525.Az

Dünyada "Robin Hood iqtisadiyyatı" dövrü - Sosial şəbəkədə yazılanlar


 

Dünyada "Robin Hood iqtisadiyyatı" dövrü - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Fazil Mustafa, millət vəkili:

- Fazil Mustafa Əsgər Rəsulovu təbrik edib

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Milli Arxiv İdarəsinin rəisi, tanınmış alim, filologiya elmləri doktoru, professor Əsgər Rəsulovu 70 illik yubileyi ilə bağlı təbrik edib.

Təbrik məktubunda deyilir:

"Hörmətli

 Əsgər müəllim,

Sizi - tanınmış filoloq alim, pedaqoq, ictimai və elm xadimini

70 illik yubileyinizlə bağlı təbrik edir, Sizə möhkəm cansağlığı, iş avandlığı diləyirəm!

Siz respublikamızda ilk dəfə 1989-cu ildə nəşr olunmuş və bu günə qədər hər dəfə yenidən işlənib təkmilləşdirilərək 4 dəfə nəşr edilən ilk "Türk dili" dərsliyinin həmmüəllifi, eləcə də "Türk sənədli-bədii nəsri", "Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili", "Türkcə-rusca-azərbaycanca dilçilik terminləri lüğəti", "Dilmanc" kimi dəyərli kitabların, 20-yə yaxın fənn proqramının, Azərbaycanda və xaricdə nəşr edilmiş 100-dən artıq elmi və ədəbi-tənqidi məqalənin müəllifisiniz. Həmçinin 20-dən çox kitabın ixtisas və tərcümə redaktoru olmusunuz.

Siz bir çox beynəlxalq seminar, simpozium və konfransda uğurla iştirak etmisiniz.

Siz Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi olaraq məsul və şərəfli vəzifə daşıyırsınız. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu ilin fevralında formalaşdırdığı yeni tərkibində Sizə bir daha etimad göstərdi. Prezident 02 mart 2024-cü il tarixli Sərəncamı ilə Sizi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi.

Sizi bütün başarılarınız və yubileyinizlə bağlı, Mədəniyyət Komutəsi adından bir daha təbrik edir, yeni uğurlar diləyirəm!"

lll

- Azərbaycan üçün demokratiyadan daha vacib olan təhlükəsizlikdir. Bu gün İsrail də təhlükəsizlik arzulayır. Bu vəziyyətdə heç kim orada demokratiya arzulamır, eyni zamanda Fələstində də hamı təhlükəsiz şəraitdə yaşamağı arzulayır, Ukraynada da. Ukraynada 15 milyon adam Avropa çöllərindədir.

İkincisi, ölkə üçün həyati vacib olan məsələ təhsildir. Savadsız cəmiyyətə demokratiyanın nə faydası olacaq? Bir dini sferaya baxın, məişət sferasına baxın, sosial verilişlərə çıxan insanlara baxın, onların mühakiməsinə baxın. Onlarla bu tezliklə hansı demokratiyanı quracaqsan?

 

Elxan Şahinoğlu, politoloq:

- Azərbaycan və Ermənistan liderlərinin Münxendəki müzakirələrindən sonra xarici işlər nazirlərinin Berlin görüşü tərəflər arasındakı danışıqları yenidən canlandırdı. Bu görüşlərdən dərhal sonra işə başlayan Antalya Dilpomatiya Forumu da yerinə düşdü. Ermənistan və Azərbaycan foruma böyük nümayəndə heyətləri ilə qatılmışdılar, iki ölkənin rəsmiləri müxtəlif panellərdə müzakirələrdə iştirak etdilər, suallara cavab verdilər, jurnalistlər yenidən canlı ünsiyyətin şahidi oldular. Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra davamlı danışıqlarda maraqları olmalıdır. Elə etməliyik ki, danışıqlarda böyük fasilə yaranmasın. Danışıqların davamlı hal alması Ermənistanın Baş naziri Nikol Paşinyanı və onun komandasını düzgün qərar verməyə həvəsləndirməlidir. Danışıqlarda fəal iştirak etmənin digər faydası Qərbin Azərbaycana qarşı təzyiq alətlərini zəiflətməsidir. Misal üçün, vasitəçilikdə fəallaşan Berlin tərəflərdən bərabər məsafə saxlamalıdır. Paris bu imkanı əldən verdi və bundan Berlin yararlandı. Berlinə isə bu imkanı Azərbaycan yaratdı.

