525.Az

Çin-ABŞ-ın anlaşması dünyaya nə vəd edir? - Xaqani Cəfərli yazır


 

Çin-ABŞ-ın anlaşması dünyaya nə vəd edir? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

ABŞ və Çin arasında "buzların əriməsi" ilə bağlı fikirlər yayılmağa başlayıb. Bu prosesin sonucunun nədən ibarət olacağı hələ bilinməsə də, dünyanın aparıcı siyasi mərkəzlərində Pekinlə Vaşinqton arasındakı "buzların əriməsi"nin doğuracağı nəticələri müzakirə edirlər. Birlikdə dünya iqtisadiyyatının 40 faizini təşkil edən iki ölkə arasında münasibətlərin normalaşması özü-özlüyündə müsbət hadisə hesab olunur. Çünki bu vəziyyət iki böyük dövlət arasında "ticarət müharibəsi"nin baş verməyəcəyinin təminatı hesab olunur. Dünyanın çoxsaylı geosiyasi böhranlarla üzləşdiyi bir zamanda Çinlə ABŞ arasında "buzların əriməsi" son ayların ən böyük müsbət sürprizi hesab olunur. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Çinin xarici işlər naziri Vang Yi ilə 2021-ci ildə apardığı danışıqlar çox gərgin keçmişdi. Mətbuata sızan məlumatlardan məlum olmuşdu ki, danışıqlar o qədər gərgin olub ki, hər iki tərəf sözün əsl mənasında bir-birinə qışqırıb. Həmin görüşdən sonra iki ölkə arasında gərginlik yüksələn xətlə artırdı. Bəzən elə vəziyyət yaranırdı ki, iki dövlət arasında hərbi toqquşma zaman məsələsi idi. 2021-ci ilin payızından ötən ilin payızına kimi Çin təyyarələri 300 dəfəyə yaxın ABŞ və onun müttəfiqlərinin hərbi qüvvələrinə qarşı "əzələ nümayişi" etdirmişdi. Belə hadisələrin hərbi toqquşmaya səbəb olacağı ilə bağlı narahatlıqlar vardı. Lakin ötən il Çin dövlət başçısı Si Cinpinin ABŞ-a səfərinin ən yüksək səviyyədə keçməsi "buzların əriməsi"nə səbəb oldu. Si Cinpinin ABŞ-a səfərindən sonra Çin döyüş təyyarələri təhlükəli manevrlərini dayandırıblar. Bundan başqa, ABŞ-la Çin hərbçiləri arasında yüksək səviyyəli əlaqələr bərpa olunub. ABŞ-ın maliyyə naziri Janet Yellen və ticarət naziri Gina Raimondonun Çinə səfərləri də yüksək səviyyədə keçmişdi. Bütün bunlar münasibətlərin yaxşılığa doğru dəyişdiyini göstərir. Çin banklarının Rusiyaya qarşı Qərb sanksiyalarını dəstəklədikləri Pekinlə Vaşinqton arasında münasibətlərin normallaşmasının nəticəsi hesab olunur. Çin bu addımı ilə Rusiya, İran və Şimali Koreyadan ibarət "Şər oxu"na aid olmadığını nümayiş etdirir. Baxmayaraq ki, 2021-2023-cü illər arasında Çinlə Rusiya arasında ticarət demək olar ki, iki dəfə artıb. 2023-cü ildə Çinin Rusiyadan mineral yanacaq idxalı 94,7 milyard dollara çatıb. Çin həmçinin Rusiyadan xeyli miqdarda dəmir və digər filiz, alüminium, mis, buğda, Baykal suyu (çənlərdə və butulkalarda), ağac və digər mallar idxal edib. Rusiya isə Çindən avtomobillərdən tutmuş elektron oyuncaqlara qədər çoxlu istehlak malları alıb. Ticarət dövriyyəsinin artmasına baxmayaraq, Çin Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyanın möhtac olduğu silah-sursatı verməkdən yayınıb.

