525.Az

Gəncliyə uğur qazandıran keyfiyyətlər: möhkəm xarakter, güclü iradə - Zakir Bayramlı yazır


 

Gəncliyə uğur qazandıran keyfiyyətlər: möhkəm xarakter, güclü iradə - <b style="color:red"> Zakir Bayramlı yazır</b>

Bugünkü nümunəvi gənclər ölkənin cəsarətli və sədaqətli vətəndaşları, sabahın fəal qurucuları, Vətənimizi iqtisadi inkişafa, xalqımızı firavanlığa və xoşbəxt gələcəyə aparacaq böyük qüvvə hesab olunur. Həmin gənclərin hər birinin cəmiyyətdə kamil şəxsiyyət kimi formalaşmasında, onların Vətənə fiziki və mənəvi cəhətdən sağlam və sədaqətli vətəndaş, ailəyə ağıllı, etibarlı və canıyanan övlad kimi yetişməsində xarakter, iradə kimi keyfiyyətlərin mühüm rolu var. Bu keyfiyyətlərə özünəinam, cəsarət və mərdliklə yanaşı, şəxsiyyətin müstəqilliyi, işgüzarlığı, təşəbbüskarlığı, qətiyyəti, təmkini, özünüidarə bacarığı, soyuqqanlılığı da aid etmək olar. Ən vacib məsələlərdən biri gənclərimizin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə edilmələri, bir vətən övladı kimi onların fiziki və hərbi cəhətdən hər an Azərbaycanın müdafiəsinə hazır olmalarıdır. Bu isə yüksək savad, fiziki və əqli kamillik, iradə möhkəmliyi, dözümlülük, geniş dünyagörüş, ən qabaqcıl hərbi biliklər dərindən yiyələnməyi tələb edir.

Bütün canlı aləmin əşrəfi sayılan insanı insan kimi tanıdan onun ibtidai hiss və duyğuları idarə etməyi bacarmasıdır. Lazım gəldikdə insanın onlara hakim olması və ya lazım gəldiyi hallarda onları rədd etməsi bu baxımdan çox mühüm şərtdir. Başqa canlılardan insanın bir fərqi də bundadır ki, xarakter nümayiş etdirmək, iradəli davranmaq və ya zəiflik göstərmək onun ixtiyarındadır. O, öz xarakterini tərbiyə edə, irasəsini möhkəmləndirə bilər.

Mütəxəssislərin fikrincə, insanın istənilən məqsədə çatmaq üçün, nəzərdə tutduğu işin, hər hansı fəaliyyətin icrası vaxtı qarşıya çıxan maneə və çətinliklərin ağıl, təfəkkür və davranışla dəf etməsi onun iradə göstərməsi hesab edilir. Ana dilimizin möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanında Oğuz igidlərinin fiziki saglamlığı ilə yanaşı, onlarda ağıl, düşüncə tərzi, təfəkkür və iradə möhkəmliyi əsas şərtlərdən sayılırdı. Gənclərin təkcə fiziki və mənəvi cəhətdən kamilliyi kifayət etmirdi, onların iradi keyfiyyətləri də əsas göstərici kimi qəbul edilirdi. Dastanda uşaqlara doğulanda deyil, müəyyən vaxtdan sonra işinə, əməlinə, göstərdiyi xidmətə, igidliyinə və qəhrəmanlığına görə ad verilməsi, yaxud bunların əksinə davrananların uyğun adlarla çağrılması kimi maraqlı, lazımlı bir təcrübəyə rast gəlinir. Oğuz igidlərinin müxtəlif döyüş səhnələri, əsrlərdən bəri gənclərimizin fiziki və əqli kamilliyi ilə bərabər, onların çətin situasiyalarda yüksək psixoloji hazırlığının və möhkəm iradi keyfiyyətlərinin olmasından xəbər verir. 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qəhrəman əsgər və zabitləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Silahlı Qüvvələrin AliBaş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında savaşa atılaraq, 30 il düşmən işğalı altında olan torpağlarımızı tamamilə azad etdilər. Bu zəfər Azərbaycan xalqının, xüsusilə gənc əsgər və zabitlərin cəsurluğundan, qəhrəmanlığından, xüsusən onların güclü xarakterindən, iradəsinin mətinliyindən xəbər verdi.

Müdriklər iradəni insanın sahib olduğu ən böyük güc, zehni qoruyan zireh, dağları yerindən oynadan ecazkar qüvvə, qalibiyyətin açarı, ən dözülməz durumda da uğur qazanmaq imkanı adlandırıblar. Qədim yunan filosofu və alimi Aristotel isə iradə haqqında bu dəyərli fikirləri söyləyib: "Kamillik yalnız biliyin dərinliyində, hisslərin zənginliyində deyil, eyni zamanda iradə qüvvəsindədir"; "Səadəti məqsədimizdə, arzu və istəklərimizdə deyil, daha çox iradə və əzmimizdə axtarmaq lazımdır"; "Öz iradənin ağası, öz vicdanının qulu ol!"

