525.Az

Makronun Ukraynaya NATO qoşunu göndərmək planı


 

"ONUN BÜTÜN VƏDLƏRİ ÖZ SİYASİ MƏQSƏDLƏRİNƏ ÇATMAĞA YÖNƏLİB"

Makronun Ukraynaya NATO qoşunu göndərmək planı<b style="color:red"></b>

Fransa prezidenti Emmanuel Makronun apardığı avantürist və irticaçı siyasət artıq öz ölkəsində də ifşa olunmaqdadır. Xüsusilə onun son günlər gündəmə gətirdiyi NATO-nun Ukraynaya qoşun göndərməsinə dair fikirləri ciddi etiraz doğurub. Aydındır ki, Makronun burda öz maraqları və məqsədi var və onun üçün Ukrayna heç də önəm daşımır. Əksinə, Rusiya-Ukrayna müharibəsinə böyük gücləri cəlb etməklə, onu qlobal və daha qanlı müharibəyə çevirmək, eyni zamanda Avropa lideri iddiasını gerçəkləşdirmək istəyir. Həmçinin, Rusiyanın bölgədəki təsirlərini heçə endirib, yerini tutmağı hədəfləyir. Görünən odur ki, tarixi soyqırımlarla, qətliamlarla yazılan Fransa, bundan utanmaq əvəzinə, dünyanı yeni-yeni qanlı münaqişələrə sürükləyir. Bunun nümunələrindən biri təbii ki, Cənubi Qafqazdır. Makron regionda sülhün, sabitliyin olmaması, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmaması üçün bütün vasitələrdən istifadə edir. Onun üçün əsas vasitələrdən biri məhz Ermənistandır. Təəssüf ki, İrəvanda Parisin onu hara sürüklədiyinin fərqində deyillər. Afrika ölkələrində neokolonializm siyasəti yürüdən, dünyada yeni münaqişə ocaqları yaratmağa çalışan Makron hakimiyyəti  öz maraqları üçün Ermənistandan sadəcə sui-istifadə edir.

Fransızlar özü də artıq Makronu ifşa edirlər. Məsələn, fransız siyasətçisi, Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot Emmanuel Makronun müharibənin Avropaya qaytarılması ilə bağlı bəyanatını ağılsızlıq hesab edir. Onun sözlərinə görə, əgər qarşısı alınmasa, Fransa lideri NATO ilə birlikdə Köhnə Dünya ərazisində faktiki olaraq hərbi əməliyyatlar aparacaq.

Fransız siyasətçi sosial şəbəkə hesabında daha sonra yazıb: "Praqada indi qaçılmaz müharibə elan edən Makrondan yeni dönüş var! NATO-ya tabe olan Makron açıq şəkildə müharibə istəyir! Makronu dayandırın, NATO-nu dayandırın!"

Florian Filippot daha əvvəl müsahibəsində Fransa prezidentinin yetişməmiş siyasətçi olduğunu bildirib. Onun fikrincə, buna Makronun hər bir ziddiyyətə şiddətli reaksiyası işarə edir. O, həmçinin qeyd edib ki, Fransa lideri özünü isterik yeniyetmə kimi aparır.

Xatırladaq ki, fevralın 26-da Makron ev sahibliyi etdiyi Ukrayna ilə müttəfiq 20-yə yaxın ölkə ilə görüşdən sonra bildirib ki, hazırkı mərhələdə quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur. Lakin bu, heç də istisna edilməməlidir. O deyib ki, Rusiyanın qalib gəlməməsi üçün əllərindən gələni edəcəklər.

Onun bu açıqlaması Qərb liderlərindən dəstək almayıb. Ardınca martın 5-də Çexiyaya səfər edən Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı əvvəlki sözlərini təsdiqləyib və avropalıları "qorxaq olmamağa" çağırıb.  Bəyan edib ki, fevralın 26-da Yelisey sarayında dedikləri - Ukraynaya qoşun yeridilməsinin mümkünlüyü ilə bağlı - düşünülmüş mövqedir.

Makronun səfəri Fransa ilə Çexiya arasında növbəti dörd il (2024 - 2028) üçün yeni strateji tərəfdaşlıq sazişinin imzalanması məqsədi daşıyırdı. Həmçinin, Çexiyanın Baş naziri ilə Ukraynanın hərbi səylərini dəstəkləmək üçün Avropa İttifaqına daxil olmayan ölkələrdən yüz minlərlə artilleriya mərmisinin alınması müzakirə mövzusu olub.

