525.Az

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva II yazı


 

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - <b style="color:red"> İradə Musayeva II yazı</b>

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının ədəbi və milli intibahından danışarkən ədəbiyyatımızın keçdiyi yolu, yazılı ədəbiyyat dövrünün dil və forma, sənətkarlıq xüsusiyyətlərini geniş təhlil edir. "Azərbaycanlılar ibtida farsicə yazmışlar. Sonra sırf Azərbaycan şiveyi-məhəlliyeysi ilə yazan Füzuli məşrəb şairləri ilə qocaman bir dövr davam eyləmişdir. Bu dövrdə əvvəl Qovsi, Nəbati, sonra Vaqif, Seyid Əzim, Ləli, Raci kibi şairlər yetişmişdir. Nəhayət, üçüncü dövr gəlmiş: Qərb həyat və əfkarının təsirinə girən Azərbaycan ədəbiyyatı Osmanlı türk ədəbiyyatından mülhəm, müasir ədəbi türkcə ilə yazmaya başlamışdı. Bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan bu dövrün şairləri Əbdülsəlimzadə Məhəmməd Hadi, Sabir, Hüseyn Cavid, Əhməd Cavad , Səhhət, Müznib və sairələridir" (Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyyəti, Bakı: Elm, 1990, 116 s. s. 14).

Cəlil Məmmədquluzadənin "Ölülər" əsərini yüksək qiymətləndirən Rəsulzadə bu əsərin yazılmasını və səhnəyə qoyulmasını "teatr və ədəbiyyatımızda bir böyük hadisə baş verdi" - sevinci ilə yaşamış, Mirzə Fətəlinin əsərlərindən sonra həmişə diri qalacaq bir dram kimi əsəri təqdir etmişdir. O, "Ölülər"i "Molla Nəsrəddin" jurnalının bir nüsxəsi hesab edərək bildirirdi: "Ölülər" qaranlıq həyatda, cəhalətlə çürüyən mühitdə bitab düşən xəstə vücudumuzu bütün faciələri və acıları ilə açıb aləmə faş ediyor. "Ölülər" komediyasının qüvvətli bir surətdə buraxdığı projektor işığı həyatımzdakı lehməligin bütün pisliklərini açıyor. O qədər aydınlaşdırıyor ki, ən zəif gozlər belə onu görməyə bilməzlər" (Rəsulzadə M.Ə. Əsərləri. III cild. Bakı, Elm, 2012. 596 səh. s. 398).

Rəsulzadə "İkinci Axundovumuz" adlandırdığı C.Məmmədquluzadənin bu pyesini N.V.Qoqolun "Müfəttiş" əsəri ilə müqayisə edir. "Fəqət "Ölülər", əlbəttə, "Revizor"un kopiyası degildir. "Ölülər" istedadlıqla, sənətkarlıqla, həyati bilərəkdən və sənətdə bir məqsəd təqib edərəkdən müəlla müsəlman həyatına köçürülmüş bir "Revizor"dur" (Rəsulzadə M.Ə. Əsərləri. III cild. Bakı, Elm, 2012. 596 səh. s. 398).

"Tənqid va təqriz" silsilə ədəbi yazıları içərisində "Bahadır və Sona" məqaləsi ədəbi janrlar, dövrün aktual problemlərini ifadə edən mövzu problematikası, obrazların, xarakterlərin işlənmə dərəcəsi və s. məsələlər haqqında mükəmməl qənaətlər ortaya qoyan tənqid materialıdır. Nəriman Nərimanovun "Bahadır və Sona" romanının əvvəlinci hissələrini də maraqla oxuyan Rəsulzadə deyir: "Bahadır və Sona" məşhur bir ədibimizin qələmilə yazılmış kiçik bir romandır. Böyük qardaşımız Nəriman cənablarının bu kiçik romanının iki əvvəlinci hissəsini daha məktəbdə ikən oxumuşdum" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 280).