Neçə yüzilliklər keçsə də, Azərbaycanın böyük alimi və filosofu Nəsirəddin Tusinin iradə haqqında bu qiymətli kəlamları bu gün də çox böyük həyati əhəmiyyət kəsb edir: "İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir"; "Mənəvi zövq əmək, zəhmət, iradə və fəaliyyət nəticəsində əldə edilir".

İradə tələb edən işlərin yerinə yetirilməsi zamanı insanlar, xüsusən nisbətən təcrübəsiz olduqları üçün gənclər daxili, yəni subyektiv, həmçinin xarici, yəni obyektiv maneələrlə qarşılaşırlar. Bu zaman səbir, dözüm, ağıl və təfəkkür də iradənin köməyinə gəlir. Dərin ağıla, sağlam düşüncə tərzinə malik olan gənclər çətin və mürəkkəb situasiyalardan, yaranmış əlverişsiz vəziyyətdən uğurla çıxmaq yolunu özləri tapa bilir, problemləri iradə və ağıl hesabına həll etməyi bacarırlar.

Psixoloqlar belə hesab edirlər ki, mühit heç vaxt adamın qulu ola bilməz. Ona görə də mühiti ram edən, onu özünün fürsətlər mənbəyinə çevirən insanı güclü şəxsiyyət adlandırmaq olar. Kimin iradəsi möhkəmdirsə, onun həyatda çətinliyi az olur. Bir sözlə, o, taleyini özü yazır. Düz yolundan çıxıb azmır. İti ağılın və aydın təfəkkürün köməyi, polad kimi əyilməz möhkəm iradənin gücü ilə məqsədinə çatmağa müvəffəq olur. İradəsi zəif olan insanlar, o cümlədən, gənclər isə heç nə bacarmadığına görə bütün təqsiri-günahı başqalarının üstünə atırlar. Lakin nəticədə özünün zəif və gücsüz olduğunu, etiraf etməsə belə, anlayır. Müdriklərdən biri iradədən söhbət düşəndə insanı gildən hazırlanan kərpicə bənzədib. Və bildirib ki, insan həyatda çətinliklərdən keçərək mətinləşdikcə, kərpic isə ocaqda bişdikcə daxili və xarici təsirlərə qarşı daha möhkəm və davamlı olur.

İnsanın həyat fəaliyyəti dövründə onun iradi hərəkətləri ixtiyari və qeyri-ixtiyarı formada baş verir. Həyata keçirilən ixtiyarı hərəkətlər planlı və məqsədəuyğun qaydada ağılın və düşüncənin köməyilə icra olunur. İnsan öz məqsədinə çatmaqdan ötrü müəyyən hazırlıqlar görür. Bu kimi hərəkətlər insanın iradəsi ilə icra edildiyi üçün onlar iradi xarakterə malikdir. Çünki həmin hərəkətləri yerinə yetirən zaman qarşıya çıxan bütün çətinliklər ağılın və şüurun gücü ilə aradan qaldırılır. Qeyri-ixtiyarı hərəkətlər isə şüurlu halda deyil, düşünülməmiş formada, yəni dərk olunmayan təhriklərin təsiri altında cərəyan edir. İradənin gücü və inkişafı özünü tərbiyədən qidalanır. İnsan nə qədər tərbiyəli davranar, qayda-qanunlara tabe olarsa, ağıl və təfəkkürün köməyi ilə onun iradə gücü bir o qədər üstün olar. İnsan nə qədər özünü düzgün formalaşdırsa, saflaşdırsa, təkmilləşdirsə, öz iradi keyfiyyətlərini daha da yaxşılaşdırsa, onun səbri və dözümü bir o qədər artar, nəticədə iradə gücü daha da artmış olar. Bu barədə mütəxəssislər gözəl və məntiqli bir fikir bildirmişlər ki, iradəni gücləndirmək və inkişaf etdirmək yolunu elə iradənin özündə axtarmaq lazımdır.

İradənin möhkəmliyi ağılla, psixoloji durumla və təfəkkürlə sıx bağlıdır. Məsələn, pis vərdişlərdən yaxa qurtarmaq üçün tələb olunan hallarda insanın mütləq iradə gücündən yararlanması vacibdir. İradə gücünü artırmaqdan ötrü təkcə istək və arzunun olması kifayət deyil. Ona görə ki, istədiyimiz vaxtda ağılımız bizi əsiri olduğumuz hansısa pis vərdişdən qurtulmaq üçün qərar verməlidir. Biz də özümüzdə güc tapıb iradənin köməyi ilə həmin qərarı icra etməliyik.

