525.Az

Ermənistan-Rusiya: böhran dərinləşir


 

Ermənistan-Rusiya: <b style="color:red"> böhran dərinləşir</b>

Ermənistanla Rusiya arasında gərginlik artmaqdadır. İrəvanın Moskva əleyhinə açıq bəyanatları, davranışları, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması Rusiyaya qarşı demarşdır. Məlumdur ki, Ermənistan müxtəlif bəhanələr irəli sürsə də, Rusiyaya yönəlik addımlarını məhz Qərbin diktəsi ilə atır. Qərb təkcə Ermənistanı Rusiyadan uzaqlaşdırmaq istəmir, eyni zamanda İrəvanı əli ilə Moskvaya qarşı öz planlarını reallaşdırmaq, onu sıxışdırmaq, özü isə regionda möhkəmlənmək istəyir.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan "France 24" telekanalına müsahibəsində İrəvanın regional hərbi-siyasi blok olan və Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurduğunu açıqlayıb. Səbəb kimi isə qurumun Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsini göstərib. Paşinyan bundan sonra parlamentdə çıxışında bəyan edib ki, Ermənistanın KTMT-də iştirakı artıq de-fakto dondurulub, ölkənin təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməməkdə davam edərsə, İrəvan üzvlüyünü de-yure donduracaq. Paşinyan deyib ki, KTMT Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmək əvəzinə, əksinə, Ermənistana problemlər yaradır.

Söhbət ondan gedir ki, Paşinyan KTMT-nin öhdəliklərini deyəndə, bu təsisatın Azərbaycan əleyhinə çıxmasını nəzərdə tutur. Məlumdur ki, Azərbaycanın KTMT-də təmsil olunan bütün üzv ölkələrlə çox yaxşı münasibətləri var. İrəvanı bir tərəfdən bu münasibətlər qıcıqlandırır, ona görə də həmin dövlətlərlə Azərbaycanı üz-üzə qoymaq üçün bəhanələr gətirir. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra Ermənistan dəfələrlə Azərbaycanla şərti sərhəddə hərbi təxribatlar törədib. İrəvan iddia edir ki, KTMT 2022-ci ilin sentyabrındakı insidentdə Ermənistanı müdafiə etməyib. Qeyd edək ki, 2022-ci ilin noyabrında KTMT-nin İrəvanda keçirilmiş sammitində bu barədə müzakirələr aparılıb və yekun olaraq bəyan edilib ki, Azərbaycan-Ermənistan sərhədləri dəqiqləşmədiyi üçün KTMT-nin təsir dairəsini müəyyənləşdirmək də mümkün deyil. İrəvan bunu əlində bəhanə tutaraq KTMT əleyhinə çıxıb və tədbirlərində iştirakdan imtina edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ənənəvi Antalya Diplomatiya Forumunda Ermənistanın bu iddialarına tutarlı cavab verib. Lavrov bəyan edib ki, Ermənistan tərəfi KTMT-ni onu tək qoymaqda ittiham edir. Amma real işlər bunun əksini göstərir. O xatırladıb ki, məhz rəsmi İrəvan özü KTMT müşahidə missiyasının Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilməsindən imtina edib: "KTMT-nin İrəvanda keçirilən tədbirində gecə yarıyadək təşkilatın missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi üçün mandatının formalaşması barədə sənəd üzərində iş aparılıb. Sənəd faktiki olaraq təşkilata daxil olan ölkələrin xarici işlər və müdafiə nazirlərinin birgə sənədi idi. Lakin buna baxmayaraq, səhəri gün Nikol Paşinyan bundan imtina etdi. Paşinyan imtinaya səbəb kimi, KTMT-nin Azərbaycanı ittiham etməməsini göstərib".

Amma Lavrovun da dediyi kimi, bunun ardınca, İrəvan çox qısa müddətdə Avropa İttifaqının sərhəddə missiyasına icazə verib. XİN rəhbəri vurğulayıb ki, Aİ də Azərbaycanı ittiham etməmişdi, amma ona etiraz etmədilər.

Rəsmi İrəvan regiondan kənar ölkələrlə əməkdaşlığa üstünlük verir. Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Lavrov deyib ki, bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər. Belə bir şey Rusiyanı Ermənistanla münasibətlərə yenidən baxmağı məcbur edir.

Görünən odur ki, Ermənistan hakimiyyəti həqiqətən də yeni siyasət kursuna keçmək istəyir, amma Rusiyadan birdən-birə qopmağın asan olmadığını da yaxşı anlayır. Elə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun bir neçə gün əvvəl yaydığı açıqlamada da qeyd edilib ki, Rusiyadan uzaqlaşmaq Baş nazir Nikol Paşinyana baha başa gələ bilər. Vurğulanıb ki, Paşinyan Rusiyanı qıcıqlandırmağa çalışır ki, bu da ağır nəticələrə səbəb ola bilər. Kremlə bağlı analitiklər də bu mövqeyinə görə İrəvanı tənqid edirlər.