M.Ə.Rəsulzadə 1913-cü ildə "İqbal" qəzetinin 29 dekabr sayında Nərimanovun "Bahadır və Sona" əsəri haqqında yazdığı məqalədə Nərimanovun yazıçı şəxsiyyəti barədə müsbət fikirlər səsləndirir.

Onu da qeyd edək ki, hələ 1906-cı ildə "İrşad" qəzetində çap etdirdiyi "Qiraətxana" başlıqlı məqaləsində Nərimanovun maarifçi kimi fəaliyyətini yüksək qiymətləndirmiş, 1914-cü ildə "İqbal" qəzetində onun "Nadir şah" əsərinin tamaşaya qoyulması haqqında da məqalə dərc etdirmişdir.

Hər iki mütəfəkkirin yolları yalnız 1918-ci ildə ayrılmalı olmuşdur.

Rəsulzadə ədəbiyyatın tendensiyalı missiyasını qəbul etməsə də, onun tərbiyəvi əhəmiyyətini qeyd edir, bu qədim sənət növünün insanlarda ali hisslər, yüksək ideallar və mənəvi-əxlaqi dəyərlər formalaşdırma gücünə inandığını bildirirdi. Həqiqi ədəbiyyat yaratma hünərini həm sənətkarlıq qabiliyyətində, həm də cəsarətdə görən müəllif bu iki cəhətin Nəriman Nərimanovda olduğunu bəyan edir: "Allah Nərimana bunların ikisini də vermişdir" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 280).

Rəsulzadə tərcümədən bəhs edərkən tərcüməçi üçün önəmli cəhətləri qabartdığı kimi bədii mətnlərin mövzu-ideya və bədii xüsusiyyətlərindən danışarkən nəzəri məsələləri önə çəkir. Məsələn, roman ədəbiyyatının cəmiyyət həyatında əhəmiyyətli rolundan söhbət açır, bu janrın hətta ictimai, sosial mahiyyətli olduğunu da diqqətə çatdırırdı. "Roman ədəbiyyatın öylə blr şəklidir ki, cəmaətin ruhunu və mənəvi həyatını mükis olar, onu idarə edə bilər" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 281).

N.Nərimanovu dövrünün aktual problemlərini görən "iti gözlü müəllif" adlandıran Rəsulzadə balaca bir romanda çox problem (qadın azadlığı, İslam dünyasındakı cəhalət, xurafat, dil, yazı, təhsil və maarifsizlik məsələləri və s.) qoyulduğunu qeyd edir. Nərimanovun böyük sosial, mədəni, ictimai məsələləri həm də ədəbiyyatın vasitəsilə əks etdirməsini alqışlayır, bütün bunları müzakirəyə, ədəbiyyat müzakirəsinə çıxarmasını təqdir edirdi. "Bahadır və Sona" müsəlmanlığa və türklüyə aid məsələləri tizkar etdiyi halda əsasən milliyyət fövqündə, beynəlmiləl və insani bir fikrə istinadən yazılmışdır. Burada milliyyət və məzhəb ixtilafının nəticəsində ən səmimi, ən biqərəz və ən müqəddəs eşq və məhəbbətlərin necə pamal olduğu və "cəhətsiz", "səbəbsiz" ayrılıqların Bahadırın təbirincə: "uçurum dərələr"in nə yıxıcı və nə xarabedici bir qüvvət olduğu şairanə bir surətdə göstəriliyor" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 281).

Ürəyi millət dərdi ilə yanan azərbaycanlı Bahadır xalqına fayda vermək üçün mücadilə etdiyi kimi, gözəl bir bağçada rastlaşıb sevdiyi erməni qızı Sonanın yolunda da cəfalar çəkir. Peterburqa təhsil almaq üçün gedən Bahadır Məngilisdə qalıb yaşayan Sonadan ayrı düşür. Bahadırın Sonanı sevməsi ilə bağlı məktubundan sonra konflikt daha da dərinləşir. Sonanın ata-anası əvvəlcə el qınağından qorxduğu, din ayrılığı probleminə görə razılıq verməsə də, sonra atasının qızı Sonanı da götürüb Peterburqa - Bahadırın yanına getməsi yeganə çıxış yolu olur. Orada Bahadırla bərabər, dərdlərinə bir əlac tapmaları ehtimalı ilə hərəkət edirlər.

