525.Az

Qadınlar haqqında 8 aforizm Sosial şəbəkədə yazılanlar


 

Qadınlar haqqında 8 aforizm Sosial şəbəkədə yazılanlar<b style="color:red"></b>

Etibar Əliyev, millət vəkili:

- Qadınlar haqqında 8 aforizm:

"Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir" (Avreli Avqustin).

"Qadın, kişinin diqqətindən çox diqqətsizliyinə qarşı həssasdır" (Jül Janin).

"Qadın ömürdən şirin, ölümdən acıdır" (Süleyman Peyğəmbər).

"Qadın özündən aşağı zənn etdiyi kişini sevə bilməz" (Jorj Sand).

"Qadın zərif şüşə kimidir - möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər" (Servantes).

"Qadının ən böyük düşməni səbirsizliyidir" (Jan Pol Rixter).

"Qadının həmişə üç yaşı olur: biri görünən yaş, biri həqiqi yaş, o biri də onun özünə verdiyi yaş" (Alfons Karr).

"Qadınlar qorxanda daha təhlükəli olurlar" (Robert Berns).

 

İttifaq Mirzəbəyli, jurnalist:

- Biz "Dədə Qorqud", "Babək", "Nəsimi", "Yeddi oğul istərəm" filmlərini çəkəndə türklər ancaq Şabanı çəkirdilər. İndi onlar göyün üzündə, biz isə birinci mərtəbədəyik. Bu gün türk sinema sənayesi ağıla gəlməyəcək dərəcədə inkişaf etmişdir. Kaş yeni addım bizim üçün də uğurlu olsun!

Milli kinomuzun sabahına xidmət edəcək bu addımı atanlara eşq olsun!

 

Ləman Ələşrəfqızı, jurnalist:

- Arzu Bağırova ilə məni onunla rəhmətlik Qənirə Paşayeva tanış etmişdi. İstanbulda - 2018-ci ildə. Mən Əhməd bəy Ağoğludan bəhs edən "Nəhəng və firəng" filmimi çəkirdim. Qənirəylə 3 gün sərasər Feriköy məzarlığında çəkilişlər etdik. Arzu xanımı da o günlərdə tanıdım.

O vaxtdan 6 il  keçib. Çox şey dəyişib. Arzu Bağırova ölkənin ictimai-siyasi həyatında özünü tanıdıb, təşkilatı - Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi bir çox uğurlara imza atıb. Amma bu uğurlara sevinən Qənirəmiz həyatda yoxdur. Bu gün "Hilton" oteldə keçirilən tədbirdə ən çox danışılan isim Qənirə oldu. Yerin cənnət olsun, əzizim.

Uğurlarınıza sevinək, Arzu xanım.

 

Asif Nərimanlı, jurnalist:

- Fransanın İrəvandakı səfiri Olivye Dekotini Ermənistanda İranla birlikdə Azərbaycana qarşı planlar qurduqlarını etiraf edib. Səfir qeyd edib ki, "İranla bir çox məsələdə fikir ayrılığımız var, amma Ermənistanın müdafiəsi razılaşdığımız məsələdir".

Tehran və Parisin İrəvanı qoruduğu, Bakıya qarşı ortaq məxrəcdən çıxış etdiyi sirr deyildi, fransız səfir bunu etiraf edib.

- 44 günlük müharibədə Azərbaycan Ordusunun dayandırılması məqsədilə paralel şəkildə işləyirdilər;

- 2023-cü ilin 20 sentyabrına qədər Qarabağdakı separatçıları hər iki ölkə dəstəkləyirdi;

- Ermənistan sərhədinin qorunması və Zəngəzur dəhliz layihəsində eyni mövqedən çıxış edirlər.

İstisna deyil ki, Tehran və Paris Ermənistanın müdafiəsi məqsədilə müxtəlif kanallarla qapalı təmaslar da qurur və addımlarını koordinasiya edir. İndiyə qədər baş verənlər də bu ehtimalı gücləndirir. Azərbaycanı "bölgəyə xarici qüvvələr gətirməkdə" ittiham edən İranın Fransanın Ermənistan üzərindən Cənubi Qafqazda hərbi mövqelər əldə etməsinə susması da bundan qaynaqlanırdı. Son dövrlər Tehranın "regiona xarici oyunçuların gətirilməsi" məsələsində reallığı gördüyünə dair məlumatlar var. Paşinyanın müavini Mher Qriqoryanı Tehranda qəbul edən İran prezidenti İbrahim Rəisi bu barədə xəbərdarlıq etmişdi. Lakin bu, İran və Fransanın Ermənistanla bağlı ortaq mövqeyinin dəyişməsi demək deyil.

