525.Az

Çaparaq notlar - Firuz Mustafa yazır


 

Çaparaq notlar - <b style="color:red"> Firuz Mustafa yazır</b>

DAHİ

 

Rejissor Yoji Qrotovskinin haqqında düşüncələr

 

Əgər yaşasaydı... Yoji Qrotovski dünyasını erkən dəyişən dahilərdəndir.

Kimdir Yoji?

O, dünya teatr arenasına öz imzasını yazmış əvəzsiz sənətkar, təkrarsız rejissor olmuşdur.

Qrotovski keçən əsrin 33-cü ilində Polşanın kiçik əyalət şəhərlərindən birində - Jeşuvedə anadan olub. O, ilk təhsilini liseydə almış, sonra Krakov şəhərində Ali dövlət aktyorluq məktəbində oxumuşdur. Gənc Yojinin gələcək fəaliyyətində Moskvada QİTS-də Yuri Zavadekinin kursunda 1955-1956-cı illərdə təhsil alması müstəsna əhəmiyyət kəsb etmişdir. Qrotovski öyrəndikləri ilə qane olan sənətkarlardan deyildi. O, dərk edirdi ki, insan, ələlxüsus sənət adamı bütün ömrü boyu öyrənməlidir. Əgər Moskvada oxuduğu illərdə gənc rejissor Stanislavski, Vaxtanqov, Meyirxold rejissorluq məktəbinin spesifik sirlərinə bələd olursa, bir il sonra (1957) Parisə gedərək orada Jan Vilor teatrının (TNP - Milli xalq teatrı) orijinal xüsusiyyətləri ilə tanış olur.

Lakin öyrəndikləri ilə qane olmaq Qrotovskiyə xas cəhət deyildi. Narahat Yoji sonrakı illərdə ovaxtkı Çexoslovakiyanın paytaxtı Praqada "D-34" teatrında E.Burianın yanında təcrübə keçir. O, alman və fransız teatrının klassik ənənələri ilə ciddi maraqlanır, Amerika balet ustalarının fəaliyyəti ilə tanış olur, Çin operasının və yapon səhnəsinin ("No" teatrının), habelə hind yoqlarının "sirlərinə" baş vurmağa çalışır, bir sözlə, elə hey öyrənir, öyrənirdi. Doğrudur, o, daim axtarışlarla məşğuldu. Amma deyilənlərdən heç də belə nəticə çıxarmaq olmaz ki, rejissor ömrü boyu eksperimentləri əxz etməklə təsəlli tapıb. Yox, Yoji öyrənməklə yanaşı, öyrəndiklərini tətbiq etməyə də çalışır, habelə öz tərəfdar və şagirdlərini öyrətməkdən yorulmurdu.

Qrotovskinin yaratdığı "13 sıralı Teatr" sonralar "Teatr-laboratoriya" kimi məşhurlaşdı. Doğrudur, Yoji müstəqil rejissor kimi ilk addımını öz məşhur ingilis müasiri - rejissor Piter Bruk kimi çox da erkən (20 yaşında) almamışdı; lakin 1959-cu ildə Polşanın 60 min əhalisi olan Opol şəhərində rejissorluq fəaliyyətinə başlayan Qrotovskinin adı tez bir zamanda məşhurlaşdı. Artıq 60-cı illərdə həmin əyalət şəhəri bütün dünyada bu istedadlı rejissora görə tanınırdı. Opol qısa bir vaxtda sənət olimpinə çevrilmişdi! Onun ilk işi Çexovun "Vanya dayı" pyesi idi. Lakin cəmi 1-2 dəfə göstərilən həmin əsərin səhnə taleyi uğursuz oldu.

1960-cı ildə (cəmi bir mövsümdə!) tamaşaya qoyulan "Orfey" (J.Kotko), "Kain" (C.Bayron), "Misteriya-buff" (V.Mayakovski), "Sakutanla" (Kalidas) tamaşaları bir-birinin ardınca Yojiyə misilsiz şöhrət gətirdi. İndi dünya teatr sənəti üzünü əyalət şəhəri Opola tutmuşdu. Teatrın truppası əsasən gənclərdən ibarət idi. Beş il ərzində dünya teatr mühitinin diqqətində olan "laboratoriya" 1965-ci ildə Vroslava köçdü.

