525.Az

"Ən güclü insan asanlıqla uyğunlaşmağı bacarandır"


 

ƏMƏKDAR ARTİST DİLARƏ ƏLİYEVA: "OLDUĞUM MƏKANDA NƏYİSƏ DƏYİŞMƏYİ BACARMIRAMSA, O MƏKANA UYĞUNLAŞMAĞA ÇALIŞIRAM"

"Ən güclü insan asanlıqla uyğunlaşmağı bacarandır"<b style="color:red"></b>

Bu yaxınlarda daimi oxucularımızdan biri soruşdu ki, son zamanlar xanım müsahibləriniz daha çox olur, bu, qadın həmrəyliyidirmi? Düzü, bunun o qədər də fərqinə varmamışdım, çünki əsasən daha maraqlı olan müsahiblərlə oxucuları görüşdürmək kimi bir məqsədimiz olub həmişə. Amma əslində qadın adı çəkilən yerdə, orda gözəllik axtarmağa ehtiyac olmur. Nəzərə alsaq ki, tarixən ən məğrur başlar belə, yalnız qadın qarşısında əyilib, deməli, dahilər onları elə-belədən vəsf etməyib. "Əgər dünyada cəmi bir qadın qalsa belə, onlar haqqında deməyə həmişə yeni bir söz tapılacaq". Bu kəlamın C.Buffle adlı müəllifinin kimliyini təyin edə bilməsəm də, qadına verdiyi tərif ürəkaçandır.

Müsabimizlə söhbətə keçmədən öncə bu günün özəlliyinə toxunaq. Təqvimdə 8 Martdır, yəni qadınların bayramı. Əslində ildə bir dəfə deyil, hər gün qadınların üzündə ən azından təbəssüm yaradıb onlara bayram əhvalı yaşatmaq lazımdır. Çünki unutmayaq ki, qadının ANA kimi daşıdığı ad var. Məhz qadınların yetişdirdiyi oğullar 44 günlük bir salnamə yazdılar tarixə. Və dahi Cavidin də: "Sürüklənən bəşəriyyət qadınla yüksələcək" misrası qadın adının böyüklüyündən soraq verir.

Hə, qayıdaq təqvimin bu gününə. Oxucu da növbəti müsahibini gözləyir. Bugünkü gündə təbii ki, həmsöhbətimiz bir xanım olmalıdır. Təsadüfdürmü, ya başqa bir şeydir, bilmirəm. Onu bilirəm ki, tam yerinə düşən bir müsahibimizi sizlərə təqdim edirik. Teatr və kino aktrisası, teleaparıcı, respublikanın Əməkdar artisti Dilarə Əliyeva bu özəl günün qonağıdır.

 

 

- Narahat dünyanın narahat sakinləriyik...

- Dünya narahat ikən, mən necə rahat ola bilərəm? Amma rahatlığımızı təmin etmək üçün bəzən narahat olmaq da gərəkdir. Deməzdim ki, xarakter etibarilə çox da rahat adamam. Hər zaman nələrdənsə narahatam, nigaranam. Mənə elə gəlir ki, yarımçıq nəsə qalıb, onu tamamlamalıyam. Nəyisə həll etməmişəm, nəyisə çatdırmamışam, tələskənliyim də var. Yəni belə...

- İllər sonra hamının Dilarə Əliyeva kimi tanıyacağı bir qızın böyüdüyü mühitdən danışaq...

- Sumqayıtda böyümüşəm. Atam iaşə sahəsində çalışıb, anam evdar xanım olub. Maddi vəziyyəti ortabab olan dörduşaqlı ailənin ikinci övladıyam. Çox ciddi valideyn himayəsində böyümüşük. Biz uşaqlar nizam-intizamı yüksək, dərslərində çalışqan olmuşuq. Oxuduğumuz 21 saylı məktəbdə müəllimlər hamımızı sevib. Yaxşı həyətimiz, isti münasibətdə olduğumuz qonşularımız vardı. İndi hər dəfə ora gedəndə nostalji hisslərə qapılmaya bilmirəm.

- İncəsənətə gələn yola qərar vermək yəqin ki, zaman tələb edib...

