525.Az

Ermənistan qızıl yataqlarının istismarı ilə ekoloji təhlükələrə yol açır


 

Ermənistan qızıl yataqlarının istismarı ilə ekoloji təhlükələrə yol açır<b style="color:red"></b>

Qonşu Ermənistanın istismara verdiyi "Amulsar" (əslində Amuldağ) qızıl yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir. Yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir. Eyni zamanda, bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan ərazisindən axan Arpaçay, eləcə də, Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də, digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.

Qeyd edək ki, "Environmental Protection First" Koalisiyasının Ermənistanın Baş naziri Nikol Paşinyana müraciətində qeyd olunub ki, Göyçə gölünün təmizlənməsi üçün beynəlxalq şirkətlərə pul xərcləməkdənsə, Ermənistanın Baş naziri öncə gölün ətrafında xarici ölkələrin investorlarına həvalə etdiyi mədən sənayesi müəssisələrinin qeyri-şəffaf fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın həcminə nəzər yetirməlidir.

Bildirilib ki, bununla da illərdir həllini tapmayan suyun təmizlənməsi problemi aradan qalxacaq.

Ekoloji normalar gözlənilmədən Amuldağ yatağındakı amansız istismarın şirin su ehtiyatlarını zəhərləməsi ilə bağlı Ermənistan və Azərbaycan QHT-lərinin və ekofəalların etiraz bəyanatlarına N.Paşinyandan cavab gəlib. O hökumət iclasında etiraf edib ki, tullantı suları təmizlənmədən Göyçə gölünə axıdılır.

N.Paşinyan uzun illərdir müzakirələr aparılmasına baxmayaraq, məsələnin birdəfəlik həllinin tapılmadığını, Ermənistanın buna imkan və resurslarının olmadığını etiraf edib. O bildirib ki, suyun təmizlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlar cəlb edilsə də, Göyçə gölü bir müddət sonra yenə çirkləndirilir.

"Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu"nun rəhbəri, "Environmental Protection First" Koalisiyasının üzvü Sabit Bağırovun dediyinə görə, "Amuldağ" ("Amulsar") qızıl-gümüş yatağı 2006-cı ildə kəşf edilib. Arpa və Bərgüşad çaylarının vadisində yerləşir. Yatağın istismarı zamanı natrium sianiddən istifadə ediləcək. Bu da həmin çayların, kurort şəhəri olan Cermukun mineral sularının və hətta Göyçə gölünün zəhərlənməsi risklərini yaradacaq. Məhz bu səbəblərdən yatağın istismarına həm Ermənistan ekoloqları, həm də yerli sakinlər etiraz edirlər. Həmin etirazlar yeni deyil, 2014-cü ildən başlayaraq ictimai fəallar müxtəlif aksiyalar keçirirlər. Hətta, 2019-cu ildə İrəvanın mərkəzində keçirilən aksiyalar nəqliyyatın dayandırılmasına səbəb olmuşdu. Etiraz aksiyaları yataqda aparılan hazırlıq işlərinin dayandırılmasına, xüsusi təhqiqat komissiyasının yaradılmasına gətirib çıxarıb. Lakin son nəticədə müxtəlif qüvvələrin təzyiqi ilə işlər davam etdirilib və bu il ilk qızılın hasilatı gözlənilir.

