525.Az

Xankəndidə separatçıların izləri silinir 


 

Xankəndidə separatçıların izləri silinir <b style="color:red"></b>

Ermənistan 30 ildən artıq işğalda saxladığı Azərbaycan ərazilərində amansız cinayətlər törədib. Bu cinayətlər təkcə insanlarımıza, onların əmlaklarına qarşı deyil, həm də tarixi, mədəni-dini irsimizə qarşı baş verib. 44 günlük Vətən müharibəsi və bir gündən az müddətə davam edən lokal antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan dövləti Ermənistanın işğal müddətində viran qoyduğu şəhər və kəndlərimizdə sürətli bərpa-quruculuq işlərinə başlayıb. Eyni zamanda, işğal müddətində ərazimizdə qurulmuş separatçı xunta rejimi öz izlərinin mövcud olduğu bir çox qanunsuz tikililər inşa edib. Onlar və xarici havadarları düşünürdülər ki, Azərbaycan ərazisində əbədi olacaqlar və bizim torpaqlarımızda ikinci erməni dövləti qura biləcəklər. Buna görə də özlərinə parlament binası, "Artsaxı azad etmiş döyüşçülər ittifaqının" binası və digər tikililər inşa etmişdilər. Bu gün Azərbaycan hökuməti həmin qanunsuz binaları sökməklə ərazimizdə mövcudluğuna son qoyulmuş separatçıların son izlərini də aradan qaldırır. O separatçılar, vaxtilə xunta rejiminə rəhbərlik edənlər də həbs olunublar və törətdikləri cinayətlərə görə yaxın günlərdə Azərbaycan dövlətinin qanunları qarşısında cavab verəcəklər.

Həmin binalardan biri separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı "parlament" binasıdır. Hazırda Azərbaycan hökumətinin göstərişinə əsasən sökülməsinə başlanılıb. Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma rejimin 33 "deputat"ı fəaliyyət göstərib. Onlar separatçıların mənfur siyasətini dəstəkləyiblər. Bu bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının cızıldığı və qərarların qəbul olunduğu terrorçu yuvası olub.

Binanın açılışı keçmiş separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü, 2007-ci il sentyabrın 2-də olub. Açılış mərasimdə iştirak edən Ermənistan parlamentinin spikeri Tiqran Torosyan bu binanı "Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut" və "gözəl hadisə" adlandırıb.

Binanın tikintisinə 2006-cı ildə 586 min ABŞ dolları ayrılıb. Amma yeyinti olduğu üçün 2007-ci ildə əlavə 985 min ABŞ dollarına qədər pul ayrılıb. Hətta tikintiyə sponsorlar da cəlb ediblər.

Xatırladaq ki, işğal zamanı xunta rejimi Şuşada da "parlament binası" inşa etməyə başlamışdı. Lakin Şuşanın işğaldan azad edilməsi ilə binanın inşasına da son qoyuldu.

Prezident İlham Əliyev Şuşa işğaldan azad olunandan sonra oradakı çıxışında bildirmişdi ki, işğal dövründə ermənilər qondarma "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar: "Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin "parlamenti" binasının inşası yarımçıq qaldı. Qondarma rejim bəyan etmişdi ki, "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar "Dağlıq Qarabağ respublikası"nın "parlament" binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. "Parlament" də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi".

Başqa bir tikili isə "Arsaxı azad etmiş döyüşçülər" ittifaqının (YERKRAPA) binasıdır. Üçmərtəbəli bina yuxarıdan baxdıqda xaç işarəsini xatırladıb. Xankəndi şəhərinin mərkəzi meydanda tikilmiş binanın açılışı 2013-cü il mayın 9-da baş tutub. Açılışda Ermənistan prezidenti Serj Saqsyan və qondarma rejimin rəhbəri Bako Saakyan iştirak edib. Başqa bir dövlətin ərazisinin işğalında iştirak edənlər, qətliamlar, soyqırımlar törədənlər cinayətkarlardır. YERKRAPA terrorçu dəstədir və minlərlə azərbaycanlının ölümündə əli var. Onları "milli qəhrəman" elan edənlər, xüsusi bina tikənlər, "veteran" statusu verənlər Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

Öz siyasətini yalan, böhtan üzərində quran, müstəqil siyasət aparmayan, daim hansısa dövlətlərin marioneti olan Ermənistanın bu binaların sökülməsinə də siyasi don geydirməyə çalışması təəccüblü deyil. İllərlə beynəlxalq hüququ pozub, qonşusunun torpaqlarını işğalda saxlayan, azərbaycanlılara qarşı soyqırımlar, qətliamlar törədən, İkinci Qarabağ müharibəsində döyüş meydanından uzaq ərzilərdə mülki insanları hədəfə alan bir dövlətin indi bu məsələdən də istifadə edib Azərbaycan əleyhinə hansısa iddialar səsləndirməyə çalışması gözləniləndir. Amma bununla nəyə nail ola biləcək ki?! Məgər Azərbaycanın öz ərzisində separatçların izlərini qorumaq kimi bir öhdəliyi varmı?! Ümumiyyətlə, hansı dövlət öz ərazisində separatçıların izlərini, "irsini" qoruyub saxlayır?!

Onu da vurğulayaq ki, Xankəndinin baş planı hələ sovet dövründə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib və Azərbaycan SSR tərəfindən şəhərdə geniş tikinti işləri aparılıb. Amma işğaldan sonra şəhərin bütün mənzərəsi pozulub, baş plana uyğun olmayan yöndəmsiz binalar tikilib. Əlbəttə ki, işğal dövründə tikilən belə binalar qanunsuz tikililərdir və bu cür tikililər Azərbaycanın istənilən şəhərində sökülür.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan ərazisində ikinci erməni dövləti qurmaq istəyənlər və buna nail olacaqlarını düşünənlər məhz bu məqsədlə torpaqlarımızda erməni arxitekturası əsasında binalar inşa edib. Amma Azərbaycan dövləti Ermənistanın, onun Fransa kimi havadarlarının arzusunu gözündə qoydu. Öz torpaqlarını azad etməklə, suverenliyini tam bərpa etməklə  bütün dünyaya sübut etdi ki, heç kim onun ərazi bütövlüyünə dil uzada, onu mübahisə, müzakirə mövzusuna çevirə bilməz. Bu mövzularda istənilən deyilən söz, iddia əbəsdir və bunlar Azərbaycan dövlətinin siyasətinə təsir edə bilməz.  

 

 





07.03.2024    çap et  çap et