- Bir neçə gün əvvəl bu haqda düşündüm. Sənətə, səhnəyə sevgim, istəyim böyük idi. Tək qalan vaxtlarımda özlüyümdə tamaşalar qurardım, səhnədəymiş kimi rollar oynayardım, nələrisə düzüb-qoşardım. Bütün bunların fonunda səhnəyə gəlməyə cəsarət etməzdim bəlkə də. Məktəb illərindən çox aktiv şagird olmuşam. Tədbirlərin aparıcısı idim daima, amma bununla yanaşı, alman dilini hədsiz sevirdim. Son günə qədər düşünürdüm ki, alman dili üzrə təhsil alacağam, Almaniyada yaşayacağam. Sonuncu sinfin təqribən fevral ayı olardı, sinif rəhbərimiz rəhmətlik Güllü müəllimə mənə dedi ki, Dilarə, eşitdim sənədlərini alman dilinə verəcəksən. Dedim ki, bəli. Üzümə diqqətlə baxıb: "Yox, nə danışırsan? Sənin fitri istedadın var, sən səhnədə olmalısan və incəsənətə getməlisən" dedi. Üç-dörd belə cümlə ilə Güllü müəllimə məni inandırdı və elə həmin gündən fikrimi dəyişərək incəsənətə hazırlaşmağa başladım. Uğurla universitetə qəbul oldum. Elə birinci kursda ikən Elçin Musaoğlu mənə çəkdiyi "Leyli və Məcnun" filmində Leyli obrazını verdi, bu, ilk filmim oldu. Ardınca Oktay özünün Mar Bayciyevin "Ər və arvad" əsəri üzrə hazırladığı diplom tamaşasında mənə rol təklif elədi. Çox maraqlı tələbəliyim keçib. Universitetin həyatında aktiv iştirakçılardan idim və sonda fərqlənmə diplomu ilə ali təhsilimi başa vurdum.

- Yəni ailədən maneə görməmisiniz...

- Düzü, əvvəl elə bildim ki, qərarımı yaxşı qarşılamazlar. Amma bunun əksi oldu. Yaxşı da qarşıladılar, dəstək də gördüm. Maneə deyə bir problem yaşamadım.

- Dilarə və səhnə...

- Oktayla tanışlığımızın ilk dövründə o, məni C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına gətirdi. Hazırlanan tamaşaların məşqlərində iştirak etməyə başladım. Teatrın direktoru qayınatam Xalq artisti Vidadi Əliyev idi, qayınanam da orada aktrisa idi, Xalq artisti Elmira İsmayılova. İrəvandan Bakıya köç etmək məcburiyyətində qalan teatrda addımlarımı atmağa başladım. Həmin teatrda ilk rolum Hidayət Orucovun "Məhəbbət yaşayır hələ" tamaşasında Xatirə obrazı oldu. Rol uğurlu alındı, hamı tərəfindən bəyənildi. Tamaşaya baxan sənətkarlar haqqımda bir teatr aktrisası kimi yaxşı fikirlər söylədilər. Bir sözlə, qəbul edildim. Teatr aktyorun ifadə vasitəsidir, özünün istedadını bütünlüklə realizə edən məkandır, tamaşaçılara yaratdığı xarakterin əzabını, iztirabını, sevincini daha yaxından göstərən güzgüdür. Heç bir incəsənət sahəsi teatrın yerini verə bilməz. Bir yerdə ki, baş verən hadisənin doğulduğunu görürsən, onu izləyə, yaxından hiss edə bilirsən, bura əvəzsiz məkandır. Aktyoru yetişdirən, püxtələşdirən, sənətkar edən məkan.

- Aktyor...

- Dondan-dona girən, başqa-başqa insanların taleyini yaşayan, yaşadan, sevdirən, nifrət etdirən, oynadığı şəxsin adından bəhs etdirən, özünü tam unudan, hamının yerinə qoyan, oynadığı obrazların adı ilə çağırılan, yüzlərlə insanın alqışları altında yola salınan, evinə gedib tək yatan varlığa aktyor deyilir. Aktyor ömürləri çox müxtəlif olur. İçində səhnədə 500 nəfərin ayaq üstə alqışlarını görəni də var, son mənzilə yola salınanda on nəfəri görməyəni də. Səhnədə varlı oliqarxı oynayıb evinə gedəndə heç soğan-çörəyi tapmayanı da var, ailəsini atan, Vətənini satan, övladını atıb yadı tutanı da var, nümunəvi ailə başçısı da, Vətəninə xeyirli, faydalı olanı da. Bu insanlar üçün səhnə müqəddəsdir, and yeridir, toxunulmazdır. Güzgünün qarşısında saatlarla məşq edən, yol gedəndə öz-özünə danışan, oynadığı obrazın taleyilə öz taleyini müqayisə edən, "görəsən, mən olsam belə edərəmmi" deyə düşünən, hərdən obrazına haqq qazandıran, hərdən də nifrət etdirən adamdır aktyor. Rejissora israrla: "Axı, bu adam belə etməzdi" deyərək, obrazın gedişatını, davranışlarını, dəyişəndə rahatlaşan, roldan-rola böyüyən, balacalaşan, qocalan, uşaqlaşan adamdır aktyor. Bilirsiniz necə aktyorlar görmüşəm?

