525.Az

Erməni terrorizminin təbliğatı mərkəzi - Sosial şəbəkədə yazılanlar


 

Erməni terrorizminin təbliğatı mərkəzi - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Elxan Şükürlü, politoloq:

- ABŞ addım-addım vətəndaş qarşıdurmasına gedir. Belə görünür ki, bu ilin noyabrın 5-də keçirilməsi nəzərdə tutulan seçkilər ABŞ tarixinin ən çətin, ən riskli və həm də bu ölkənin dünya siyasətindəki yerini - gələcək aqibətini birdəfəlik müəyyənləşdirəcək seçkilər olacaq.

82 yaşlı Bayden təkcə ABŞ demokratlarının yox, bütövlükdə dünya qlobalistlərinin bu seçkilərdə ümid bəslədikləri və bütün dünya boyu da qələbəsi üçün çalışdıqları liderdir.

Baydenin qələbəsi ABŞ-ın iradəsi ilə hesablaşmayan milli dövlətlərlə münaqişə halının daha şiddətlə davam etməsi, o cümlədən, qonşularımız Rusiyada, ardınca da Türkiyə və İranda hakimiyyət dəyişiklikləri prosesinin, kütləvi iğtişaşların və təxribatların, "rəngli inqilablar" seriyasının açıq şəkildə dəstəklənməsi deməkdir.

Onun əsas rəqibi 78 yaşlı Trampa isə Baydenin və qlobalistlərin ABŞ-da önünü kəsəcək, eləcə də əsas münaqişə bölgələrində qarşıdurmadan dialoqa keçə biləcək çevik fiqur kimi baxılır.

Bu səbəbdən, hazırda Trampın yenidən prezident seçilməsinə imkan verməmək üçün sayısız maneələr yaradılır.

Ancaq yaradılan bütün bu süni əngəllərə baxmayaraq, Tramp sürətlə reytinqini artırır. Tramp bu həftə "Super çərşənbə axşamı" deyilən ilkin seçkilərdə 15 ştatın 14-də respublikaçıları parçalamaq üçün ortaya çıxarılan xanım Nikki Heyliyə qalib gələrək, onu yarışı dayandırmağa məcbur etdi və beləliklə, daxildəki əsas maneələrdən birini aşdı.

Hazırda demokratların son ümidi, təxminən, 91 epizod üzrə ittihamın yer aldğı 4 cinayət işinə olsa da, Tramp məhkəmə proseslərindən də sıyrılıb çıxır və vəkilləri bu prosesin onun seçkilərdə iştirakına hüquqi mane yaratmayacağı qənaətindədilər.

Bayden də, Tramp da yaxşı anlayırlar ki, ABŞ-dakı seçkilərin qədəri xeyli dərəcədə qarşıdakı 7 ayda Ukrayna, Cənubi Qafqaz və Yaxın Şərq cəbhəsində gedən proseslərdən asılı olacaq.

Dünən Baydenin illik hesabat məruzəsində Konqresə müraciət edərək, amerikalılara ilk vətəndaş müharibəsi dönəmini xatırlatması və "ölkəmizdə azadlıq və demokratiya indiki qədər təhlükədə olmayıb" çağırışını ünvanlaması, ardınca da xilas yolu kimi israrla "Putini dayandırmalıyıq!" formulunu göstərməsi bir daha təsdiqləyir ki, Rusiya prezidentini Ukrayna bataqlığında batırmaq istəyən Baydenin özü indi bu bataqlıqda boğulacağı qorxusunu yaşayır...

Çox böyük ehtimalla, Bayden hökuməti hətta maliyyə yardımının ayrılmasına Konqresin dəstəyini əldə edə bilməsə belə, qarşıdakı bu 7 ayda Zelenskini Ukrayna, Paşinyanı isə Cənubi Qafqaz üzərindən Rusiya əleyhinə hücum və kampaniyalarını genişləndirməyə təhrik və təşviq edəcək...

Azərbaycan Baydenin hədəfində olan ölkələrlə - Rusiya, Türkiyə və İranla birgə Ermənistan üzərindən başladılacaq yeni savaşa tam hazır olmalı, bu 3 ölkəni regionda üz-üzə gətirməyə hesablanmış istənilən fitnəkar cəhdi və addımı yerindəcə boğmağı bacarmalıdır!

Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək əsas meydança indi məhz Azərbaycandır və Qərb istənilən vaxt ölkəmizdə kritik situasiyalar üçün yetişdirib hazırladığı böyük bir şəbəkəni də bu məqsəd naminə hərəkətə gətirə bilər!