S.Bağırovun sözlərinə görə, natrium sianidin yeraltı sulara, Arpa və Bərgüşad çaylarına sızdırılması Qarabağa - öz doğma ocaqlarına dönən və dönəcək on minlərlə vətəndaşımız üçün çox ciddi təhlükə yarada bilər. Zəhərlənmiş sulardan nə içməli su kimi, nə də suvarma üçün istifadə etmək mümkün olacaq. Susuz isə yaşam yoxdur: "Arazdəyəndə müəssisənin fəaliyyətinin dayandırılmasına nail olduq, lakin "Amuldağ"da eyni nəticəni əldə etmək üçün müəyyən maneələr var. Həmin yataqda marağı olan bir sıra qüvvələr "Amuldağ"da işlərin davam etməsi üçün əllərindən gələni edəcəklər. Hansı qüvvələrin nəzərdə tutulduğunu desək, ilk növbədə yatağın işlənməsi lisenziyasına malik olan şirkəti qeyd edə bilərik. Bu, "Lydian Armeni"a şirkətidir, hansı ki, "Lydian Canada Ventures" şirkətinə məxsusdur. Həmin şirkətin sahibləri arasında isə "Orion Mine Finance" ABŞ investisiya şirkəti və Kanadanın "Osisko Gold Royalties" var. Bu şirkətlərin ABŞ və Kanada hökumətlərinin dəstəyinə arxalanması gözləniləndir. Bunlardan başqa, Avrasiya İnkişaf Bankı qeyd edilə bilər. Çünki həmin şirkətlərə yatağın işlənməsi üçün müvafiq kreditlər ayırıb. Səhv etmirəmsə, məbləğ 150 milyon dollar həcmindədir. Bu barədə keçən il müvafiq Anlaşma Memorandumu da imzalanıb. Birbaşa hasilat işlərini həyata keçirən şirkət də maraqlı tərəflər qrupuna daxildir. Bu da Avstraliyanın nəhəng şirkəti olan "Allied Gold"dur. Ermənistan hökuməti də, təbii ki, həmin yatağın istismarında maraqlıdır. Çünki nəticədə ölkə qarşıdakı 20-30 ildə bir neçə milyard dollar qazanc əldə edəcək. "Amuldağ" yatağında region əhalisi üçün ciddi təhlükə törədən istismarın həyata keçirildiyini nəzərə alsaq, bu sahədə Azərbaycan və Ermənistan ekoloqlarının əməkdaşlığı çox səmərəli olar. Zənnimcə, Azərbaycan ekoloqları belə əməkdaşlıqdan qaçmazlar. Ermənistan ekoloqları da gərək əməkdaşlıqdan çəkinməsinlər. Əlbəttə, onlar üçün bu daha çətindir. Burada belə bir sual yaranır - Ermənistan cəmiyyəti həmin əməkdaşlığı necə qarşılayacaq? Elə qüvvələr tapılacaq ki, Ermənistan ekoloqlarını Azərbaycanın maraqlarına xidmət etməkdə günahlandıracaq. Bu cür ittihamları Ermənistan mediasından izləmək də olar. Aradakı münasibətləri qızışdıranlar yatağın istismarında maraqlı olan şirkətlər və banklar, siyasətçilərdir. Lakin hər kəs bilməlidir ki, ekoloji məsələlərin həlli üçün tək bir ölkənin mübarizəsi yetərli deyil. Ümumi region üçün, planetimiz üçün həmrəylik nümayiş etdirilməlidir. "Environmental Protection First" Koalisiyası olaraq biz Ermənistan hökumətini və bu yataqda qızıl hasilatına cəlb edilmiş şirkətləri "Amuldağ" qızıl yatağındakı işləri dərhal dayandırmağa çağırır, Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə "Amuldağ" qızıl yatağında monitorinqə başlamağa hazır olduğumuzu bəyan edirik. Həmçinin Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının "Amuldağ" qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyirik. Ermənistandan olan ekolojiyönümlü QHT-lər də səsimizə səs versələr, necə ki, bunu Arazdəyəndə etdilər, bu, Cənubi Qafqazda ekoloji sabitliyi qorumağa xeyli töhfə verə bilər".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, ötən ilin iyun ayında Ermənistan ərazisində yerləşən, tarixi Azərbaycan ərazisi olan Arazdəyəndə metallurgiya zavodunun tikintisi ilə bağlı məlumat yayılıb. Zavodun tikintisi ilə əlaqədar Azərbaycanda vətəndaş cəmiyyəti qurumları, xüsusilə də ətraf mühitin qorunması və ekologiya sahəsində fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları bəyanat səsləndiriblər: "Həmin bəyanatda əsas məqsəd Ermənistanı beynəlxalq səviyyədə qoşulduğu konvensiyalara, xüsusilə də transsərhəd kontekstdə ətraf mühitin qiymətləndirilməsi, ESPO konvensiyasının tələblərinə riayət etməyə çağırmaq idi. Bunun ardınca da Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatları adından Ermənistanın Baş naziri Paşinyana açıq məktub ünvanlandı. Biz, ədalət naminə, Ermənistandan olan həmkarlarımıza səsimizə səs verdikləri üçün təşəkkür edirik".

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sərhəd ərazilərdə yerləşən rayonlarında mədən sənayesi fəaliyyətlərini davam etdirir, lakin həmin fəaliyyətlərin heç birinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi hesabatı ictimaiyyət üçün açıqlanmayıb: "Amuldağ (Amulsar) qızıl yatağında aparılan işlərin də ətraf mühitə təsirləri açıqlanmamış olaraq qalır. Vəziyyət o həddə çatıb ki, Ermənistanın daxilində belə həmin qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmmasına dair etiraz bəyanatı səsləndirilib. Biomüxtəlifliyə və su ehtiyatlarına ciddi təhlükə törədən həmin yatağın fəaliyyəti region üçün də mənfi təsirlərə yol açır".

A.Məmmədov vurğulayıb ki, Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə Amuldağ qızıl yatağında monitorinqə başlamağa hazırdırlar.

"Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyinin sədri Qəmzə Yusubova qeyd edib ki, Ermənistanda fəaliyyət göstərən Amuldağ qızıl yatağının istismarı zamanı heç bir ekoloji norma gözlənilmədən və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri nəzərə alınmadan istismar davam edir: "Amuldağ yataqlarında qızıl istehsalı zamanı dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ağır metal tərkibli tullantılar Bərgüşad çayına axıdılaraq, Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Bu da ətraf mühitə, müxtəlifliyə, su hövzələrinə ciddi ziyan vurur. Bundan başqa, Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur. Bu da insanların sağlamlığında ciddi problemlər yaradır. Naxçıvan ərazisindən axan Arpaçay, eləcə də, Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Bu da nəinki Azərbaycan, eləcə də, Xəzəryanı ölkələr üçün ciddi problemlər yaradır".

O, həmçinin deyib ki, bunlara görə Ermənistanda 100-dən çox vətəndaş cəmiyyəti təşkilatı və ekofəal Amuldağdakı istismarın biomüxtəlifliyə, su ehtiyatlarına ciddi təhlükə törətməsi barədə fikirləri dəstəkləyib.

Sevinc QARAYEVA

 

 





07.03.2024    çap et  çap et