Qrotovski öz teatrının hansısa doktrina və ya "sistemə" tabe olduğunu inkar edirdi. Onun üçün axtarışlar, eksperimentlər vardı. O deyirdi ki, teatra münasibəti və teatr haqqında düşüncələri mütəmadi olaraq, günü-gündən dəyişir, inkişaf edir. Lakin buna baxmayaraq, teatrşünaslar göstərirlər ki, böyük rejissorun əslində "dəmir sistemi" mövcud idi. Qrotovski teatrı "bayramsayağı konfrontasiya" hesab edirdi; o, hesab edirdi ki, hər bir adam bu cür "intim konfrontasiyaya" ehtiyac duya bilər.

Qrotovski özünün seçib teatra cəlb etdiyi bütün aktyorları "qardaş" hesab edir, onların təkcə səhnə həyatını deyil, habelə bir növ şəxsi həyatlarını da qayğı və... tələbkarlıqla əhatə etməyə çalışırdı. Və bunun nəticəsində "mədəni mühitdə" gözə çarpmayan, qapalı həyat keçirən aktyorların həyatı, şəxsiyyəti də istər-istəməz cəmiyyətdə və mətbuatda marağa səbəb olur, müxtəlif söz-söhbətlərin yaranmasına rəvac verirdi; təbii ki, bu cür "antireklam" özü də reklama səbəb olurdu.

Qrotovski təkcə aktyorlara yox, elə tamaşaçılara da tələbkarlıqla yanaşırdı. O, heç də hər bir tamaşaçını zala buraxmırdı: "teatr-laboratoriya"nın öz tamaşaçıları vardı. Məsələn, təkcə belə bir fakta diqqət yetirmək lazımdır ki, "Akropolis" tamaşasına cəmi 50 tamaşaçı baxa bilmişdi. Digər tamaşalar da 40, 30, 20... tamaşaçı buraxılmışdı... Əlbəttə, sonrakı illərdə "Teatr-laboratoriya"ya can atan tamaşaçıların sayı artır və buna müvafiq olaraq "icazələrin" miqyası da genişlənirdi. Əvvəlki onillikdə - 60-70-ci illərdə teatrda 8 aktyor, 1 direktor və 1 rejissor - cəmi 10 adam vardısa, 70-ci illərdən sonra burada onlarla adam vardı.

60-cı illərin sonunda Qrotovski öz "laboratoriyasını" daha da təkmilləşdirərək ona "institut" adı verdi. O, belə hesab edirdi ki, bu "institut"da aktyor öz şəxsiyyətini ifadə etməli, öz psixikasını tamamilə açıb göstərməli, fərdi ilə ümuminin sintezini təqdim etməyi bacarmalıdır.

Şübhəsiz ki, Qrotovskinin ən məşhur tamaşalarından biri "Akropolis" idi. Bu tamaşada ortaya - tamaşaçı ilə aktyor arasına böyük yeşik qoyulmuşdu. Əsərin bütün qəhrəmanları eyni geyimdə; yırtıq-deşik kostyumlarda idi. Aktyorların yaratdığı absurd "sivilizasiya", onların son anda qovuşduğu "səadət" - qaz kamerası özlərinin bütün fərdiliklərini, şəxsi keyfiyyətlərini itirmiş əsirlər haqqında aydın təsəvvür yaradırdı.

Ümumiyyətlə, Qrotovskinin tamaşalarında bərbəzəkli dekorasiyalara təsadüf olunmurdu; o, öz teatrını "kasıb teatr" adlandırırdı. Qrotovski teatrının bütün "bəzəyi" onun aktyorları idi. Bu teatrda adi bir predmet bir neçə funksiyanı icra edirdi, məsələn, adi bir çəkic mismar çalmaq üçün də yaraya bilərdi, kilsə zəngini çalmağa da.

