525.Az

Milli lüğətçiliyin yeni uğuru: "Türk mənşəli arxaizmlər lüğəti"


 

Milli lüğətçiliyin yeni uğuru: <b style="color:red"> "Türk mənşəli arxaizmlər lüğəti"</b>

Qızılgül ABDULLAYEVA
BDU-nun Türkologiya kafedrasının dosenti

 

Lüğətçiliyin tarixi çox qədimə gedib çıxsa da, ilk lüğətlərin ibtidai halda mövcudluğu heç kəsdən gizli deyil. Türk lüğətçiliyinin tarixi  XI əsrə təsadüf edir. Bu, M.Kaşğarinin "Divanü-lüğat-it türk" əsəri ilə başlayır və sevindirici haldır ki, inkişaf bu günə qədər də davam edir. İnteqrallıqla yanaşı, diferensiallığa da imza atan bu lüğətlər bir tərəfdən əməli-tətbiqi, digər tərəfdən isə elmi-nəzəri mahiyyət kəsb edir. Ona görə də növlərindən asılı olmayaraq lüğətlərin hamısı elmi zəmin üzərində dayanır. Bu da faktdır ki, müasir lüğətlərin hazırlanması səsli dil əsasında reallığa qovuşursa, dilimizin tarixi keçmişini əks etdirən lüğətlər səssiz dil əsasında müəyyənlik qazanır. Odur ki, sonuncu lüğətlərin hazırlanması daha ağır və daha gərgin zəhmətin yekunu olaraq sonuclanır və nəhayətdə elm aləminə təqdim edilir. Elə bu səbəbdən dilimizin tarixi keçmişinə dönüş və oradan əliboş deyil, əlidolu qayıtmaq hər tədqiqatçıya nəsib olmur. Bu yol məşəqqətli bir yaradıcılıq yoludur. Belə lüğətlər dilimizin tarixi keçmişini öyrənmək baxımından çox, həm də lap çox əhəmiyyət kəsb edir. Belə lüğətlərdən biri də yenicə ərsəyə gələn və lüğətçilik tarixinə imzalı qədəm basan "Türk mənşəli arxaizmlər lüğəti"dir. Azərbaycan yazılı abidələrinin bizə miras qalan materialları əsasında formalaşmış lüğət Nəsimi adına Dilçilik İnstitutunun "Azərbaycan dilinin tarixi" şöbəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın rəhbərliyi altında hazırlanıb. Müasir dövr onilliklər əsasında öyrənildiyi halda, klassik dövr yüzilliklər əsasında tədqiqata cəlb olunur. Dilimizin tarixi keçmişindən qayıdan bu lüğət də 600 illik bir zaman kəsiyini - XIII-XVIII əsrləri əhatə edən ədəbi-bədii dil nümunələrini özündə cəmləşdirir. Əlifba nizamı ilə A, B, C, Ç, D, E, Ə hərfləri ilə başlayan sözlərlə əhatələnən bu lüğətin hələlik I cildi elm cameəsinin istifadəsinə verilib. Tərtibçilər A, B, C, Ç başlanğıclı leksik vahidləri toplayan və şərhlərlə birlikdə lüğətə daxil edən "Azərbaycan dilinin tarixi" şöbəsinin müdiri dosent Xədicə Heydərova və D, E, Ə ilə başlayan sözləri qeydə alan və müvafiq elmi izahlarla onları lüğətdə realizə edən şöbənin aparıcı elmi işçisi dosent Teyyub Quliyevdir.

