525.Az

Canlı məzar - İmir Məmmədlidən novella


 

Canlı məzar - <b style="color:red"> İmir Məmmədlidən novella</b>

Mən Qivi Vaxtanqiçlə göyün yeddinci qatında tanış oldum.

İkimiz də Moskvaya uçurduq, təyyarədə yerimiz yanaşı idi.

Uçaq ayağını yerdən üzəndən sonra bir müddət sezilməz gərginlik içində bütün sərnişinlər kimi susduq, sanki təyyarənin yuxarıda öz yoluna rəvan olub qəddini düzəltməsini gözlədik.

Elə ki hər şey qaydasına düşdü, salonda alçaqdan söhbət eləyənlərin səsləri eşidilməyə başladı.

Yolumuz uzaq idi, təxminən üç saata yaxın uçmalı idik. Bunu nəzərə alıb fikirləşdim aşağıdakı ağ buludlara zillənən yol yoldaşımla ordan-burdan danışmağa dəyər, uçaqda insanın canına calanan həyəcanı unudaram.

- Siz də Moskvaya uçursunuz?

- Bəli, - deyib ani sükutdan sonra mənə tərəf çevrilib gülümsünərək əlavə etdi, - təyyarə hara, biz də ora.

Başa düşdüm ki, sualım yersiz oldu, amma yol yoldaşım bunu büruzə vermədi.

- Məsələyə bu məntiqlə yanaşsaq, yəqin demək olar ki, siz də Moskvaya uçursunuz, - qara bığlarının altından yenə təbəssüm keçdi.

- Bəli, - dedim, - uşaq orada oxuyur...

- Sizin səfərinizin məqsədi mənimkindən xeyli yüngül imiş, - dedi.

- Bağışlayın, adınız?..

Cümləni tamamlamağa qoymadı:

- Adım Qivi Vaxtanqiçdir, - deyə dərhal cavab verdi və mənim də adımı bilmək məqsədiylə üzümə zilləndi.

- Mən Əhməd Mürşüdiçəm, -deyib əlavə etdim, - Səfərinizdən gileyləndiniz, müşkül iş dalınca gedirsiniz?

- Necə deyim, müşkül də demək olar, yüngül də... Uzun söhbətdir, - deyib köks ötürdü, - baş ağrısı olmasa, danışım.

- Danışın, xoşdur. Yolumuz uzundur...

- Moskvada dostum yaşayır, tələbə yoldaşım olub, - bir daha köks ötürüb sözə başladı, - On il öncə həmin dostum məni toyuna dəvət elədi. Getdim, kaş getməyəydim, amma dosta necə yox deyəsən. Birinci dəfə evlənirdi. Təzəbəyin - birinci, xanımın ikinci toy-büsatı idi. Toyda bildim ki, gəlinin birinci nikahdan 12 yaşlı bir oğlu da var. Anasının səadət toyunda uşaq da iştirak edirdi. Düşündüm, hamımız insanıq, həyatda hər şey ola bilər.

Toy yaxşı keçdi. 

Toydan sonra gəlin təzəbəyin ən yaxın dostlarını öz üçotaqlı mənzilinə dəvət etdi. Bəylə gəlindən əlavə, beş-altı nəfər də vardıq. Mənzilin qonaq otağında da, restoranda olduğu kimi, zəngin süfrə açılmışdı. Toyda da xeyli şərab içdiyimdən, demək olar ki, dəm idim.

O biri qonaqlar arağa üstünlük verirdilər. Mən isə gəlinimizin mənzilində davam olunan toy ziyafətində də şərab içməyə davam etdim.

Yəqin bilirsiniz ki, biz tərəflərdə belə bir qayda var, məclis qızışanda masabəyi fərqli, daha irihəcmli badədən içməyi təklif edir, bu, bir növ şərəfinə içilən adamlara hörmət əlaməti hesab olunur, həm də fərqli badə deyilən sağlığın da çəkisini artırır.

Mənzildəki məclisdə tamadalıq mənim boynuma düşdü. Mən də kefin ali məqamında ətrafa göz gəzdirdim ki, şərab içdiyim büllur stəkandan bir az fərqli badə tapım. Həmin məqamda gəlin mətbəxə çıxmışdı deyə, düşündüm, bu məsələni özüm həll edim.

Gözüm şüşəli servantın yuxarı gözündəki üstü bəzəkli gözəl bir mücrüyə sataşdı.

