525.Az

Qondarma rejimin Ermənistanda baş qaldırmaq cəhdi 


 

BU, İRƏVANA BAHA BAŞA GƏLƏ BİLƏR

Qondarma rejimin Ermənistanda baş qaldırmaq cəhdi <b style="color:red"></b>

Azərbaycan dövləti ötən ilin sentyabrında həyata keçirdiyi və bir sutkadan az davam edən antiterror tədbirləri ilə öz ərazisində qanunsuz erməni silahlı dəstələrinin və separatizmin mövcudluğuna son qoydu. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verildi. Bununla dövlətimiz həm də öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş oldu. Antiterror əməliyyatlarının gedişində separatçılar təslim olduqlarını bildirdilər və Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan etdi.

Amma son günlər özünü buraxmış və artıq mövcud olmayan Qarabağdakı qondarma rejimin hazırda Ermənistanda baş qaldırdığı görünür. Paşinyan hakimiyyəti isə razılaşmaları pozaraq onların fəaliyyəti üçün şəraiti təmin edir. Digər tərəfdən, separatçılar fəaliyyət dairəsini genişləndirərək Qərb təmsilçiləri ilə də görüşlərə can atırlar. Ermənistan fərqində olmalıdır ki, prosesin davam edəcəyi təqdirdə, çox ağır nəticələrlə üzləşəcək.

Bu istiqamətdə baş verən hadisələr, gələcək inkişafları Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "525"ə şərh edib.

O xatırladıb ki, ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra dövlətimizə qarşı cinayətlər həyata keçirən, insanlarımızın qanına əli batan qondarma rejimin tör-töküntülərinin bəziləri həbs edildi: "Bununla həm də Azərbaycan dövləti qanunsuz rejimin buraxılması üçün şərait yaratdı. Əslində bizim əsas məqsədimiz daha ciddi itkilərin olmaması idi. Eyni zamanda, öz hədəfimizə və məqsədimizə çatdıqdan, yəni onların ağ bayraq qaldırmalarından və suverenliyimizi tam təmin etdikdən sonra imkan yaratdıq ki, özlərini buraxsınlar. Bundan sonra onsuz da ilk gündən qeyri-legitim olan bir rejimin özünü buraxmasının əksinə olan "qərar" qəbul etməsi, yaxud hər hansı bir "sənəd" imzalaması özü-özlüyündə qanuna və hüquqa zidd addımdır. Amma hər bir halda burda başqa məqamlar var. Məsələn, Ermənistan rəsmiləri qeyd edirlər ki, həmin razılaşma Azərbaycanla qondarma rejim arasında olub. Ermənistan bu prosesdə iştirak etməyib. Tutaq ki, bu, belədir, hər halda biz nəzərə almalıyıq ki, bu gün Ermənistan bir dövlət olaraq həmin o qondarma terrorçu rejimin öz ərazisində fəaliyyət göstərməsinə şərait yaradır. Bu, əslində 2020-ci ildə imzalanmış 10 noyabr üçtərəfli bəyanatı başda olmaqla, ondan sonra imzalanmış sənədlərə və əldə edilmiş bütün razılaşmaların mahiyyətinə ziddir. Əgər bu addımlar Ermənistan tərəfindən atılırsa, yaxud Azərbaycan ərazilərinə iddia edən qanunsuz terrorçu rejimin öz ərazisində fəaliyyət göstərməsinə şərait yaradırsa, bu, Ermənistanın növbəti dəfə beynəlxalq hüquqa, qanuna və Bakı-İrəvan normallaşma prosesinə zidd addımdır. Bunu tam şəkildə bu cür qiymətləndirmək lazımdır".