 

Cəmilə Babayeva, jurnalist:

- Fransanın Marsel şəhərində erməni terrorçu Soqomon Teyliryanın büstü ucaldılıb. Ermənistan mediasının məlumatına əsasən, abidənin açılış mərasimi martın 15-də keçiriləcək. 

Tarix təsadüfən seçilməyib. S.Teyliryan 1921-ci ilin məhz martın 15-də Berlində Osmanlı imperiyasının keçmiş sədrəzəmi Tələt Paşanı qətlə yetirib.

Büst erməni terrorçunun Fransada xatirəsinin əbədiləşdirilməsi ilə bağlı atılan növbəti addımdır. Belə ki, 2017-ci ildə Marseldə Soqomon Teyliryan adına meydan açılıb.

Fransada vandalizm aktına məruz qaldığına görə Xurşidbanu Natəvanın heykəli götürülüb, Soqomon Teyliryanın abidəsi qoyulub. Fransa "dünya incəsənətinin mərkəzi", yoxsa erməni terrorizminin təbliğatı mərkəzidir?

Teyliryanı qəhrəmanlaşdıran Fransanın özü də onun davamçılarının hücumlarından əziyyət çəkib. 1983-cü ilin iyulunda Parisin Orli beynəlxalq hava limanında 8 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnmiş terror aktını xatırlamaq kifayətdir.

 

Aydın Quliyev, jurnalist:

- Azərbaycan Ermənistanla sazişə bu maddənin salınmasını istəmir? Medianın xətasıdır, ya Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenə aranı qarışdırır?

Bu nə bəyanatdır? Rus mənbələri də, erməni mənbələri də eyni məzmunu paylaşıblar. Mirzoyan deyib ki, guya "Azərbaycan 1991- ci ilin Alma-Ata bəyannaməsinə əsaslanan sərhədlər çərçivəsində  ərazi bütövlüyünün tanınması barədə maddənin sülh sazişinə salınmasını istəmir, bununla da gələcəkdə Ermənistana ərazi iddiaları sürmək üçün əsaslar saxlamaq niyyətindədir".

Formal qaydada elə rəy yaradırlar ki, guya Azərbaycan ərazi bütövlüyü prinsipini ümumən qəbul etmir və 2022-ci il oktyabrın 6-da  Praqada üçtərəfli qaydada Alma- Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması barədə razılaşmanı pozur.

Erməni diplomatiyasının məhz bu cür sətiraltı "tələləri" beynəlxalq miqyasda rəylər doğurur ki, "Azərbaycanın Ermənistana ərazi iddiası var, Azərbaycan Ermənistana hücuma hazırlaşır və sair.

Erməni diplomatiyasının yürütmək istədiyi böyük və çox incə yalanı tutmaq çətin deyil. Həqiqət budur ki, Azərbaycan ərazi bütövlüyünü  sülh sazişinin 5 əsas prinsipindən biri kimi müharibədən dərhal sonra irəli sürüb. 1991-ci ilin Alma-Ata bəyannaməsini də qəbul edib. Ermənistanın pozuculuğu böyük ehtimalla onunla bağlıdır ki, Alma- Ata bəyannaməsini 1992-ci ildə ratifikasiya edərkən ona əlavə etdikləri 10 absurd maddəni də qəbul etdirmək istəyirlər. Eyni zamanda ermənilər belə bir pozucu anlayışın içindədirlər ki, guya Alma-Ata bəyannaməsi sərhədləri müəyyən edib, ona görə də sərhədləri yaratmaq yox, bərpa etmək lazımdır. Tutdunuzmu, erməni bicliyi haradadır? Alma-Ata bəyannaməsində sərhədlərin konkret coğrafi trayektoriyası göstərilib ki?! Əgər var idisə,  Ermənistanın cinayətkar prezidentləri 1992- ci ildə niyə həmin sərhədlərdə dayanmadılar və  Ağdama qədər təcavüzkar yürüşlə gəldilər? (Sonra da it kimi qovuldular)

Aydın görünür ki, Mirzoyanın hədəfi saziş imzalamaq deyil, imzalanmanı pozan "ritorik labirintlər" yaratmaqdır. Bu labirintlərdən ən etibarlı çıxış üçün "Ariadna sapı"nı isə Azərbaycan Prezidenti İlham Əliyev verib. Mirzoyan "düz yuvanın quşu olsa", "düz yumurta döyüşdürən" olsa, İlham Əliyevin təklif etdiyi mexanizmə üstünlük verərlər. İlham Əliyev sərhədlərin coğrafi trayektoriyasını müəyyənləşdirmək üçün delimitasiya komissiyaları ilə bərabər, müəyyən İşçi qrupların yaradılmasını da təklif edib. Bunun üçün eksklav olmayan 4 kəndimizin dərhal söz-söhbətsiz qaytarılması lazımdır. Qalan 4 kəndin və digər yerlərin "sərhəd trayektoriyasını" isə həmin İşçi qruplar işçi qaydada müəyyən edəcəklər.