Bahadır isə yazdığı eşq məktubuna görə narahat olur. Çünki qarşı tərəf üçün problem yaratdığını anlayır və tərəddüdlər, anlaşılmaz hisslər burulğanında nə edəcəyini bilmir, intihar edir. Sona isə bu faciənin ağırlığına tab gətirmədiyi üçün dəli olur.

Rəsulzadə romanın yazıldığı dövrdə aktual olan bu problem - millətlər, dinlər arasındakı qarşıdurma məsələləri haqqında qısa da olsa, şərh verir. Böyük bir eşqin də məhz faciə ilə bitməsi səbəbini nifaq, qarşıdurma ənənəsi ilə əlaqələndirir. Romanda finalı faciə ilə bitsə də, ideya, təlqin ümidverici və nikbindir. Ona görə də Rəsulzadə bir eşqin və iki gəncin nakamlığını "müvəqqəti məğlubiyyət" kimi qiymətləndirir. Doğrudur, bu gənclər qurban rolunda çıxış edirlər, lakin cəmiyyətin, bəlkə də bəşəriyyətin problemi gələcəkdə həll olunacaq kimi ifadəsini tapır. "Görüyorsunuz ki, nəticə olduqca fəcidir. Bu, insani fikirlərin, böyük niyyətlərin və ülvi əməllərin zamanımızda əksərən düçar olduqları nəticədir. Fəqət bu məğlubiyyət müvəqqətidir. Bahadır da ölərkən bu inamla ölüyor. İntihardan əvvəl yazıb qoyduğu kağızda diyor ki: "- Ah, insanları bir-birindən ayıran uçurum dərələr! Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz... Fəqət, əmin olunuz siz axırda məhv olunacaqsınız..." (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 281).

Mətbuatda və ümumən milli siyasətdə M.Ə.Rəsulzadə və N.Nərimanovun XX əsrin əvvəllərində digər mütəfəkkir ziyalılarla bərabər, ortaq mövzuları var idi. Milli dil, təhsil, maarifsizliyə qarşı mübarizə, söz, fikir azadlığı, qadın hüquqsuzluğu, fanatizm və s. bu kimi problemlər hər birinin qələmi üçün işlək mövzular idi.

Rəsulzadənin romanda diqqətini çəkən həm də həmin mövzuların bədii dillə ifadə olunması ustalığı olub. Nərimanov başqa millətdən olan gənclərin bizim dilimizi, mədəniyyətimizi öyrənmək həvəsini Sonanın timsalında göstərir. Sona maariflənməyə can atır, nəinki öz dilini mükəmməl bilir, həm də türk və fars dillərini də öyrənməklə məşğuldur. Elm, mədəniyyət, ədəbiyyat, fəlsəfə sahəsində də özünü təkmilləşdirməyi qarşısına məqsəd qoyub. Müsəlman qızları haqqında düşündükdə isə əksini görürük. "Türk dili nədir ki, ona görə vaxtımı çürüdüm və nəyə lazımdır" - düşüncəsi ilə başqa dilləri öyrənən və o dillərdə danışmaqla özünü "oxumuş" hesab edən qızlar karikaturalaşmış obrazları ilə istehza hədəfinə çevrilirlər.

"Bahadır Tiflisə gəldikdə oradakı yoldaşından Tiflisdəki müsəlman xanımları haqqında məlumat istiyor. O da "obrazovannı" bir müsəlman qızının hissiyyatını nəql edirkən diyor ki: "Mənim sualıma: elmlərdən hansı xoşunuza gəlir, qız "firəng dili" - deyib məndən sordu: "Siz firəngcə bilirsinizmi?" Cavab verdim ki, bəli. Qız başladı söhbəti firəngcə: bir az söhbətdən sonra zarafatca firəng dilində sordum ki, ərə getmək istiyormu və nə mənsəb sahibinə getmək istiyor. Cavab verdi ki, hamıdan artıq əfsərə..." (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 283).

