525.Az

İranda seçkilərin passiv boykotu


 

İranda seçkilərin passiv boykotu<b style="color:red"></b>

İranda martın 1-də keçirilən parlament seçkilərində səslərin sayılması başa çatdıqdan sonra seçicilərin seçkiləri passiv boykot etdiyi aydın oldu. İran rəsmiləri seçkilərdə seçicilərin 41 faizinin iştirak etdiyini bildirsələr də, müstəqil mənbələr seçkidə iştirak faizinin daha aşağı olduğunu bildirirlər. Bu mənzərə İranın böyük şəhərlərində daha aydın görünüb. Paytaxt Tehranda seçicilərin 28 faizi, Təbrizdə isə cəmi 25 faizi iştirak edib. İranda 61 milyon 172 mindən çox seçici var. İranın rəsmi İRNA agentliyi təxminən 25 milyon seçicinin səs verdiyini açıqlayıb.

Parlamentindəki 290 yer uğrunda 15 mindən çox namizəd mübarizə aparsa da, seçicilərin kütləvi iştirakını təmin etmək mümkün olmayıb. Paytaxt Tehranda 30 mandatdan yalnız 14-nün sahibi seçilib. Digər 16 mandatın sahibi seçkilərin ikinci turunda müəyyən olunacaq. Tehranda seçkilərə "millətin səsi" siyahısı ilə daxil olan İran parlamentinin keçmiş sədr müavini Əli Mütəhhərinin rəhbərlik etdiyi islahatçı və mötədil siyasətçilər arasından heç kim seçilməyib. Mütəhhəri də daxil olmaqla, siyahıdan heç kimin ikinci tura keçə bilməməsi diqqət çəkib. Siyasi müşahidəçilər bütün bunları seçicilərin, xüsusilə rejimin islahatlar yolu ilə dəyişəcəyinə ümid edənlərin yanıldıqlarını görüb, passiv boykot yolunu seçmələri ilə izah edirlər. Bundan başqa, milli hərəkətların, xüsusilə də 35 milyon azərbaycanlının maraq və mənafelərini təmsil edən milli hərəkatların seçkiləri boykot etməsi Tehran və Təbrizdə seçici fəallığının ölkə miqyası müqayisədə çox aşağı olmasının səbəbi hesab olunur.

Bir çox nüfuzlu siyasi və ictimai xadim də seçkilərin nəticəsinin sos siqnalı olduğunu bəyan edib. İran İslam İnqilabının lideri Ruhullah Xomeynin nəvəsi Ahmet Xomeyni seçkilər vasitəsilə rejimin islah oluna bilməcəyinə əmin olduğunu bəyan edib.

Seçkilərin üzə çıxardığı məqamlardan biri də seçicilərin dini və məzhəb kimliyi üzərindən deyil, milli və etnik kimliyi üzərindən səs verdiyini üzə çıxarıb. Azərbaycanlıların milli təşkilatları seçkiləri boykot etdikləri üçün sayı 35 milyondan çox olan azərbaycanlıların əksəriyyəti seçkidə iştirak etmədiyi halda, kürdlərin fəal şəkildə iştirakı onlara parlamentdə 72 mandat qazandırıb. Hətta Azərbaycan əyaləti Urmiyada kürdlər 7 deputat seçiblər. 

İranda rejimin sərtləşdiyi və beynəlxalq aləmlə münasibətlərinin gərginləşdiyi bir zamanda parlament seçkilərinə seçicilərin diqqətinin azalması bütövlükdə rejimin legitimliyini azaldır. İranın Yaxın Şərqdə məruz qaldığı uğursuzluq, ABŞ və İsrailin İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək səviyyəli zabitlərini öldürməsi müqabilində İranın heç nə edə bilməməsi molla rejiminin əleyhdarlarını gücləndirir. Əgər əvvəllər seçkidə seçicilərin fəal iştirakı vətəndaşların rejimə dəstəyi olduğunu ifadə edən Tehran rəsmiləri indi susmağa üstünlük verirlər. Ekspertlər isə proseslərin bundan sonra inqilabı ssenari üzrə inkişaf edəcəyini proqnozlaşdırırlar.

 

 

 





06.03.2024    çap et  çap et