525.Az

Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır


 

Aktrisanın şirin-acı həyat hekayəti - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 Bir gün isə görüşümüzə gələndə, o, daha şad görünürdü. Bunun səbəbini öyrənmək istədikdə, dedi ki, sənə yaxınlaşmaqda, çatmaqda bu günün ayrıca müsbət rolu vardır. Neçə vaxt idi ki, atamla anam mənim aktrisa ilə evlənməyimə etiraz edirdilər və mən bunu səndən gizlədirdim ki, onu əsas tutub, məndən uzaqlaşmayasan. Anamla dünən qəti söhbətim oldu. Nikahıma icazə verməsələr, hökmən evlənəcəyimi və onları tərk edəcəyimi bildirdim. Mənim rahatlığım da ziyan çəkməyəcəkdi, atam mənə şəhərin mərkəzində yeni binalardan sənin gördüyün dördotaqlı mənzil alıb. Biz toydan sonra bal ayımızı (ingilislər buna hony moon - bal ayını göydəki, səmadakı Ay kimi düşünürlər, bizim kimi təqvim ayını nəzərdə tutmurlar, çünki bu, əlavə iri xərcə səbəb ola bilərdi), xaricdə keçirəcəyik.

Bu gün atam səhər tezdən mənimlə qaşqabaqlı yox, gülümsəyərək söhbət etdi və bildirdi ki, anam da, o da aktrisa ilə nikaha, mənim ona bəslədiyim qızğın məhəbbəti nəzərə alaraq etiraz etmirlər. Sonra əlavə etdi ki, biz də İzolda ilə tanış olmaq istərdik və səni evimizə dəvət etdilər. Mən də sevindim ki, ilk eşqim daşa dəysə də, Rafiq bizim evlənməyimiz üçün hər cür cəsarət nümayiş etdirmiş, valideynlərinin müqavimətini qıra bilmişdir.

Bazar günü Rafiqlə onlara getdik və valideynləri məni yaxşı qarşıladılar. Anası dedi ki, Rafiqin atası da, mən də səni bir neçə dəfə səhnədə görmüş və etiraf edim ki, sevmişdik. Lakin biz də bəzi köhnə stereotipləri nəzərə alıb, tərəddüd edirdik. Lakin məhəbbətin iti qılınc olduğunu nəzərə alıb, biz taxta qalxanımızdan imtina etdik və oğlumuzun seçimi ilə razılaşdıq. İndi tam məsuliyyətlə deyə bilərəm ki, oğlum yanılmamışdır, sadəcə olaraq biz səhv edirdik və yaxşı ki səhvimizi düzəldə bildik. Ərim də, mən də sizin ittifaqınıza şadıq və toy gününü yaxınlaşdırmalıyıq.

Mənim iri gözlərimdə yaş damlaları əmələ gəldi, mən şəhərin ən nüfuzlu ailələrindən birinin gəlini olacaqdım, çox bol və ləzzətli xörəklərdən ibarət süfrə açılsa da, mən yeyə bilmirdim, yəqin ki, bu, sevincdən və həyəcandan irəli gəlirdi. Biz ayrılanda ata mənim alnımdan öpdü, ana isə qucaqlayıb, məni çox saydakı öpüşlərinə qərq etdi. Deyəsən, onlar da kubalılar kimi öpüşün dörd dəfədən az olmasını qəbahət hesab edirdilər.

Sonra Rafiq mənə atası və anası barədə danışdı, onlar paytaxtın nuvorişlərindən, yeni kübarlarından idilər, əyalətdə nisbətən yoxsul yaşamış, Bakıda var-dövlətə yiyələnmişdilər. Mənim kasıb aktrisa olmağım onlara məlum idi, lakin yeganə oğullarının istəyinə etiraz etməyə cəsarət etmədiklərindən, toya hazırlıq gördüklərini elan etdilər.

