525.Az

Dini təhsil və kadr hazırlığı: problemlər və reallıqlar


 

CAHANDAR ƏLİFZADƏ: "DİNİ DURUMA XARİCİ DAİRƏLƏRİN MÜDAXİLƏSİNİN QARŞISININ ALINMASI ÜÇÜN ƏN EFFEKTİV VASİTƏ YERLİ KADR BAZASININ TƏKMİLLƏŞDİRİLMƏSİDİR"

Dini təhsil və kadr hazırlığı: <b style="color:red"> problemlər və reallıqlar</b>

Bir çox inkişaf etməkdə olan ölkələrin təhsil sahəsində beynəlxalq əməkdaşlığa can atıldığı kimi, ayrı-ayrı fərdlər də öz seçdikləri ixtisas üzrə daha yaxşı püxtələşmək üçün çox vaxt ölkə xaricinə üz tuturlar. Statistika göstərir ki, xaricdə təhsil alan şəxslərin əksəriyyəti öz ölkələrinə qayıdaraq müxtəlif yerlərdə fəaliyyət göstərirlər. Bir qisim isə təhsil aldıqları mühitə uyğunlaşaraq elə həmin ölkədə çalışmağa başlayırlar. Xaricdə təhsili daha uğurlu hesab edənlər arasında dini biliklərini dərinləşdirmək istəyənlər də az deyil.

Bu mövzunu mütəmadi müzakirə obyektinə çevirən bir məqam isə hələ də aktualdır. Xaricdə dini təhsil alıb müsbət istiqamətdə püxtələşənlərlə yanaşı, çox zərərli meyllərlə cəmiyyət üçün böyük təhlükəyə çevrilən şəxslərin ara-sıra yaratdığı problemlər təkrar-təkrar sözügedən mövzu barədə polemika aparıb hansısa nəticələr əldə etmək üçün müzakirə aparmağa zəmin yaradır.

Müxtəlif ambisiyalara xidmət edən təsirlər təkcə dini sahədə yox, bir çox məqamlarda özünü büruzə verir. Din cəmiyyət üçün daha həssas anlayış olduğundan, adətən, insanları manipulasiya edib hansısa təsir altına salmaq üçün ən "effektiv" üsul kimi məhz bu istiqaməti seçirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Cahandar Əlifzadə "525"ə açıqlamasında qeyd edib ki, bəzi dini dairələr bu sahədəki müəyyən boşluqlardan istifadə edərək ölkəmizin dini durumuna təsir göstərməyə çalışıblar: "Hər sahədə olduğu kimi, din sahəsində də dünya təcrübəsinin öyrənilməsi və onun tətbiqi vacib məsələlərdəndir. Azərbaycan kimi uzun müddət öz milli-mənəvi dəyərlərindən uzaqlaşdırılmağa, milli kimliyini unutdurulmağa yönəlik siyəsətlərə məruz qalmış, dini təhsil ənənələrindən tamamilə məhrum olunmuş ölkələrdə bu mühüm əhəmiyyət kəsb edib. Əlbəttə, müstəqilliyimizi yenidən qazandıqdan sonra ölkəmizdə də yerli dini təhsil modelinin formalaşdırılması zamanı xarici ölkələrin təcrübəsinin öyrənilməsinə və onların müsbət tərəflərinin mənimsənilməsinə xüsusi önəm verilib. Ötən əsrin 90-cı illərindən Azərbaycanda fəaliyyətə başlamış dini təhsil müəssisələri Türkiyə, Misir, İran, Suriya, Malayziya, İraq və digər ölkələrin dini təhsil müəssisələri ilə əməkdaşlıq edib və tələbə mübadiləsi həyata keçiriblər. Təəssüflər ki, bəzi dini dairələr bu sahədəki müəyyən boşluqlardan istifadə edərək ölkəmizin dini durumuna təsir etməyə çalışıblar. Minlərlə azərbaycanlı gənci dini təhsil adı ilə öz sıralarına qatıblar. Bununla da radikal və ekstremist dini cərəyanların ölkəmizdə yayılmasına, həmçinin, dindən siyasi vasitə kimi mənfi halların yaranmasına müəyyən dərəcədə nail olublar. Yüzlərlə vətəndaşımızın ölkə xaricindəki qeyri-qanuni silahlı qruplaşmaların sıralarına qatılması və həlak olması məhz belə yanaşmaların nəticəsidir. Digər neqativ tendensiya Azərbaycanın dövlət quruluşuna qarşı fikirlərin yayılması cəhdləridir".

C.Əlifzadənin konkret faktlara əsaslanan fikirlərinin əyani mənzərəsi ilə tez-tez rastlaşırıq. Həmin şəxslər təkcə öz həyatlarını alt-üst etmirlər, həm də şəbəkə kimi inkişaf edərək digər psixoloji cəhətdən təsirə düşməyə meyilli olan insanları "zəhərləməyə" çalışırlar. Təsadüfi yanaşdığımız hansısa kiçik addım miqyaslı nəticələri ilə idarəolunmaz vəziyyətə gəlib çıxır. Bu məqamda isə nələrsə etmək ya çox çətin olur, ya da mümkünsüz.

