525.Az

Ədəbi köşk: Nə var, nə yox?


 

Ədəbi köşk: <b style="color:red"> Nə var, nə yox?</b>

Rubrikamıza gələn iradlardan biri də odur ki, niyə kişi yazıçı-şairlərlə bağlı mövzular üstünlük təşkil edir, qadınlara az yer verirsiniz?.. Məsələ budur ki, köşkümüz mühitdə nə baş versə, ona işıq salır. Bir hadisə, yenilik olmasa, ünvansız, mücərrəd nə yazmaq olar?!

Əlbəttə ki, tarixən Azərbaycan ədəbiyyatında istedadlı qadın yazıçı və şairlər olub, bu gün də var... 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadın qələm əhlini təbrik edir, cansağlığı, səadətli günlər arzulayırıq! Yazın, yaradın, sevilin, sevin, əziz qadınlar!

***

"Akop Martayan türkcəsi", "Füzuli ermənisi", ya "nəsli kəsilmiş mamont?"

Həftənin polemikası Seymur Baycan, Zamin Hacı, Mirmehdi Ağaoğlu üçbucağı ilə yadda qaldı. Amma bu üçbucaq fərqli idi; bucaqlar kəsişmədi, çarpazlandı.

Seymur Baycanın "Ölüvay gənclik" adlı yazısı yayımlandı. O, yazının sonunda yazıb ki, təəssüflər olsun, gənclərdə xarakter, mübarizlik, döyüşkənlik, əzm yoxdur, gənclik yaxşı mənada, dava-dalaş, mübarizə, müqavimət, razılaşmamaq, axına qarşı üzmək deməkdir. İndiki cavan yazarları "ölüvay, xaraktersiz" adlandıran Seymur Baycan bəzi ərkiçatan gənclərin adını çəkib ki, bəs siz yazmalısınız, axına qarşı getməlisiniz.

Seymur Baycan "Ölüvay gənclik" yazısını Mirmehdi Ağaoğlunun Xocalıdan yazdığı reportajı oxuyandan sonra yazıb. Mirmehdinin dilini tənqid edən müəllif yazır: "Niyə mənim dilim Akop Martayan türkcəsinin təsirinə məruz qalmır, amma Mirmehdi bəyin dili Akop Martayan türkcəsinin təsirinə məruz qalır? Məncə, Zamin Hacıdan, Şərif Ağayardan tutmuş ta Elxan Elatlıya qədər dili Akop Martayan türkcəsi tərəfindən aşınmaya məruz qalaraq moltanı dilinə çevrilmiş hər bir qələm adamı bu sualı özünə verməlidir".

Yazının ardınca Orxan Saffari Zamin Hacıdan bir müsahibə alıb və Seymur Baycanın ona tez-tez "ilişməsi" ilə bağlı sual verib. Zamin Hacı Seymur Baycanın istedadlı adam olduğunu deyib, dil məsələsində isə bir az acıqlanıb: "Seymur Baycan özü nəinki Azərbaycan dilini, heç Türkiyə türkcəsini də bilmir. Bilsə, hərdən irad tutduğu sözlərin mənşəyini bilərdi. Hərdən mənə elə gəlir, Seymur Füzuli ermənisidir".

Mirmehdi Ağaoğlu isə Seymur Baycanın ona dil-üslubla bağlı tutduğu iradlar barədə bir yazı yazıb. Deyib ki, Tiflisdə ömür sürən Seymur Baycan türk dilinin Azərbaycanda qarşısıalınmaz arealından bixəbərdir və hətta maraqlı bir müqayisə aparır: "Qələmə dostumun bu yerli-yersiz mühafizəkarlığı mənə təkamül prosesindən çıxa bilməyən canlıları, məsələn, mamontları xatırladır".

Seymur Baycanın "Akop Martayan türkcəsi" ifadəsinə Zamin Hacının "Füzuli ermənisi", Mirmehdi Ağaoğlunun "Nəsli kəsilmiş mamont" bənzətməsini sərt cavab atəşi kimi qələmə vermək olar.

Maşallah, özünüz maraqlı "atışırsınız", gənclikdən nə "dirivaylıq" gözləyirsiniz?

***

Özü ağ günə çıxıb camaatı ağladan yazıçı haqqında hekayə

Avtobus dayanacağa çatdı. Bir nənə orta qapının qabağında dayandı, ancaq qapı açılmadı. Əvvəl nənə, sonra yanındakılar xorla hayqırmağa başladılar:

- Qapını aç, qapını aç!

Qapı açılmırdı. Açılmırdı...

Axırda, Qan Turalı bir ziyalı kimi ayağa qalxıb dedi:

- Sevginin qapıları kimi bu qapı da üzümüzə bağlanıb. Fələk darvazamızı vurubdu.