 

Asif Nərimanlı, jurnalist:

- Araik Arutyunyan AzTV-yə müsahibə verib. Bəllidir ki, Araik 44 günlük müharibə vaxtı törətdiyi hərbi cinayətləri, misal üçün, Gəncənin bombalanması, eləcə də qondarma rejimin "rəhbəri" olduğu dövrə qədər Qarabağda etdiklərini - qanunsuz silah daşınması, bölgənin minalanması və s. - etiraf edəcək. O, bütün bunları istintaqa danışıb, lakin dövlət televiziyasının ekranına çıxarılması həm törətdiyi cinayətləri ictimaiyyət önündə etiraf etməsi, həm də Azərbaycanın separatizm üzərində qələbəsinin bir daha nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir. Müsahibəni səbirsizliklə gözləyirik...

 

Xaqani Səfəroğlu, jurnalist:

- Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistana səfərindən sonra "Naftemporiki" qəzetinə müsahibə verib.

Nazir deyib ki, İrəvana səfəri zamanı PUA-ların döyüş meydanında istifadəsini detallı şəkildə öyrənib.

Bundan sonra isə nazir sərsəmləyib.

Deyib ki, "bu ölkə, onun ordusu  hücuma məruz qalıb. Hücum zamanı həmin ölkə (yəni Azərbaycan - red) PUA-lardan, o cümlədən, "Bayraktar"dan kütləvi şəkildə istifadə edib... Afina Ermənistanla əməkdaşlıqda Qarabağ müharibəsinin dərslərini nəzərə alacaq".

Əlbəttə dərs almaq vacibdir.

Amma bu nazir əvvəlcə desin görək, Azərbaycan Ermənistana nə vaxt hucum edib? Qarabağ nə vaxtdan "Ermənistan ərazisi" sayılır?

Yunanıstan XİN-nə bu barədə sual göndərmək yaxşı olar.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Azərbaycanda elektron ticarətin illik dövriyyəsi nə qədərdir ?

Ötən həftə Mərkəzi Bankın açıqladığı rəqəmlərə inansaq, bu göstərici pərakəndə ticarətin təxminən 70%-dir.

Yəni MB deyir ki, qanunvericilikdə nəzərdə tutulan qaydada elektron ticarət əməliyyatlarının ötən ilki dövriyyəsi 40 milyard olub.

Nəzərə alsaq ki, ölkədə pərakəndə ticarət dövriyyəsi 60 milyard civarındadır, onda məlum olur ki bizdə az qala bütün alış-veriş e-ticarət üzərindəymiş.

Düşünürəm ki, bu, doğru yanaşma deyil.

Əlbəttə, MB deyə bilər ki, Elektron ticarət haqqında qanunda göstərilənləri nəzərə alıblar. Yəni rəqəmsal mühitdə, nəqdsiz baş verən bütün əməliyyatları e-ticarət olaraq qəbul ediblər.

Amma e-ticarət dövriyyəsi ilə bağlı beynəlxalq metodika tam fərqlidir.

Qonşu ölkələrdə də bir neçə illər öncə bu tip problemlər vardı. Lakin onlar artıq bu mərhələni keçiblər. Metodikalarını beynəlxalq standartlara uyğunlaşdırıblar.

Məsələn, hazırda daha sürətlə inkişaf edən Qazaxıstanda e-ticarət dövriyyəsinin rəsmi göstericisi 12%-dir.

Düşünürəm ki, Dövlət Statistika Komitəsi e-ticarətin hesablanması metodikasına, "70% e-ticarət dövriyyəsi" məsələsinə  aydınlıq gətirməlidir. Əsasən ölkə daxili və ölkə xarici real alış-veriş əsas götürülməlidir.

 

Etibar Huseynov, jurnalist:

- Təklif edirəm ki, indən belə "Qarabağ" oynayanda futbol şərhçisinin yanında əlavə olaraq daha 2 nəfər də əyləşsin. Çünki "qol" olanda bir şərhçinin qışqırması bəs eləmir.

 





12.03.2024    çap et  çap et