 

Aktrisanın dəbədbəli toyu

 

Toy şəhərin kənarındakı çox elitar bir restoranda keçirilməli idi, orada kasıb adamların kreslo zəbt etməyə, maddi imkanlarının məhdudluğuna görə haqları yox idi. Bu, məni elə də qorxutmurdu. Toyumda yalnız anam və qardaşım iştirak edəcəkdi, mənim şöhrətimə görə son vaxtlar üzə çıxmış qohumlarımdan isə xoşum gəlmədiyindən, onları dəvət etməyəcəkdim. Truppamızın bəzi üzvlərini, həm də mənə uzun müddət platonik məhəbbət bəsləyən, özünün Beatriçası, Laurası hesab etməklə, özünü həqiqətən müasir Dante və Petrarka kimi aparan, həm də təhlükələrdən məni xilas edən, hazırda isə pensiyaçı olan keçmiş aptek sahibini də toya dəvət edəcəkdim.

Mən xoşbəxt idim, Rafiqlə qızğın sevgimiz bütün hədləri keçməyi bacarmışdı, bu məsələdə nişanlımın hissləri və möhkəm iradəsi daha mühüm rol oynamışdı. Nəhayət, çox dəbdəbəli toy mərasimi keçdi, şəhərin varlı təbəqəsinin nümayəndələri "Buta" restoranının zalını doldurmuşdular. Mənim yaxınlarım, bir də truppanın on nəfərdən az sayda aktyoru və aktrisası iştirak edirdi, onlar bu kübar məskəni olan şadlıq sarayına ilk dəfə qədəm qoymuşdular və varlı kişilərin, daş-qaşlarla bəzənmiş və hamısı brend paltar geyinmiş onların arvadları içərisində bizimkilər qanadları sınmış quş kimi görünürdülər. Yəqin ki, səhnə rəfiqələrim mənə qısqanclıq, hətta paxıllıq etməmiş qalmırdılar. Onlar toydan hələ əvvəl mənə bildirmişdillər ki, uşaqlıqda sən cücələrə baxırdın, onlarla gününü keçirirdin, indi isə sənin bəxtinə qızıl yumurta verən toyuq düşmüşdür. Aktrisaların arasında belə xoşbəxtliyə nail olmaq heç yuxuya da gəlməzdi, sənin röyalarına, xəyallarına belə, hətta reallıq öz istehzası ilə öyünə bilər. Onlar Rafiqi də bir şəxsiyyət kimi tanıyırdılar və belə bütöv bəxtəvərliyə görə mənə həsəd apardıqlarını gizlətmirdilər.

Mən nisbətən gec ailə qurmuşdum, ərim Rafiq də məndən yaşca kiçik idi. Nikahımızın bir ili çatanda mən hələ hamilə deyidim. Övladsız qalacağım məni çox qrxudurdu, Azərbaycanda uşaqsız ailələr tez dağılırlar, övladsız ailələrin bir nikahda qocalması nadir hal sayılırdı, ər və arvad üçün bədbəxtlik hesab olunurdu.

Rafiq mənim çox dərd çəkməyimi görüb, yeganə çıxış yolu kimi surroqat ana tutmağı təklif etdi. Mən buna heç cür razılaşmadım, uşaq mənim üçün doğma olmayacaqdı. Toyumuzdan bir il keçəndən sonra bətnimdə dəyişikliklər baş verdiyini hiss etdim, ürəyim tez-tez bulanırdı və sevincimi ilk olaraq ərimlə bölüşdüm. Onun qızğın məhəbbəti mənim öz dərdimə dözməyimə çox kömək etmişdi. Rafiq olmasydı, depressiya məni məhv edərdi. O, daim mənə ürək-dirək verirdi. Elə bil ki, o, mənim qoruyucu mələyim idi, bəzən göz yaşlarımı görəndə deyirdi ki, mən sevib sənə evlənmişəm, biz bir-birimizə inkubator yaratmağa söz verməmişdik. Mənə təskinlik vermək üçün deyirdi ki, Fransız kralı II Henrinin kraliça arvadı məşhur Katerina Mediçi 9 il uşaq doğmaq həsrətində qalmışdı. Biz isə bir ilə də dözə bilmirik. Bu sözlər məni gülməyə vadar edirdi. Bir dəfə isə bildirdi ki, səndən fərqli olararaq mən ümidimi elə varlığa bağlamışdım ki, onun irsən əvəz edəni də yoxdur, O, bizim mərhəmətli Allahımızdır. Məgər O, razı olardımı ki, bizim xoşbəxtliyimizə xələl gəlsin, axı sən də, mən də onun sədaqətli bəndələriyik. Mən belə təskinlik ifadələrindən sonra ona ərə getməyimə, belə bir kişi ilə ailə qurmağıma görə özümü daha xoşbəxt hesab edirdim. Oğlumuz dünyaya gələndə mən ən xoşbəxt qadın olduğumu bir daha başa düşdüm. Rafiq isə göylərdə gəzirdi.

