525.Az

Ya hər şey, ya heç nə - Xaqani Cəfərli yazır


 

Ya hər şey, ya heç nə - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev Ukraynanın Rusiyanın bir hissəsi olduğunu, bu səbəbdən də Moskvanın bütün ərazisi üzərində nəzarəti bərqərar etməyə hazırlaşdığını bildirib. Dmitri Medvedyevdən öncə Prezident Vladimir Putin Ukrayna məsələsini Rusiya üçün ölüm-dirim məsələsi olaraq dəyərləndirmişdi. Rusiya rəsmiləri mövqelərini əsaslandırmaq üçün tarixə istinad edirlər. Dmitri Medvedyev bildirib ki, Dnepr çayının hər iki sahilindəki ərazilər Rusiyanın strateji tarixi sərhədlərinin tərkib hissəsidir. "Rusiyanın başqasının torpağına ehtiyacı yoxdur, lakin o, öz torpaqlarından əl çəkməyəcək". Rusiyanın hazırkı və keçmiş prezidentlərinin açıqlamalarındakı ortaq fikir ondan ibarətdir ki, Ukrayna Rusiya üçün imtina olunmayacaq böyük dəyərdir. Rusiya rəsmiləri dəfələrlə Kiyevi rus şəhərlərinin anası da adlandırıblar. Belə görünür ki, Rusiyanın hakim dairələri "ya hər şey, ya heç nə" prinsipi ilə hərəkət edirlər. Bu isə o deməkdir ki, Rusiya Ukraynaya qarşı müharibəni sona kimi davam etdirmək niyyətindədir.

Ukrayna da öz ərazi bütövlüyünü bərpa edənə qədər müharibəni davam etdirmək əzmindədir. Ukraynanın müttəfiqləri də geri addım atmadıqları kimi, Kiyevə dəstəyi artırırlar. Bir müddət əvvəl Münxen Təhlükəsizlik Konfransında Çexiya Prezidenti Petr Pavel Ukrayna artilleriyasının tələbatını təmin etmək üçün 800 min mərmi tapdıqlarını bəyan etmişdi. O zaman Prezident Petr Pavel bildirmişdi ki, onun göstərişi ilə Çexiya Müdafiə Nazirliyi bütün dünyada axtarış apararaq adı açıqlanmayan bir ölkədə 500 min 155 mm və 300 min 122 mm mərmi tapıb. O, həmin 800 min mərminin Ukraynaya çatdırılması üçün 1.5 milyard dollar lazım olduğunu bildirmişdi. 

"Financial Times"ın məlumatına görə, Avropa İttifaqı bu məqsədlə təcili olaraq 1,5 milyard dollar axtarır. Prezident Petr Pavelin təşəbbüsü ilə "mərmi koalisiyası" da yaradılıb. Bu koalisiyada təmsil olunan ölkələr Çexiyanın tapdığı 800 min mərmini almaq üçün "kisə"lərinin ağzını açıblar. Niderland 100 milyon avro, Belçika 200 milyon avro, Danimarka 250 milyon avro ayırmaq qərarı verib. Kanada, Böyük Britaniya və İsveç daxil olmaqla 15-dən artıq ölkə Çexiyanın təklifini həyat keçirmək üçün birləşib.

Almaniyanın nüfuzlu "Der Spiegel" nəşri hökumətdəki mənbələrə istinad edərək yazıb ki, Berlin Ukrayna artilleriyasının tələbatını təmin etmək üçün mərmi alınması ilə bağlı Hindistanla gizli danışıqlar aparır. Nəşrin məlumatına görə, Almaniya rəsmiləri Hindistanın "yüz minlərlə" artilleriya mərmisinin olduğuna əmindir və o mərmiləri Ukraynaya almaq üçün Yeni Dehli ilə danışıqlar aparır. Hindistan Rusiya ilə münasibətlərini gərginləşdirməmək üçün həmin mərmiləri birbaşa Ukraynaya satmaq istəmir. Ancaq Almaniyaya sata bilər. "Der Spiegel"in məlumatına görə, oxşar danışıqlar bəzi ərəb ölkələri, Afrika və Balkan dövlətləri ilə də aparılır. "Politico"nun məlumatına görə, Avropa ölkələri Ukraynanı mərmi ilə təmin etmək üçün Cənubi Koreya, Türkiyə və Cənubi Afrika Respublikası ilə də danışıqlar apara bilərlər. Qeyd edək ki, bu gün dünyada ən azı on dövlət mövcuddur ki, külli miqdarda artilleriya mərmisinə sahibdir.

