525.Az

Sevgi və kədər şairi - Cahangir Məmmədli yazır


 

Sevgi və kədər şairi - <b style="color:red"> Cahangir Məmmədli yazır</b>

Əbülfət Mədətoğlu sevgi şairidir. Kitablarının birində özü yazır: "Bu kitabda nə varsa, hamısını sevgidən yazdım, sevə-sevə yazdım". Əslində bəlkə də ən çətini sevgidən yazmaqdır. Sevgidən yazmaq hər kəs üçün yazmaqdır. Hər kəs üçün yazmaq asan iş deyil. Sevgidən yazmaq anında dünyanın sevgi şairlərini və onların fövqündə duran Füzulini, Əli Kərimi, Məmməd Arazı göz önünə alasan gərək. Çünki arxada qalanlar, klassikləşənlər sevgiyə İlahi bir anlayış kimi, varlıq kimi baxıblar. Məncə, nədən yazırsan yaz, xüsusilə sevgi mövzusu üzərində gəzişmələrdə belə bir sual qoyulmalıdır: sevgidən bu qədər yazanlar içərisində mən yeni nəsə deyə biləcəyəmmi? Mən Əbülfət Mədətoğlunun şeir dolu kitablarını oxudum və qəti bir qənaətə gəldim ki, o, əsl sevgi şairidir.

Və bir də bu dünyada hər şey sevgidən başlayır. Yüz min istiqamətli sevginin hamısı isə bir sevgidən doğur; qadına sevgidən.

Elmi zəkasına və təhlillərində obyektivliyinə çox güvəndiyim Rüstəm Kamal Əbülfət Mədətoğlunun bir kitabına yazdığı ön sözdə bu şairi "ömür, ümid və sevgi ilğımı" kimi qiymətləndirir. Əbülfət Mədətoğlunun şeirlərinin sevgi obyekti çoxdur. Onun ruhunu oxşaya biləcək bütün sevgilər "vətənin bir ovuc torpağı" ilə müqayisə edilir:

Tanrı ətəyinə uzanan əlim

Saralır son bahar yarpağı kimi

Oxşa gəl, ruhumu, ay gözəl ölüm -

Vətənin bir ovuc torpağı kimi.

Şairin Vətən sevgisi bu poeziyanın ən ağır nisgilidir. Və bu nisgil, əlbəttə, Vətənin - Qarabağın 30 illik nisgilinin ekvivalentidir:

Bir ömrüm var - uduzduğum, udduğum

Günlərini saymaq indi nağıldı.

Ay diz çöküb ətəyindən tutduğum,

Niyə mənim yurdum-yuvam dağıldı?

Bu, ağır bir sualdır və bu sualın ağırlıq siqləti şairin sevgi dünyasında Vətəni ilk sıraya qoyur.

Bir az əvvəldə dediyim kimi, yüz min istiqamətli sevginin hamısı bir sevgidən doğur; qadına sevgidən. Əlimdə Əbülfət Mədətoğlunun bu istiqamətdə sevgi dolu kitabları var: Əvvəlcə "Mənim kimi sevə bilsən..."dən: Üç nöqtə ilə bitən bu sərlövhə çox maraqlı bir sevgi dünyası vəd edir: poetik sevgi dünyası. Bu sevgi dünyasının nə başlanğıcı, nə sonu var. Başlanğıcı məlum deyil ona görə ki, şeirlərin, demək olar ki, heç birinin (ikisindən başqa) sərlövhəsi yoxdur, bütün şeirlər və bütün sətirlər kiçik hərflə başlayır, kiçik hərflə bitir. Doğrusu, ilk baxışda belə bir təqdimat tərzi oxucuya çox qəribə gəlir və bu qəribəliyi anlamaq üçün şeirlərin hamısını oxumaq gərəkdir. Onda hiss olunur ki, belə bir format (formatmı?) Əbülfət Mədətoğlu şeirlərinin təkcə tərtibat poetikası deyil, daha çox bu poeziyanın məzmun, tematika bitkinliyidir. 14,5 çap vərəqi həcmində bu kitabdakı 207 şeirin ümumi bir mövzusu var: sevgi - qadına sevgi, Vətənə sevgi, insana sevgi, yaxşıya sevgi, pisə sevgi (!), həsrətə sevgi, sevgiyə sevgi və s. Bu sevgilər müəllifin poeziyasında o qədər səmimi və sistemli ifadə olunur ki, onlara bir bucaqdan, aydın və dərk edilmiş bir bucaqdan baxanda bütöv bir roman təsiri bağışlayır.

