525.Az

Qənirə Paşayevanın işıqlı xatirəsinə həsr olunmuş “Sənət unutmur” gecəsində duyğusal anlar


 

Qənirə Paşayevanın işıqlı xatirəsinə həsr olunmuş “Sənət unutmur” gecəsində duyğusal anlar<b style="color:red"></b>

Martın 4-də “Hilton” hotelinin “SEVDA” zalında keçirilən “SƏNƏT UNUTMUR...” adlı tədbir şəhidlərin xatirəsinə sayğı duruşu və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

525.az Musavat.com-a istinadən bildirir ki, tədbirdə qeyri-ənənəvi tətbiqi sənət növü – “Strinq art” ustası Minarə xanım Mehdinin mərhum millət vəkili Qənirə xanım Paşayevanın istəyi ilə yaratdığı, Şuşa doğumlu görkəmli sənət xadimlərinin surəti və digər əsərləri nümayiş olunub.

Giriş sözü söyləyən Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı tədbirin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi və “Gözəl Yaşam Mərkəzi”nin təşkilatçılığı ilə keçirildiyini bildirib.

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətinə dair video-çarx nümayiş olunduqdan və Qənirə xanım Paşayevanın öz ifasında şeiri səsləndirildikdən sonra təşkilatçı qurumlar adından Arzu xanım Bağırovaya söz verilib.

Arzu Bağırova son 5 ildə hər il bu vaxtlar Qənirə xanımın təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ilə bağlı şəhid ailələrinə mənsub xanımlarla görüş keçirildiyini xatırladıb. Arzu Bağırova xatırladıb ki, rəhbərlik etdiyi “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin yaranması da 6 il öncənin bu günlərinə təsadüf edir: “Bizim ictimai birliyimizin necə adlandırılması, məqsəd-vəzifələrinin müəyyənləşdirilməsi baxımından da Qənirə xanımın məsləhətləri önəmli rol oynayıb. Biz əziz Qənirə xanımla birlikdə çoxsaylı layihələr, xeyriyyə aksiyaları keçirmişik. Tədbirlərimizin böyük əksəriyəti şəhidlərimiz, qazilərimiz, gənc qızlarımız, ümumən gənclərimizlə, təhsillə, ədəbiyyatla, mədəniyyət-sənətlə, habelə Türk dünyası ilə bağlı olub. Qənirə xanımın kitablarından biri “Məndən sonra” adlanır. Bir neçə gün öncə vəfalı dostumuz, rəssam Elşən Karaca və rəssam həmkarları Müasir İncəsənət Mərkəzində bu adda sərgi təşkil etmişdi; biz də “Sənət unutmur...” adını təsadüfən seçməmişik və demək istəyirik ki, “əziz bacımız Qənirə xanım, səni unutmamışıq! Təşəbbüskarı olduğun layihələr, işlər, səndən sonra da davam edir”! Əziz dostlar, bu gün bizim ötən illərdəki fəaliyyətimizə dair nəşrlərlə tanış olacaq, həmçinin Minarə xanım Mehdinin örnək əsərlərinə tamaşa edəcəksiniz! Minarə xanımın ağ-qara simlər və kiçikölçülü mismarlarla qeyri-ənənəvi üsulla yaratdığı bu qeyri-adi əsərlərin könlünüzü-gözünüzü oxşayacağına ümid edirik. Rəhmətlik Qənirə xanım bu əsərlərin Şuşada və işğaldan azad olunmuş digər şəhərlərimizdəki muzeylərə, mədəniyyət müəssisələrinə bağışlanmasını düşünürdü. Biz, ortaq dostlarımızla birgə onun arzusunu həyata keçirməyə çalışırıq. Fürsətdən istifadə edərək, Minarə xanıma, bu tədbirin təşkilinə mənəvi dəstək göstərən bütün könül dostlarına, buraya təşrif buyurduğunuza görə sizlərin hər birinizə təşəkkür edirik. Yaxşı ki, varsınız! Çox sağ olun”!

Sonra qonaqların çıxışları başlanıb.

Millət vəkilləri – Arzu Nağıyev, Jalə Əliyeva, Aydın Hüseynov, Məşhur Məmmədov, Anar İsgəndərov, İlham Məmmədov, Vüqar İsgəndərov, Xalq rəssamı Arif Hüseynov və digərləri ürək sözlərini söyləyib, Qənirə xanım haqqında kövrək xatirələrini bölüşüblər, Arzu Bağırovaya nəcib, xeyirxah fəaliyyətində uğurlar arzulayıblar.

Həmçinin şəhid anaları və şəhid xanımı çıxış edərək dövıətin qayğısından, Qənirə xanım Paşayevanın yoxluğunun ağrısından danışıblar, onun missiyasını davam etdirən Arzu Bağırovaya xeyir-dua veriblər. Vətən uğrunda iki övıadını qurban vermiş xanım - Şəhid İntiqam Əsgərli və Nurlan Əsgərlinin anası Ziba ana, şəhid Milli Qəhrəman Samir Xasiyevin anası Gözəl Xasıyeva, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Sənan Axundovun xanımı Nəcibə Axundova çıxış edib.

Tədbirin bədii bölümündə Xalq artisti Simarə İmanova və digər sənətçilər Qənirə xanımın sözlərinə yazılmış mahnıları ifa ediblər.

Musavat.com

 





05.03.2024    çap et  çap et