Lakin Rəsulzadə bizim qadınlar arasında da oxumuş qızlarımızdan bir çox müəllimlərimiz, doktorlarımız, hətta inqilabi hərəkatda fəallıq göstərən cəsur xanımlarımız olduğunu vurğulayır. Bizim də "müsəlman Sonası" olanlarımızın get-gedə artdığı diqqətə çatdırılır. Bu baxımdan Nərimanovun yanaşmasına tənqidi mövqe sərgiləyən Rəsulzadə romanda zaman anlayışına qeyri-dəqiq baxış problemi olduğunu bildirir. "Bahadır və Sona"nın möhtərəm müəllifi böylə bir suala məruz qala bilərdi. Əgər romanın cərəyanı təqribən 30 il bundan əvvəlisinə aid olmayaydı".

Cəmiyyətin dəyişən dəyərlərini, müasirləşmə prosesindəki naqis halları diqqətlə müşahidə edən hər iki müəllif (Rəsulzadə və Nərimanov) eyni reaksiya ilə mənzərəni tənqid edir. Biri ədəbi tənqid, digəri isə roman qələmi ilə. "Tiflis qızları mütləq "əfsərə" getmək üçün də oxuyurlarmış, axtarsan, indi də türkcədən acığı gələn xanımçıqlar tapılar. Gördüyümüz bu qədər. Türkcə danışa bilməyən bəyciklərin əlbəttə bir o qədər türklükdən, müsəlmanlıqdan və bu milli hissiyyatdan məhrum zavallı, gülünc bacıları və rəfiqələri də vardır ki, sən onlara salam verəndə onlar sənə rusca "zdrasti" deyərlər" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 283).

Hətta Rəsulzadə "Bahadır və Sona" əsərinin 16 il müddətində yazılıb qurtarması faktına diqqəti çəkərək müqayisəli təhlillər aparır. Təbii ki, bu uzun illər ərzində həm siyasətdə, mədəniyyətdə, həm də cəmiyyət həyatında çox şeylər dəyişmişdi. Elə N.Nərimanovun öz şəxsiyyətində və dünyagörüşündə, eləcə də ədəbiyyatla bağlı baxışlarında köklü dəyişmələr baş vermişdi. "Bunun üçün də "Bahadır və Sona" mühərririn yazıçılıqda keçirdiyi qələm təcrübəsinin surəti-təkamülünü göstərən bir əsərdir. Həqiqətən də, böylədlr. Məsələn, əsərin əvvəlləri rusca təsiri altında məcruh bir üslubla inşa olunduğu halda, axırları bu təsirdən qurtarmış, az-çox İstanbul şivəsinin belə təsirinə tutulmuş bir ifadə ilə yazılmışdır" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 283).

Daha sonra müəllif fikrini əsaslandırmaq üçün sitatları təqdim edir və s. Nərimanovun romanının əvvəlindəki dil-üslub və sənətkarlıq xüsusiyyətləri ilə romanın sonrakı hissəsindəki aidiyyəti xüsusiyyətlərdə keyfiyyət baxımından da fərqlər (irəliləyişlər) olduğunu etiraf edir. Qələm təcrübəsi problemləri istər-istəməz əsərin əvvəli ilə sonrası arasında fərqliliklər yaradır. "Romanın insanı ağladacaq qədər müəssir olan axırını yazan və o fəciəni təsvir edən qələm Nərimanın o vaxt əlində olsaydı, "Bahadır və Sona" romanının ibtidası sonu qədər parlaq çıxacaqdı"  (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 284).