Mənim övladsız qalacağım barədəki qorxunun başqa bir səbəbi də var idi. Oxumuşdum ki, Bollivud aktrisaları beş illərlə hamilə qalacaqlarını gözləyirlər, bunu onların ağır, çətin iş şəraiti ilə izah edirlər. Məşhur hind kinoaktrisası Ayşvariya Ray çox varlı toyundan sonra beş il uşağı olmasını gözləmişdi. Körpə qüsurlarla doğulmuş, yeniyetmə yaşında ayaqları dolaşa-dolaşa yeriyirmiş. Aktrisa sənətini atıb, oğlunun müalicəsi ilə məşğul olmuşdu. Müqayisə etdikdə, mən anlayırdım ki, bizim iş şəraitimiz onlarınkından heç də yüngül deyildir, bəlkə də ağırdır, axı biz həftədə altı gün, bəzən 10-12 saat işəyirik. Qoy hind aktrisaları çətinliklərə dözməkdə azərbaycanlılardan, sağlam uşaq doğmaqda isə şəxsən İzoladadan öyrənsinlər.

Mən övladlarımın atası kimi də Rafiqə ən dərin minnətdarlıq hissləri bəsləyirəm. O olmasaydı, bəlkə də ailəmiz tezliklə dağılardı, bir il ərzində hamiləliyi ümidsiz olaraq gözləmək mənə olduqca ağır gəlirdi, boşanmaq, ailəni dağıtmaq istəyirdim. Mən İngiltərə kraliçası Mariya Tüdor (Qanlı Mariya) deyildim ki, hamiləliyim barədə saxta şayiə yayım. O, qarnındakı şişi hamiləlik nişanəsi kimi qəbul etmiş, uzun müddət mamaçalar ondan uzaqlaşmamış, axırda özü hamilə olmadığını elan etdikdən sonra, arzuların bəsləndiyi, lakin uzun sürən ümidsiz gözləmələrə son qoyulmuşdu. Özümə gəldikdə, yaşım da amansız olaraq gəlib keçirdi. Ağılsızlıqdan, səhv qərar verməkdən məni Rafiq saxladı, boşanmaq barədə düşünürdüm ki, Rafiq övladsız qalmasın. Bu səfeh təklifimə görə o, çox hirslənmişdi, ömrümdə bircə dəfə məni "dəli" adlandırmışdı. Mənim elə böyük bir həyat təcrübəm də yoxdur, arvadı olsam da, təkcə mənə deyil, başqa insanlar üçün də təmənnasız olaraq hər cür qayğı göstərməyə gedən bir adam kimi mübaliğəsiz olaraq onu əsl altruist adlandırardım. Məhz depressiya mənə güc gələndə, hər cür ağılsız hərəkətlərə yol verməyə hazır olanda, o, məni xilas etdi, axı özü də qızğın mənəbbətimizdən xoşbəxtlik umduğu halda, müvəqqəti bədbəxtliklə üzləşməli olmuşdu. O, mənimlə evlənmək qərarına gələndə böyük maneələri dəf etməli olmuş, "Qordi düyününü"  kəsməyi bacarmışdı. Qna görə mən Rafiqi dəlicəsinə sevirdim.