- Bilmirəm...

- Normal həyatda dinməyən, danışdırmasan danışmayan, bir insanın pərdə açılanda nə boyda nəhəng olduğunu, nə boyda söz, sənət sahibi olduğunu görmüşəm. Səhnədə bir ordunu idarə edən, həyatda tək övladı ilə bacarmayan aktyor görmüşəm. Səhnədə hamıya sataşan, həyatda kimsəyə gözünün ucu ilə baxmayan aktyor da görmüşəm. Həyatda bir dəfə də olsun gözündən yaş axmayan, səhnədə obrazı üçün göz yaşları axıdan aktyor da görmüşəm. Səhnədə obrazının dərdindən xəstəlik tapan, obrazına görə dinini, etiqadını, ölkəsini, Vətənini dəyişən aktyor da görmüşəm. Alqışlardan göydə uçan, səhnədə tamaşa bitməmiş evə xəstə yanına qaçan aktyor da görmüşəm. İzdihamdan əlləri, ayaqları əsən, səhnədə valideyninin ölüm xəbərini eşitsə də, axıra qədər oynayıb heç nə hiss etdirmədən, amma gedib sabaha qədər ağlayan aktyor da görmüşəm. Bu səhnə kimləri görmədi ki... Roldan-rola böyüsə də, başı aşağı düşən, tumurcuq açmamış hamının gözünü deşən, ailə qurandan sonra səhnədə qadağaya düşən aktyor da görmüşəm.

- Düşündürücü monoloq söylədiniz...

- Fikrimi bitirmədim...

- Davam edin...

- Heç üzünü görmədiyimiz tarixi şəxsiyyətləri aktyorların simasında sevmədikmi biz? Dərddən-qəmdən uzaqlaşmaq üçün kinolara baxıb ürəkdən gülmədikmi? Nümunəvi obraza baxıb pis vərdişlərimizi tərgitmədikmi? Kinolara baxıb illərlə küsülü qaldığımız doğmalarımıza barışmaq üçün zəng etmədikmi? Nəyin düz, nəyin səhv olduğunu kinolara, tamaşalara baxıb dərk etmədikmi? Əsl seviləsi, qədri bilinəsi, nazı çəkiləsi, hörmət ediləsi peşədir aktyor peşəsi. Özümüzdən çıxanda nə qədər səhvlər edirik biz? Özlərindən çıxıb başqalarının həyatını səssiz oynayanlardı onlar. Öz dərdimizdən baş çıxara bilmirik, başqasının dərdini, yükünü çəkir onlar. Biz onlara baxırıq, düşünürük ki, onlar ekrandan baxır bizə. Bizi görə-görə oynayır onlar. Onlara diqqətlə baxın, obrazlarını diqqətlə izləyin. Bir də baxarsız ki, sizi oynayır onlar... Bayaq monoloq dediniz. Bəli, sualınıza aktyor haqqında monoloqumla cavab verdim.

- Amma tamaşaçı Dilarəni daha çox efirdə gördü...

- 90-cı illərin sonunda Oktaygili "SOY" prodakşını yaratdılar və efirdə "Həftə çal-çağırı" adlı veriliş görünməyə başladı. Həmin verilişdə mənə "Pıçapıç" rubrikasını aparmaq həvalə olundu. Rubrika efirə çıxan andan tamaşaçı onu sevdi, gözləməyə başladı və insanların qəlbinə yol tapmağımda bir tramplin oldu. Həmin vaxtdan o balaca "Pıçapıç" illərlə pıçapıç edə-edə, çevrəsini, məkanını böyüdə-böyüdə oldu "Çal-çağır" şou. Bir də gördük ki, 25 yaşımız var. Bu illər ərzində verilişlərimiz bir-birindən fərqli, inkişaf edən xətt üzrə novator olaraq, zamanın nəbzini tutaraq bu gün də yolunu davam edir.

- Bir az da televiziyadan danışaq...

- Televiziya mənim üçün ən böyük təbliğat vasitəsidir. Öz istedadını, bacarığını daha kəsə yolla insanlara göstərən kütləvi təbliğat açarıdır. Bir aktyorun teatrda on ilə gəldiyi yolu bir günə qət edən məsafədir televiziya. Çox arzu edərdim ki, televiziya söz deməyi bacaran insanların əlində olsun. Sonu görünməyən bu televiziyaya sözü olanlar söz deməyə gəlsin. Fəaliyyətim boyu bir an da olsun televiziyanın mənim üçün yaratdığı bu böyük, sərhədsiz imkanlardan sui-istifadə etmədim, hər şeyi yerli-yerində etməyə çalışdım və buna nail oldum.