Rəsulzadə romanın estetik cərəyan olaraq romantizmə, yoxsa realizmə aid olması məsələsini konkret olaraq qeyd etməsə də, mətnin ideya-estetik baxımdan təhlilini realizm prinsipləri əsasında aparır. Romanda problemlər real və aktual xarakterli olsa da, gənclərin sevgiyə, ictimai-siyasi problemlərə yanaşmasında romantizm daha çox izlənilir. "N.Nərimanovun "Bahadır və Sona" əsərində sonralar romantizmin əsas xüsusyyətinə çevrilən ictimai mövzu və problematika, millət, vətən anlayışları və ona sevgi, ülvi, saf məhəbbət, bəşəri hisslərin təsviri başlıca yer tutur. Həm Bahadır, həm də Sona həyata, hadisələrə baxışları, dünyagörüşləri etibarilə romantizm estetikasının tələblərinə tamamilə uyğun gəlir. Romantizm estetikasına məxsus olan milli mövqe, üsyankarlıq, tərəqqi, şəxsi azadlıq, vətənpərvərlik kimi keyfiyyətlər "Bahadır və Sona" qəhrəmanlarının da əsas xüsusiyyətlərindəndir" (Timuçin Əfəndiyev.  Azərbaycan romantizmi və onun təşəkkülü problem. "525-ci qəzet", 2019, 12 aprel. s. 10-11).

Rəsulzadə "Bahadır və Sona" romanında dil-üslub baxımından nöqsanlı olan fraqmentləri də diqqətlə izləyir. "Məsələn, birinci səhifədə böylə bir cümlə oxuyuruz: "Gün məğribə yavuqlaşdı. Qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verib gərdişin comərdlik anlıyorsan, böylə bir gözəl vaxtda haman meşədə tək yaşıl otun üstünə sərilmiş gözəl bir qız görsəniz isə mənzərə daha artıq surətdə gözəl görünür" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 284).

Burada "yaşıl ot adam boyunda" əvəzinə "adam boyunda yaşıl ot" ifadəsinin işlənmə zərurətini xatırladır. Bir xeyli yerdə düz işlədilməyən və aidiyyətsiz kəlmələri də təhlilə cəlb edən müəllif daha sonra "da-də" ədatı ilə "da-də" şəkilçisinin orfoqrafik baxımdan qarışdırıldığını yazır.

Oxucunun aydınca gördüyü başqa bir qüsuru da Rəsulzadə diqqətə çatdırır. Belə ki, hər iki baş qəhrəmanın roman mətni kontekstində, monumentallıqla təsvir və təqdimi yox dərəcəsindədir. Çox doğru olaraq vurğulayır ki, Nərimanov hər iki qəhrəmanını millətlərini sevən, onun üçün çalışan insanlar kimi təqdim edir. Ancaq bunların elə olduğunu inandırıcı şəkildə göstərmək üçün lazım idi ki, onların millətpərəst olduqlarına dəlalət edən işlərilə də bizi tanış etsin. Təsvir, ifadə mükəmməlliyi, analitik təhlillər yetərincə olmadığı üçün qəhrəmanlar haqqında oxucu və tənqidçi qənaəti də qənaətbəxş olmur. Romanda əsas təqdir olunan ideya isə Bahadırın müsəlmanların cəhalət və avamlıq içərisində yaşaması faktını ucadan, hətta ölümü ilə bəyan etməsi oldu. Nərimanov əsərinin qəhrəmanı Bahadırın dililə bildirir ki, müsəlman ölkələrində hakimiyyət və din bir əldə birləşir: "Xristian tarixi ruhanilərlə hökumətlər arasında vaqe olan mübarizələrdən ibarət ikən, İslam aləmi bu mübarizədən fariğ olmuş: hər zaman tərəqqi və təğyirə möhtac olan dünya qanunları din qüvvəti alaraq sabit və qeyri-mütəhərrlk qalmışlar" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 284).

Sonda Rəsulzadə ədəbiyyatımızda ana dilində yazılmış bu romanın məziyyətlərini qeyd etməyi zəruri hesab edir və bildirir ki, bütün bu nöqsanları ilə bərabər, "Bahadır və Sona" qarşıya qoyduğu ideyaları oxucularına çatdıra bilib.  

