525.Az

Deputat Ceyhun Məmmədov: "ABŞ qurumları tərəfindən bu maliyyələşmə qeyri-qanuni olub"


 

Deputat Ceyhun Məmmədov: <b style="color:red"> "ABŞ qurumları tərəfindən bu maliyyələşmə qeyri-qanuni olub" </b>

Toplum TV-nin ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, bir sıra şəxslər saxlanılıb, hazırda iş üzrə istintaq tədbirləri aparılır.

APA-nın məlumatına görə, əldə olunmuş ilkin nəticələr onu deməyə əsas verir ki, Toplum TV üzərindən yarım milyon dollardan artıq vəsaitin Azərbaycana çatdırılması və müxtəlif layihələrin, tədbirlərin və fəaliyyətin qeyri-qanuni şəkildə maliyyələşdirilməsi həyata keçirilib.

Materialların öyrənilməsi zamanı müəyyən olunur ki, Qərbin ölkəmizdə reallaşdırdığı digər layihələrə nisbətən yeni layihə olan Toplum TV mərkəz olmaqla Azərbaycanda geniş şəbəkənin fəaliyyətinin təmin edilməsi, onların vasitəsilə sosial, ictimai, siyasi istiqamətlər üzrə cəmiyyətdə narazılığın artırılması, itaətsizlik mühitinin formalaşdırılması, gərginliyin yaradılması və inkişaf etdirilməsi strateji xətt kimi təyin olunub.
Prosesə bilavasitə nəzarət ABŞ-ın müəyyən qurumları və ayrı-ayrı institutları tərəfindən həyata keçirilib.

Qeyd olunmalıdır ki, əvvəlki dövrdə də ABŞ tərəfindən Azərbaycanda analoji fəaliyyətin təşkil edilməsi və idarə olunması, bu prosesin 1990-cı illərin sonlarından başlayaraq artan xətt üzrə inkişaf etdirilməsinə dair çoxsaylı faktlar var. Azərbaycanda ABŞ-ın Milli Demokratiya İnstitutunun (NED), USAİD-in və digər təşkilatların fəaliyyəti, NED-in Azərbaycan üzrə ofisinin rəhbəri olmuş Aleks Qriqorevsin təşkilatçılığı ilə 2011-2012-ci illərdə bu məqsədlərə 2 milyon ABŞ dolları həcmində vəsait xərcləndiyi, həmin dövrdə gənclərin Bakıda Fəvvarələr meydanında itaətsizlik aksiyalarının keçirilməsi, hətta “molotov kokteylləri”ndən istifadə edilməsinin planlaşdırılması da müəyyən edilmiş faktlardır.

Qərbin Azərbaycanda yaratdığı şəbəkəyə yerlərdə rəhbərlik edən şəxslərin bu prosesdə fəal iştirakı, onların məsələnin mahiyyəti barədə xəbəri olmayan gəncləri öz dövlətinə qarşı fəaliyyətə cəlb etmələri mahiyyət etibarilə öz təsdiqini tapır. Buna görə də bu prosesə aldadılaraq cəlb olunmuş şəxslər sərbəst buraxılır. Ancaq onlar da cəlb olunduqları fəaliyyətin mahiyyətini dərk etməli və gələcəkdə bu tipli antimilli fəaliyyətdən kənar durmalıdırlar. Hazırda həbsdə olan şəxslər də istintaq orqanları ilə əməkdaşlıq etməlidirlər.

Şəbəkəyə yerlərdə rəhbərlik edən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, Toplum TV-nin rəhbəri Xədicə İsmayıl və digər şəxslər bu fəaliyyətin təşkili üçün Qərb fondlarından yüz minlərlə dollar həcmində vəsaitlər alıblar, məsələlərdən xəbərsiz olan gənclərə isə çox az məbləğdə vəsait verilib.

O da məlum olub ki, qeyri-qanuni maliyyə əməliyyatları Gürcüstan üzərindən həyata keçirilib.

İndi ifşa olunan qüvvələrin hay-küy salması da gözlənilən idi. Ona görə də reaksiyalar, yəni Qərb institutlarının Toplum TV-nin ofisində aparılan axtarış tədbirlərini media azadlığının pozulması kimi qiymətləndirmək cəhdləri təəccüblü deyil. Onlar necə deyərlər, öz amplualarındadırlar. Azərbaycan dövləti axtarışları, bütün tədbirləri öz qanunları çərçivəsində aparıb və proses tam qanuni şəkildə davam edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “525”ə deyib: "Təəssüflə qeyd etmək lazımdır ki, artıq dəfələrlə ABŞ-ın və digər dövlətlərin Azərbaycanda bir sıra media quruluşlarını maliyyələşdirdiklərinin şahidi olmuşuq. Onu da təəssüflə vurğulamaq lazımdır ki, bu maliyyələşmə əksər hallarda qeyri-qanuni yollarla baş verir. Bu, bizim artıq dəfələrlə rast gəldiyimiz haldır. Bu mənada Azərbaycan dövlətinin qanun pozuntusunun qarşısını almaq üçün həyata keçirdiyi tədbirlərin kifayət qədər hüquqi və ciddi əsasları var. Yəni bu gün biz baxırıq ki, bəzi şəxslər, bəzi media qurumları bunu fərqli formada təhlil etməyə çalışırlar. Amma Azərbaycanın bu məsələ ilə bağlı tədqiqat aparmaq, tədbir görmək üçün kifayət qədər hüquqi əsası var. Özü də söhbət yarım milyon manat vəsaitdən gedir. Kiçik bir vəsait deyil, böyük miqdarda vəsaitdir.

Ona görə də bu cür addımlarla bağlı araşdırmaların aparılmasına ehtiyac var. Həmin qüvvələrin əsas məqsədi Azərbaycanda qarşılıqlıq yaratmaq, insanları hakimiyyətə qarşı qaldırmaq, ictimai sabitliyi pozmaqdır. Buna görə bu məsələdən hansısa formada digər məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir, yolverilməzdir”. 

Deputat qeyd edib ki, hər bir şəxs və hər bir media qurumu bu məsələyə obyektiv yanaşmalıdırlar: “Dövlətimiz bu kimi məsələləri ciddi araşdırılmalı və onların qarşısı alınmalıdır. Biz heç cür imkan verə bilmərik ki, Azərbaycanda kimlərsə ictimai sabitliyi pozsunlar və dövlətimizə qarşı hansısa addımlar atsınlar, tədbirlər həyata keçirsinlər. Ona görə də dövlətin bu kimi addımlar atması hüququ baxımdan tam normaldır. ABŞ-ın qurumları, ayrı-ayrı təşkilatları bu cür cəhdlərdən, addımlardan çəkinməli və bu istiqamətdə fəaliyyətlərinə son qoymalıdırlar”.
 

 





12.03.2024    çap et  çap et