525.Az

F-35 müəmması


 

F-35 müəmması<b style="color:red"></b>

ABŞ-nin Ukraynaya dəstək məqsədilə Rusiyanın zenit-raket sistemlərinin dəqiq yerlərini müəyyən etmək üçün Ukraynaya beşinci nəsil çoxfunksiyalı F-35 qırıcı təyyarəsi göndərməsi haqqında məlumat rəsmən təkzib edilməsinə baxmayaraq, müzakirə mövzusu olaraq qalmaqdadır. ABŞ Müdafiə Nazirliyinin əminliklə bu məlumatı təkzib etməsi təsadüfi deyil. F-35 qırıcısının Ukrayna səmasında olub-olmamasını sübut etmək çox çətin, indiki şərtlər çərçivəsində isə mümkün deyil. Buna görə də Rusiyanın dövlət orqanları və rəsmi şəxsləri bu məlumata münasibət bildirmirlər. Çünki Rusiyanın bu məlumatı təsdiq və ya təkzib etmək imkanı yoxdur. Məsələ ondan ibarətdir ki, Rusiyanın Müdafiə Nazirliyi bir neçə il öncə F-35 qırıcılarının yerini müyyən edə biləcək radarlara malik olduqlarını bəyan etmişdi. Rusiya ilə yanaşı, İran da F-35-lərin radarlardan tamamilə gizlənə bilmədiyini açıqlamışdı. Ehtimal edilir ki, bu məlumatlar o zaman F-35-lərin gerçək beşinci nəsil qırıcı olmadığı rəyini yaratmaq üçün istifadə edilib. İndi Rusiya özü bu siyasətinin əsirinə çevrilib. Ona görə Sinqapurun müdafiə naziri Ng Eng Hen Amerika F-35-lərinin Ukraynada Rusiyaya qarşı müharibədə xüsusi missiya ilə iştirak etdiyini açıqlayıb. Bu missiyanın məqsədi Rusiyanın zenit-raket sistemlərinin dəqiq yerlərini müəyyən etməkdir. "Birləşmiş Ştatlar son fəaliyyətlərində Rusiyanın zenit-raket sistemlərinin Ukrayna ərazisində yerləşdirilməsini müəyyən etmək üçün F-35-ləri səfərbər edib. Toplanan kəşfiyyat məlumatları sonradan NATO ölkələri ilə paylaşılır". Bu məlumatı müdafiə naziri parlamentin dövlət satınalmaları komitəsinin iclası zamanı açıqlayıb. Sinqapur Müdafiə Nazirliyi Lockheed Martin-dən səkkiz ədəd əlavə F-35A qırıcısı almaq niyyətindədir. Bu istəyini gerçəkləşdirmək və qanunvericilərin razılığını almaq üçün müdafiə naziri Ng Eng Heng F-35-lərin üstünlüklərinə dəlil olaraq məhz Ukraynanın Rusiyaya qarşı uğurlarını göstərməyə çalışıb. Sinqapur Müdafiə Nazirliyinin rəyinə görə, F-35 "radioelektron tozsoran" kimi bütün məlumatları toplamaq iqtidarındadır. F-35-lər müxtəlif kəşfiyyat məlumatlarının toplanmasına kömək etmək üçün ən müasir avadanlıqlarla təchiz edilib. Bura APG-81 AFAR radarı, AN/ASQ-239 elektron müharibə sistemi və elektro-optik EOTS sistemi daxildir.

Pentaqon F-35-lərin Ukraynada istifadə edilməsi ilə bağlı məlumatı təkzib etməyə çalışdığı bir zamanda BulgarianMilitary.com-un ötən ilin aprelində yaydığı bir məlumat yenidən gündəmə gəlib. Həmin məlumatda F-35-in pilotuna istinadən Pentaqonun beşinci nəsil qırıcılardan Belarus-Ukrayna sərhədi yaxınlığında yerləşdirilən Rusiya S-300 sisteminin yerini müəyyən etmək üçün istifadə olunduğundan bəhs edilirdi.

Hərbi ekspertlər Rusiyanın son bir ayda 15 müasir döyüş təyyarəsini itirməsinin müəmmalı olduğuna diqqət çəkirlər. Ukrayna Silahlı Qüvvələrinin bu uğurunun səbəbləri kimsəyə aydın deyil. Ona görə də, Sinqapur üçün müdafiə naziri Ng Eng Hengin açıqlaması bu müəmmaya müəyyən qədər aydınlıq gətirməyə imkan verir.

Məlumatlı şəxslər isə Ukraynanın səmada son uğurlarının səbəbinin F-35-lərlə deyil, bir cüt F-16-sı ilə bağlı olduğnu qeyd edirlər. Məlumata görə, bir cüt F-16 hələlik döyüşlərdə iştirak etmir, ancaq kəşfiyyat məlumatlarının toplanması üçün istifadə olunur. Ukrayna Silahlı Qüvvələrinin bir ay ərzində Rusiyanın 15 döyüş təyyarəsini məhv edə bilməsi də bu kəşfiyyat məlumatları ilə izah olunur. Hərbi ekspertlər iddia edirlər ki, əgər gözlənildiyi kimi Ukraynaya iki yüz ədəd F-16 və digər qırıcılar verilsə, bu, müharibənin taleyini qısa zamanda kəskin dəyişəcək.

 





12.03.2024    çap et  çap et