Rəsulzadə "Nadir şah" əsəri və dramın səhnələşdirilməsi ilə bağlı problemləri çözərkən də ədəbiyyatşünas həssaslığı nümayiş etdirir. Məsələn, yazırdı ki, "Nadir şah" dramını yeni təşəkkül edən müsəlman dram artistləri şirkəti Tağıyevin teatrında keçən cümə gecəsi tamaşaya qoymuşdu. Dəfələrlə səhnələşdirilən əsər barəsində söz söyləməyi artıq hesab edən müəllif təəssüflənirdi ki, dram şirkəti "Nadir şah"ı müəllif tərəfindən yenilənmiş variantda deyil, köhnə çapını əldə əsas tutaraq səhnələşdirmişdir.

"Bildiyimiz bir şey varsa, o da budur ki, drama dəstəsinin bu cəhətlərinə baxan kimsə, bir azca özbaşına və qeydsizdir. Məsəla: əsərin ünvanı "Nadir şah" ikən elannamələrdə "Nadir şah Əfşar" və proqrammada isə "Nadir şah Əfşar və yaxud İranın kəbiri-inqilabı" yazılmışdır"  (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 284).

Rəsulzadə "Əfşar" sözünün sadəcə bir tayfa adı olduğunu vurğulayaraq bildirir ki, bu sözün əsərin adına əlavə edilməsi nə əsəri, nə də Nadir şah əzəmətini artırır. Nadir şahı kiçik bir tayfaya aid etməklə onu şöhrətləndirmək cəhdini də əbəs hesab edir, müqayisə üçün xatırladır ki, o zaman gərək böyük Tolstoyun adı çəkilərkən Yasnaya Polyananı deməyi də unutmamalıyıq. Halbuki Yasnaya Polyana Tolstoyu deyil, Tolstoy onu şöhrətləndirmişdir.

"Əsli və Kərəm", "Gülünc gecələr", "Şah Abbas və Xurşidbanu", "Siyavuş", "Qaçaq Kərəm", "Rüstəm və Zöhrab", "Drama tapıldı", "Gaveyi-ahəngər"dən aldığım təəssürat", "Arşın mal alan", "Bir az da tarixdən -"Ənuşirəvani-adil" pyesi münasibətilə", "Ölülər" və s. bu kimi məqalələrində isə teatr tamaşaları, səhnələşdirilmiş ədəbi-bədii mətnlərin canlı şəkildə ifadə olunması məsələləri tənqid baxımından izahını tapır. Rəsulzadə bu yazılarında daha çox teatr tənqidçisi kimi çıxış edir.

Maraqlıdır ki, XX əsrin əvvəllərinin bir çox mütəfəkkir ziyalılarında olduğu kimi Rəsulzadənin də ictimai-siyasi fəaliyyətində bir ədəbiyyat adamı, ədəbiyyat sevdalısı, dünyanın böyük siyasətinin modelini, əks-sədasını bədii mətnlərdə tapan estetika, sənət vurğunutək obrazını görürük. Həyatının ən ağır günlərində belə düşdüyü vəziyyətin, eləcə də mənsub olduğu xalqın və ölkənin durumunu ədəbiyyat vasitəsilə çözə bilir. Məsələn, "Əsrimizin Siyavuşu" belə bir situasiyanın məhsulu idi. "Bolşevik istilası kədərli-ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı. Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə, ən diqqətə layiq cildi Firdovsinin "Şahnamə"si idi" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s. 14).

"Şahnamə"ni ev sahibindən razılıq alıb oxumağa başlayan Rəsulzadə qeyd edirdi ki, Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhunu istila etmiş, nəticədə marağını ən çox cəlb edən və ruhunun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayənin - "Siyavuş" dastanının təsirilə Şərqin, İranın və Turanın, eləcə də Qafqazın sosial-siyasi vəziyyətini keçmiş və gələcək tarix nöqtələri arasında aydınlada bilmişdir.  

Mövcud durumda əvvəldən də tanış olduğu dastanı sanki ilk dəfə oxuyurmuş kimi həyəcan içərisində dostuna nəql edib. "Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam - dedim. O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı.  Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s. 14).

