525.Az

“Milli Bayraq günü” qeyd olunub (FOTOLAR)


 

“Milli Bayraq günü” qeyd olunub<b style="color:red"> (FOTOLAR)</b>

Bu gün Dövlət Bayraq Meydanının konfrans  zalında “Milli Bayraq günü” münasibəti ilə bayram tədbiri keçirilib.

1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə Məhəmməd Əmin  Rəsulzadə tərəfindən yaradılan üç rəngli bayrağımız Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanına müvafiq olaraq 9 noyabr tarixi “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur. 162 metr yüksəklikdə dalğalanan və dünyanın ən hündür bayrağı hesab olunan Azərbaycan bayrağının eni 35, uzunluğu isə 70 metrdir.

525.az-ın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açılıb. Daha sonra Azərbaycan Respublikasının Nazirlər Komitəsi yanında Dövlət Bayraq Meydanı Kompleksinin idarə rəisi Rəşad Məmmədov çıxış edərək tədbir iştirakçılarını bugünkü gün münasibəti ilə təbrik edib:

“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranan  bayrağımız hər  zaman bizim üçün istiqlal rəmzi olub. Mərhum prezident Heydər Əliyev “bayrağa olan məhəbbət vətənə olan sevgi qədər olmalıdır”deməklə onun aliliyini və nə qədər yüksək  mərtəbədə durmasını bir daha sübut edib. İki il öncə Prezident İlham Əliyev Dövlət Bayraq Meydanı kompleksinin açılışını həyata keçirib. İlham Əliyevin daxili və  xarici siyasəti üç rəngli bayrağımızın işğal altında olan torpaqlarımızda da ucaldılacağına əminlik verir”.

Rəşad Məmmədov nitqini İlham Əliyevin “bayrağımız bizim canımız, ürəyimiz və qürur mənbəyimizdir. Eşq olsun Azərbaycan bayrağına” sözləri ilə yekunlaşdırıb.

Rəssamlıq Akademiyasının professoru, Xalq rəssamı Səlhab Məmmədov  çıxış edərək gənc rəssamları bayram münasibəti ilə təbrik edib:

“Bu gün sizin üçün hər cür şərait yaradılıb. Müstəqil ölkəmizin öz bayrağı və gerbi var. Tədbirin və bu müsabiqənin təşkili münasibəti ilə Dövlət Bayraq Meydanının rəhbərliyinə təşəkkürümü bildirirəm. Gənc rəssamlara isə gələcək işlərində müvəffəqiyyətlər arzulayıram”.

Daha sonra Azərbaycanın ölməz bəstəkarı olan Üzeyir Hacibəyovun ssenarisi əsasında çəkilən “Arşın mal alan”, “O olmasın, bu olsun” filmlərindən rəqslər ifa edilib, Dövlət Sərhəd Xidmətinin orkestrının müşayiəti ilə bayram marşları səsləndirilib.

Bugünkü tədbirdə 9 noyabr “Milli bayraq günü” münasibəti ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilən “Bayrağımız qürur mənbəyimizdir” adlı müsabiqə qaliblərinin adları da açıqlanıb. Müxtəlif bölgələrdən müsabiqəyə qatılan 460 gənc rəssam öz rəsm nümunəsini təqdim edib. Bu əsərlərdən 100-ü mükafata layiq görülüb. 5-11-ci sinif şagirdləri arasında təşkil olunan müsabiqənin azyaşlı qalibi isə 106 saylı orta məktəbin şagirdi Ajda Məsimova olub.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov, Təhsil Nazirliyinin Tərbiyə və Məktəbdənkənar Müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov 12 qalibə diplom və sertifikatlar təqdim edib. Daha sonra münsiflər heyəti müsabiqə iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.

Tədbirin sonunda iştirakçılar Dövlət Bayrağı Muzeyində ən qədim dövrdən bu günədək Azərbaycan ərazisində yaranan dövlətlərin, xanlıqların, müstəqil Azərbaycan Respublikasının müxtəlif qoşunlarının bayrağ və gerbləri ilə yaxından tanış olaraq onlar haqda maraqlı məlumatlar əldə ediblər.

Axşam saat 20:00-da Dövlət Bayraq Meydanı ərazisində möhtəşəm konsert keçirilib. Konsertin sonunda 6 mindən artıq 3 rəngli bayrağımızın rənginə boyanan şarlar havaya buraxılıb.

Nigar Məhərrəm

 





09.11.2012    çap et  çap et