525.Az

Baxmır ki yaxına-yada - Nəcməddin Mürvətovdan poetik nümunələr


 

Baxmır ki yaxına-yada - <b style="color:red"> Nəcməddin Mürvətovdan poetik nümunələr </b>

Bir kəmfürsət bədəməlin,

İşi min bir ürək sıxır.

Yara vura ağır, dərin,

Yaradır küy-kələk, sıxır.

 

Baxmır ki yaxına-yada,

Yalvarışa, aman-dada,

Tanınmış, saf, təmiz ada,

Qoşmaqla şübhə-şəkk, sıxır.

 

İmkanına güvənib çox,

Saymır saya müdriki, yox,

Olur kəlməsi süngü, ox,

Deyir, "yox, onda dərk", sıxır.

 

Kobudluqda qaba ayı,

Söz-sovu hərzə-havayı,

Qəm-qubardan verir "payı",

Edir guya ki ərk, sıxır.

 

Heç görünmür xeyir-şərdə,

Çarə olmur xırda dərdə,

Qart üzünə tutur pərdə,

hərdən niqab, ələk, sıxır.

 

Nə yoğurur, nə də yapır,

Hazır kökələri qapır,

Kor atı köndələn çapır,

Boğur arzu-dilək, sıxır.

 

Bu əbləhə deyəsən nə,

Təkrarlayıb dönə-dönə,

Hissə, duyğuya məngənə

Odur, tutursa, bərk sıxır.

lll

Növbələşir şəksiz sevinc

Ardınca da bil, qəm gəlir.

Öyrəşdiyin o gen-bolun

Yerinə sısqa, kəm gəlir.

 

Bax dünyanın gərdişinə,

Adətinə, vərdişinə.

Qalma məəttəl işinə,

Olan həm gedir, həm gəlir.

 

Dinlə, sözün səfası var,

Tərs düşəndə, davası var.

Hərənin öz havası var,

Bəzən "zil"ində "bəm" gəlir.

 

Zirvələrdə min bir uğur

Qazanmaqdır fəxr-qürur.

Fələk işi elə burur,

Qada-bəlası cəm gəlir.

 

Ağlatmır ki hər dəm kədər,

Var onda da miqdar, qədər.

Olur bəzən cəhd-səy hədər,

Sevincdən gözə nəm gəlir.

 

Olmur demək vaxt-müddəti,

Başa gələr hər gözlənti.

Bu həyatda şəksiz, qəti

Məqam yetişir, dəm gəlir.

lll

Dünya tamam bədrəng olub gözümdə,

Həsrət yaxır, qovruluram közümdə,

Xatirələr sıralanıb düzümdə,

Yada salır hay-haraylı dünəni,

Düşünürəm səni, yenə tək səni.

 

Yada düşür dediyin xoş kəlmələr,

Ruha naxış söz-sovundan ilmələr,

Rastlaşanda - təbəssümlər, gülmələr.

Xəyalımda qururam min səhnəni,

Düşünürəm səni, yenə tək səni.

 

Key baxıram onun-bunun üzünə,

Deyilənin əyrisi nə, düzü nə...

Bilmirəm ki, sorğusuna, sözünə

Nə deyim ki, qəlbin duysun bəs məni,

Düşünürəm səni, yenə tək səni.

 

Sənsizliyim bil ağlımı-dərkimi

Alıb başdan, bu da eşqin görkümü?

Həsrətinlə sınasan da hər kimi,

Heç tapılmaz mənim kimi dözəni,

Düşünürəm səni, yenə tək səni.

 

Düşünürəm səni, ötmür vaxt-zaman,

Düşünürəm səni, bitmir zənn-güman,

Ürəyimdə nisgil, dildə and-aman,

Budur, yazdım indi də bu nəğməni,

Düşünürəm səni, yenə tək səni.

 





07.03.2024    çap et  çap et