Pekinlə Vaşinqton arasında münasibətlərin yumşalmasına Çinlə Rusiya arasında münasibətlərdə son aylar müşahidə olunan soyuqluq da öz təsirini göstərib. Rusiya Silahlı Qüvvələrinin məxfi sənədlərinin Qərb mediasına "sızması" göstərdi ki, Moskva Çini potensial rəqib hesab etməkdə davam edir. Üstəlik, Çinin mümkün təcavüzünün qarşısını almaq üçün taktiki nüvə silahından istifadə etməyə hazırdır. Hətta Rusiyanın 2008-2014-cü illərdə hərbi təlimlərdə Çinə qarşı taktiki nüvə silahından istifadə edilməsini təlimə daxil etdikləri ilə bağlı gizli sənədlər də yayılıb. Rusiyanın hərbi doktorinasında taktiki nüvə başlıqları əsasən Avropa və Asiyada istifadə üçün nəzərdə tutulub. Asiya ifadəsi altında isə əsasən Çin nəzərdə tutulub. ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın arsenalında təxminən 2000 ədəd taktiki nüvə başlığı var. Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun strategiya, texnologiya və silahlara nəzarət üzrə direktoru Uilyam Alberkin məlumatına görə, Rusiya Çinlə sərhəddə müdafiəni gücləndirməyə davam edir. Rusiya Çinlə sərhədə nüvə başlıqlı raketlər yerləşdirib ki, bu raketlərin çoxunun mənzili yalnız Çini vurmağa imkan verir. Ötən ilin iyun və noyabr aylarında Çinlə həmsərhəd bölgələrdə nüvə yükü daşıya bilən İsgəndər raketlərinin istifadəsi sınaqdan keçirilib. Ekspertlər hesab edirlər ki, Moskva bununla Pekinə Rusiyanın Ukraynada "bataqlığa" batmasından sui-istifadə etmək niyyətinə düşməməsi ilə mesaj verib. Rusiya rəsmiləri bununla bağlı məlumatları şərh etmirlər.

Çin hakimiyyəti yavaşıyan iqtisadi artımla mübarizə aparmaq üçün ixracı ikiqat artırmaq niyyətindədir. Artıq zavodlar daxili bazar üçün lazım olandan daha çox avtomobil, avadanlıq və məişət elektronikası istehsal edir. İxracatı iki dəfə artırmaq niyyətində olan Pekin bu vəzifəni ABŞ, Avropa İttifaqı və Yaponiya ilə münasibətlərdə yumşalmaya nail olmadan həyata keçirə bilməyəcəyini yaxşı bilir. Pekində yaxşı anlayırlar ki, "Çin möcüzəsi" 1990-cı illərdə bir sıra liberal islahatlardan və Çinin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına daxil olmasından sonra Çin mallarının istehsalı və ixracı sayəsində mümkün olub. Çin avtomobillər, kompüter çipləri və mürəkkəb mühəndislik kimi yüksək texnologiyalı məhsulların ixracatını həyata keçirməyə çalışır.

Pekinlə Vaşinqton arasında "buzların əriməsi" hazırda Çinin maraqlarına tam uyğundur. Ancaq bu, Rusiya üçün ciddi problemlərə səbəb ola bilər. Hətta Çinlə ABŞ-ın yaxınlaşmasının Rusiyaya ilk zərərini verdiyini də söyləmək mümkündür. Rusiya şirkətləri Çin banklarına ödəniş edə bilmirlər. Bu prosesin davamlı xarakter alacağı halda Rusiyanın çox ciddi problemlə üzləşəcəyini əminliklə söyləmək olar. Şimali Koreyasının Rusiyaya artelleriya mərmiləri və raketlər göndərməsini dayandırması da Çinin ABŞ-la yaxınlaşmasının nəticəsi hesab olunur. Belə görünür ki, Çinlə ABŞ Rusiyanın maraqlarını nəzərə almadan yeni dünya düzəni ilə bağlı razılığa gəliblər.

 





11.03.2024    çap et  çap et