525.Az

Erməni faşizminin Azərbaycana vurduğu ekoloji zərbələr


 

MÜTƏXƏSSİSLƏRİN FİKRİNCƏ, İŞĞAL ÜZÜNDƏN EKOLOGİYAMIZA DƏYMİŞ ZİYANI ARADAN QALDIRMAQ ÜÇÜN ÇOX BÖYÜK MÜDDƏT VƏ VƏSAİT TƏLƏB OLUNUR

Erməni faşizminin Azərbaycana vurduğu ekoloji zərbələr<b style="color:red"></b>

Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində 152 təbiət abidəsi var. Bunların əksəriyyətinin yaşı yüzillərlə ölçülən ağaclardır ki, 131-i və ya 80 faizi işğal zamanı məhv edilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, işğal dövründə meşə fondumuza böyük ziyan dəyib: "İşğaldan azad olunan ərazilərimizdə meşə fondu torpaqlarımız 260 min hektarın üzərindədir. İşğalaqədərki dövrdə aparılan meşə quruluşu işlərində həmin ərazilərin 216 min hektarının meşə örtüklü ərazi olduğu göstərilir. 2020-ci il İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra aparılan monitorinqlər və qiymətləndirmələr nəticəsində məlum olub ki, 54 min hektardan çox meşə ərazimiz tamamilə məhv edilib. Azad olunan ərazilərdə 152 təbiət abidəmiz var. Bunların əksəriyyətinin yaşı 100 illərlə ölçülən ağaclardır. Onlardan 131-i və ya 80 faizi məqsədli olaraq tamamilə məhv edilib. 800-1000 il yaşı olan təbiət abidələrimiz, bərpası mümkün olmayacaq dərəcədə sıradan çıxarılıb, hətta kökləri yandırılıb ki, pöhrə belə verməsinlər. Təkcə meşə fondu deyil, ərazilərimizdə olan yeraltı təbii sərvətlərə və su ehtiyatlarına da işğalın, təəssüf ki, çox böyük mənfi təsirlərini görürük".

Vüqar Kərimovun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə 167 faydalı qazıntı yatağımız var, onların 52-də qanunsuz istismar işləri aparılıb. Çox qiymətli, əsasən də əlvan metallar olan yataqlarımız amansızlıqla istismar edilib. Bu məsələlərlə bağlı beynəlxalq ekspertlərin də cəlb olunması ilə qiymətləndirmə aparılır və nəticələr aidiyyəti komissiya və dövlət qurumlarına təqdim olunur. Artıq beynəlxalq məhkəmələrdə bu məsələlərin bir çoxu ilə bağlı iddialar qaldırılıb".

Nazir müavini qeyd edib ki, 2024-2026-cı illər ərzində minatəmizləmə işləri başa çatdıqca 1150 hektar ərazidə meşəbərpa işləri aparmağı planlaşdırmışıq. Bioloji müxtəlifliyin bərpası, tarixən arealları həmin ərazilər olmuş fauna və flora növlərinin qaytarılması ilə bağlı layihələr var: "İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə olan xüsusi mühafizə olunan ərazilərin fəaliyyətlərinin bərpasına başlanılıb. Belə ki, Prezidentin 2021-ci il 20 oktyabr tarixli Sərəncamı ilə Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilib, Sərəncamın icrası ilə bağlı Qoruğun Əsasnaməsi hazırlanıb, sanitariya-mühafizə zonası müəyyənləşdirilib, aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli 424 nömrəli Qərarı ilə təsdiq edilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yerləşən digər xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətlərinin bərpası ilə bağlı işlərə də başlanılıb. Hazırkı mərhələdə Daşaltı Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılıb və təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunub. Digər xüsusi mühafizə olunan ərazilərlə bağlı işlərin də mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Xüsusi mühafizə olunan təbiət ərazilərinin statusunun dəyişdirilməsi dedikdə qoruq və yasaqlıqların bazasında ekoturizm fəaliyyətinə imkan verən milli parkların və təbiət parklarının yaradılması nəzərdə tutulur. Məlumdur ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Minatəmizləmə Agentliyi tərəfindən azad olunmuş ərazilərin təmizlənməsi prosesi aparılır. Gələcəkdə bu ərazilər minalardan tam təmizləndikdən və bütün ərazilər turistlər üçün açıq olduqdan sonra orada olan xüsusi mühafizə olunan təbiət ərazilərinin statusunun dəyişdirilməsi məsələsinə qanunvericiliyə uyğun baxılacaq".

