525.Az

Bələdiyyə qanununa dəyişiklik nələri dəyişəcək?


 

Bələdiyyə qanununa dəyişiklik nələri dəyişəcək?<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanuna dəyişiklik edilir. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu günlərdə keçirilən iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsinə görə, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdiriləcək. Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.

 

Millət vəkili Tahir Rzayevin sözlərinə görə, "Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi" haqqında qanun layihəsi qüvvədə olduğu illərdə onun maddələrinə müraciət edilmiş və bu, öz müsbət nəticələrini verib. İki dəfə bu istiqamətdə islahatlar həyata keçirilib. 1300-dən çox bələdiyyə birləşib və ya ləğv olunub. Bu birləşmə və ləğv olunmaların səbəbi var və müəyyən reallıqlardan irəli gəlir. Çünki bələdiyyələr yaradıldığı ilk illərdə Konstitusiyanın tələblərinə uyğun olaraq vətəndaşların razılığı təşəbbüsü ilə hər bir yaşayış məntəqəsində yerli özünüidarəetmə orqanları yaradıla bilərdi: "Ümummilli lider Heydər Əliyevin tərtib etdiyi Konstitusiyada bu müddəaların irəli sürülməsi bilavasitə demokratiyaya, insanların hüquqlarına hörmətin ifadəsi idi və bələdiyyələrin azad seçkisini əsaslandırırdı. Lakin sonrakı dövrdə bələdiyyələrin fəaliyyəti göstərdi ki, kiçik bələdiyyələr, xüsusilə maliyyə bazası olmayan kadrları, yerində olmayan hər hansı bir vəzifəni yerinə yetirməyə qadir olmayan bələdiyyələrin birləşməsi və ya ləğv olunması zəruridir. Bu, həm insanlar arasında, həm də müəyyən dairələrdə bələdiyyələrə etinasızlığı formalaşdırır, onların fəaliyyətinə kölgə salırdı. Belə olduğu halda təbii ki, bələdiyyələrin birləşməsi, yaxud ləğv olunması vacibdir. Bu addım sonrakı mərhələlərdə müsbət nəticələrini göstərdi. Düşünürəm ki, bugünkü gündə də buna ehtiyac var. Çünki bir çox regionlarda fəaliyyət göstərən bələdiyyələr kiçikdir və onların işgüzarlığı hiss olunmur. Bu da əhalinin narazılığına səbəb olur".

Millət vəkili bildirib ki, bələdiyyələrə nüfuzlu, bu günün reallıqlarını dərk edən, dərindən qiymətləndirən, əhali ilə işləməyi bacaran insanlar rəhbərlik etməlidirlər: "Bu səbəbdən bələdiyyələrin birləşməsi, nəticədə iri bələdiyyələrin yaradılması bir zərurətdir. Çünki bu, xarici ölkələrin təcrübəsində də mövcuddur. Həmin ölkələrdə də əvvəllər əhalinin razılığı ilə bütün yaşayış məntəqələrində bələdiyyələr yaradılıb. Lakin sonradan onların ləğv olunması və ya birləşməsi bir zərurətə çevrilib. Hesab edirəm ki, bizim ölkədə də bu təcrübə nəzərə alınmalıdır. Çünki qarşıdan bələdiyyə seçkiləri gəlir. Bələdiyyələrin sayının azaldılması həm seçkilərin effektivliyinin artırılmasına, həm də gələcəkdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə müsbət təsirini göstərə bilər. Bu baxımdan bütün sahələrdə olduğu kimi, bələdiyyə orqanlarında da islahatların aparılmasına ehtiyac var".

Tahir Rzayev əlavə edib ki, bələdiyyələrin birləşməsindən sonra 700-ü qalacaq. Hesab edirəm ki, 700 bələdiyyə də çoxdur: "Çünki əhalisi bizimlə eyni sayda olan ölkələr var ki, orada 200 və ya ondan bir az artıq bələdiyyə fəaliyyət göstərir".

