525.Az

Cənub Qaz Dəhlizi - uğur hekayəsi...


 

Cənub Qaz Dəhlizi - uğur hekayəsi...<b style="color:red"></b>

Ötən həftə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur. Qeyd etmək lazımdır ki, əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən - "Şahdəniz Mərhələ-II", Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub.

Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə mü-hüm töhfə verir. Dövlət başçısının iclasdakı nitqində vurğuladığı kimi, bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz Azərbaycanın gördüyü işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Ölkəmizə gəldikdə isə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar - interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Azərbaycanın təşəbbüskarı olduğu bu layihədə enerjinin şaxələndirilməsi məsələləri tam şəkildə əhatə edilib.

Prezident öz nitqində ötən il baş verən önəmli hadisələrə diqqət çəkib, bunlardan biri kimi Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, "Abşeron" qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatını qeyd edib. Bu, "Şahdəniz"dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. Növbəti nailiyyət, Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə, Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənmiş oldu. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır.

Keçən il Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına qərar verilib. Başqa sözlə, şaxələndirmə layihəsi daxilində növbəti şaxələndir-məyə nail olunub.

Prezident İlham Əliyev bildirib ki, bütün bu uğurlu layihələr Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut edir: "Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur".

Dövlət başçısı gələcək planlardan da danışıb. Qeyd edib ki, gələn ilin ilk rübündən etibarən "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatı gözlənilir. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, "Azəri-Çıraq-Günəşli" neft ixracımızın əsas mənbəyidir. Bununla yanaşı, "Ümid" qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlar var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.

Prezident bildirib ki, bütün bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və bizim maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək.

Dövlət başçısı nitqində, həmçinin Azərbaycanın "yaşıl enerji"yə keçid prosesində iştirak etdiyini, bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu, 2023-cü ilin oktyabr ayında isə ölkəmizdə ilk böyük Günəş Elektrik Stansiyasının açılışının reallaşdığını vurğulayıb: "Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri "Masdar" tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq".

Ölkəmiz bu il həm də mühüm bir tədbirə - COP29-a ev sahibliyi edəcək. Bu, neft-qaz ölkəsi olan Azərbaycanın yaşıl enerjiyə sürətli keçidə verdiyi önəmi göstərir. Prezident "Euronews" televiziyasına müsahibəsində deyib ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır: "Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik... Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır".

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Cənub Qaz Dəhlizi nəinki region, bütövlükdə Avropa üçün ən vacib təşəbbüslərdən sayılır: "Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. Son 3 ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə Avropaya qaz ixracının həcmi illik olaraq 12 milyard kubmetrə yaxınlaşıb.

Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropa üçün enerji idxalının daha da şaxələndirilməsinin prioritetləşməsi fonunda bu iclas genişmiqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir göstərəcək. Eyni zamanda, artıq Avropanın 6 ölkəsinə mavi qaz nəql edən Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır. 2022-ci ildə Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan "Abşeron", "Ümid", "Asiman", "Şəfəq" və "Babək" kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır. TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var".

Deputat əlavə edib ki, yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq. Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2026-cı ildən sonra Avropa İttifaqına ixrac edilə bilər.

Məşvərət Şurasının iclaslarının keçirilməsi Azərbaycanın gücünü və regiondakı geosiyasi mövqeyini xarakterizə edən faktorlardandır. Regiondakı yeni düzən fonunda Azərbaycanın geosiyasi mövqeyi daha da möhkəmlənməkdədir.

Deputat Sevinc Fətəliyeva isə bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bu reallıq martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir daha səsləndirilib. İclaslarda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkətin təmsil olunması bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.

Deputat bildirib ki, Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb: "Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan "mavi yanacaq" almaq niyyətini irəli sürür. Bakıda keçirilən bu toplantıda aparılan müzakirələr gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır".

S.Fətəliyeva qeyd edib ki, proseslər Avropanın Azərbaycan qazına və "yaşıl enerjisinə" daha çox ehtiyacının olduğunu göstərir: "Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır. Toplantıda Albaniyanın Baş naziri Edi Ramanın dediyi kimi, bu gün hamımız Cənub Qaz Dəhlizinin bir çoxlarının həyatını dəyişdirdiyinin şahidiyik və bu layihə Avropanı daha da təhlükəsiz etdi. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə vurğulayıb ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ilə qədər qaz ticarətinin iki dəfə artırılması nəzərdə tutulur. Bütün bunlarla yanaşı, Azərbaycan alternativ enerji siyasətini gücləndirir, "Yaşıl enerji"yə böyük önəm verir. COP29-un bu il ölkəmizdə keçirilməsi də bunu təsdiqləyir. Prezident İlham Əliyevin toplantıda dediyi kimi, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir".

 

 





05.03.2024    çap et  çap et