525.Az

Saxta spirtli içkilər bazarı


 

Saxta spirtli içkilər bazarı<b style="color:red"></b>

Keyfiyyətsiz, standartlara uyğun hazırlanmayan alkoqollu içkilər insan sağlamlığı üçün çox təhlükəlidir. Belə içkilərin hazırlanmasında daha çox metil spirtindən istifadə edilir. Metil spirtindən istifadə edilməsinin başlıca səbəbi onun daha ucuz olmasıdır. Metil spirti insan orqanizmi üçün olduqca zərərlidir. Hətta metil spirtinin az miqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Metil spirtindən əsasən qeyri-qida sənayesində istifadə edilir. Belə spirtli içki hazırlayarkən onun tərkibinə qatılan su yumşaldılmır, kömürdən keçirilmir. Bundan əlavə, sanitar-gigiyenik norma və qaydalara əməl edilmir. İstehsalatda qida üçün yararlı olmayan, keyfiyyətsiz qablaşdırma materialları və tıxaclardan istifadə edilir. İşçilər heç bir tibbi yoxlamadan keçmədən istehsal prosesində iştirak edirlər.

Standartlara uyğun olmayan şəraitdə, tərkibində metil spirti olan belə keyfiyyətsiz alkaqollu içkilərin əmtəə bazarında satışı insanların sağlamlığını təhlükə qarşısında qoyur.  

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, qurum mütəmadi olaraq alkoqollu içkilərin istehsal müəssisəsələrində yoxlamalar aparır. Bu günlərdə Samux rayonu, Qarayeri qəsəbəsində fəaliyyət göstərən "Qara-Çanaq" alkoqollu içkilərin istehsal müəssisəsində Agentlik əməkdaşlarının keçirdiyi yoxlama nəticəsində müəssisədə suyun və digər xam maddələrin istehsalda normativlərə uyğun olmadan istifadə edildiyi, şüşə butulkaların fərqli miqdarda doldurulduğu və üzərindəki etiketlənmədə Azərbaycan dilində məlumatların olmadığı məlum olub. Eyni zamanda alkoqollu içkilərin istehsalı zamanı əsassız olaraq təbii bal, cökə çiçəyi və şüyüd meyvəsinin cövhərindən istifadə edilməsi ilə bağlı qeydlərin olmasına baxmayaraq, istehsal ardıcıllığının və həmin proseslərin təşkili üçün şəraitin olmadığı məlum olub: "Müəssisədə istehsal edilən "Moskovskiy Capital" nişanlı araqdan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub və nümunələrdə uyğunsuzluqlar aşkar edilib. Faktlarla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb".

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son zamanlar insanlar arasında alkoqollu içkilərdən zəhərlənmə halları xeyli artıb: "Heç də gizlin deyil ki, müxtəlif iaşə obyektlərində Rusiya arağı adı altında gizli sexlərdə hazılanmış saxta məhsullar satılır. Hətta kustar üsulla hazırlanan keyfiyyətsiz və təhlükəli araqların və yaxud digər spirtli içkilərin üzərinə məşhur markaların etiketləri vurularaq baha qiymətə satılması faktları da var. Etiketləri ayırd etmək mümkündür, saxta etiketlər tam dəqiq, düz vurula bilmir, keyfiyyəti fərqlənir. Kustar üsulla, ev şəraitində hazırlanan məhsulun butulkasında, boğaz hissədə, qapağın yerləşdiyi yerdəki boşluq xəttində üzük formasında maska deyilən iz qalır. Buna səbəb məhsul hazırlanarkən təmizlənmiş sudan istifadə edilməməsidir. Adi suyun tərkibində duz olduğuna görə orada iz buraxır. Zavod şəraitində isə su tamamilə duzdan təmizləndiyinə görə həmin iz qalmır, keyfiyyətli arağın rəngi ağ olur, aseton iyi verməməli, iyindən bilinməlidir".

