aparıcısı və ya prodüseri deyil, həm də müsahibələrin incəliklərini bilən, sualları ilə insanları dərindən düşündürməyi bacaran, oxucu və ya dinləyicinin bütün diqqətini onun üzərində cəmləyən ustad sorğuçudur. 2021-ci ildə oxuduğum “Röyal və Füruzə dastanı” məqaləsinin təsirindən qurtula bilmədim. Şəhid ərinin tabutunu kürəyində daşıyan Firuzənin hissləri Günel Natiqin qələmi ilə o qədər həssas və axıcı ifadə olunmuşdu ki, ən duyğusuz oxucu belə bu hisslər qarşısında başı əyməli olur.

Türk şairi Coşqun Karabulut Günelin ustalığını aşağıdakı misralarla tərifləyir. “Günel Natiq öz təsvirlərində sətirlər arasında fərq edilmədən sakit, hörmətli və utancaq yüksək insan xarakteri kimi yer alır”.

Günel Natiqin bəzi məqalələrini Almaniyada “Referans” jurnalında dərc etdirmişəm. Onun hər bir məqaləsi oxucu tərəfindən böyük maraqla qarşılanırdı. Çünki o, yaşadığı, gördüyü, şahidi olduğu rəngarəng və mürəkkəb həyat prizmasından yazırdı. Təcrübələr, insan münasibətləri, əsl dostluq və sədaqət Günel Natiqin yazılarının əsas mövzusudur. Onun “Kulis”də dərc olunan “Akutaqava, Nazim Hikmət və Adil Mirseyid” sərlövhəli məqaləsi vəfasızlıq menifesti kimidir və bu sətirlərlə başlayır:

Otaqda qəribə bir sükut vardı. Duyğularım sükutun xəfif ahəngində beşik kimi yırğalanırdı. Nəsə yazmaq, bu hisslərin ömrünü mümkün qədər uzatmaq istədim. Bu anlar yazmaq cəhdini doğurub məni daha bir əzabdan qurtarmışdı.

Akutaqavanın “Yaradıcılıq əzabları”nı xatırladım. Bu əzablar onu son nöqtəyə gətirmişdi. Əzabdan o tərəfdə heç nə yox idi. Hər şey bu əzabla başlayır, bu əzabla bitirdi. O da bu əzaba son qoyub intihar etmişdi. ...Amma bu sükutun xatirinə əzaba dözməyə dəyərdi”.

Təəssüf ki, yaradıcı kişilər öz dövründə yaxşı başa düşülmür. Adil Mirseyid kimi, Natiq Səfərov kimi, Günel Natiq kimi. Onun “Kağız gəmilər”, “Ədəbi nağıllar”, “Məhəbbət quşları” və digər kitabları bir dövrün dəyişməsinə, çevrilməsinə və insanlarına güzgü tutacaq.

Müasir cəmiyyətlər sərvətləri və ya elmdə əldə etdikləri inkişaflarla deyil, yetişdirdikləri mədəni dəyərlər və ya ziyalılarla fəxr edirlər. Çünki ölkənin yazıçı və şairləri yaşadıqları cəmiyyətin bütün xüsusiyyətlərini gələcəyə daşıyırlar. Doğulan, yaşayan, istehsal edən və ölən insan ancaq sənətkarın toxunuşu ilə gələcəkdə yenidən mövcud ola bilər.

İllərdir Azərbaycan radiosunda məhsuldar qələmi və həzin, duyğulu səsi ilə minlərlə insana müraciət edən Günel Natiq təəssüf ki, ağır xəstəliklə mübarizə aparır. Bütün ağrılarına, çətinliklərinə baxmayaraq bunu heç kimə açıqlamaq istəməyən Günel Natiq üçün Mədəniyyət Nazirliyi də, digər qurumlar da səfərbər olmalı, daha böyük dərd çəkməsinə imkan verməməlidir. Bu, bizim həm insanlığa, həm də mədəniyyətə sədaqət borcumuzdur.

 





04.03.2024    çap et  çap et