- Efirlərimizin bu günü...

- Azərbaycan efirlərinin bugünkü imkanı Azərbaycanın bugünkü imkanlarını göstərir. Bizdən çox-çox qabaq dahi Sabir öz cavabını verib: "Niyə bəs böylə bərəldirsən, a qare gözünü. Yoxsa bu ayinədə əyri görürsən özünü". Biz necəyiksə, televiziyada da eləyik. Razı olduğumuz anlar da olub, narazı da. Demək ki, televiziya razılıq və narazılıq dolu bir aləmdir.

- Efirlərdəki sosial layihələr və tamaşaçı marağı...

- Sizə elə gəlmirmi ki, tamaşaçını məhz bu layihələr maraqlandırır? Tamaşaçının bəyənmədiyi verilişi anındaca digərinə çevirmək kimi bir imkanı var. Bir araşdsırma aparın və sosial şəbəkələrdəki göstəriciləri müqayisə edin. Görün bizim klassik musiqilərin, ifaçıların, intellektual verilişlərin baxış sayı nə qədərdir, sosial layihələrin reytinqi nə qədər? Bax, burda insanların marağı açıq-aşkar görünür. Heç uzağa getməyək, normalda hamı başını aşağı salıb iş-gücünün arxasınca gedir. Amma yolda iki nəfər demirəm dalaşa, bir qədər sözləri çəp gəlib hündürdən danışırsa, istər-istəməz hamının diqqətini çəkir. Bilirsiniz,  bunlar təkcə bizdə deyil, bütün dünyada var. Kimə maraqlı deyilsə, baxmasın, hər kəs özünə cavabdeh deyilmi? Mənim fikrimcə isə "nə yaxşıdır, nə pis" deyib deyinməkdənsə, bunu işdə sübut etmək daha yaxşı olar.

- Yəni...

- Deyirlər ki, filankəs  necə oxuyur ki, bir ordu dinləmə rekordu qırır, bu, bizim musiqi deyil. Bu iradı bildirən oxuyanlar elə bir musiqi ortaya qoysunlar ki, o rekordu ötüb keçsin, yəni qızıl bir ortanı tapmaq lazımdır. Deyinməklə, bəyənməməklə iş hasilə yetmir...

- Deməli, reytinq dalınca qaçmaq...

- Mən bu gün reytinq dalınca heç qaçmıram. Verilişimi hazırlayıram, kifayət qədər maraqlı, işinin peşəkarlarını, sənətkarları dəvət edirəm, onlarla zarafatlaşır, deyib-gülürəm. Sözü elə adama deyirəm ki, o da mənə söz deyə bilsin.

- Bir verilişin sanbalı aparıcıdan asılıdır...       

- Aparıcı ən ümdə özünü aparmağı bacaran biridir.

- Aktrisa kimi kino fəaliyyətiniz də genişdir. Sanki səhnədən çox orada rahatsız...

- Uzun müddətdir səhnədən ayrı düşdüyümə görə indi televiziyada rahatam. Səhnəyə qayıdaramsa, o zaman hansı vəziyyətdə olduğumu hiss edərəm. Lakin mən düşünürəm ki, ən güclü insan asanlıqla uyğunlaşmağı bacarandır. Narahatçılığı sevmədiyim üçün çalışıram ki, olduğum məkanda nəyisə dəyişməyi bacarmıramsa, ora uyğunlaşım. Yəni rahatlığımı tapana qədər narahatlığı dəf edə bilən biriyəm.

- Sənətin ağır və asan tərəfləri...

- Asan heç nə yoxdur. İşi ciddiyə alanda, iş qəlizləşir. Heç vaxt nəyisə etmək mənim üçün asandır deməmişəm. Rolu əlimə alanda ətrafdakılar düşünə bilər ki, Dilarə Əliyeva illərin peşəkar aktrisasıdır və bu rolu oynamaq onun üçün iki vur ikidir. Xeyr, ən birinci mən işimi ciddiyə almasam, onun qulpundan yapışmaram. Oynayacağım obrazda yeni bir xarakter tapmasam, ona yeni rəng qatmasam, tamaşaçıya yeni bir ismarıc göndərməsəm, onun fabulasını, paradiqmasını görməsəm, brmənalı şəkildə o rolu yarada bilmərəm.

- Müşgünaz obrazı kimi...