"Şahnamə" dastanları içərisində "şah dastan" adlandırdığı "Siyavuş"un məna-məzmun və ideya xüsusiyyətlərindən heyrətlənən Rəsulzadə ədəbiyyatda siyasətin deyil, daha çox siyasətdə ədəbiyyatın inanılmaz funksiyası olduğunu sübut etdi. Böyük ədəbiyyatda Şərq də, Qərb də, İran, Turan, keçmiş, gələcək, hətta günün siyasi mənzərəsinə ekvivalent işarələr, kodlar belə olurmuş...

Əfrasiyab sülaləsindən olan Turan gözəli İran şahı ilə qovuşur və nəticədə dünyaya göz açan "Azəri heykələ" Siyavuş adı verirlər. Siyavuş bir tərəfi İran, bir tərəfi Turan olan məmləkət simvolu kimi siyasi mahiyyət daşımalı olur. Keykavus və Əfrasiyab müharibələrində bəzən bir, bəzən digər, bəzən hər iki tərəfdən olan, bəzən də heç bir tərəfdən olmayan Siyavuş siyasət dünyasının faciə qəhrəmanına çevrilir. Sevgi, sülh, gözəllik və müdriklik rəmzi olan Siyavuşu Rəsulzadə Azərbaycan obrazında təsəvvür edir. Firdovsinin dediyi "Əfrasiyab Turanın gözəl bir parçasını damadı Siyavuşa verdi" - fikrindən çıxış edən Rəsulzadə hesab edirdi ki, Azərbaycan həqiqətən də əsrimizdəki Turan torpağının gözəl bir parçasıdır. "Əski Albaniya, Şirvan, Arrak və Bərdə ölkəsindən meydana gələn bu yeni Azərbaycan, əsrimizin ən böyük qüvvətini təşkil edən zəngin mədənlərindən başqa, təbii gözəllikdən də pay almış bir yamyaşıl yerdir" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s.14).

O, özünün yazdığı "Əsrimizin Siyavuşu" əsərində üzünü Türk dünyasına, xüsusən də Türkiyəyə tutub deyir ki, sənin nicatın qədim Turanın göbəyində Azərbaycan adında bir gənc, igid, dəliqanlı var, ondadır. Azərbaycanı "Yeni Turanın açarı" adlandırır, bildirirdi ki, Türkiyə Vyana qapılarına qədər sürdürdüyü cəngavərlikdən bezərək, artıq taleyin döndüyünü görmüş, yorğun bir halda İstambul divarlarına dayanmışdı. Əfrasiyaba bilikli sosioloqlar təqbir edərək özünə demişdilər ki, sənin istiqbalın artıq Qərbdə deyil, Şərqdədir. Kökündən uzaqlaşdığın üçün zamanın bağ qayçısı həddindən fəzlə uzanan budaqlarını kəsir ki, sən ixtiyarlaşmayıb öz kökün üzərində yaşarasan. Sənin istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqda - Türküstündadır, fəqət sənin yolunun üzərində əski Turanın göbəyində Azərbaycan adında bir gənc, igid, dəliqanlı var. Yeni Turanın açarı ondadır. Onunla öncə anlaşılmazlıq yaratsan, öncə onun könlünü qırıb özünə bir zərər versən, bütün imkanların hədər, əməllərin xarab, taxtın da bərbad olar.

Türklüyün, ərəbliyin, farslığın ortaq bir mədəniyyət dünyası meydana gətirməsini "İslamlıq bu millətlər arasında müştərək bir mədəniyyət vücuda gətirmişdir. Necə ki, bir xristian mədəniyyəti var - buna Avropa mədəniyyəti də deyirlər. Necə ki, İslam mədəniyyətinə Şərq mədəniyyəti deyilir" - kimi ifadə edirdi (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s. 14).