Məsələ burasındadır ki, iradəsi zəif olan adam yüz dəfə qərar qəbul etsə belə, onun zərəli vərdişdən qurtulması, deyək ki, siqareti və ya spirtli içkini atmağa, narkotik vasitədən və ya psixotrop maddədən tamamilə imtina etməyə iradəsi çatmır. O, açıq-aydın bilir ki, iradəsi zəif olduğu üçün qəbul etdiyi bu cür qərarları heç bir zaman yerinə yetirə bilməyəcək.

Öz imkan və bacarığından, eləcə də xarici faydalı şəraitdən düzgün və yerindəcə istifadə edən, bütün nəfs, tamah kimi duyğularını cilovlamağı bacaran, təhrikedici və ya onu düz yoldan azdırmağa çalışan meyl və maraqlara, istək və arzulara boyun əyməyən, qarşıya çıxan çətinliklərə, maneələrə üstün gələn insanlar iradəli hesab olunurlar. Bu cür sağlam iradənin, güclü xarakterin, vacib keyfiyyətlərin insanda hələ gənclikdən formalaşması olduqca qiymətli sərvətdir. Bilindiyi kimi, iradə əsasən üç vəzifəni: davranışın tənzimlənməsini, yeri gəldikdə onun ləngidilməsini və nəzarətedici funksiyanın yerinə yetirilməsini təmin edir. Adam düz yerdə də büdrəyib yıxıla bilər. Lakin buna görə ruhdan düşməyib öz yoluna davam etməlidir. Müasir dünyamız imtahanlarla və sınaqlarla doludur. Tale istədiyi anda bizi sınağa çəkə bilər. Dini anlayışa görə isə, şeytan cidd-cəhdlə çalışır, dəridən-qabıqdan çıxır ki, insanı hər an haqq yolundan azdırsın. Lakin mətin iradəli adam şeytanın sözünə inanmaz, yolunu azmaz. Dərin ağıl və yaradıcı təfəkkürdən enerji alan möhkəm iradi güc insanı tutduğu haqq yoldan çıxmağa imkan verməz, onu daha böyük işlər görməyə, qurub-yaratmağa, qəhrəmanlıqlar göstərməyə sövq edər.

İradəni gücləndirmək üçün müntəzəm idman hərəkətləri, piyada gəzinti, meditasiya ilə məşğul olmaq, normal qidalanmaya, iş, istirahət və yuxu rejiminə ciddi riayət lazımdır. Dəqiq qərarlar qəbul olunması, əlçatan arzu və niyyətin, eləcə də məqsədin nəzərdə tutulması, uzunmüddətli hədəflərin müəyyən edilməsi də bu baxımdan vacibdir. Özünütənqidə yaşıl işıq yandırmaq, pis və ya zərərli vərdişlərdən uzaq olmaq, özünə və cəmiyyətə ziyanlı əməllər sahibi olmamaq insandan iradə, xarakter tələb edir. Güclü iradə bütün yaşda olan adamlara, əsasən də hələ həyatı irəlidə olan gənclərə uğur qazandırır və böyük faydalar gətirir. İradəli adam başa düşür ki, nəzərdə tutduğu işi axıra çatdırmalıdır və onun buna gücü çatar. O, qarşıya çıxan bütün maddi və mənəvi çətinliklərə dözür, narahat olmur, qorxmur. Ancaq iradəsiz adam isə bir balaca çətinlik görən kimi əli işdən soyuyur və işi yarımçıq qoyub qaçır. Bəzi əxlaq nəzəriyyəçiləri iradə qüvvəsini ağıl və zəka ilə müqayisə edirlər. Belə ki, insanda iradə zəifləyərsə, heç vaxt kamillik dərəcəsinə çata bilməz. Çünki iradə ağıla və zəkaya qida verən, onu daha da məhsuldar edən bir enerji, təkan mənbəyidir. Başqa tərəfdən isə iradə həm də ağılın və zəkanın göstərişlərinin yerinə yetirilməsinə imkan verən amildir. İradə gənclərdə iradi özünütərbiyə, iradi özünəinam, iradi özünənəzarət, səbir, təmkin və dözümlülüklə vəhdət təşkil etdikdə daha güclü olur. Güclü iradəyə sahib olmaq istəyənlər qarşıya qoyulan məqsədin düzgün təyin edilməsini, güc və istedadın tanınmasını, proqramların tərtib edilməsini, özünütəlqin seanslarının keçirilməsini, şəxsi iradəsinin tədricən gücləndirilməsini təmin edən prosedurlardan vaxtında və düzgün faydalanmalıdırlar.

 





06.03.2024    çap et  çap et