525.Az

"Belə də haqsızlıq olar?" - "Bir rəsmin dedikləri"


 

"Belə də haqsızlıq olar?" - <b style="color:red"> "Bir rəsmin dedikləri" </b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Emil Ağayevdir. Emil bəylə Əməkdar rəssam Asif Azərellinin "Belə də haqsızlıq olar?" əsərindən danışmışıq.

Asif Hüseyn oğlu Azərelli (Rzayev)  1946-cı ildə Bərdə rayonunda anadan olub. Əvvəl Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbində təhsil alan gənc rəssam 1971-ci ildə tanınmış qrafika ustası Əliağa Məmmədovun sinfini bitirib. 1974-cü ildə Tbilisi Rəssamlıq Akademiyasına daxil olan Asif Azərelli burada Gürcüstanın tanınmış sənətkarlarından - Korneli Sanadze və Uça Çaparidzedən sənətin incəliklərini öyrənib. 2015-ci ildə "Əməkdar rəssam" fəxri adına layiq görülüb. Uzun illər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dosent vəzifəsində çalışaraq gənc nəslə rəssamlıq sənətinin incəliklərini öyrədib. Əsərləri Azərbaycan və xarici ölkələrin muzeylərində, qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır. Asif Azərelli uzun sürən xəstəlikdən sonra 4 sentyabr 2022-ci ildə vəfat edib.

 

 - Emil bəy, müasir Azərbaycan rəssamlığında Qarabağ mövzusu. Əsərin şərhinə keçmədən öncə bir qədər bu haqda danışaq.

 - Müstəqillik dövrü Azərbaycan təsviri sənətindən danışarkən Qarabağ mövzusunun xüsusi yer tutduğunu vurğulamalıyıq. Təsviri sənət ustalarımız 30 il işğal altında qalan torpaqlarımızda baş verən faciələrlə bərabər, o yerlərin mənzərəsini və tarixi abidələrin təsvirini də sənət əsərlərində əks etdiriblər. Rəngkarlıqda Qarabağ faciəsinin əksi daha əhatəli idi. Xalqın yaşadığı problemlərə bədii görkəm verən sənətkarların tarixi diyarımıza həsr olunmuş tabloları bu gün də öz aktuallığını saxlamaqdadır. Bu mənada Fərhad Xəlilovun "Qarabağ" (1992), Nəcməddin Hüseynovun "Müharibəli Novruz" (1993), Kamal Əhmədin "Şərqin faciəsi" (1993), Natiq Fərəcullazadənin "Şəhid önündə" (1996), Rafael Muradovun "Qaçqınlar" (1998) və başqa əsərləri qeyd etmək olar. Sözügedən əsərlərdə rənglərə hopmuş tarixi həqiqətlər olduqca inandırıcı görünür. Müasir Azərbaycan təsviri sənətində Qarabağ mövzusundan söhbət gedirsə, mütləq Əməkdar rəssam Asif Azərellinin də adını qeyd etməliyik. Sənətkarın bir-birindən maraqlı tabloları onun adını birincilər sırasında çəkməyə əsas verir. Torpağını sevən rəssam yaradıcılığında milli vətənpərvərlik motivləri ilə bunu dəfələrlə sübut edin. Onun "Azərelli" təxəllüsü də buna bariz nümunədir. Asif Azərelli Qarabağ mövzusunda bir-birindən maraqlı əsərlər təsvir edib.

- "Belə də haqsızlıq olar?" əsəri neçənci ilə aiddir?

- Rəssam 2012-ci ildə əsər üzərində işləyir və tarixi ədalətsizliyə məruz qalmış xalqın faciəsini bir daha tamaşaçıların diqqətinə çatdırır. Rəsm Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq layihəsi çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan bir çox təqdimatların müəllifi olub.

- Əsərin kompozisiyası necədir?

- Rənglərin kəskinliyi kompozisiyanın adına uyğunlaşdırılıb. Əsərdə düşmən əsgərinin ayaqlarının iri formada təsviri tamaşaçıda nifrət hissi oyadır. Bütövlükdə bu əsər vətənin harayıdır. Rəssamın həmçinin siyasi ironiyaları ilə seçilən "İgid "erməni" əsgəri" kompozisiyasında düşmən bostanda müqəvva obrazında təqdim olunub. Belə silsilə əsərlər rəssamın yaradıcılığında davamlı formada işlənilib. Ümumiyyətlə, rəssamın yaradıcılığında Qarabağ mövzusu leytmotiv təşkil edir. Rəssamın "Qarabağlı qoca" əsəri onu ilk tanıdan rəsm kimi yaradıcılığında mühüm yer tutur. 1982-ci ildə "Qarabağlı qoca" əsəri Bakıda sərgidə nümayiş olunarkən, özü haqqında müsbət fikirlər yaradır. Hətta sərgidə iştirak edən Xalq rəssamı Mikayıl Abdullayev əsəri yüksək qiymətləndirərək, Asif Azərellini indiki Mədəniyyət və İncəsənət Universitetinə müəllim kimi işləməyə dəvət etmişdi. Daha sonra bu əsər 1984-1985-ci illərdə SSRİ-də keçirilən Ümumittifaq sərgisində iştirak edir. Əsəri görən ermənilər sərgidə səs-küy yaratsalar da, münsiflər heyəti bu kompozisiyanın yüksək dəyərinə görə sərgidə nümayiş etdirilməsinə icazə verir. Rəssamın Qarabağ mövzusunda işlədiyi "Laçın qayası" (2015), "Şuşa qalası" (2016), "Şuşa qalası tele qüllə ilə" (2015), "Əsgəran qalası" (2015) kimi əsərlərinin də adını çəkə bilərik.

- Tablo hazırda harada nümayiş olunur?

- Əsər çox təəssüf olsun ki, muzeylərimizin heç birində nümayiş etdirilmir. Çox yaxşı olardı ki, belə tarixi tablo mədəniyyət paytaxtımız Şuşada nümayiş etdirilsin və bura gələn xarici qonaqlar əsəri canlı görüb başımıza gətirilən faciələri öz gözləriylə görsünlər...

- Sizcə, bu rəsm bizə nə deyir?

- Asif Azərellinin "Belə də haqsızlıq olar?" əsəri sözün əsl mənasında bir xalqa qarşı edilən mədəni və insanlıq terrorundan bəhs edir. Kompozisiyanın süjetində Qarabağda baş verən hadisələr, xalqımıza qarşı edilən etnik-mədəni təmizləmənin nəticələri əks olunub. Alovlar içində yanan Qarabağ və mədəni irs rəssamın fırçası vasitəsilə ürək ağrısı ilə təqdim edilir.

Aytac SAHƏD

 





06.03.2024    çap et  çap et