Birincisi, Tehran Fransa qüvvələrinin Ermənistanda yerləşməsinə qarşı praktiki addım atmayıb, əksinə, Rusiyanın mövqelərinin zəifləməsindən istifadə edərək, İrəvana dəstək məqsədilə Zəngəzurda hərbi baza yaratmaq planları qurur;

İkincisi, Fransanın lobbiçiliyi ilə Hindistandan Ermənistana silahların İran üzərindən daşınması həyata keçirilir;

Ermənistanın müdafiə naziri Suren Papikyanın bu gün İrana səfəri də bu ölkə ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyə və silah daşınmasında Tehranın tranzit rolunu gücləndirməyə hesablanıb.

 

Elxan Şahinoğlu, politoloq:

- Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyə çalışması xəbəri beynəlxalq aləmdə hələ də müzakirə edilir, ciddi narahatlıq var. Rusiyanın kosmosda nüvə silahı yerlədirməsi çalışmalarına başlamasına dair məlumatları ABŞ kəşfiyyatı yayıb. Vəziyyət o qədər ciddidir ki, ABŞ Konqresində bununla bağlı "milli təhlükəsizliyə ciddi təhdid" mövzusunda qapalı toplantı keçirilməli idi. Təhlükə həm də ondan ibarətdir ki, Rusiya kosmosda nüvə silahı yerləşdirməyə çalışsa, nüvə silahına malik digər ölkələr də özlərini qorumaq üçün eyni prosesə başlayacaqlar. Bəşəriyyət üçün başqa təhlükə də yarana bilər. Rusiya texnologiyasına etibar yoxdur və bu ölkənin kosmosda yerləşdirmək istədiyi nüvə silahının nəzarətdən çıxmayacağını vurğulamaq çətindir.

"The New York Times" dərgisinin məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken mövcud təhlükəylə bağlı çinli və hindli həmkarıyla ilə ayrı-ayrılıqda müzakirələr aparıb. Blinken Pekinin və Dehlinin Kremlə təsir etmələrini istəyib ki, Rusiya hakimiyyəti təhlükəli planlarından imtina etsin. Blinkenin fikrincə, Çin lideri Tsi Cinpin və Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə bu barədə danışmalıdırlar. Vaşinqtonda hesab edirlər ki, Kreml sahibi planlarından imtina etməsə bu fəlakətə səbəb olacaq. Kosmosda Çinin və Hindistanın da süni peykləri var. Fəzada nüvə partlayışı ABŞ-la yanaşı, Çinin və Hindistanın peyklərini də sıradan çıxaracaq. Əgər belə bir hal varsa, bu, Azərbaycanın kosmosda olan peyki üçün təhlükə yaradacaq. Pekinin Kremlə bu məsələylə bağlı təsir edəcəyi çətindir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda da Vaşinqton Pekindən xahiş etmişdi ki, müharibəni dayandırmaq məqsədilə Kremlə təsir etsin. Pekin nəinki müharibədən narazılığını bildirdi, tam əksinə, müharibənin davam etdiyi iki ildə Rusiya ilə strateji tərəfdaşlığını gücləndirdi. Pekin müharibəni dayandırmaq üçün səy göstərsəydi, bu, Çin-ABŞ münasibətlərinə müsbət təsir edərdi. Ancaq Çin Tayvan ətrafında hərbi gücünü artırmaqla ABŞ və ətraf ölkələrlə münasibətlərin gərginləşməsi siyasətinə üstünlük verdi.

Pekin Vaşinqtondan tələb edir ki, Tayvana dəstək verməsin, "vahid Çin" siyasətini qəbul etsin. Vaşinqton Çinin ərazi bütövlüyünə hörmət etməklə yanaşı, Tayvanın güc yolu ilə Çinə birləşdirilməsinin əleyhinədir və buna mane olmağa çalışır. ABŞ Konqresi Tayvana hər il maliyyə yardımı ayırır və adaya hərbi texnika göndərir. ABŞ-da prezident seçkisindən sonra da Vaşinqtonun Çinlə münasibətlərinin normallaşacağını gözləmək çətindir.