Millət vəkili Kamran Bayramov bildirib ki, cari ildə keçiriləcək bələdiyyə seçkisi də özlüyündə tarixi əhəmiyyət daşıyacaq. Çünki sözügedən seçkilər ilk dəfə ölkənin bütün ərazilərində keçiriləcək: "Doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız 25 il ərzində bələdiyyəyə seçmək və seçilmək hüququndan da məhrum olublar. Azad olunan ərazilərdə güclü, təkmil bələdiyyələrin yaradılması, ölkə üzrə bələdiyyələrin daha da gücləndirilməsi, maliyyə baxımından müstəqilləşdirilməsi məqsədilə bələdiyyələrin birləşdirilməsi prosesi aparılacaq. Bununla bağlı müvafiq layihə də artıq Milli Məclisə daxil olub".

Millət vəkilinin dediyinə görə, 25 il ərzində iki dəfə - 2009 və 2011-ci illərdə bələdiyyələrin birləşdirilməsi prosesi gedib: "1999-cu ildə ilk dəfə bələdiyyə seçkisi keçiriləndə 2700-dən artıq bələdiyyə mövcud idi və həmin birləşmələr nəticəsində onların sayı 1606-ya qədər endirilib. Hazırda bələdiyyələrin fəaliyyəti qənaətbəxş hesab olunmur. Onların 87 faizi kənd bələdiyyələridir və bir çoxunun maliyyə durumu da yaxşı deyil. Bələdiyyələrin həm yaxşı xidmət göstərmək, həm də özünü saxlaya bilməsi üçün maliyyə vəsaitinə ehtiyacı var. Bu baxımdan onların birləşməsi maliyyə imkanlarının artırılması və müstəqilləşməsi üçün bir vasitədir. Çünki bələdiyyələr birləşdikcə, böyüdükcə maliyyə imkanları, torpaq ehtiyatları artacaq, bu da vətəndaşlara daha yaxşı xidmət verməyə kömək edəcək. Bütün bunlarla yanaşı böyük bələdiyyələrin daha böyük vergi tutma bazası olur. Hesab edirəm ki, bələdiyyələrin birləşməsi qəbul olunmuş praktikadır və onların sayının azaldılması bələdiyyələri daha çevik, işlək quruma çevirəcək". Kamran Bayramov qeyd edib ki, azad edilən ərazilərdə yaradılacaq bələdiyyələr davam edən geniş quruculuq, abadlıq işlərinə uyğun şəkildə aparılmalıdır: "Çünki bu gün orada xüsusi idarəetmə modeli tətbiq edilir və Prezidentin xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Təbii ki, yeni yaradılacaq bələdiyyələr də eyni qaydada, yüksək səviyyədə işini qura bilməlidirlər. Hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinin yaxın gələcəkdə təkmilləşdirilməsi məqsədilə islahatların keçirilməsi zəruri və günün tələbidir".

Millət vəkili vurğulayıb ki, Seçki Məcəlləsinin 210-cu maddəsinə əsasən, əhalinin sayına görə bələdiyyələr formalaşıb və ən az 500 nəfərdən ibarət əhalisi olan yaşayış məntəqələrinin bələdiyyələri var idi: "Yeni layihəyə əsasən, həmin say 3 min nəfərə qaldırılacaq. Yəni əhalisi 3 min nəfərdən aşağı olan yaşayış məntəqəsinin bələdiyyələri ya ləğv ediləcək və ya birləşdiriləcək. Bu addım da xırda bələdiyyələrin kəskin şəkildə azaldılmasına və daha böyük, güclü bələdiyyələrin yaranmasına xidmət edəcək".