Eyyub Hüseynov onu da deyib ki, vaxtaşırı olaraq saxta içkiləri istehsal edənlər ifşa edilir: "Spirtli içkilərin də digər məhsullar kimi yaralılıq müddəti var. Məsələn, araqların yaralılıq müddəti bir ildən artıq deyil və yaxud konyaklar 3 il, şərabların isə 6 aydan artıq yararlılıq müddəti var. Lakin ölkənin əmtəə bazarında dəfələrlə apardığımız monitorinqlərdə şahidi olmuşuq ki, spirtli içkilərin demək olar ki, 90 faizinin üstündə yaralılıq müddəti yazılmayıb. "Spirtli  içki uzun müddət qalanda daha yaxşı olar" anlayışı xüsusi şəraitdə, xüsusi qablarda, temperaturda saxlanılan məhsullara aiddir. Spirtli içkinin yararlılıq müddəti bitdikdən sonra onun tərkibindəki sivuş yağlarının miqdarı getdikcə artır və insanlar da bundan zəhərlənə bilir. Beləliklə, insanların sağlamlığının qorunması üçün bu sahədə daha ciddi işlər görülməlidir. Biznes qurumları üçün elə bir rahat şərait yaradılıb ki, onlara toxunmaq, yoxlamaq olmaz və onlar da bundan istifadə edərək zərərli spirtli içkilər hazırlayırlar. Bu baxımdan istehlakçılar spirtli içkilər alarkən onun üzərindəki yaralılıq müddətinə, markasına mütləq şəkildə baxmalı, diqqət etməlidir".

Eyyub Hüseynov qeyd edib ki, saxta içkilər xarici ölkələrdən də Azərbaycana gətirilir: "Belə içkiləri qəbul edənlər ölümlə üz-üzə qalır, bəzi hallarda isə insanların həyatında sağalmaz izlər qoyur. Normal şəraitdə spirtli içkilər etil spirti ilə hazırlanır. Ancaq bəzi işbazlar daha çox qazanmaq məqsədilə içkiləri metil spirti ilə hazırlayırlar. Metil spirti isə zəhərlənməyə səbəb olur. Çünki metil spirti antifriz, şüşə təmizləyən məhlullar, boyanı durultmaq üçün nəzərdə tutulmuş vasitələr və bu kimi maddələrin hazırlanmasında istifadə edilir. Yəni metil spirti daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb. Metil spirtinin daxilə qəbul edilməsi zəhərlənməyə səbəb olur. Metil spirti bədəndə metobolizma nəticəsində formaldehid və formik turşuya çevrilir. Zəhərlənmə isə formik turşusunun yaratdığı asidozla əlaqəlidir. Asidoz nəticəsində sinirlər zədə görür və bununla əlaqəli korluq və yaxud ölüm baş verir. Zəhərlənmənin ilkin əlamətləri bunlardır: halsızlıq, ürəkbulanma, mədə-bağırsaq pozuntusu, temperaturun qalxması. Bu kimi şikayətlər olarsa, zəhərlənmə əlaməti kimi şübhələnmək olar. Vətəndaşlara tövsiyə olunur ki, güvənmədikləri içkini, yeməyi qəbul etməsinlər".

E.Hüseynov onu da qeyd edib ki, harada, necə istehsal olunduğu bilinməyən içkilər insanı zəhərləyə bilər, tədricən kor edə bilər: "Çünki spirtli içkilərin, xüsusən də arağın tərkibində sivuş yağları olur, bu da korluğa səbəb ola bilər. Xüsusən qərb zonasında samaqon şərabı içilir, bu, ziyanlıdır. İllərlə saxlanılan samaqon şərabının dibinə baxsaq, çöküntülərin olduğunu görərik, guya təmizlənmiş içkidir. Qanuni qablaşdırılmış spirtli içkilərin qapağının üzərində aksiz markası olur, bunun üzərində gümüşü zolaqda Azərbaycanın gerbi əks olunmalıdır. Spirtli içki alan zaman aksiz markasına diqqət edilməlidir. Son istifadə tarixinin qeyd olunduğu məhsulları almaq lazımdır. Bu işdə də ictimai nəzarət olmalıdır. Saxta spirtli içki istehsalı kimlərinsə gözü qarşısında baş verir, bundan xəbəri olan insanlar var. Onlar aidiyyəti orqanlara məlumat verməlidirlər. Müvafiq qurumlar da nəzarət mexanizmini gücləndirməlidir".