Bu arada, Çinin 2024-cü ildə müdafiə xərclərini 7,2% artıraraq 230,6 milyard dollara çatdıracağı bildirilib. Çin artıq 9-cu ildir ki, müdafiə xərclərini artırır. Pentaqon üçün hazırlanan hesabatda qeyd edilib ki, Çin 2022-ci ildə 400 nüvə başlığına malik idisə, bir il sonra bunun sayı 500-ə çatıb. Proqnozlara görə, Çin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına malik olacaq və qitələrarası mənzilli ballistik raketlərinin inkişafını sürətləndirəcək.

Buna baxmayaraq, "Bloomberg" agentliyinin məlumatına görə, Çin ordusundakı korrupsiya halları azalmayıb. Çin lideri Tsi Cinpin bundan çox narazıdır. Əsas problemlər Çinin raket bilrliklərindədir. Halbuki bu qoşun birlikləri Tayvanın ələ keçirilməsində əsas rol oynamalıdır. Məlum olub ki, raketlər keyfiyyətsiz yanacaqla doldurulub. Bu isə həmin raketlərin hədəfə çatma ehtimalını azaldıb. Buna görə də raket qoşunlarında yoxlamalar başlayıb və xeyli zabit həbs olunub.

 

Vüqar Bayramov, millət vəkili:

- Fevral ayındakı kəslin dollar tələbindən sonra xarici valyuta sifarişi yenidən stabilləşməkdədir. Bu gün keçirilən hərracda cəmi  68,9 milyon dollar sifariş olub. Qeyd edək ki, fevral ayında hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınmışdı ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çox idi. Mart ayında dollar tələbinin stabilləşməsi müsbət haldır. Bununla yanaşı, mart ayında xarici səfərlərin sayının çoxluğunu nəzərə alaraq Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir.

Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatının təhlili göstərir ki, bu ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.

Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edə bilər.

Bütün bunlar kontekstində isə, dollara tələbin stabilləşməsi Mərkəzi Bankın valyuta bazarına təsir imkanlarını genişləndirir. Bu növbəti mərhələdə intervensiyanın sterilizasiya ilə əvəzlənməsinə gətirib çıxara bilər.

 

İradə Tuncay, Əməkdar jurnalist:

- Bu gün Azərbaycanın neçə-neçə xalq artisti, Murad Rzayevin  rəhbərlik etdiyi "Qarabağ bülbülləri"nin yetişdirməsidir. Hərçənd ki çıxışlarında Murad müəllimin adını çəkmirlər.

Müharibə başlayanda Ağdam  darmadağın olan kimi bu ansambl da dağıldı. Ansambl üzvlərinin  çoxu "Gəl, danış" proqramında Kremldə hamını heyrətə salan bülbüllərdən biri Nazim müəllimin  dediyi kimi, ailəni dolandırmaq  üçün bu sənətdən əl çəkdi.

Yeri gəlmişkən, "Qarabağ bülbülləri" haqqında ən gözəl filmi Xamis Muradov və rəhmətlik Aydın Dadaşov çəkmişdi və bu film də  Azərbaycan Dövlət Mükafatına  layiq görülmüşdü. Bilmirəm, yutubda var, ya yox, varsa, açın baxın. Bu film "Qarabağ bülbülləri"nin sonrakı  həyatlarından bəhs edir. 

Aradan müəyyən illər keçəndən  sonra Murad Rzayev Bakıda yaşayan ağdamlı "pionerləri" arayıb-axtarıb ansamblı yenidən  təşkil elədi. Və bir dəfə də məni  çağırdı ki, gəl, məşqimizə qulaq as. Getdim gördüm ki, məşqi Nərimanov rayonunda bir zirzəmidə keçirlər. Evləri-eşikləri dağılmış, yurd-yuvalarından perikmiş bu "pionerlərə" normal bir məşq yeri ayırmamışdılar.

Aqil Abbas yazır - "Qarabağ bülbülləri"ni Murad Rzayev deyil, nemeslər yaradıb...

 





11.03.2024    çap et  çap et