Şofer gəlib Qan Turalını qucaqladı, hönkürdü. Camaat da ağlaşdı.

Qapı açıldı, nənə düşdü.

Həəə, hekayəmiz qısadı, gözəldi. Amma qəribə bir məsələ var. Qan Turalı, maşallah, son vaxtlar xoşbəxtdir. Müəllifi olduğu serial da "İctimai"də yayımlanmağa başlayıb. Amma özü pafoslu çıxışları ilə qara camaatı ağladır.

İnsafın olsun, Qan Turalı...

P.S. "Gündəlik" münasibəti ilə Qan Turalını təbrik edirik!

***

Ac və yuxusuz yaxşı ədəbiyyat yaratmaq olar?!

Tural Cəfərli yazır ki, yazıçı ancaq özünü düşünməlidir, eqoist, əlçatmaz olmalıdır, ictimai nəqliyyatdan istifadə etməməlidir, bu, onun yaradıcılığına pis təsir edir. Deyir, bizdə isə yazıçı nə özünü düşünür, nə eqoistdir, nə də əlçatmazdır, ona görə də ortada bir iş yoxdur...

Tural Cəfərli ortada nəsə olmamağa "bəraət" qazandırıb, amma uğurlu deyil. Əvvəla, ortada bir şey yoxdur demək də olmaz. İkincisi, tutalım, yoxdursa, bu o əlçatmazlıq məsələsindən asılı deyil.

Bircə xanım həmin fikirlərə rəyində yazır ki, ac yazıçıdan, məişətini təmin etmək üçün durmadan çalışan adamdan nə ummaq olar?

Həəəə, bax bu, hardasa, arqument ola bilər.

Salman Mümtaz Mirzə Ələkbər Sabirdən soruşub ki, "Gözəlim" ünvanlı şeirinizin 3-cü və 5-ci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi və hikməti nədir? Sabir cavab verib ki, hikməti və səbəbi mürgüləməkdir, çox işləyirəm, o şeiri də Haşım bəyin mətbəəsində gecəyarısı yazmışam və yazarkən mürgüləyib sonra da yuxulamışam, yuxudan ayılandan sonra da mabədini yazmışam, şeir təb olub (çapdan çıxıb) gələndən sonra səhvimi başa düşmüşəm ki, bu da çox gec idi. Mümtaz xəbər alıb ki, mətbu şeirlərinizin hansını çox bəyənirsiniz? Deyib, heç birini, bəyəniləsi şeirləri sonralar yazacağam. Mümtaz soruşub ki, nə vaxt?

Sabirin cavabı isə özünəxasdır: - Mürgüləməyəndə...

***

Şam kimi işıq saçıb əriyənlər...

Türkiyədə olanda bir yaşlı kişi danışığımızdan azərbaycanlı olduğumuzu anladı. Dedi ki, sizin bir qeyrətli qızınız var idi - Qənirə xanım... Elə bildim, incəsənət adamıdır. Sonradan məlum oldu ki, yox. Bu hal dəfələrlə təkrarlandı. Gördüm ki, Qənirə xanımın şanı Türkiyə ilə birdir. 7 mart doğum günü idi... Bu gün isə qadınlar bayramıdır. Eyni dövrdə yaşadığımız ən mərd qadınlar sırasında adını rəhmətlə anırıq, Qənirə xanım!

İbrahim İlyaslı yazır: "Hamının və hər kəsin qayğılarına vaxt ayırdın, bircə özündən başqa. Fədai ömrü yaşadın. İlk baxışdan sezilməsə də, bu, belə idi. Mən bunu görür və duyurdum. Manisadakı səfərimiz zamanı səhnədə çıxış edərkən özünü pis hiss etdin, amma çıxışını sona çatdırdın. Alqışlandın..."

Bu gün də alqışlayırıq...

***

Özünü od tutdu, ruhuna su səpək...

Mərhum Natiq Səfərlinin necə usta tərcüməçi və redaktor olduğu yazı-pozu əhlinə məlumdur. Onun faciəvi ölümü Azərbaycan ədəbiyyatı üçün ağır itki idi... Bu gün onun övladı, istedadlı qələm adamı Günel Natiq ağır xəstəliklə mübarizə aparır. Özü bu həyatdan od tutub köçdü, övladını xilas edib ruhuna su səpək...

Əyyub Qiyasın və onlarla paylaşım edən qələm adamının səsinə səs verək: "Günelin xəstəliyinə hələ də inana bilmirəm. Biz Günelə sahib çıxmalıyıq. Günel bizə Natiqin əmanətdir. Mən inanıram ki, Günel Natiq bu xalqın duaları ilə, dövlətimizin qayğısı ilə sağlamlığına qovuşacaq. Bizdən asılı olanı etməliyik. Ən azından özümüz öz Günelimizə sahib çıxmalıyıq".