- Müşgünaz obrazı mənə o zaman həvalə olundu ki, "Çal-çağır" verilişi pik nöqtəsində idi. Tamaşaçının dilindən nə veriliş düşürdü, nə də Dilarə. Belə bir ərəfədə bu obrazın mənə təklif olunması birmənalı qarşılanmadı, çoxları buna etiraz da etdi. Bu qadının bütün ağrı-acısını, iztirabını, yaşadıqlarını hiss etmək üçün Müşgünaz xarakterini araşdırmağa başladım. Demək olar ki, bütövlükdə Cavid yaradıcılığını, Müşgünaz xanımın onun haqqındakı xatirələrini dönə-dönə oxudum. Deyərdim ki, bu xatirələrdə Müşgünaz xanım öz xarakterini, portretini dəqiqliklə əks etdirə bilib. Və bütün bunları o qədər dərindən hiss edirdim ki,  yuxuda belə,  həmin iztirabları yaşayıb biixtiyar ağlayırdım. Bunu səhərlər göz yaşlarımdan tamam islanmış yastığımı görəndə anlayırdım. Təsəvvür edin, o filmin çəkilişlərinə istidən soyuğa düşən kimi gedirdim. Bir həftə "Çal-çağır"a hazırlıq, tamaçaşı ilə demək-gülmək və oradan üzündə hələ gülüşün izləri ola-ola çəkiliş meydançasına gəlib belə bir ciddi, ağır  xarakter yaratmaq. Ona görə də mənə belə bir fürsəti verənlərə bir ömür minnətdaram. Artıq filmin üstündən 17 il keçib, lakin hər dəfə Müşgünaz xanım haqqında söhbət düşəndə, Cavidin adı ilə bağlı tədbirlərə dəvət alanda istər-istəməz geri qayıdıram, bir müddət oralarda qalıram. İstəmirəm pafoslu alınsın, amma o rolu mən oynamadım, Müşgünaz xarakterini yaşadım.

- Ömrümüzün 44 günü...

- Belə bir deyim var ki, əgər insanlar dünyaya anaların gözü ilə baxsaydı, müharibələr olmazdı. Səkkiz hərfdən ibarət bu söz çox qorxuludur. Müharibə itki deməkdir. İtki isə çox ağır məfhumdur. Biz müharibə olmasın deyə həyatımızın 30 ilini itirdik və dəyişən də heç nə olmadı. Lakin həmin 44 gün çox şeyi dəyişdi.

- Yoxluğunu bilə-bilə yaşamağın yükü...

- Həyatda güclü insanlar yıxılmır ki? Onların gücü bilirsiz nə vaxt bilinir? Yıxılandan sonra qalxmağı bacaranda. Aldanaraq gəldiyimiz bu dünyada özümüzü dərk edəndən sonra analar bizə deyirlər ki, olum varsa, ölüm də var. Lakin biz bunu heç zaman yaxına buraxmırıq. Ölüm haqqında düşünəndə buna bir tamaşaçı kimi baxırıq, zənn edirik ki, bu, bizə aid deyil. Yalnız həyat  bizə tərs şilləni vuranda anlayırıq olanları. Əlində olmayan, baş verən acı bir hadisənin iztirabı əlində olanlara şükür edənə qədərdir. Bundan sığortalanmadığımıza görə nə qədər çətin də olsa, şərəflə yaşamağı bacarmağımız sualınızın cavabıdır.

- Bir göz qırpımı...

- Dediyiniz bir göz qırpımında elə bir şey baş verir ki, ömür boyu düşünsən də, cavabını tapa bilmərsən...

- Geri boylananda heyifsiləndikləriniz...

- Həyatda heyifsiləndikləri olmasa, insan davam edə bilməz. Ən böyük səhv, səhv bildiklərindən və onlardan dərs çıxarmamaqdır. Gəlin bu səhvlərin hamısını yazaq dərs çıxarmağın ayağına...

- Amma söhbət həmişə var...

- Nə qədər ki, insan var, bir o qədər də söhbət var. Bəzən isə sözsüz də söhbət var...

- Bu gün 8 Martdır...

-  Qadınlar Tanrının yer üzünə hədiyyəsidir. Qadınlara arzu edirəm ki, kimliyindən asılı olmayaraq, kimsədən heç nə gözləmədən, özlərinin çox böyük hədiyyə olduğunu anlasınlar. Öz qədrini bilən xanımın dəyərini hər kəs bilir. İstəyirəm ki, qadınların bütün gözləntisi elə özlərindən olsun.

Tamilla M-zadə

 





11.03.2024    çap et  çap et