525.Az

Hanı bu itin yiyəsi?


 

SAHİBSİZ HEYVANLARA GÖRƏ KİMLƏR MƏSULİYYƏT DAŞIYIR?

Hanı bu itin yiyəsi?<b style="color:red"></b>

Bu günlərdə baş vermiş bir hadisə vaxtaşırı müzakirə olunan və təəssüf ki, bütün müzakirələrə və narazılıqlara baxmayaraq, öz həllini tapmayan məsələni yenidən gündəmə gətirdi. Martın 4-də Qaradağ rayonunda yerləşən "Qobu Park-3" yaşayış massivinin yaxınlığında 9 yaşlı məktəblini itin parçalaması barədə məlumat yayıldı və hadisədən sonrakı görüntülər internet portallarında, sosial şəbəkələrdə paylaşıldı.

Hadisənin səbəb və səbəbkarlarını müəyyənləşdirmək üçün çox uzağa getmədən Azərbaycan Respublikasının qanunvericiliyinə ümumi nəzər salmaq kifayətdir. "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nın "Sahibsiz heyvanlarla mübarizə" müddəasının birinci bəndində deyilir ki, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Təkcə bu bəndi əsas tutaraq heç bir təfsilata varmadan demək mümkündür ki, bu və bu tipli digər hadisələrin baş verməsində məsuliyyət daşıyan tərəf yerli icra hakimiyyəti orqanlarıdır. Lakin bir məsələni də unutmaq olmaz ki, yerli icra hakimiyyəti orqanları yalnız problemin qarşısını almaq naminə müvəqqəti tədbirlər görə bilər. Problemin köklü həll olunması üçün dövlət tərəfindən xüsusi proqramların hazırlanması, sahibsiz heyvanlarla bağlı Avropa standartlarına əsaslanan prinsiplərə nəzər salınması zəruridir.

Əvvəllər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti daxilində Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi var idi. Sonralar həmin idarənin fəaliyyətinin dayandırıldığı məlum oldu. Sözügedən idarənin taleyi sahibsiz heyvanlarla bağlı problemlərlə tərs mütənasiblik təşkil etdi. Ümumiyyətlə, mövcud problemlərin həll yolunda yaranan əngəllər aidiyyəti qurumların iş prinsipindən birbaşa asılıdır. Sahibsiz heyvanlarla Mübarizə İdarəsi isə yalnız fəaliyyətini dayandırmaqla özü üçün "çıxış yolu" tapıb...

Təbii ki, bir insan həyatı daha önəmli məsələdir və sağlamlığa zərər vuran bütün faktorlardan arınmaq vacibdir. Ta qədim zamanlardan təbiət insanlara bəxş etdiyi gözəlliklərlə yanaşı, onları baş verəcək təhlükələrlə mübarizə və özünümüdafiə üçün şərait yaradıb. Heyvanların əhilləşdirilə bilən qismi isə, əsasən, zərərsiz olduğundan insanlar həmin qismə nəvaziş, qayğı göstəriblər və onların da özləri ilə birlikdə bu təbiətin bir hissəsi kimi yaşaması mümkün olub. Təəssüf ki, heç də bütün heyvanlar, xüsusən, müzakirə predmetlərimizdən biri olan itlərin hamısı sahiblənməyib. Onların böyük qismi insan nəvazişindən kənardadılar. Bu isə itlərin bəzilərinin quduzlaşmasına, yaxud aqressivləşməsinə gətirib çıxara bilir. Bu kimi halları nəzərə alaraq "Sahibsiz heyvanlarla mübarizə tədbirləri"nin digər müddəalarında qeyd olunur ki, sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilməli, tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilə bilərlər. Bu isə yalnız evtanaziya yolu ilə mümkündür.

Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının (Good Word Animal Rescue & Protection) prezidenti Fərid Mansurov "525-ci qəzet"ə açıqlamasında qeyd edib ki, bu kimi halların yaşanmamasına görə sahibsiz heyvanlar üçün sınığacaqlar və onların qısırlaşdırma prosesi labüddür: "Qısırlaşdırmadan başqa, sahibsiz heyvanlar quduzluq əleyhinə peyvənd olunmalıdılar. Biz, birmənalı olaraq, Türkiyə modelini Azərbaycanda tətbiq etməliyik. Türkiyədə dövlətin tikdiklərindən əlavə, şəxsi təşəbbüslə yaradılan sığınacaqlar da var. Amma təbii ki, orada sahibsiz heyvanlarla bağlı xüsusi dövlət proqramı mövcuddur. Dövlət proqramı ondan ibarətdir ki, Türkiyədə hər bir bələdiyyənin nəzdində sahibsiz heyvanlar üçün sığınacaq var. O sığınacağa küçədəki bütün sahibsiz itləri yığıb gətirmirlər. Xüsusi öyrədilmiş insanlar yalnız aqressiv, insanlara narahatlıq yaradan itləri humanist yolla tutub həmin sığınacağa gətirirlər və aydınlaşdırmağa çalışırlar ki, bu it niyə aqressivdir, nə üçün insanlara hücum edir? Bir çox halda müəyyənləşir ki, həmin itlərin ya sağlamlığında problem var, ya da insanlar ona əziyyət veriblər deyə o, bu cür aqressivləşib. Bu cür itlər sona qədər sığınacaqda saxlanılırlar. Türkiyədə sığınacağa gətirilməyən və heç kəsə zərər vurmayan itlər isə qısırlaşdırılırlar, peyvənd olunur, sakit yaşayırlar".

F.Mansurov bildirib ki, vaxtilə heyvanlara sahiblənən şəxslərin sonradan onları küçəyə buraxması sahibsiz heyvanların sayının artmasının səbəblərindən biridir: "Bizim əməkdaşlar "Qobu Park-3" ərazisinin yaxınlığında hadisə baş vermiş yerə gediblər. Məndə bəzi videogörüntülər var. Həmin ərazidə sahibsiz itlərin sayı çoxdur. "Qobu Park-3" ərazisində sahibsiz heyvanların sayının çox olması təsadüfi deyil. Orada böyük bir dərə var və hamı ora zibil, qida tullantıları atır. Bu isə həmin ərazidə sahibsiz itlərin, bundan əlavə, tülkülərin, çaqqalların və qarğaların sayının çoxalmasına gətirib çıxarır. Problemlər kompleks şəkildə həll olunmalıdır ki, sahibsiz heyvanların sayı azaldılsın.

O sahibsiz itlər həmin əraziyə hansısa başqa planetdən gəlməyiblər. Onların da nə vaxtsa sahibləri olub. Hətta həmin ərazidə boynunda xaltası olan çox böyük Qafqaz çoban iti görüblər. Aydın olur ki, o it sahibsiz deyil, yaxud sahibi onu yenicə azdırıb. Bu məsələlər qanunvericiliklə tənzimlənməlidir ki, hər ürəyi istəyən vaxtilə sahibləndiyi iti küçəyə atmasın, azdırmasın, müvafiq qurumlara təhvil versin. Heyvana sahiblənirlər, sonra ürəkləri istəyəndə onu küçəyə buraxırlar. Beləcə sahibsiz heyvanların nəsli böyüyür və ac sahibsiz itlər problemlər yaradır. Buna görə Qərbi Avropada çox böyük cərimələr, hətta azadlıqdan məhrumetmə kimi cəzalar var. Məsələnin həlli qanunla həll olunmadığı müddətcə sığınacaqlar yaradılsa da, qısırlanma prosesi vüsət alsa da, sahibsiz heyvanları küçələrdən yığışdırmaq mümkün olmayacaq".