***

Uşaqlıq haqqında roman, həqiqətən, çətindirmi?

Gənc yazıçı Məlik Rza uşaqlıq haqqında roman yazmaq məsələsindən bəhs edib və fikirləşir ki, yazsa, Bernhard yazardı, o da ölüb: "Romançı üçün ən çətini uşaqlıq haqqında roman yazmaqdır. Dünyamızın yaşayan böyük yazıçılarının sırasında imzasını sabitləyən Pamuk belə bunu bacarmayıb. Onun "Pəncərədən baxmaq" adlı, uşaqlıq dönəmini qucaqlayan hekayəsi heç bir romanının fəsli ola bilməzdi, əminəm. Hekayələr bol olsa da, romanlar demək olar ki, yoxdur. Yazsa, Bernhard yazardı. O da ölüb".

Bernhard ölüb, neynək, bizdən kimsə yaza bilər?

***

Təzə nə var?

Xəzər Süleymanlının Heydər Əliyev sarayında konserti anşlaqla keçib. Bunu Aqşin Evrən xəbər verir: "Xəzər Süleymanlının ötən gün Heydər Əliyev sarayında keçirilən musiqili-teatral poeziya gecəsi hər detalı ilə möhtəşəm idi. Nə gözəl ki, belə tarixi şeir axşamı ölkəmizdə baş tutdu və anşlaqla keçdi".

***

Bu il Məhəmməd Hadinin 145 illiyidir. Bu mövzuda Xalq şairi Sabir Rüstəmxanlı yazır: "Bu il Azərbaycanın böyük istiqlal şairi, romantik ədəbiyyatımızın ən parlaq simalarından biri Məhəmməd Hadinin anadan olmasından 145 il keçir. Hadi Şamaxı zəlzələsindən sağ çıxıb Azərbaycan ədəbiyyatında bir zəlzələ yaratdı..."

***

Ulucay Akif Xalq artisti Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməyinə əsəbiləşib: "Niyə bu kino cameəsindən bir adam da çıxıb demir ki, "ay qardaş, axı kino ittifaqının sədri niyə aktyor olmalıdır?" Rasim Balayev kino adına nə edə bilər axı, uzağı, filmə çəkilə bilər..."

***

Naşir İlkin Tomar qalmaqallıq fikirlər səsləndirib: "Naşirin çağdaş Azərbaycan yazıçısına verdiyi dəyər: 1 AZN. Bu "dəyər" vermə ilə üç-dörd ilə yerli qələm sahiblərinin kitablarının biri yox, kilosu 1 AZN olsa, təəccüblənməyin".

Güman ki, bununla "Qanun" nəşriyyatının endirimlərinə söz atır. Yəqin, ucuz satılan kitablar İlkinin "bazarı"nı öldürür...

***

Qiraətçi və şair kimi tanıdığımız Raqif Raufoğlunun "Ustad" adlı romanı çap olunub.

***

Feysbukda Malik Atilayın bir statusu qarşıma çıxdı: "Bir ildən çox olardı ki, bircə misra belə şeir yaza bilmirdim, ya da yazmaq istəmirdim. Son 2 həftədə isə gah yolda, gah işdə, gah yemək yeyərkən yazdığım misralar bir-birinə qarışıb şeir oldu..."

Həmin statusun ardınca Tural Cəfərlinin fikirlərini oxudum: "Adam hər gün şeir yazar? Belə olmaz! Arada dincəlmək lazımdır. Gedim bir şeir yazım..."

Artıq Markın da söhbətlərdən xəbəri var, şeirli fikirləri sinxronlaşdırır, ard-arda təqdim edir...

***

Səbuhi Şahmursoyun gənclərə 7 nəsihəti:

1. Xoşuna gələn şeylərdən yazmaq.

2. Öz mətnini adekvat qiymətləndirmək.

3. Ədəbiyyatı reallığın alternativi kimi görmək.

4. Yalnız bitmiş mətnin uğuruna inanmaq.

5. Qarşına real tapşırıqlar qoymaq.

6. Səbir göstərmək.

7. Özünü yazıçı hiss eləmək.

***

Həmid Piriyevin paylaşdığı duzlu əhvalatla köşkümüzün qapısını indilik bağlayıram:

"Şüvəlanlı Axund Yavərin oğlu Fail də şeir yazır, hərdən onu toylarda da görə bilərsiniz.

Axund Yavər danışırdı ki, bir dəfə Fail bikef gəldi evə. Mənə dedi ki, ata, mənə deyirlər, səninçün şeirləri atan yazır, özün yazmırsan. Mən də dedim, elə deyənlərə de ki, mənim atam yazır da, sənin atan yazmır ki..."

Hazırladı: Nadir YALÇIN

 





11.03.2024    çap et  çap et