525.Az

"Babam ağlayırdı, at ağlayırdı..." - Nadir Yalçın yazır


 

"Babam ağlayırdı, at ağlayırdı..." - <b style="color:red"> Nadir Yalçın yazır</b>

- Neçə yaşınız var?

- Sabah 59 olacaq... Elə birazdan ad günümdü. Dayan saata baxım...

Saat 00:07... On ikidən yeddi dəqiqə keçmişdi, martın 1-i idi...

- Həəə, artıq ad günümdü. 59 yaşım tamam oldu.

- Təbrik edirəm... Adınız nədir?

- Qərib.

- Qərib dayı, Paşa Qəlbinura çox oxşayırsınız. Hətta maşına əyləşəndə, elə bildim, sükan arxasında Paşa Qəlbinur əyləşib.

- Ola bilər, oxşadan olmayıb...

- Nəvələriniz var?

- Oğlumun bir oğlu, qızımın da bir qızı var.

- Sizi sevirlər?

- Çooox... Qızım və nəvəm xəstədir.

- Nə xəstəsi?

- Qızımda da, nəvəmdə də eyni xəstəlikdir: bel sütununun əyriliyi. Qızımın 34 yaşı var, nəvəmin 14... Onları özüm müalicə etdirirəm. Nəvəm sağalır, qızım isə... Vəziyyət onda daha ciddidir... Oğlum Ərəbistandadır. Orada işləyir. Onun da bir oğlu var: Ömər...

- Doğum gününüzü sükan arxasında qeyd edirsiniz... Bir yerdə saxlayın tort alaq.

- Yox, əzizim, ehtiyac yoxdur... Mənim də taleyim belə imiş... Çarə yoxdur. Nə edim? Güzaranım zəifdir. Mənim kimi xəstəsi olan insanlar şad gününü evində keçirə bilmirlər...

- Gələn il yubileyinizdir...

- Həəə... Yoldaşımla eyni ildə doğulmuşuq, o fevralın 5-i, mən martın 1-i. Plan belədir ki, 60 illiyimizi birgə qeyd edəcəyik.

- Sevib evlənmisiniz?

- Əlbəttə... Qonşu idik, məktəbi də birgə oxumuşuq.

- Heç bezmisiniz yoldaşınızdan?

- Nədən bezəcəm? Heç vaxt...

- Ancaq gecələr taksi sürürsünüz?

- Gündüzlər tıxac olur. Ona görə gecə sürürəm...

- Mənim də babam gecə taksi sürürdü. Hər gün ağlayırdım ki, məni də özü ilə aparsın. Ciblərinə ovcum tutan qədər limonlu konfet yığırdım. Termosunda çay aparırdı...

- Bax, mənim də termosum var...

- Qəşəngdir...

- Sən danışdın, mənim də babam yadıma düşdü. Babamın gözəl bir atı var idi, özü sürürdü. O vaxt bir dövr oldu, sovet hökuməti kimin atı var idisə, əlindən alırdı. Babamın da həmin atını ondan aldılar. İnan, atı maşına mindirəndə gözündən yaş gəlirdi. Babam ağlayırdı, at ağlayırdı, babam ağlayırdı, at ağlayırdı...

Bakı, 2024, 1 mart

 





06.03.2024    çap et  çap et