Vüqar Kərimovun söylədiyinə görə, işğal dövründə Laçın ərazisindəki Qaragöl Dövlət Təbiət Qoruğu, xüsusən də gölün özü çox ziyan görüb, orada mövcud olmuş ekosistem, demək olar ki, tamamilə məhv edilib. Baxmayaraq ki, xüsusi mühafizə olunan ərazidir, amma gölə qanunsuz müdaxilələr edilib: "Təəssüf ki, ikili standartlar hər yerdə olduğu kimi, burada da özünü göstərir. Təmsilçisi olduğumz bütün beynəlxalq təşkilatlara edilmiş müraciətlərimizə baxmayaraq, bir beynəlxalq təşkilat da olsun bununla bağlı səsini qaldırmadı. İşğala qədərki dövrdə Bəsitçay Dövlət Təbiət Qoruğunda 108 hektar ərazinin 83 hektarı Şərq çinarı meşəsi olub, onun 40 hektardan çoxu işğal dövründə tamamilə məhv edilib. Bütün təbiətimiz kimi, xüsusi mühafizə olunan ərazilərimiz də ziyan görüb. Arazboyu Dövlət Təbiət Yasaqlığında meşə örtüyünün çoxu tamamilə məhv edilib. Gedirsən, baxırsan Arazboyunun İran tərəfində meşələr necə qorunub, amma biz tərəfdə demək olar ki, tək-tük hansısa kol-kos görünür. Bunları niyə vurğulayıram? Çünki o yerlərdə bərpa prosesini sürətləndirmək üçün yüksək xüsusi mühafizə statusuna zərurət var və bu istiqamətdə üzv olduğumuz beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparırıq".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin sözlərinə əsasən, Ermənistanın törətdiyi ekoloji terror nəticəsində ciddi fəsadlarla qarşılaşırıq. İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib. Meşələrin bərpası, ekosistemə dəymiş ziyanın aradan qaldırılması istiqamətində ciddi işlər görülür: "Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında təmizlənmiş ərazilərdə xeyli vaxtdır meşəbərpası işlərinə başlanılıb. Meşəbərpa işlərinin daha böyük ərazilərdə aparmaq əsas məqsədimizdir. Qubadlı, Arazboyu, Laçın və digər ərazilərdə biomüxtəlifliyin bərpası uzunmüddətli prosesdir. Məhv edilmiş ekosistemin bərpası üçün Cəbrayıl rayonunda meşəyə ceyranlar buraxılıb. Mina problemi həll olunduqca müvafiq ərazilərdə fauna növlərinin artırılması işləri genişləndiriləcək. Yanğınların baş verdiyi ərazidə ekoloji mühitə ciddi ziyan dəyir. Aparılan araşdırmalar göstərir ki, işğaldan azad edilmiş ərazilərdə böyük yanğınlar törədilib, ona görə də ekosistemin bərpası vaxt tələb edir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib ki, hidrometeoroloji şəbəkənin bərpası üzrə işğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay - Araz, Bəsitçay, Oxçuçay, Həkəriçay, Barguşadçay, Zabuxçay, Tutqunçay, Tərtərçay, Kircələnçay, Quruçay üzərində 11 avtomat hidroloji stansiya yaradılıb və həmin stansiyalardan mütəmadi qaydada məlumatlar Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzinə ötürülərək təhlil olunur: "İşğaldan azad edilmiş ərazilərdə meteoroloji müşahidələrin öyrənilməsi" layihəsi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında bütün lazımi sensorlarla təchiz edilmiş 5 avtomat meteoroloji stansiya quraşdırılıb və həmin stansiyalardan mütəmadi qaydada daxil olan məlumatlar Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzinə ötürülərək təhlil olunur. Proqramın icrası çərçivəsində 1 dast dopler hava radarının və 1 dəst aeroloji stansiyanın quraşdırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə tədqiqat işləri aparılıb. Həmin stansiyaların 2024-cü ildə quraşdırılması nəzərdə tutulur. Bu stansiyaların fəaliyyət göstərməsi regionun iqlim şəraitinin qiymətləndirilməsinə, əldə olunan məlumatların kəmiyyət və keyfiyyətinin, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin alınmasına və həmin ərazilərdə fəaliyyəti nəzərdə tutulan sahələrdə drometeoroloji xidmət səviyyəsinin artırılmasına imkan verir".

O əlavə edib ki, Oxçuçayda aparılan monitorinq nəticəsində məlum olub ki, çay Ermənistan tərəfindən mütəmadi çirkləndirilib. Götürülən nümunələrdə yüksək miqdarda ağır metallarla çirklənmə qeydə alınıb. Oxçuçayın ekoloji çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər edilib. "İşğalaqədərki dövrdə Qarabağda 17 hidroloji, 9 meteoroloji stansiya fəaliyyət göstərirdi. İşğaldan azad edildikdən sonra biz o ərazilərə səfər edərkən gördük ki, bütün stansiyalar, məntəqələr məhv edilib, dağıdılıb. 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdən keçən 10 çay üzərində 11 avtomat hidroloji stansiya qurulub. Transsərhəd çaylar üzərində keyfiyyət sensorları da quraşdırılıb. Bundan başqa, Şuşa şəhərində, Zəngilan rayonunun Mincivan qəsəbəsində, Füzuli şəhərində, Ağdam şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində avtomat meteoroloji stansiyalar quraşdırılıb".

Sevinc QARAYEVA

 





05.03.2024    çap et  çap et