Xeyli vaxt ötüb keçsə də, olduqca haylı-küylü, dəbdəbəli toy barədə şəhərdə söhbətlər kəsilmək bilmirdi, kiçik bədənim və sifət cizgilərim məni yaşımdan xeyli cavan göstərdiyindən, ərimdən yaşca böyük olmağım da nəzərə çarpmırdı. İştirakçıların çoxu məni səhnədən və ekrandan tanıyır, əsasən, mənə xoş münasibət bəslədiklərini gizlətmirdilər. Bəyin atası və anası da mənə dəfələrlə yaxınlaşıb, gözəlliyimə hamının heyran olduğunu deyir və bizimlə şəkil çəkdirirdilər. Gəlin kimi rəqsimlə hamını valeh etmişdim. Çoxunun rəyinə görə, mən heç də sadəcə dram aktrisası deyil, əsl balerina idim. Rəqs öyrənməyə sərf etdiyim illər tamaşalarda olduğu kimi, toy şənliyində də mənim köməyimə çatmışdı.

Biz Rafiqin mənzilində eşq hərarəti ilə bir-birimizi yenidən təbrik etdik. Ərim mənə dedi ki, sənin təzə gəlin kimi bu otağa gəlişin məni çox sevidirir və sənə "xoş gəlmisən" mənasını verən fransız sözü olan "Byenvenyu" deyə müraciət etmək istəyirəm. Viktor Hüqonun "Səfillər" romanında Jan Valjana öz alicənablığı hesabına insan kimi yaşamaq dərsi verən yepiskop Şarl Mirieli qeyri-adi insanpərvərliyinə görə şəhər sakinləri belə ləqəblə mükafatlandırmışdılar. Sən də ləyaqətlərinə görə bu adı daşımağa layiqsən və mən səni çox sevdiyimə görə belə adlandırmaq istəyirəm. Qoy bunu sənin rəfiqələrin də bilsin. Bizim nikahımız bizi gələcək səhvlərdən və şərlərdən də xilas etdi, axı biz mələklər deyilik. Bizim hər ikimizin könlü bundan sonra Allahla yanaşı, ər-arvad kimi yalnız özümüzə məxsus olacaqdır. Sənin kimi gözəl və istedadlı bir qıza evlənməyimə mən çox şadam. Atamgil əvvəlcə bizim nikahımıza narazı olsalar da, sonradan fikirlərini dəyişdirdilər, toy büsatındakı sənin rəqsin isə başqaları kimi, onları da valeh etmişdi. Ona görə də bal ayımızı keçirmək üçün bizə Bali adasına getməyə bilet almışlar və səfər üçün baha olan xərcləri ödəmək üçün böyük məbləğ ayırmışlar.

Bir həftə ərzində Balidə olduqdan sonra, biz Cakartaya, oradan isə Sinqapura uçduq. Mən buna qədər kasıb aktrisa kimi bir sıra Avropa ölkələrində, Türkiyədə olmuşdum. Asiyadakı yeni yerlər isə ekzotikasına, təbii gözəlliyinə görə tam fərqli idi və mən özümü olduqca xoşbəxt hiss edirdim. Rafiq də mənə əsl qayğıkeş ər olduğunu addımbaşı göstərməklə, gələcək barədə nikbin hisslər yaradırdı. O, qayğıkeşliyi də müəyyən ölçülərdə  göstərilməsini məqbul sayırdı, ifrat qayğı göstərməyi xanımının daxili həyatına yolverilməz müdaxilə kimi qiymətləndirirdi. Onun hər bir addımındakı, jestindəki kübarlıq xüsusiyyətini mən "xeyirxahlığın gözəlliyi" adlandırmaq istərdim.

 (Ardı var)

 





06.03.2024    çap et  çap et