Rəsulzadə əsərinin "Əfsanədən həqiqətə" adlanan hissəsində bəyan edir ki, XX əsr demokratik fikirlər dövrüdür. Şəxsi fərq qoyulan və cəngavər olan, sayılan aristokratiyanın yerini indi mütəfəkkir və texniki bilik sahibi, sadə xalq demokratiyası tutdu. Köhnə əsrdə xalqın fövqündə təsəvvür olunan despot firon qəhrəmanların taxtında indi xalqın ümumi idrakının daşıyıcısı fikir sahibi insanlar oturmağa başladı.

"Azərbaycan Turanda" adlı hissədə isə Azərbaycan məfkurəsinin Türk millətpərvərliyinin məfkurəsi ilə izdivac edilməsini Firdovsinin dastanındakı obrazlı bənzətmə ilə şərh edir: "Yeni Azərbaycan özünü "ismətli Südabə"nin (İranın - İ.M.) ehtiraslı qucağından "iffətli Firəngiz"in (Türkiyənin - İ.M.) vüsal hərəminə ataraq dadlı-dadlı yaşadı" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s. 14).

Lakin "rusluq" Azərbaycanın xoşbəxt olmasına imkan vermirdi, hər zaman "yanğın çıxarmaq"la məşğul idi.

"Əsrimizin Siyavuşu" əsəri sadə bir struktur üzərində qurulub, müəllif əvvəlcə tarixin Siyavuşuna göz gəzdirir, "Şahnamə"nin İran-Turan müharibələrinə, əsrlər uzunu axıdılan qanlara diqqət çəkir. Müəllifin fikrincə, Firdovsi Siyavuşu qanı iki millətdən, iki kökdən olan (iranlı və turanlı) qəhrəmanlar sırasında verməklə bu iki aləmi məsud görmək, onları birləşdirmək istəyir".

Şərqin qədim dastanında (Firdovsinin "Şahnamə"sində) Azərbaycan obrazını fəhmilə canlandırıb siyasi arenaya (Rəsulzadə - "Əsrimizin Siyavuşu") gətirə bilən Rəsulzadə göstərirdi ki, Türkiyə, himayəsinə aldığı Azərbaycanı tam vaxtında qurtarmağa girişdi. Bakını Azərbaycan qatillərindən təmizləyərək özünə verdi. "Əsrimizin Siyavuşu zəmanəmizin Turan baş komandanı tərəfindən özünə təlmin olunan bu gözəl və zəngin parçada tikinti və məskən salma başladı. Əsrimizin "Siyavuş gərd"inin təməlləri quruldu. Azərbaycan Cümhuriyyəti təşəkkül etdi" (Bədirxan Əhmədli. Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri, Bakı: Elm və təhsil, 2017, 376 s. s. 236)

Rəsulzadə əsərinin "Cümhuriyyətin bəxtsizliyi" adlanan hissəsində isə min cür hiylə, fitnə və pis niyyətlərlə Azərbaycanda qatmaqarışıqlıq yaradan, onu rahat buraxmayan kabusları "qara başlar" adlandırırdı. Göstərirdi ki, biri əlində Denikinin qara örtüyü, digəri isə Leninin qanlı pərdəsi ilə Azərbaycanın ağ gününü qara, mavi səmasını qanlı etmək istəyirdi. Nəhayət, bu iki qüvvə Azərbaycana qarşı düşmənliklərində əl birliyi edərək dünya millətləri arasında tam bərabərliyə malik bir hüquqla yaşamaq istəyən bu gözəl məmləkətin aydın həyatını məhv etdilər, "Əsrimizin Siyavuşundan xüsusi bir sıxıntı ilə daralan və ondan intiqam almaq istəyən Gərsivəzlər də az deyildi. Bu Gərsivəzlər özlərinə türk kommunist qrupunun bəzəyini vermişdilər" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s.34).

1920-ci ilin qızmar yay günündə, iyul ayında Lahıcda təhlükələr və sarsıntı içərisində olsa da, üzünü gələcək Azərbaycana tutub deyirdi: Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bugünkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "İrəli, irəli Azərbaycan əsgəri" - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s. 34).

 





07.03.2024    çap et  çap et