525.Az

Ümidi ovcumdan su kimi içdim - Tural Cəfərlidən poetik nümunələr


 

Ümidi ovcumdan su kimi içdim - <b style="color:red"> Tural Cəfərlidən poetik nümunələr</b>

Sənsiz unutmuşam gecələr Ayı,

Darıxıb, gizlincə Ay küsüb məndən.

Çoxdandı şərabla dostluq edirəm,

O gündən-bu günə çay küsüb məndən.

 

Nə var yıxılmağa, yer inciməsə,

Ruhunu göylərəsər, inciməsə.

Doldur badələri ver, inciməsə...

Hayım gedib deyə, vay küsüb məndən.

 

Ümidi ovcumdan su kimi içdim,

Əvvəl sevinc əkdim, sonra qəm biçdim.

Özümə darıxmaq ismini seçdim,

Həsrət hesabında say küsüb məndən.

 

Bir axşam küləyi qonaq çağırdım,

Köntöy ayrılığı yonaq - çağırdım.

Sükutun içində donaq - çağırdım,

Cüt görüb heç nədən, tay küsüb məndən.

 

Üstümə yeriyən yollar yoruldu,

Boşalan, boş qalan qollar yoruldu.

Sağ yazan əllərdən sollar yoruldu,

Barışmaz, Allah da day küsüb məndən.

lll

Gedəndə adam bir xəbər eyləyər,

Demirsən, yağışa, qara düşərsən?!

Duamı arxanca yollayım barı,

Bəlkə ondan sonra xara düşərsən...

 

Nəfəsim içimdən çıxan tüstüdü,

Yerdə məni tutan göyün üstüdü.

Bu qərib baxışlar məzar büstüdü,

Çox baxma, qorxuram, gora düşərsən.

 

Gizlədə bilmərəm aşkar olanı,

Saxlamaq olarmı qəlbə dolanı?!

Gəl dəymə, incitmə vaxtsız solanı,

Bəlkə yoxluğumdan vara düşərsən.

 

Məcnun deyiləm ki, dərdindən öləm,

Nədə Yusifəm ki, quyuda güləm.

Musa da deyiləm, dəryanı böləm,

Gözləmə, gözləsən, zara düşərsən.

 

Çoxdan atılıbdır, göyərməz daşım,

Dəmlənib, dən olub, kədərdən aşım.

Yaman zəifləyib son vaxt yaddaşım,

Unutsam, bilmirəm, hara düşərsən...

lll

Otuz üç yaş-

Ömrün qərinəsi,

Tale Günəşinin eyni nöqtəyə gəlməsidir...

Şeytanın üsyan etməsi,

Günah ağaclarının əkilməsidir.

Otuz üç yaş-

Ümid İsasının

çarmıxa çəkilməsidir...

 

Otuz üç yaş-

Bir az da düşünmək üçün,

nəfəs dərmək vaxtıdır...

Arzular süfrəsini

Göydə sərmək vaxtıdır...

 





07.03.2024    çap et  çap et