Sətirləri kiçik hərflərlə başlayan bu şeirlərin ilkində:

gecəmi gündüz edən

odumu külsüz edən

sevgimi dilsiz edən

bir dil arzusundayam... (10)

kimi bir pessimist fikir dayanır və bu qəm dünyası səhifələr boyu çoxçeşidli şeirlərlə davam edərək lap sonda...

dərdi də pullu edin

bacaran alıb çəksin

çəkdikləri dərdlərin -

dərdinə qalıb çəksin (228)

kimi sətirlərlə bitir.

Deyəsən, elə mən də şairin özü kimi bir az pessimizmə qapıldım. Amma neynim ki, bu şeirlərdə pessimizmin özü də sevgiyə bağlanır...

Əbülfət Mədətoğlunun şeirlərinin hər birində oxucu özünü görür. Çünki bu poeziyanın yaratdığı bütün duyğular hər kəsin ürəyində uyumaqdadır. Və poeziyanın əsl missiyası isə elə bu yatmış, potensial duyğuları oyatmağındadır.

ağrıdır çiçək məni

hamıdan göyçək məni

nə olar, göy, çək məni -

sən öz dəriliyinə...(11)

 

Yaxud:

 

asılıb başım üstdən

alatoran buludlar

ruhumu, ürəyimi

sıxıb baxan buludlar...

Bəlkə də adi bir təbiət mənzərəsidir. Amma poetik yanaşma bu adi mənzərəni duyğulu bir tabloya çevirir.

 

Yaxud:

 

gözümdən yol asılır

sinəmə od basılır

hər gün başdan yazılır -

həsrətim varaq kimi...(35)

Bu sətirlərin də poetik gücündə həsrətdən bezmək yox, həsrəti duymaq kimi orijinal bir məqsəd var. Şair yaxşı bilir ki, əslində əsl sevginin dili yoxdur. Amma bu postulatı özünəməxsus şəkildə belə ifadə edir:

elə bil yuxuluyam

anışdıra bilmirəm

üzümə bir qız baxır

danışdıra bilmirəm...(43)

Şair bu "dilsizliyi" başqa bir şeirində belə ifadə edir:

bir könül sevdası var

başımı qatır hələ

yüz illik yuxusuz tək -

sakitcə yatır hələ...(78)

Əbülfət Mədətoğlu istər xarakterində, istərsə də poeziyasında sakit bir kənd adamıdır. Şəhər dünyası inciməsin, kənd adamı xalqa, onun dilinə, insanın yaranışına daha yaxından bağlıdır. Bəlkə ona görə ki, şəhərdən əvvəl kənd yarandı, dünya kənddən başladı...

Əbülfət Mədətoğlunun yazı masamın üstündəki digər bir kitabı "Bir qadına" adlanır. Bilmirəm, bəlkə şair doğrudan da bu kitabdakı 160-a qədər şeirlərin hamısını bir qadına həsr edib! Amma "Bir" qadına yazılmış bu şeirlər bütöv bir sevgi dünyasıdır və o "bir qadın" o qədər ustalıqla ümumiləşdirilib ki, hər kəs o şeirlərdə haçansa sevdiyi, sevməkdə olduğu "bir qadını" görməkdədir. Məncə, əsl bədii sənət, əsl bədii düşüncə bu əlaməti ilə - bir obrazı hər kəs üçün ümumiləşdirə bilmək keyfiyyətilə estetika yarada bilir.