Politoloq hesab edir ki, qondarma rejimə Qərbdən olan bəzi ölkələr də dəstək göstərirlər: "Ən azı dəstək göstərməsələr belə, bunun üçün onlara şərait yaradırlar, əminlik verirlər. Gələcəkdə fəaliyyət göstərəcəkləri və yaxud o fəaliyyətlərinə dəstək verəcəklərinə dair ən azı inam yaradırlar. Düşünürəm ki, bu, heç də bu günün məsələsi deyil. Bundan öncə də Fransada qondarma rejimin tör-töküntülərinin qəbul edilib, onların müsahibələrinin təşkilinə şahidlik etmişik. Həmçinin, ABŞ tərəfindən qondarma rejimin özünün basdırdığı minaların təmizlənməsi adı altında hər il milyonlarla dollar yardımlar edilirdi. Təbii ki, bu prosesi bu gün də fərqli formada davam etdirirlər. Ona görə düşünürəm ki, həm Ermənistanın onlar üçün şərait, həm də Qərbdən olan qüvvələrin gələcəkdə onların fəaliyyətlərinə dəstək göstərəcəkləri ilə bağlı inam yaratması mənfi hallara yol aça bilər. Həmin tör-töküntülər heç bir maliyyə ala bilməyəcəkləri təqdirdə fəaliyyət göstərə bilməyəcəklər. Kənar qüvvələrin, hazırkı Ermənistan hakimiyyətinin, o cümlədən də, Ermənistanda olan bəzi qüvvələr, hansı ki, Azərbaycana qarşı revanşist hisslərlə yaşayırlar, qisas müharibəsi aparmaq istəyirlər. Onların və konkret olaraq kənardan - Fransa və ABŞ-dən olan ermənipərəst qüvvələrin dəstəyi nəticəsində proses bu şəkildə cərəyan edir. Amma hər bir halda düşünürəm ki, hazırkı məqamda Ermənistan dövlətinin üzərinə düşən öhdəlik budur ki, həmin tör-töküntüləri tam şəkildə öz ərazisindən kənarlaşdırsın, yaxud onların fəaliyyəti ilə bağlı imkanları tam şəkildə məhdudlaşdırıb, qadağan etsin. Onlar Qərb təmsilçiləri ilə görüşlərə can atırlar. Həmin Qərb dövlətləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək göstərmək və yaxud vasitəçi olmaqla bağlı mövqe ortaya qoyurlar, digər tərəfdən isə belə qanuna və hüquqa zidd addımlara dəstək nümayş etdirirlər. Əgər sülhə dəstək verirlərsə, belə qüvvələrə dəstək göstərmələri absurddur. Düşünürəm ki, belə bir-birinə zidd addımlar bir daha ondan xəbər verir ki, Qərbdən olan qüvvələr bu prosesdə səmimi deyillər. Biz haqlı olaraq onların qeyri-səmimiliyindən danışırıq, haqlı olaraq onların prosesə heç bir müsbət töhfə verməyəcəyi ilə bağlı mövqe ortaya qoyuruq. Bu proseslər bir daha göstərir ki, Azərbaycan dövləti bu məsələdə tam şəkildə haqlıdır".

X.Bəşirov hesab edir ki, prosesin davam edəcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə mənfi təsirləri olacaq. Digər tərəfdən isə bütün bunlar Ermənistranın özünə mənfi təsir edəcək: "Bakının rəsmi mövqeyi bundan ibarətdir ki, Azərbaycana qarşı istənilən revanşist hisslər, növbəti müharibə cəhdləri yerindəcə boğulacaq. Biz proseslərə qarşı özümüzün prinsipial və qətiyyətli mövqeyimizi davam etdirəcəyik. Bu meyllər Ermənistan ərazisindən Azərbaycana doğru baş qaldıracaqsa, proseslərə reaksiya verməyimiz də artiq legitim olacaq. Təbii ki, Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı iddiaları gündəmə gətirən qüvvələr ilk növbədə bu məqamları nəzərə almalıdırlar. Azərbaycanı əsassız ittiham etməzdən əvvəl Ermənistana çağırışlar etməlidirlər ki, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, münasibətlərin normallaşmasına mane olan bu cür meyllər aradan qaldırılsın. Bunların aradan qaldırılması üçün də Ermənistanın və həmin Qərbdə olan qüvvələrin addım atması kifayət edir. Azərbaycan dövləti Ermənistana dəfələrlə çağırışlar edib ki, münasibətlərimiz normallaşması üçün danışıqlar prosesində səmimi olsun. Əgər həmin o qüvvələr Qarabağda yaşamış və lokal xarakterli antiterror tədbirlərindən sonra bölgəni tərk etmiş ermənilərin Qarabağda yaşaması məsələsini sülh gündəliyinə daxil etməyə cəhd göstərirlərsə, onda nəzər almalıdırlar ki, o, ermənilərdən dəfələrlə çox, 100 minlərlə Qərbi azərbaycanlını Ermənistanda yerləşdirilməsi prosesi reallaşdırılmalıdır. Yəni məsələnin həlli yalnız və yalnız bundan asılıdır. Qərbi azərbaycanlıların da Ermənistandakı tarixi torpaqlarına qayıtması zəruridir. Yalnız bu halda biz qarşılıqlı şəkildə razılaşma əldə edə bilərik. Amma əsas mövqeyimiz bundan ibarətdir ki, Qarabağda yaşayan ermənilərin ora qayıtması Azərbaycanın daxili məsələsidir, bunun Ermənistanla Azərbaycan arasında münasibətlərə, sülh gündəliyinə heç bir aidiyyəti yoxdur. Əgər həmin şəxslər ora qayıtmaq istəyirlərsə, - söhbət vətəndaşlıq almaq hüququ olan şəxslərdən gedir - , onlar Konstitutiyamızın tələbləri altında, Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra qayıda bilərlər. Bu məsələ üçün də biz həll yolunu qoymuşuq".

Politoloq hesab edir ki, Ermənistan belə bəhanələri ortaya atmaqla, əslində Cənubi Qafqazda, eyni zamanda regionda sülhdə maraqlı olmayan Fransa kimi dövlətlərin maraqlarına xidmət etdiyini bir daha ortaya qoyur. Əks təqdirdə, Ermənistan bu məsələləri prosesə qatmadan Azərbaycanla sülh sazişinin əldə edilməsinə nail ola bilər. 

 

 





12.03.2024    çap et  çap et