 

Elşən Bağırzadə, iqtisadçı:

- G-20 VƏ ZƏNGİNLƏRƏ QLOBAL VERGİ TƏTBİQİ

Bu həftə Braziliyada G-20 maliyyə nazirlərinin toplantısı keçirildi və toplantıda uzun müddətdir ədəbiyyatlarda müzakirə edilən zənginlərə qlobal verginin tətbiqi məsələsində razılaşma əldə edildi. Daha doğrusu, bu istiqamətdə işlərə başlamaq üçün razılıq əldə edildi. Söhbət dünyadakı 2756 dollar milyarderin gəlirlərindən hər il qlobal vergi tutulmasından və bu gəlirlərin qlobal problemlərin həlli üçün beynəlxalq təşkilatlara verilməsindən gedir. Hesablamalara görə, bu milyarderlərin toplam sərvətinin dəyəri 13 trilyon dollar civarındadır. Yenə hesablamalar göstərir ki, bu sərvətə hər il 2%-lik bir qlobal vergi tətbiq edilsə, hər il ən az 250 milyard dollar vergi gəliri toplamaq mümkündür. Bu isə kifayət qədər böyük məbləğdir.

Bildiyimiz kimi, transmilli korporasiyalara 15%-lik qlobal vergi dərəcəsi artıq qüvvəyə minib. Bunun ardınca milyarderlərə qlobal vergi məsələsinin gündəmə gəlməsi bir növ onu deməyə imkan verir ki, dünya artıq "Robin Hood iqtisadiyyatı" dövrünə qədəm qoymağa başlayıb. Bu, zənginlərin daha çox qazanmaq həvəsini öldürərmi? Sanmıram. Çünkü daha çox qazanmaq, artıq bu tipli zənginlərin əsas motivasiyası olmaqdan çıxıb. Ancaq məsələ vergini toplamaqla bitmir, bəlkə bundan da önəmlisi onu effektiv şəkildə xərcləməkdir. Toplam rifahı məhdudlaşdıran vergi hər kəsin "düşmən"idir.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Davosda Mikayıl Cabbarovla görüşən TikTok rəsmiləri indi də İqtisadiyyat Nazirliyində olublar. Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib. Güman ki, görüşdə DVX nümayəndələri də iştirak edib. İnanmaq olar ki, TikTok rəsmiləri artıq ölkəni tərk edəndə VÖEN alıb gedəcəklər.

Xatırladıram ki, hökumət ötən ilin sonunda ölkəmizdə internet üzərindən xidmət göstərən, elektron ticarətlə məşğul olan qlobal xarici şirkətləri də vergiyə cəlb etməyi nəzərdə tutan yeni Qaydaları təsdiqləyib. Bu Qaydalara görə adı çəkilən şirkətlər DVX-nin elektron platformasında vergi uçotuna düşməlidirlər.

Qonşu ölkələrdə "Google vergisi" adlanan bu sistem xeyli öncədən aktivdir. Bu ölkələrdə qlobal şirkətlərdən milyonlarla vergi toplanır. Bizdə isə indiyədək bu vergi vətəndaşardan tutulurdu. Gözləmək olar ki, yeni qaydalar qüvvəyə minəndən və qlobal şirkətlər vergi uçotuna alınandan sonra qlobal xidmətlərdən istifadə ilə bağlı vətəndaşlarımızdan bu vergilər tutulmayacaq.

Yeri gəmişkən, xatırladıram ki, nazir Mikayıl Cabbarov bir müddət öncə Davosda TikTok-un vitse-prezidenti ilə görüşmüşdü.

Düşünmək olar ki, elə Davosda TikTok-un həm də vergi ödəyicisi olması müzakirə predmeti olub. Xeyli gecikmiş olsa da, hökumətin bu istiqamətdə addımları doğru yanaşmadır və məntiqlidir.

 

Cəmilə Babayeva, jurnalist:

- Muzey - əcaibxana, bioqrafiya - həyatnamə, pomidor - rus badımcanı - 133 il öncə Tiflisdə nəşr olunmuş rus-tatar lüğətindən köhnəlmiş sözlərimiz.

1891-ci ildə Tiflisdə işıq üzü görmüş rus-tatar lüğətində 5050 söz yer alıb. Həmin sözlər rus dilşünası Vladimir Dalın izahlı lüğətindəki rus əlifbası ardıcıllığındadır. Nəşrin tərtibi Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunda təhsil almış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, repressiya qurbanı Sultan Məcid Qənizadəyə (1866-1937) məxsusdur. Lüğət 1883-1891-ci illərdə Cəlal Ünsizadənin baş redaktorluğu ilə Tiflisdə Azərbaycan dilində nəşr olunmuş "Kəşkül" qəzetinin tipoqrafiyasında çap olunub.

Gürcüstan arxivlərində saxlanılan lüğətdə dilimizdə bu gün işlənməyən bir sıra sözlərə rast gəlinir. Təəcübləndiyim ilk söz "əcaibxana" oldu. Muzey sözünün ruscadan dilimizə izahı belə verilib. Bioqrafiya və yaxud tərcümeyi-hal sözünün dilimizdə fars mənşəli olsa belə, çox gözəl qarşılıqlı ifadəsi olubmuş: həyatnamə.