70-ci illərə qədər gərgin axtarışlar aparan, metafora və miflərə üstünlük verən, aktyor şəxsiyyətinin imkanlarının üzə çıxmasına çalışan teatr artıq 70-ci illərdə aktyor sənəti institutuna çevrildi. Bu dövrdə teatr təkcə sənət ocağı yox, həm də ünsiyyət vasitəsinə çevrilməyə başladı. İndi bir-birinə tamamilə yad olan adamlar teatrda doğmalaşırdı; indi teatr psixoloji bir laboratoriyaya çevrilmişdi. Açığını demək lazımdır ki, son illərdə Qrotovski teatrı daha çox insanın təkmilləşməsi prosesini izləməklə məşğul olmağa başlamışdı və həmin dövrdə yaradıcılıq həyatının tədqiqi ön plana keçmişdi. Qrotovskini ən çox narahat edən sivilizasiya ilə həyat arasındakı uçurum idi və böyük sənətkar bu fenomenlərin "birləşdirilməsi" üçün əlindən gələni əsirgəmirdi. Amma onun "uçurumlar" üzərində qurmaq istədiyi "körpünün" inşası yarımçıq qaldı. Qrotovski 1999-cu ildə vəfat etdi. O, öz epoxasının ən nüfuzlu adamlarından biri idi: professor, Polşanın dövlət mükafatı laureatı, üç dəfə fəxri doktor, Fransanın mədəniyyət və incəsənət üzrə fəxri xaç kavaleri, habelə Dahi mükafatı laureatı idi. Sonuncu mükafat Amerikada məxsusi olaraq iyirminci yüzilin Dahi Qrotovski rejissoru üçün təsis edilmişdi.

 31 iyul 2003-cü il

 

BÖYÜK YAPON REJİSSORU AKİRA KUROSAVA

 

Dünya sinemasının əfsanəsi

 

Akira Kurosava 1910-cu il martın 23-də doğulmuşdu. Onun üç bacısı, üç qardaşı olub, Akira ailənin  sonbeşiyi idi. Sonralar Kurosava nəsil bütün dünyada bu "sonbeşiklə" tanındı. O, 1927-ci ildə orta məktəbi bitirdikdən sonra rəssam olmaq qərarına gəlir. Hətta, rəngkarlıq məktəbinə də daxil olur. Çoxları Akiranı gələcəyin böyük rəssamı kimi görürdü. Amma o, tezliklə məktəbi tərk etdi. Çünki şəkil çəkməklə dolanmaq çətindi. İndi onu daha çox teatr, kino cəlb edirdi. Əvvəlcə tamaşalara rəylər yazan Kurosava sonralar kinostudiyada işə düzəlir. Əvvəlcə o, bir sıra filmlərdə rejissor assistenti kimi çalışmağa başlayır. Rejissor kimi ilk müstəqil filmi "Dzüdo haqqında əfsanə" 1943-cü ildə çəkilib. A.Kurosava özü bu barədə deyirdi: "Əfsanə" mənim ilk müstəqil yaradıcılıq işim olsa da, mən onu debut hesab etmirəm. O vaxt mən özümü artıq yetkin adam sayırdım: hətta, "Diqqət, motor! - deyərkən belə, səsim bir az ayrı cür səsləndi".

Akira Kurosava... Dünya kinosunun klassiklərindən biri. Yapon kinematoqrafiyasının zirvəsi. Qəribə və sadə adam. Həyat və yaradıcılığı adiliklə qeyri-adiliyin vəhdətindən yoğrulmuş dahi.

1944-cü ildə böyük sənətkarın "Ən zəriflər" əsəri ekranlara çıxdı.  Bu əsərlə bağlı Kurosava deyirdi: "Mən hərbi zavodda çalışan qadınların kollektiv portretini yaratmaq istəmişəm. Çalışırdım ki, əsər sənədli filmə bənzəsin".

Sonrakı illərdə A.Kurosava onlarca film çəkdi. "Gəncliyimə təəssüflənmirəm", "Möcüzəli bazar günü", "Gizli duel", "Evsiz it", "Dava-dalaş", "Rasyomon", "İdiot", "Yaşamaq", "Yeddi samuray", "Bir ömrün tarixçəsi", "Həyatın dibində", "Cənnət və cəhənnəm", "Qırmızı saqqal", "Dersu Uzaala" və s. Bunlar Kurosavanın özünün çəkdiyi filmlərdir. Lakin onun bir sıra ssenariləri əsasında başqa rejissorların çəkdiyi filmlər də var. "At", "Gənclik nəğməsi", "Aviasiyanın zəfəri", "Portret", "Suqala Sansiro", "Qisasçılar haqqında saqa" və s. bu cür  ssenarilərdəndir.