Əbülfət Mədətoğlunun bu kitabına Xalq yazıçısı Elçin çox geniş və son dərəcə səmimi bir ön söz yazıb. Elçin müəllimin bu ön sözünün özü də bir kitab şeir ətrafında müasir poeziyamızın dünyaya, gerçəkliyə bədii baxışının ümumiləşdirilmiş ədəbi-tənqid formatıdır. Belə bir ümumiləşməni hər kitabdan alınan təəssüratda formalaşdırmaq olmur. Belə bir elmi-tənqidi ümumiləşmə üçün məhz Əbülfət Mədətoğlu poeziyası lazımdır... Təsadüfi deyil ki, kədərin, hisslərin, duyğuların Azərbaycan poeziyasındakı həqiqi yerini təhlilə cəlb etməmiş ədəbi tənqidə öz elmi gileyini bildirən Elçin göstərir ki, "tənqidimiz bundan sərf-nəzər edirsə, deməli, onun, yəni tənqidimizin fəhmi bu istiqamətin gələcəkdə bəlkə də milli poeziyamızın magistral yollarından birinə çevrilə biləcək ehtimalını hiss edə bilmir. Bu ehtimalı yaradan poetik ovqatı, necə deyərlər, əyani şəkildə ifadə etmək baxımından, misal üçün, Əbülfət Mədətoğlunun yaradıcılığı, məncə, tutarlı bir əsas verir". Və Elçin bu "əsas"la bağı  Əbülfət Mədətoğlu poeziyasından tutarlı misallar gətirir...

Əbülfət Mədətoğlunun bu istiqamətdəki poeziyasında, yenə təkrar edirəm, kəndin, insanın yaranış nöqtəsinin, xalq dilinin adamı duyğulu hisslərə çağıran leksikası, üslubu var:

Bu qocalan ümidlərim

Vaxtsız, vədəsiz qarıdı...

Ümidsiz, ümidli yerim

Güldü, həsrətim yarıdı!..

 

Ruhum bükülən ərəndi,

O, mənim bəndim-bərəmdi,

Günlərim pərən-pərəndi -

Sanki dağılmış darıdı...(23)

Əbülfət Mədətoğlunun ümidsiz sevgisinin ifadə olunduğu şeirlərin hər sətrində bu sevgiyə əslində ümid dolu bir baxış var. Bu şeirləri oxuyanda mən müasir rus yazıçısı Valentin Rasputinin ümidsiz sevgiyə bağlı nəsrlə dediyi bir fikrini xatırladım. Yazıçı povestlərinin birində gerçəkləşəcəyinə heç bir ümid yeri qalmayan bir sevgini belə obrazlaşdırır: "Bu sevgi qış günəşinə bənzəyirdi: parıldayır, amma isitmir". Lakin qış ötəcək, yaz gələcək və o günəşin parıltısı həm də isidəcək. Əbülfət Mədətoğlu bu ümidi "Qadın" şeirində çox uşaqlıqla qələmə alır. Əksər şeirlərində pessimist ovqatla yaşayan şair bu şeirində qəmi, kədəri unudaraq "indi dünyanın ən gözəl anını yaşayır - yerdən, göydən razı..."

Və qarşısında bir qadın əyləşib, amma yenə sevginin dili laldır, nə o qadın dinir, nə şair dillənir, adını soruşmağa ürək eləməyən şair sonda bütün özünün sevgi poeziyasının idealını təqdim edir:

Allahın xəlq etdiyi bir mələk,

sadəcə şərti olsun, deyir ürək

bu ad:

Dünyanın ən gözəl QADINI!...

Beləcə, şair bir QADININ timsalında bütövlükdə qadın tablosunu ustadcasına ümumiləşdirir.