Yerimdən durub həmin mücrünü götürdüm, qapağını açıb içinə şərab süzdüm, yalan olmasın, bir litr çaxır getdi. Sonra təzə bəylə gəlinin şərəfinə dərin mənalı bir sağlıq deyib həmin o "fərqli badəni" başıma çəkdim. Son qurtumuna qədər içdim.

Mücrünü dodaqlarımdan ayırdım ki, nəfəsimi dərim. Bu ara otağa daxil olan ev sahibəsinin 12 yaşlı oğlu üstümə şığıyaraq mücrünü tutduğum əlimdən yapışıb biləyimdən bərk-bərk dişlədi. Elə dişlədi ki, az qala dişləri dərimi yarıb sümüyə dirənəcəkdi. Mən onun saçından yapışıb dartdım ki, qolumu buraxsın. Buraxdı və mətbəxə tərəf boylandı:

- Maaaama! Maaama! - deyə qışqırdı.

Uşağın anası bir göz qırpımında yanımızda peyda oldu.

- Nə olub? Niyə qışqırırsan? - qadın həyəcanla soruşdu.

- Bu əclaf atamı uddu! - uşaq uca səslə ağlaya-ağlaya dedi.

- Nə? - deyəsən, anası qulaqlarına inanmamışdı.

- Atamı uddu! Şərabla birlikdə içdi!

Bunu eşidən gəlin yerində büdrədi, an içində huşunu itirdi, arxadan tutan olmasaydı, döşəməyə səriləcəkdi.

Süfrə arxasında oturanların, o cümlədən, təzə bəyin də matı-qutu qurumuşdu, heç kəs nə baş verdiyini kəsdirə bilmirdi.

Xülasə, qadın özünə gələndə məlum oldu ki, həmin mücrüdə dünyasını vaxtsız dəyişən, onun dəlicəsinə sevdiyi birinci ərinin, yəni uşağın atasının külü saxlanılırmış. Mən də bilməmişəm, mücrüyə şərab süzüb kişinin külü qarışıq içmişəm. Sözün düzü, bərk pərt oldum, yaxşı deyil axı, kişinin evinə gələsən, onu da bir qurtuma udasan...

Məclis əhli hər tərəfdən horuldaşıb məsləhət verməyə başladı. Diqqət kəsilib bu hortultunu bir kəlməyə çevirəndə gördüm hamı bir ağızdan deyir: Tamadanın sidiyini tutaq, müasir avadanlıqlarla təchiz olunmuş bir tibbi laboratoriyaya verək, tozu mayedən ayırsınlar, yəni evin kişisini, heç nə olmamış kimi, yenidən mücrüyə qaytarsınlar.

Gəlin buna razı olmadı.

- Bu, mümkün deyil, - dedi, - İvan İvanıçı siz tanımırdınız, rəhmətlik çox yapışqanlı, adama qovuşan adam idi. Əminəm ki, o, bunun bədəninə daxil olan kimi gedib mədəsinin divarlarına yapışdı, qanına-canına hopdu. Onu ordan çıxarmaq heç cür mümkün deyil, əbədi olaraq orada qaldı.

Xanımın bu sözlərindən sonra hamı susdu, ta bilmədilər nə desinlər. Amma hiss etdim ki, o andan etibarən qadının mənə münasibəti dəyişdi, bir növ doğmalaşdı. Bunu özü də gizlətmədi. Bir azdan təzəbəyin yanından qalxıb yanıma keçdi.

- Sənə yaxın olanda, elə bilirəm, İvan İvanıçın yanında otururam, - deyib boynumdan qucaqlayaraq qulağımın dibindən öpdü. Hiss etdim ki, gəlinin bu davranışı dostumun xoşuna gəlmədi, amma mən neynəyə bilərdim ki...

Axırda az qala vaya çevrilən toy məclisinin bu hissəsi də bitdi, qonaqlar dağılışdılar, mən də gəlinin əlindən yaxamı bir təhər qurtarıb qaldığım mehmanxanaya getdim. Səhər tezdən vətənə qayıtdım.

- Yaxşı qurtarmısınız, - dedim.