Millət vəkili Azər Badamovun dediyinə görə, bələdiyyələr yerli özünüidarəetmə orqanlarıdır. Bu baxımdan bələdiyyələrin fəaliyyəti və yerlərdə sakinlərə xidmət göstərmələri üçün büdcələri formalaşmalıdır. Bələdiyyələrin büdcələri əsasən yerli vergilərlə formalaşır. Əhalinin sayı az olan kiçik bələdiyyələrin büdcələrinin formalaşdırılması və hər hansı bir lahiyələrin icrasında iştirak etməsi çətin olur. Ona görə də kiçik bələdiyyələr birləşməli və daha çox insanları özündə cəmləşdirməklə böyük bələdiyyələr yaranmalıdır. Ölkəmizin əhalisinin sayına baxanda 1606 bələdiyyənin mövcudluğu ölkəmiz üçün çoxdur: "Əgər bələdiyyələrin sayı azalarsa, bələdiyyə büdcəsi vəsaitlərinə qənaət olunar və hər bir bələdiyyənin büdcəsinə yığılacaq vəsaitlərin həcmi də artmış olar. Bələdiyyələr də vəsaitləri cəmləşdirməklə yerli əhəmiyyətli məsələlərin mərhələli şəkildə həlli prosesində iştirak edə bilərlər. Bu baxımdan kiçik bələdiyyələrin birləşdirilməsini vacib hesab edirəm".

Millət vəkili Vüqar Bayramov bildirib ki, bələdiyyə institutunun gücləndirilməsi ilə bağlı siyasət davam etdirilir: "Bələdiyyələrin sayının optimallaşdırılması da onların səlahiyyətlərinin genişləndirilməsi və onların maliyyə dayanıqlığının möhkəmləndirilməsi məqsədi daşıyır. Büdcədən ayrılan təxminən 12 milyon manat vəsaitin 1606 bələdiyyəyə ayrılması və orta hesabla bələdiyyəyə düşən vəsaitin azlığı ondan xəbər verir ki, bu gün bələdiyyələrin maliyyə imkanları məhduddur. Bir tərəfdən bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Digər tərəfdən onların potensialının gücləndirilməsi ilə bağlı tədbirlərin genişləndirilməsi çox önəmlidir. Ona görə sayın optimallaşdırılması həm də onların səlahiyyətlərinin genişləndirilməsi və maliyyə imkanlarının artırılması baxımından çox vacibdir".

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bələdiyyələrin sayının azaldılması və böyüdülməsi doğru qərardır. Amma bu, yetərli deyil, növbəti, daha ciddi addımların atılmasına ehtiyac var: "Növbəti addım böyüdülmüş bələdiyyələrin səlahiyyətləri məsələsidir. Səlahiyyətləri artırılmalı, özlərinin büdcəsi olmalı, bələdiyyə ərazisində yaşayan insanlara xidmət keyfiyyəti yüksəldilməlidir. Bunun üçünsə seçkilərin formatı da dəyişdirilməlidir. Yəni böyük şəhər bələdiyyələri yaradılmalı və bələdiyyə sədrlərinin seçkiləri birbaşa həyata keçirilməlidir. İndi format fərqlidir, bələdiyyə üzvləri seçilir və üzvlər də özlərinə sədr seçirlər".

İqtisadçı bildirib ki, ölkədə bələdiyyələrin heç bir nüfuzu, ciddi səlahiyyəti, xalq arasında problemləri həll edən məkan obrazı yoxdur: "Bələdiyyələrin sələhiyyətləri artırılmalıdır. Eynən Türkiyə modelində olduğu kimi, bələdiyyə başqanı olmalı və həmin şəxs seçki ilə seçilməlidir. Bələdiyyələrin səlahiyyətlərinin artırılması, həm də bələdiyyə sədrlərinin birbaşa seçilməsi yönündə qanunvericilikdə dəyişikliklər olarsa, bu zaman bələdiyyə institutunun gücləndirilməsi və effektivliyinin artırılmasının şahidi olacağıq".

Sevinc QARAYEVA

 

 





11.03.2024    çap et  çap et