Sözlər arasındakı bəzi peşə adları bu gün qulağımıza çox yad gəlir. Məsələn:

pirotexnik - atəşbaz

slesar (müasir dilimizdə çilingər) - səndukçi

sovetnik (müasir dilimizdə məsləhətçi) - nasih

yurist (müasir dilimizdə hüquqşünas) - sadiq

tkaç (müasir dilimizdə toxucu) - kargər

yuvelir (müasir dilimizdə zərgər) - cavahir-füruş

parfümer (müasir dilimizdə ətriyyatçı) - əttar

pirat (müasir dilimizdə dəniz qulduru), şayka (quldur dəstəsi) - hərami.

Köhnəlmiş maraqlı sözlərdən daha bir neçəsi: smetana - süd həlimi, smorodina (qarağat) - rus alçası, pomidor - rus badımcanı, palto - bürünmə, pivo (pivə) - boza, şut (təlxək) - ləco.

 

Hafiz Əhmadov, jurnalist:

- Bu da mənim - "HafizTimes" saytının növbəti uğurlarından biri. Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson atası Stenli Conson ilə olan özəl müsahibəmi oxuyub, bəyənib və öz təşəkkürlərini göndərib. Hətta ötən gün özü mənim saytıma daxil olub, atası ilə müsahibəmi oxuyan zaman, bacısı jurnalist Raşel Sabiha Consonla olan müsahibəmi də oxuyub. Conson ailəsinə göstərdiyim diqqəti yüksək dəyərləndirib... Müsahibələrdə ailəsi ilə bağlı yeni məqamlar kəşf etdiyini də söyləyib. Atasına da təşəkkür edib ki, müsahibədə onunla bağlı gözəl fikirlər söyləyib.

Bundan sonra isə Stenli Conson Azərbaycan Səfirliyinə də məktub göndərib. Adımı qeyd edərək müsahibəmizin önəmindən söhbət açıb... (Bir gənc jurnalistə dəstək olmaq üçün yazıb) Həmçinin də Azərbaycana olan sevgisini də ifadə edib. COB-29 üçün Bakıya səfər edəcəyini bildirib.

Mənim üçün böyük qürurdur. Jurnalist fəaliyyətimdə ən dəyərli müsahibələrdən biridir.

 

Firuz Mustafa, yazıçı:

- Neologizm. Yeni söz yaradıcılığı...

Yeni sözlərin yaranmasına hərə bir cür yanaşır. Dil canlı orqanizmdir, sərfəli olanı qəbul edir, gərəksizi  zibilliyə atır. Vaxtilə Mikayıl Müşfiq "atılqan" (fontan), Səməd Vurğun "sayrışmaq", Mehdi Hüseyn "bildiriş" (elan), Rəsul Rza "çimərlik" (plyaj), Anar "dikuçan" (vertolyot) sözlərini dilimizin dövriyyəsinə gətirəndə çoxları ...bu neologizmləri qəbul etmirdi. Belə sözlər çoxdur, mən indi yadıma düşənləri sadaladım.

Eləcə də "açıqca" (otkrıtka), "olay" (hadisə), "dəstək" (təkan), "alışqan" (zajiqalka), "durum" (vəziyyət), "hava limanı" (aeroport), "nəfəslik (fortoçka), "yelçəkər" (skvaznyak)   və sair bu kimi sözlərin dilimizə daxil olması bir zaman az qala nizə ilə qarşılanıb. "Tutac" (şpilka) sözünə zənnimcə, ağız büzmək düz deyil. Bir söz də məndən: "burac" (otvyorka)...

Bir sözlə, söz yaradıcılığından qorxmayın.

 

Asif Nərimanlı, jurnalist:

- Antalya Diplomatiya Forumunda xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə ilə əlaqələr üzrə xüsusi nümayəndə Ruben Rubinyanla təmsil olunan Ermənistanın məqsədi Ankara ilə üçüncü tərəfin, yəni Bakının maraqları nəzərə alınmadan münasibətlərin qurulmasıdır.

Forum çərçivəsində Mirzoyan və Rubinyan bütün çıxışlarında bu məqamı xüsusilə vurğulayırdı. Ankaranın fikrini dəyişdirməyə ümid etdikləri üçün Antalya Forumuna yüksək səviyyədə qatılırlar. Çünki Ankara mövqeyini dəyişmədiyi müddətdə Ermənistan Azərbaycan-Türkiyə çəmbərindən çıxa bilməyəcək və bu ölkə üçün ən məqbul perspektiv Bakının gündəliyini qəbul etmək olacaq.

Türkiyə isə ən yüksək səviyyədə Ermənistana növbəti dəfə izah etdi ki, həm kommunikasiyanın açılması (Zəngəzur dəhlizi layihəsi), həm də sülh sazişi məsələsində Bakının mövqeyi Ankara üçün "yol xəritəsidir". Forumun açılış mərasimində çıxış edən Ərdoğan da bəyan etdi ki, "Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx koordinasiya ilə davam etdiriləcək".

 

 





05.03.2024    çap et  çap et