- Bununla qurtarsam, doğrudan da, yaxşı olardı, - deyə Qivi Vaxtanqiç dərindən bir ah çəkərək sözünə davam etdi, - Həmin toydan beş-altı ay keçmişdi, bir səhər qapının zəngi çaldı. Açıb nə görsəm yaxşıdır? Dostumun arvadı başda olmaqla, qapı arxasında on-on beş nəfər qara donlu, siyah pencəkli qadın-kişi durub.

Salam-kəlamdan sonra kənara çəkilib qonaqlara yol verdim. Onlar içəri doluşandan sonra məlum oldu ki, İvan İvanıçın "Qodavşinası", yəni öldüyü gündür. Xanım dedi, hələ ki, külü mücrüdə idi, hər il yığışıb onun xatirə gününü evdə qeyd edərdik. İndi, bir halda ki, o, sənin mədəndədir, canında-qanındadır, məcbur olduq gəlib "Qodovşinasını" burda qeyd edək.

Gördüm yasa gələnlərin arasında dostum yoxdur, soruşdum bəs ikinci ərin hanı. Dedi, toydan sonra bir ay keçmədi, boşandıq.

İvan İvanıçın ölümünün ildönümünə toplaşan qohum-əqrabası xahiş etdi ki, köynəyimi qaldırıb qarnımı açım, üzü tavana yatağa uzanım.

Dedikləri kimi elədim. Qadın və mərhumun iki bacısı başlarını qarnıma söykəyib ağı deyib ağlamağa başladılar:

- İvan İvanıç, ay İvan İvanıç, niyə nakam getdin?! Niyə bizi gözü yolda qoyub getdin? - bu və buna bənzər sözlər deyib göz yaşı axıda-axıda qarnımı öpdülər, sığalladılar.

Deyəsən, yerdə qalan qara donlu qadınlardan da bir neçəsi dul idi, yaşlı gözlərini İvanın qəbiri kimi dombalan mənim qarnıma diksələr də, hər kəs öz mərhum ərinin adını deyib ağlayırdı.

Ağlaşma başa çatdıqdan sonra üstümə döşənən qadınlar durdular, mən də durdum. Üst-başımı düzəltdim, əlüstü süfrə açdıq, "paminka" elədik.

Axşam düşdü, Moskvadan gələn qonaqların bir qismi mehmanxanaya getdi, mehmanxanada yer ala bilməyənləri dosta-tanışa zəng edib hostellərə yerləşdirdim. İvanıçın arvadı isə getmədi, dedi, mən bu gecə İvan İvanıçla birlikdə qalacam. Nə deyə bilərdim, uzaq eldən gələn qonağı qova bilməzdim ki!?

Mən yerimə uzananda, ədəb-ərkanla əynini soyunub gəldi, yorğanı qaldırıb yanıma uzandı. Həm də özü köynəyini sinəsinədək çərməyərək xahiş etdi ki, mən də köynəyimi bayaqkı kimi yuxarı qaldırım, qarınlarımızı bir-birimizə söykəyib dinşidik. Onda özümü İvana lap yaxın hiss edərəm, dedi.

Səhərə qədər beləcə üz-üzə, nəfəs-nəfəsə yatdıq. Səhər açılanda o da gözlərini açıb:

- Çox sağ ol, mənə elə xoş oldu, elə bil İvan İvanıçla yatdım, -deyib başını qarnıma qoydu.

Bu minvalla düz yeddi il eyni vaxtda gəldilər, hər şey birinci "Qodavşinada" olduğu kimi təkrarlandı.

Mən qəti etiraz etməzdim, ildə bir dəfə İvan İvanıçın xatirə gününü qeyd etmək olardı, amma bu, mənə çox baha başa gəlirdi. Maaşla dolanan adamam, on beş nəfəri üç gün saxlamaq asan iş deyil. Odur ki, yeddinci il ehsan başa çatdıqdan sonra qonaqları hava limanında yola salarkən dedim - Siz daha zəhmət çəkməyin, hər il dünyasını dəyişdiyi gün mən Moskvaya gələrəm, İvan İvanıçın "Qodavşinasını" orada, öz yurd-yuvasında qeyd edərik. - Qivi Vaxtanqiç əlini qeyri-ixtiyari qarnına çəkib bu qəribə əhvalatı belə tamamladı: - Bu il onuncu ildönümüdür, üç günlük gedirəm, mərhumun  "Qodavşinasını" qeyd edib üçünü verəndən sonra vətənə qayıdacağam.

 

 





05.03.2024    çap et  çap et