525.Az

Gənclik


 

Gənclik<b style="color:red"></b>

Zaur İLHAMOĞLU

 

Gənclik

 

Zamanın qanunu, ömrün hökmü var,

Yaş üstə yaş gəlir, yaşlanır insan.

Dünənin sevinclə keçdiyi anı,

Bu günü özünə dərd sanır insan.

 

Qocalmaq istəmir yaş ötsə belə,

Ömrün nə qışında, nə baharında.

Nə qədər gənclik var, rəqs etmək istər

Gənclik nəğməsinin sədalarında.

 

Gedəcək vəfasız sevgili kimi,

İstər başına döy, sinəni dağla.

Çalış o anadək öz gəncliyindən,

Özünə bir şirin xatirə saxla.

 

Ötən gəncliyinə çox üzülmə sən,

Onun da müddəti, zamanı dolmuş.

Əsası odur ki, deyə biləsən:

Mənim gör nə gözəl gəncliyim olmuş.

 

Şəkillərim

 

Düzdüm şəkilləri masanın üstə,

Baxdım şəkillərə, baxdım birbəbir.

Şəkillər ömrümdən keçən günləri

Rəngli çalarlarla mənə göstərir.

 

Fəsillər əks olur şəkillərimdə,

Hər şəkil bir yazmış, bir qışmış demək.

Bir vaxtlar ömrümə sığa bilməyən

Zaman şəkillərə sığışmış, demək.

 

Hər biri xatirə... Gözüm önündən

Keçir bircə-bircə gözlərim dolur.

Niyə də dolmasın? Dünən gördüyüm

Bu gün mənim üçün görünməz olur.

 

Hər şəkil ömrümün bir mərhələsi,

Keçir ömür yolum şəkillərimdən.

Baxdıqca hər şəklə geridə qalan,

Yaşanmış ömrümə qayıdıram mən.

 

Ax, uşaqlıq şəklim... Döndüm bir anda,

Həmin dəcəlliyim, şıltaqlığıma.

Ağlıma gəlməzdi uşaq olanda,

Şəkildən baxacam uşaqlığıma.

 

Ömrünün cızdığın cizgilərindən,

Danışar şəkillər, dinər şəkillər.

Vaxt keçər, gün gələr, hansısa zaman

Şirin xatirəyə dönər şəkillər.

 

Qaçış

 

Biz bəzən qaçırıq öz-özümüzdən,

Sürətə baxmırıq, yola baxmırıq.

Elə qaçırıq ki, yolumuz üstə

Sanki arxamızdan iz buraxmırıq.

 

Bu günü yaşayıb, sabaha baxıb,

Görmürük dünəndə nə qaldığını.

Yaman unuduruq bugünkü günün,

Dünənin üstündə ucaldığını.

 

Yaşı bilinməyən qoca dünyanın,

Əzəldən kökündə bir qanunu var:

"Bir vaxt ağlasığmaz olan yüksəklik,

Bir gün də uçulub tamam məhv olar"

 

Bu qaçış, bu sürət, bu cür estafet,

Dünyanı içindən dağıdacaqdır.

Hansı ki nöqtədən qaçış başladı,

Yenə o nöqtəyə qayıdacaqdır.

 





05.03.2024    çap et  çap et