Həmin ölkələrin bəziləri valyuta ehtiyaclarına görə böyük məmnuniyyətlə həmin mərmiləri Ukrayna üçün almaq istəyənlərə sata bilərlər. Hərbi ekspertlərin hesablamalarına görə, Ukraynanın Rusiyaya müqavimət göstərə bilməsi üçün ayda 200 min mərmi lazımdır. Bu, gündə təxminən 6, 7 min mərmi atışına imkan verər. Bütün bunlar və eləcə də Almaniya Müdafiə Nazirliyinin bir qrup rəsmisinin yayılan danışıqları Moskva ilə Berlin arasında münasibətləri gərginləşdirib. Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Mariya Zaxarova bildirib ki, Berlin Ukraynanın Krım körpüsünə Almaniya istehsalı raketlərlə zərbə endirsə, bu, ağır nəticələrə səbəb ola bilər. Məlum olduğu kimi, Kiyev Berlindən məhvetmə radiusu 500 km olan uzaqmənzilli "Taurus" raketlərini almağa çalışır. Ekspertlər hesab edir ki, bu raketlər Moskvaya çata bilər. Rusiya isə Almaniyaya cavab zərbəsi endirə biləcəyinə işarə edir.

Rusiya ilə Avropa ölkələri, xüsusilə də Almaniya və Fransa arasında münasibətlərin gərginləşdiyi bir zamanda NATO Rusiya ilə sərhəd Finlandiya, İsveç və Norveçdə Nordic Response 24 hərbi təliminə başlayıb. Bu barədə martın 4-də Norveç Silahlı Qüvvələri məlumat yayıb. Məlumata görə, təxminən iki həftə davam edəcək təlimdə 14 ölkədən 20 mindən çox hərbçi iştirak edəcək.

Rusiya ilə NATO-ya üzv olan Avropa İttifaqı ölkələri arasında münasibətlərin gərginləşməsi Türkiyə və Çini narahat etməyə başlayıb. Buna görə də Türkiyə və Çin atəşkəs və sülh danışıqları üçün yeni təşəbbüslərlə çıxış etməyə başlayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı döyüşləri dayandırmağa və danışqılara başlamağa çağırıb. Rəsmi Ankara vasitəçi olmağa hazır olduğuna da işarə edib.

Türkiyə kimi, Çin də döyüşlərin dayandırılması və danışıqlara başlamaq təşəbbüsü ilə çıxış edib. Məlumatlara görə, yaxın günlərdə Çin rəhbərliyi bunun üçün Rusiya, Ukrayna və Avropaya xüsusi nümayəndə göndərəcək.

Türkiyə və Çinin təşəbbüslərinin uğurlu olması üçün tərəflərdən biri güzəştə getməlidir. Lakin Rusiyanın indi "ya hər şey, ya heç nə" prinsipi ilə hərəkət etməsi, Kiyevin isə danışıqlara Rusiya ordusu Ukrayna ərazisini tam tərk etdikdən sonra başlaya biləcəyi haqqında düşüncələri sülh təşəbbüslərinin gerçəkləşməsinə imkan verməyəcək. Bu isə o deməkdir ki, "ya hər şey, ya heç nə" prinsipinə uyğun tərəflərdən biri hər şeyi qazanmayana, digəri isə hər şeyi itirməyənə qədər müharibə davam edə bilər.

 

 





07.03.2024    çap et  çap et