Bu torpaqda doğulub boya-başa çatan bir azyaşlı bəzən hansısa qeyri-qanuni silahlı birləşmələrin sırasına qoşularaq amalını dərk etmədiyi ideyaların qurbanı olmaq üçün böyüyürsə və onun ölkə xaricindəki dini təhsilinin nəticəsi "milli düşmənə" çevrilməyə xidmət edirsə, problemin kökü və həll yolları barədə daha sistemli müzakirələrə ehtiyac olduğu müəyyən olur.

Bu mənada, dini təhsil üçün xaricə getmək riskli olduğundan, alternativ, daha dəqiq desək, ilkin variantın - Azərbaycanda dini təhsilin təkminləşdirilməsi labüddür. C.Əlifzadə bildirib ki, problemin çıxış yollarından biri yerli təhsil bazasının gücləndirilməsidir: "Ümumiyyətlə, dini təhsil və din sahəsi üzrə kadr hazırlığı prosesi kifayət qədər həssas məsələdir. Təcrübə ölkələrin dövlət-din münasibətləri, dövlət quruluşu və siyasətinin kadr hazırlığı prosesinə ciddi təsir göstərir. Dini durumdakı neqativ tendensiyaların qarşısının alınması üçün yerli təhsil bazasının gücləndirilməsi vacib məsələdir. Son illərdə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib. 2018-ci ildən din xadimlərinə maddi dəstəyin verilməsinə başlanılıb. Elə həmin il dövlət başçısının sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu təsis edilib. Dini təhsilin tamamilə ödənişsiz olması üçün tədbirlər həyata keçirilib. Hətta xarici ölkə vətəndaşlarının burada təhsil alması üçün xüsusi təqaüd proqramı mövcuddur. Hazırda İnstitutda Türkiyə və Gürcüstanın vətəndaşları təhsil alır".

Din dövlətdən ayrı olsa da, dini məsələlərlə bağlı nəzərdə tutulan layihələrin tənzimlənməsi və problemlərin aradan qaldırılmasına dövlətin təşəbbüsü və nəzarəti mütləqdir. Xüsusən, işlə təmin olunmazdan öncə kadrların bilik və təfəkkürlərinin yoxlanılması, psixoloji durumlarının müəyyənləşməsi bu və ya digər arzuolunmaz halların qarşısını ala bilər. C.Əlifzadə vurğulayıb ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müəyyən əlavə və dəyişikliklər edilib, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara dini xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qayda"sı təsdiq edilib və din xadimi təyinatı ilə bağlı yeni yanaşmanın tətbiqinə başlanılıb: "Din xadiminin müsahibə yolu ilə təyin olunması, bu istiqamətdə şəffaflığın təmin edilməsi, eləcə də din xadimlərinə maddi dəstəyin verilməsi yerli dini təhsil bazasının gücləndirilməsinə və stimullaşdırılmasına önəmli təsir göstərir. Təsadüfi deyil ki, ötən il İnstitutun tələbə qəbulu üçün plan yerləri artırılıb və onun tərkibində Nazirlər Kabinetinin qərarı ilə Bakı İlahiyyat Kolleci yaradılıb. Bunlarla yanaşı, bildirməliyik ki, İnstitut fəaliyyəti dövründə Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Malayziya və digər ölkələrin müvafiq təhsil müəssisələri ilə əlaqələrini genişləndirib. Türkiyə və Qazaxıstanın ali dini təhsil müəssisələri ilə tələbə mübadiləsi proqramları həyata keçirilib. Gələcəkdə bu istiqamətdə işlərin daha da genişləndiriməsi planlaşdırılır. Nəticə etibarı ilə qeyd etməliyik ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətdəki tolerant və birgəyaşayış ənənələrinin qorunması və inkişafı, xüsusilə də, dini duruma xarici dairələrin müdaxiləsinin qarşısının alınması üçün ən effektiv vasitə yerli kadr bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsidir. Hazırda bu istiqamətdə mühüm addımlar atılır".

Müsəlmanların ən məşhur zikri budur: "Allahdan başqa ibadətə layiq məbud yoxdur". İslamın konsepsiyası və məğzi bu cümlədə özünü ilkin formada ehtiva edir. Bu anlayışın ardınca gedib saflaşmaq və bəşəriyyətə İslamın təlqin etdiyi düzgün həyat tərzini aşılamaq üçün öz Vətənində də, sağlam beyinlə xaricdə də biliyini dərinləşdirə bilərsən. Dünyada müxtəlif dillərdə danışan müsəlmanlar da var və hər biri Allahın təkliyini zikr edib ibadət edir. Saf niyyətinlə Allaha bütün dillərdə müraciət etmək olar, təkcə, sənin milli ruhuna, rifahına qənim kəsilmiş düşmənin dilindən başqa...

 

 





12.03.2024    çap et  çap et