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın sözlərinə görə, spirtli içkilərin orqanizmə zərərləri həddindən artıq çoxdur. Keyfiyyətsiz içkilərin zərəri isə ikiqat çoxdur: "Standartlara uyğun hazırlanmayan alkoqollu içkilər xüsusilə gənclər üçün daha çox zərərlidir. Çünki gənclərdə hələ 25 yaşa qədər orqanizm inkişaf prosesində olur. Bu zaman həddindən artıq spirtli içki qəbul edən və yaxud aludə olan insanlarda bu, birinci növbədə asılılıq yaradır. Onun əsasən inkişafına, beynin funksiyalarının pozulmasına zərər verir. Xüsusilə də həmin insanlarda özünü idarəetmə, psixoloji problemlər çoxalır, aqressivlik artır. Demək olar ki, münaqişələrə çox meyilli olurlar. Bu isə arzuolunmaz cinayətlərin meydana gəlməsinə səbəb olur. Orqanizmə əsas zərərləri isə həzm sistemini pozur, maddələr mübadiləsinə zərər verir. Eyni zamanda həddindən artıq qəbul edildikdə qara ciyərə, mədəyə, ürəyə, sinir sisteminə və beyinə ziyan vermiş olur. Bundan əlavə, bir çox hallarda həddindən artıq spirtli içki qəbul edən insanlarda qidanlanmada pozğunluq yaranır, hətta xərçəng xəstəliyinə belə səbəb ola bilər. Spirtli içkilər qadınlar üçün isə daha da zərərlidir. Həddindən artıq spirtli içki qəbul edən qadınlarda kalsium azalması və sümüklərin əriməsi prosesi baş verir. Bu isə gələcəkdə bir çox xəstəliklərin yaranmasına səbəb olur. Xüsusilə də satışda bir çox saxta içkilər var ki, bunlar birbaşa ölümə yol aça bilər".

O qeyd edib ki, alkoqol dünyada ən təhlükəli narkotikdir. Hətta heroin, kokain, tiryək və metamfetamindən də təhlükəlidir. Bu, ilk növbədə məhsulun miqdarı ilə bağlıdır. Çünki alkoqol hər hansı başqa - narkotik maddələrdən daha populyardır: "Spirtli içkinin təxminən 20 faizi mədədə qalır. Qalan 80 faizi nazik bağırsağa gedir. Alkoqolun tez sorulması spirtin konsentrasiyasından asılıdır. Nə qədər tünd olsa, bir o qədər tez sərxoş olacaqsınız. Məsələn, pivə ilə müqayisədə araq daha tez təsir göstərir. Dolu mədə spirtin mənimsənilməsini ləngidir və məstedici təsiri ortaya çıxarır. Alkoqol mədə və nazik bağırsağa düşdükdən sonra bütün bədən boyu üzrə qan dövranı edir. Bu zaman bədən onu çıxarmağa çalışır. Alkoqolun 10 faizi böyrək, sidik və nəfəs vasitəsilə çıxarılır. Məhz buna görə də alkotester sizin içib-içmədiyinizi müəyyənləşdirməyə imkan verir. Spirtin qalan faizi ilə qaraciyər məşğul olur, ona görə də ən böyük ziyan bu orqana dəyir".

Sevinc QARAYEVA

 

 

 





07.03.2024    çap et  çap et