Makron fransız generalları tərəfindən də tənqidlərə məruz qalıb. Ölkədəki etirazlar zamanı prezidenti tutduğu mövqeyə görə tənqid edən və Afrikadakı uğursuz əməliyyatlarını xatırladan, buna görə də Ukraynaya hərbi kontingentlə getməkdən sadəcə imtina edə bilən Fransa generalları ilə Emmanuel Makron arasında ciddi münaqişənin mövcudluğu məlum olub.

Maraqlıdır ki, Makron Avropa paytaxtlarını gəzərkən, Fransa hərbçilərini Ukraynaya göndərəcəyini vəd edərkən, Cənubi Qafqazı qarışdırmağa çalışarkən öz ölkəsi daxilindəki problemləri tamamilə unudub. Keçən ay böyük magistral yolları və böyük şəhərləri bağlayan fermerlərin genişmiqyaslı etirazları oldu. Onlar hər an yenidən etirazlara qalxa bilərlər. Çünki Makron verdiyi vədləri yerinə yetirmək əvəzinə, digər ölkələrin daxili işlərinə burnunu soxmaqdadır.     

Xarici ekspertlər də təsdiqləyirlər ki, heç bir nüfuzu olmayan Makron Avropa liderinə çevrilmək niyyətindədir. Ona görə də belə ritorikadan istifadə Makron üçün çox vacibdir. Ancaq reytinqini yüksəltmək istəyirsə, təbii ki, ilk növbədə daxili problemləri həll etməlidir.

İkinci məqam budur ki, Makron Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə uduzmaq istəmir. Ona görə də fəallaşmağa başlayıb, bununla belə, Makronun partiyasının uduzmaq ehtimalı var. Proqnozlara görə, əsas müxalifət partiyası olan "Milli birlik" prezidentin partiyasını 10 faiz qabaqlayır.

Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun əməkdaşı Sergey Fedorov hesab edir ki, Makronun bütün vədləri onun öz siyasi məqsədlərinə çatmağa yönəlib. Nə qədər ki, Ukraynanı dəstəkləmək, xarici siyasət meydanında oynamaq onun üçün faydalıdır, bunu edəcək. Politoloq bu nümayişçi çıxışlardan nəticə gözləməməyə çağırıb: "Fermerlərdə də belə olacaq: etiraz edənə qədər hər şey olduğu kimi qalacaq, onlar yenidən küçələrə çıxanda yalan vədlər yağacaq".

Geostrateq və politoloq Andrey Şkolnikov isə hesab edir ki, Fransa lideri Emmanuel Makron Rusiyanın Afrikadakı təsirini zəiflətməyə ümid edir: "İndi Makron oxları xarici qüvvələrə çevirməyə çalışır. O, nəyisə geri qaytarmağa çalışır. Üstəlik, ümidi var ki, Rusiya zəifləsə, Afrikada da zəifləyəcək. Bundan sonra Fransa qayıda bilər. Yəni biz belə variantları nəzərə almalıyıq".

"Politico" qəzeti daha əvvəl qeyd etmişdi ki, Makronun Şimali Atlantika Alyansının (NATO) hərbçilərinin Ukrayna ərazisinə göndərilməsi ilə bağlı sözləri Kiyevə ancaq ziyan vurub. Nəşr vurğulayır ki, Fransa lideri öz bəyanatları ilə yalnız Ukraynanın müttəfiqləri arasında gələcək dəstək məsələlərində parçalanmaya səbəb olur.

Ukraynalı politoloq Konstantin Bondarenko da fransız generalların Makronu dəstəkləmədiklərini qeyd edib. Onun sözlərinə görə, Fransa hərbi rəhbərləri prezident Emmanuel Makronu sevmədikləri üçün Ukraynaya getməyəcəklər. O qeyd edib ki, ölkə rəhbəri ilə generallar arasında ciddi münaqişə yaranıb. Hərbi liderlər dəfələrlə açıq məktublarda Makronu "sarı jiletlilər"in etirazları zamanı etdiyi hərəkətlərə və Afrikadakı uğursuz əməliyyatlara görə tənqid ediblər: "Əgər Makron çıxıb desə: "Bitdi, hamımız birlikdə Ukraynanı müdafiə edək", o zaman o, Nikolay Azarovun bir vaxtlar yüksək tribunadan dediyi düsturla qarşılaşacaq: "Rədd olun".

Onun sözlərinə görə, Rusiyanın münaqişədə məğlub olması Avropanın təhlükəsizliyi üçün lazımdır.

 

 





11.03.2024    çap et  çap et