525.Az

Deputat feysbuk və instaqramdakı son problemdən danışdı


 

ARZU NAĞIYEV: "AZƏRBAYCANDAN KEÇƏCƏK ORTA DƏHLİZİN NƏ QƏDƏR ƏHƏMİYYƏTLİ OLDUĞU QABARIQ GÖRÜNÜR"

Deputat feysbuk və instaqramdakı son problemdən danışdı<b style="color:red"></b>

Bir neçə gün əvvəl qlobal internet şəbəkəsində ciddi problem yarandı. Nəticədə ən çox istifadəçisi olan sosial şəbəkələrə - feysbuk və instaqrama giriş mümkün olmadı. Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sosial şəbəkələrin işində yaranmış problemlə bağlı yaydığı məlumatda qeyd etdi ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.

Populyar internet resurslarının işini təqib edən "Downdetector" xidmətinin açıqlamasında vurğulandı ki, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb. ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya və Hersoqovina, Cənubi Koreya, Şimali Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər "Downdetector" xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildiriblər.

"HGC Global Communications Limited" isə yaydığı məlumatda Qırmızı dənizdə bölgənin dənizaltı qlobal trafikin 25 faizini təşkil edən Avropa, Asiya və Afrika arasındakı rabitə kabellərinin zədələndiyini açıqladı. Honq-Konqda yerləşən telekommunikasiya operatoru bildirib ki, Qırmızı dənizin cənubunda yerləşən və Yəmənin yurisdiksiyasına daxil olan Asiya-Afrika-Avropa 1 (AAE-1), Europe India Gateway, Seacom və TGN rabitə xətləri zədələnib.

Onlar məlumatların Asiyadan Avropaya ötürülməsi üçün vacibdir.

Problemin səbəbi kimi beynəlxalq mediada versiya olaraq husilərin Qırmızı dənizdə internet xətlərini kəsməsi irəli sürüldü.

Qeyd edək ki, Yəməndə fəaliyyət göstərən və İranın dəstək verdiyi husilər xeyli müddətdir ki, Qırmızı dənizdə beynəlxalq ticarət marşrutlarını bloklamağa çalışır, gəmilərə hücumlar təşkil edirlər. Ona görə də bu versiya inandırıcı görünə bilər. Baş verən hadisə eyni zamanda cənub - Suveyş kanalı, həm də Rusiya və Belarusdan keçən şimal dəhlizlərinin ciddi təhlükədə olduğunu göstərir. Həmçinin, danışmalarda daha dayanıqlı olan alternativ dəhlizləri gündəmə gətirir. Təbii ki, müasir çağırışlar və təhlükələr fonunda Orta dəhlizin əhəmiyyəti də artmış olur. Eyni zamanda Rəqəmsal İpək Yolunun əhəmiyyətini vurğulayır.

Mövzunu "525"ə şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, baş vermiş hadisə ilə bağlı irəli sürülən versiya ilk növbədə məhz husilərin Qırmızı dəniz ərazisində törətdiyi bir sıra hücumlarla bağlı oldu. Yəni internet xətlərinin kəsilməsi məsələsi gündəmə gəldi: "Bununla bir daha dünyaya göstərməyə çalışdılar ki, bir terror hadisəsi nəticəsində nə qədər istifadəçinin, böyük şirkətlərin kibercinayətkarlıqla bağlı hücuma məruz qalmasını təmin edə bilərlər. Bunun da böyük qlobal nəticələri ola bilər. Bu, təkcə hansısa istifadəçinin feysbuk və yaxud instaqram səhifəsinin çökməsi deyil, eyni zamanda onların məlumatlarının, yaxud böyük bank hesablarının oğurlanması, ələ keçirilməsi, iri şirkətlərin və ya dövlət qurumlarının bütün fəaliyyətinin demək olar ki, sıradan çıxarılması demək olar. Bu, bir versiya idi və göstərmək istədilər ki, tək iqtisadi cəhətdən deyil, bu istiqamətdə də, kiberhücum vasitəsilə tam şəkildə sistemi çökdürə bilərlər. Digər məqam ondan ibarətdir ki, vaxtilə məhz bir gəminin Süveyş kanalında yolu bağlaması nəticəsində nə qədər problemlər yaranmışdı. İndi də Yəmən husiləri, onlar əsasən Yəməndə şiə qruplaşmasını təmsil edənlərdir. Görünür ki, elə ciddi zəbələr vura bilərlər ki, dünya iqtisadiyyatında problemlər, qiymətlərin qalxması və s. problemlər yarana bilər".

Deputat deyib ki, Çindən Avropaya gedən yol, digər yollar Qırmızı dəniz vasitəsilə həyata keçirilir: "Bu, çox mühüm bir istiqamətdir. Və bu istiqamətdə təhlükəsizliyə təminat olmayanda, risklər yaranır. Bildiyiniz kimi, NATO-nun bir sıra dövlətləri hava məkanının müdafiəsi, eyni zamanda gəmilərə basqın edən qruplaşmaları lokallaşdırmaq üçün qrup yaradıblar. Bununla belə, baş verənlər alternativ yolların axtarılması məsələsini daha qabarıq gündəmə gətirir. Ən mühün yollardan biri məhz Orta Dəhlizdir. Məlumdur ki, bu, Çindən Avropaya uzanan dəhlizdir. Burda Zəngəzur dəhlizinin açılmasından da söhbət gedir. Belə bir fonda Orta Dəhlizin əhəmiyyəti həddən artıq yüksəlir və yüksəlməkdədir. Artıq Zəngəzur dəhlizinin açılması tək Ermənistan-Azərbaycan problemi deyil, bütün dünyada qlobal güclərin də marağında olan məsələdir və bu istiqamətdə də ciddi addımlar atılmalıdır. Yəni bu, bir daha göstərdi ki, bir qruplaşmanın terroru hansı fəsadlara gətirib çıxara bilər. Bu müstəvidə Azərbaycandan keçəcək Orta Dəhlizin nə qədər əhəmiyyətli olduğu qabarıq görünür. Təhlükələr, risklər Orta Dəhlizin açılmasının çox böyük əhəmiyyət kəsb etdiyini göstərir və artıq dünya gücləri də buna öz diqqətini yönəltməlidirlər".

 

 





11.03.2024    çap et  çap et