Hamıya bəllidir ki, lüğətlər leksikoqrafik mahiyyət daşıdığından onlar əsasən leksik dil faktları ilə müəyyənlik qazanır. Amma bu da faktdır ki, qrammatikanın özünəməxsus bir avtonomiya təşkil etməsinə baxmayaraq, onun fonetika və leksika ilə əlaqə zənciri qırılmazdır. Bizə görə, leksikoqrafiyanın da bir tərəfdən semasiologiya, terminologiya, digər tərəfdən isə fonetika, qrammatika ilə bağlılığı şəksizdir. Yəni lüğət sadəcə quru bir "Sözlük" adını daşımır. Bu sözlərdə türkün dili, türkün yaşam coğrafiyası, türkün tarixi, türkün etnoqrafiyası, türkün hüquqi dövlətçilik ənənələri, türkün məişəti, türk mədəniyyətinin tarixi izləri... yatır. Məsələ burasındadır ki, yaradıcı kollektiv dilimizin tarixi keçmişi üçün hər biri əvəzolunmaz dəyər daşıyan bu faktlara söykənərək onların tərkib komponentlərini də unutmur, onlara biganə qalmır. Belə ki, Xədicə öz komandası ilə birlikdə leksikologiyanın qrammatika ilə əlaqə zəncirini də lüğətdə mühafizə edir. Nəticədə dilimizin tarixi keçmişini bu yöndən də oxucu kütləsinə tanıtdırmaqdan vaz keçmədiyi aşkarlanır. O, bizi dilin arxaik qatında yer alan leksik vahidlərlə yanaşı, həm də arxaikləşmiş morfoloji göstəricilərlə tanış edir. Təbii ki, onların tərkibində bildiklərimiz də kifayət qədərdir (söhbət ixtisas sahiblərindən gedir), amma bilmədiklərimiz də az deyil. Belə olan halda, lüğətdə qeydə alınan arxaik sistemdə bir tamlaşma ilə qarşı-qarşıya dayanır və bunu leksikoqrafiya sahəsi üçün bir uğur kimi qəbul edirik. Sevindirici haldır ki, təqdim olunan dil faktları məhz ilkin mənbələrdən seçmə əməliyyatı ilə lüğətə daxil edilir. Və elə bu da dilimizin tarixinin bu yöndən daha dəqiq öyrənilməsinin təminatçısına çevrilir.

"Türk mənşəli arxaizmlər lüğəti" kollektiv yaradıcılıq məhsuludur. Bu o deməkdir ki, lüğətin çap edilmiş və yaxud çap ediləcək hər səhifəsində bir alim əməyi var. Əməkdar elm xadimi, professor Qəzənfər Kazımov, professor Sevil Mehdiyeva, dosentlər Vahid Adilov, Vahidə Cəfərzadə, Teyyub Quliyev, Aynur Paşayeva, Türkan Əsgərova, fəlsəfə doktorları Reyhan Mədətova, Aynur Mahmud, Elnurə Abbasova, böyük elmi işçi Rəxşanə Babazadə "Azərbaycan dilinin tarixi" şöbəsinin müxtəlif mənbələrdən seçmələr aparan zəhmətsevər, savadlı və bacarıqlı əməkdaşlarıdır. İstisnaları nəzərə almasaq, şöbənin əməkdaşları tərəfindən lüğətdə qeydə alınan bu leksik faktlar daha çox bədii dilin üzərində köklənir. Yəni seçilənlər əsasən klassik ədəbi-bədii dil nümunələrinin payına düşür. Bu da təsadüfi deyil. Çünki dilimizin bütün tarixi inkişaf mərhələlərində ən böyük ağırlıq həmişə bədii üslubun çiynində olub. Özü də aparıcılığa imza atan bədii üslubun məhz nəzm qolu olub. Onu da qeyd edək ki, seçilən və lüğətdə yerbəyer olan bu sözlər kontekstdən kənar adi leksemlər kimi görünsə də, əslində onlar vaxtilə mətnin poetik ağırlığını öz üzərinə götürən, həm klassik bədii dilin gücünü, həm də klassik bədii dilin tarixi gücünü nümayiş etdirən, ən mühümü xəlqilik axarına yol açan dil faktarıdır. Bizi razı salan xüsusi cəhət lüğətdə verilən dil vahidlərinin kontekstlə təmas qurması və nəticə olaraq faktoloji mahiyyət daşımasıdır. Yəni komponent olaraq birinci sözlər, daha sonra onların kontekst daxilinidə təqdimi həyata keçirilir.