F.Mansurov onu da qeyd edib ki, konkret dövlət proqramı müəyyənləşdirilməli və yerli icra orqanlarının bu problemi həyata keçirməsi üçün büdcə ayrılmalıdır: "Bəzən insanların öz məsuliyyətsizliyi və rəhmsizliyi daha pis mənzərələrin yaranmağına gətirib çıxarır. Əgər biz heyvanlarla eyni təbiətdə, ərazidə yaşamağa məhkumuqsa, gərək heyvanların psixoloji vəziyyətini nəzərə alaq və kiçik yaşlardan etibarən fərdlərin maariflənməsini təmin edək. Ara-sıra sosial şəbəkələrdə heyvanlara əziyyət verən, onları sağlamlığına ziyan vuran insanların videoları paylaşılır. Bu isə bəzi insanların özlərinin psixi durumunun yerində olmamasının nəticəsidir. "Sabaha saxlamayaq" verilişinin müxbiri "Qobu Park-3" ərazisindən süjet hazırlayarkən bir məktəblidən soruşur ki, indiyə qədər belə hadisə baş vermişdi? Məktəbli cavab verir ki, bir dəfə bir qız iti əsəbiləşdirdi, it də onu yaraladı. Hər halda, məktəbin yaxınlığında insana hücum edəcək potensialda olan sahibsiz heyvanın olması qəbulolunmazdır. Amma heyvanlara münasibətdə də ehtiyatlı olmaqda fayda var".

Könüllü heyvansevər Hicran Məmmədova "525-ci qəzet"ə açıqlamasında 9 yaşlı azyaşlının xəsarət almasından kədərləndiyini bildirsə də, itlərin aqressivləşməsinin səbəblərindən biri kimi insanların onlara münasibətini nümunə gətirib və bununla bağlı maarifləndirici tədbirlərin labüdlüyünü vurğulayıb: "Məktəblərdə heyvanlarla davranış qaydaları ilə bağlı maarifləndirmə tədbirlərinə ehtiyac var. Uşaqlarda heyvanlara qarşı mərhəmət yaradılmalıdır. Onlara izah olunmalıdır ki, heyvanlar da bir canlıdırlar və həqiqət budur ki, onlar bu cəmiyyətdə bizimlə paralel yaşayırlar. Biz hamımız təbiətin bir hissəsiyik. Xaricdə sahibsiz heyvanlarla bağlı problemlər çoxdan həll olunub. Necə ola bilər ki, ölkə xaricində insanlarla heyvanlar yola gedə bilirlər, Azərbaycanda yox? Bəzən insanlarda heyvanlara qarşı dəhşətli aqressiya müşahidə edirəm. Bəzən elə valideynlərlə qarşılaşıram, onlar övladlarına başa salmırlar ki, itə, pişiyə təpik vurmaq olmaz. Təcrübə onu göstərir ki, heyvansevər uşaqlar gələcək həyatlarında çox mərhəmətli, insanpərvər olurlar".

H.Məmmədova bildirib ki, heyvanları öldürmək çıxış yolu deyil: "Təbii ki, dövlət tərəfindən hansısa tədbir görülməlidir. Sığınacaqlar yaradılmasa, "Qobu Park-3" ərazisində azyaşlının başına gələn hadisəyə oxşar hallar təkrarlanacaq... Bəzən itlərin güllələnməsi ilə bağlı xəbərlər yayılır. Bu, nəinki öz aramızda, hətta dünyanın heç bir yerində bizə başucalığı gətirməz. Güllələnmə çıxış yolu deyil. İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə nəzərdə tutulub. Bu maddədən irəli gələn tələblərə riayət olunmasına xüsusi nəzarət olunmalıdır. Heyvanları öldürmək həll yolu deyil, qısırlamaq daha münasib prosesdir".

Heyvanların hüquqlarının müdafiəsi insanların əlindədir. Sahibsiz heyvanları yaratdığı problemlərə görə nə məhkəməyə vermək mümkündür, nə də istintaqa cəlb etmək... Bəs insanların həyati təhlükəsinə görə kim təqsirləndirilməlidir? Elə insanların özü. Çünki aidiyyəti orqanlarda çalışanlar da bu cəmiyyətin bir üzvüdürlər və onların da övladları, nəvələri, kiçik qardaş-bacıları məktəbə gedirlər, həyət-bacada öz yaşıdları ilə oynayırlar. Bu gün qulaqardına vurduğumuz məsələ sabah sağalmaz yaralara səbəb ola bilər.

Əvvəl sahibləndiyi iti sonradan küçəyə atanlar da, heyvanların aqressivləşməsinə səbəb olanlar da, qeyri-qanuni yollarla heyvanları məhv edənlər də günahkardırlar. İnsan həyatını təhlükədən xilas etmək üçün addım atmamaq isə daha böyük məsuliyyətdir.

 

 





11.03.2024    çap et  çap et