Yuxarıda "Bir qadına" kitabının poetikası ətrafında bəzi fikirlər dedim. İndi "Bir qadına" şeirinin özü haqqında söz demək keçir ürəyimdən:

Seçdiyim yolu geyindim -

Ümid adına, adına...

Öz dərdlərimdən deyindim -

Mən bir qadına, qadına...

Cəmi üç bəndlik bu şeirin aşıq poeziya üslubu onu daha cəzbedici formata salır:

Deyindim, huşu da getdi...

Baharı, qışı da getdi...

Bir sevgi boşuna getdi -

Düşməz yadına, yadına...(27)

Sevgi şeirlərinin əksəriyyətində müəllifin xalq dilinə xüsusi marağı, diqqəti var. Bəlkə də burdakı "maraq" və "diqqət" sözlərini mən uydururam. Çünki axı, bir tərəfdən də əsl poeziya, əsl şeir sənəti "maraq" və "diqqətdən" çox Tanrı sevgisindən süzülüb gəlir. Elə "Sən ruhumun Tanrısısan" şeiri öz başlığı ilə də sanki Tanrıdan gəlir:

Dilim-dilim olsun dilim,

Əzabdı hər ayım, ilim...

Yuxuda gördüm ki, gülüm,

Sən ruhumun Tanrısısan! (31)

Bu sevginin səmimiyyəti sevmiş və sevən hər kəsin bütöv bir ömür yolunun dolaylarını xatırladır:

Baxt özü o baxtdı, bilir,

Vaxt həmin o vaxtdı, bilir...

Allah özü haqdı, bilir,

Sən ruhumun Tanrısısan!

Bu poeziyada xalq deyimləri o qədər yerindədir ki, bəzən sanki bu şeiri oxuduğun məkan doğma el-obadır və sən dərdini tay-tuşlarına danışırsan:

Yuxum perik, günüm ah

Alın yazımdı günah...

 

Yaxud:

 

Qəm bitib çıxıb dizə,

Xəfəsi dəyir bizə...

Ruhum gələcək sizə

Bu axşam adnadı!..(34)

Cəmi dörd sətirlik bir şeirdə qadına sevginin elə məqamı qələmə alınıb ki, bu dörd sətir poetik aforizmə çevrilir:

Məndən ayrılmağın,

Tək bircəcə yolu var:

Məni torpaq aparsın -

Səni də sevdiyin yar!..

Bu dörd sətir qısa deyimdə görünməyən qısqanclığın dastanı təsiri yaradır.

Əbülfət Mədətoğlunun poeziyasında dərdin poetik ifadəsinə xüsusi diqqət yetirən yazıçı Elçinin nə qədər haqlı olduğu şairin bu tipli sətirlərində aydın görünür:

...Şükür duası edib -

Qələmə söykənirəm...

Günümə bax, bu yaşda -

Dərd dili öyrənirəm!..(98)

Şairin bu "dərd dili" öz leksikası, sintaksisi, ifadə tərzi ilə o qədər mükəmməldir ki, oxucunun da estetik baxışlarına çevrilir və hər kəsə sevgini necə yaşamağı öyrədir - mən bu son sözümdən heç bir ehtiyat eləmirəm - çünki öyrədir.

Əbülfət Mədətoğlunun qəm-qüssə, kədər dolu kitab-kitab şeirləri, məncə, heç bir oxucunu yormaz. Çünki bu şeirlərdəki qəm-qüssə, kədər "hər kəsin" də haçansa yaşadığı real həyatın dənələridir. Füzulinin qəm, kədər dolu şeirləri onu klassik ədəbiyyatımızın əvəzolunmaz şairi kimi dünyaya tanıtdı. Əbülfət Mədətoğlu da qəmə, kədərə bağlılığı ilə Füzuli yolunun yolçusu kimi bədii sözün ucalığındadır.

 





06.03.2024    çap et  çap et