A.Kurosava müsahibələrinin birində deyirdi: "Mən istəyirəm ki, çəkdiyim filmlərə baxan tamaşaçıda düşünmək tələbatı yaransın. Mən ona birbaşa dərs keçməkdənsə, fikirləri sətiraltı çatdırmağa üstünlük vermişəm. Mən öz fikirlərimi üzə birbaşa deməyi xoşlamıram".

Kurosava insanı ürəkdən sevirdi. Onun bütün yaradıcılığı insanların  səadət axtarışlarına və bu yolda qarşıya çıxan çətinliklərə həsr olunub. Böyük rejissor bir çox dünya klassiklərinin əsərlərini ekranlaşdırmışdır. Lakin bütün bunlara baxmayaraq, onun filmlərinin əsas "zəmini" - cövhəri Yaponiya idi.

Akira Kurosava ömrünün son illərində verdiyi müsahibələrdən  birində demişdi: "Kino mənə çoxlu sevinc və eləcə də əzab gətirib. Mən təzədən doğulsaydım, yenə kinonu seçərdim".

  21 sentyabr 2002-ci il

 

Çoxərlilər və çoxarvadlılar...

Hərəsi bir cür dəyərləndirilir...

 

Avropa və rus mətbuatında tez-tez müsəlmanların çoxarvadlığına aid təhqirli yazılar gedir.    

Rəhmətlik M.F.Axundovun məşhur qəhrəmanı Hətəmxan ağa demiş, avropalı qadınlar əksərən çoxərli, şərqli kişilərsə çoxarvadlıdır.

Oxuculardan bəri başdan üzr istəyib el

ə bu "ikiərlilər" haqda bəzi faktları yada salmaq istəyirəm.            

Məsələn, dahi yazıçı İvan Turgenev məşhur fransız aktrisası Polina Viardonun dəli-divanəsi idi. Qadının rəsmi əri sənətşünas Lui Viardo idi. Onlar özlərini üçlükdə xoşbəxt hesab edirdilər.        

Yazar Avdotya Panayeva öz mənzilində eyni vaxtda iki kişi ilə yaşayırdı. Yazıçı İvan Panayev bu xanımın kəbinli əri idi. Məşhur şair Nikolay Nekrasovla isə Avdotya vətəndaş nikahında idi.           

Lilya Brikin qanuni əri Osip Brik idi. Bu xanımın "sevgilisi" isə məşhur "proletar şair" Vladimir Mayakovski idi. Yeri gəlmişkən, Mayakovski həm də Elza Triole ilə vətəndaş nikahında idi.             

Məşhur rus şairi Aleksandr Blokun arvadı Lyubov Mendeleyeva-Blok, məşhur kimyaçı Dmitri İvanoviç Mendeleyevin qızı idi. Bu xanım eyni vaxtda görkəmli rus yazıçısı və alimi Andrey Belıyın arvadı idi. Bu ailənin hər üç "üzvü" bir müddət eyni mənzildə yaşayıb.          

Rus şairəsi Zinaida Gippius məşhur rus şairi D.S Merejovskiyə ərə getmişdi. Amma eyni zamanda tənqidçi Akim Volınski və ədəbiyyatçı Dmitri Filisofovla yaşayırdı. Sergey Yeseninin qadınlarından biri - Zinaida Rayx həm də eyni vaxtda məşhur rejissor Meyerxoldun arvadı idi.      

Bunları yazmamaq da olardı.             

Amma böyük yazıçı Maksim Qorki demiş, "faktlar yaman şeydir"...  Yeri gəlmişkən elə Qorkinin özü də "aş azın duzu" olmayıb. Onun "könül dəftərində"  Olqa Kaminskaya, Mariya Zaxarova, Olqa Yulyevna, Yekaterina Voljina, Mariya Andreyeva, Mariya Budberq... və bir çox digər xanımların adı yazılmışdı...

 





07.03.2024    çap et  çap et