Rəsmi Moskva Paşinyandan aydın mövqe gözləyir. Amma İrəvandan hələ ki, belə bir mövqe səslənməyib. Yeri gəlmişkən, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan dünən deyib ki, Ermənistanın KTMT-dan mümkün çıxmasının nəticələri ilə bağlı məlumatlar tamamilə məxfidir: "Biz hələ KTMT-dən çıxmamışıq. Təşkilatdan çıxmaq nəyə gətirib çıxaracaq - bu məsələ həm də dövlət sirlərini ehtiva edir". KTMT daxilində birgə strukturların olması ilə bağlı suala isə o deyib ki, bu strukturlar ancaq kağız üzərində mövcuddur.

Bəzi erməni ekspertlərə görə, Paşinyanın son bəyanatlarında yeni heç nə yoxdur. Baş nazirin bəyanatı yalnız Ermənistanın KTMT-yə üzvlüyünün dondurulduğunu təsdiqləyir. Bunu hamı bilirdi və ya hiss edirdi, lakin bu, rəsmiləşdirilməyib.

Erməni politoloq Aleksandr İskəndəryan Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı bəyanatını İrəvanla Moskva arasındakı münasibətlərdəki böhranın əksi adlandırıb. Onun sözlərinə görə, digər KTMT ölkələri ilə münasibətlərdə isə bu böhran həmişə olub. Paşinyan öz bəyanatı ilə yalnız mövcud vəziyyəti bəyan edib.

Erməni ekspertlər KTMT-dən çıxmaq qərarının mümkün olduğunu düşünürlər. Onların fikrincə, Ermənistan, xüsusən də təhlükəsizlik sahəsində təmaslarının şaxələndirilməsi fonunda nə vaxtsa KTMT-dən çıxmaq qərarına gələ bilər, lakin bunun nə vaxt və hansı şəraitdə baş verəcəyini proqnozlaşdırmaq hələ ki, mümkün deyil.

İskəndəryan deyib ki, belə bir addımın Rusiyanın mənfi reaksiyasına səbəb olacağı aydındır. KTMT-də formal iştirak Rusiya ilə müəyyən münasibətlər rejiminin saxlanması deməkdir. Ermənistan KTMT-dən narazı olsa da, o qədər də böyük alternativ imkanlara malik deyil. Onun daxil olub təhlükəsizliyini təmin edə biləcəyi başqa heç bir hərbi-siyasi blok yoxdur.

Eyni zamanda, erməni ekspertlər gələcəkdə İrəvanla Moskva arasında münasibətlərin daha da pisləşəcəyini proqnozlaşdırırlar. Politoloq Stepan Səfəryan qeyd edir ki, Ermənistanla Rusiya arasında münasibətlərdəki böhran yalnız böyüyəcək və ola bilsin ki, açıq qarşıdurmaya çevriləcək. Bu vəziyyətdə riskləri effektiv idarə etmək vacibdir.

Onu da vurğulayaq ki, KTMT Nizamnaməsində iştirakın dondurulması rejimi nəzərdə tutulmayıb. Sənəddə yalnız bir ölkənin təşkilatdan könüllü çıxmasının mümkünlüyündən bəhs edilir. Bunun üçün çıxış tarixindən altı ay əvvəl müvafiq bildiriş təqdim edilməlidir. Digər variant isə təşkilatın nizamnaməsinin müddəalarını və şuranın qərarlarını yerinə yetirməkdən imtina edən ölkənin təsisatdan xaric edilməsi və ya üzvlüyünü dayandırmaqdır.

İndi İrəvanın yekun qərarı hər kəs üçün maraqlıdır. Amma ekspertlər bunun tezliklə baş verəcəyinə o qədər də əmin deyillər. Hazırda Rusiya iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılıdır. Ermənistan böyük resurslara, iqtisadiyyatını şaxələndirmək imkanlarına malik deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində real addımlar atmayan İrəvan bunun da zərərini uzun illərdir ki, görür. Başqa tərəfdən, hazırda Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisindədir, hava limanını, sərhədləri rusiyalı hərbçilər mühafizə edir. Ermənistanı Rusiyadan asılı edən məqamlar həddən artıq çoxdur. İrəvan-Moskva münasibətləri pisləşməkdə davam etsə də, bütün bunlardan bir anda imtina etmək, əlaqələri pozmaq mümkün olmayacaq. Bunu İrəvan hakimiyyətində də, Qərbdə də yaxşı anlayırlar.

 





06.03.2024    çap et  çap et