Beləliklə, leksem əlifba sırası ilə öz yerinə oturdulur, təbii ki, qarşısında məna tutumu verilir və ən nəhayət, sübutedici fakt olaraq beyt təqdim edilir. Nəticədə sözün mətn daxilində daşıdığı semantikasının reallığına şübhə yeri qalmır. Lüğətdə bir başqa priyom yönləndirmə üsuludur. Təbii ki, burada əsas qayə oxucuları ehtiyac duyulan bəzi leksemlər haqqında daha ətraflı məlumatlarla bilgiləndirməkdən ibarətdir. Klassik ədəbiyyata yaxından bələdlik, elmi dəqiqlik, nəzəri hazırlıq və ondan yerli-yerində, özü də qaydasında istifadə birinci səhifədən sonuncu səhifəyə qədər bu lüğəti müşayiət edir. Fikrimizcə, bir tərəfdən sadalananların sintezi, digər tərəfdən elm cameəsində məhsuldar elmi fəaliyyəti ilə tanınan Xədicə Heydərovanın bir leksikoqraf kimi yetkinliyi və bu sahədə artıq şəxsi imzaya malikliyi lüğətin mükəmməlliyinin var olmasını şərtləndirib.

Kitab rəflərimizi hər yöndən bəzəyəcək bu lüğət hələlik Ə başlıqlı lüğəvi dil nümunələri ilə sonuclanıb. Lüğətin I cildi 467 səhifəlik həcm çoxluğu ilə oxucuların istifadəsinə verilib. Bu ona işarə edir ki, tədqiqatçılar dilimizin tarixi keçmişindən əli boş qayıtmayıb. Məhz əldə cəmləşən bu zəngin faktik dil materialı sayəsində Xədicə Heydərova başda olmaqla onun rəhbərliyi altında fəaliyyət göstərən alim ordusundan elmi mühitin gözləntisi boşa çıxmayıb. Onu da vurğulayaq ki, lüğətdə yer alan türk mənşəli lüğəvi dil nümunələrinin o tarixi dövrlər üçün əslində arxaizm kimi qəbulu absurtdur. Çünki klassik dövr üçün həmin dil faktlarının arxaizm kimi sübutu qeyri-mümkündür. İnanırıq ki, bu lüğəvi dil nümunələri məhz müasir Azərbaycan ədəbi dili ilə müqayisədə arxaizm kimi sənədləşdirilib. Təbii ki, məhz bu reallıq bizim üçün qəbul ediləndir. Onu da deyək ki, əldə edilən uğur təkcə bu şöbənin adı ilə deyil, həm də Dilçilik İnstitunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin adı ilə, onun işçilərinə arxa-dayaq durması, onlara qol-qanad verməsi, zəhmətini yüksək qiymətləndirməsi, ərsəyə gələn əsərlərin nəşrinə yardım etməsi ilə bağlıdır. Elə buna görə də əməkdaşların özünə güvənci artıb. Bizə görə, bu güvənc elmi məslək yolunda onları heç vaxt tərk etməyəcək və eyni mükəmməlliklə lüğətin II və III cildləri bizlərə ərmağan ediləcək. İnanırıq ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın rəhbərliyi altında ərsəyə gələn "Türk mənşəli arxaizmlər lüğəti"nin çap edilmiş və çap ediləcək növbəti cildləri milli leksikoqrafiya ənənələrini inkişaf etdirmək və təkmilləşdirmək yolunda elmə öz töhfəsini əsirgəməyəcək.

Belə məşəqqətli bir işin öhdəsindən bacarıqla gəldiyi və dilimizin tarixi keçmişindən gətirdikləri paya bilgi baxımından bizi də şərik etdikləri üçün "Türk mənşəli arxaizmlər lüğəti"nin I cildinin tərtibçilərinə -"Azərbaycan dilinin tarixi" şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovaya və şöbənin aparıcı elmi işçisi dosent Teyyub Quliyevə təşəkkür edir və onların növbəti uğurlarının şahidi olmaq istəyimizi bildiririk.

 





12.03.2024    çap et  çap et