525.Az

Ermənistana silah yolu - İranın mövqeyi necə olacaq? 


 

Ermənistana silah yolu - İranın mövqeyi necə olacaq? <b style="color:red"></b>

Hindistandan Ermənistana hava dəhlizi açılır. Məqsəd bu vasitə ilə silahların daşınmasıdır. Bu barədə bir neçə gün əvvəl Hindistan mediası məlumat yayıb. Qeyd edilib ki, bu, Hindistan və Ermənistan arasında logistikanı gücləndirəcək. Aydındır ki, son illər, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistana silah tədarükünü həyata keçirməyə başlayıb. Elə ötən ilin dekabrında məşhur "National Interest" nəşri Hindistan Xarici İşlər Nazirliyinə istinadən yazmışdı ki, Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib. Bildirilib ki, müdafiə sövdələşmələrinə "Pinaka" reaktiv yaylım atəş sisteminin satışı, silah yerləşdirmə radarları, tank əleyhinə raket sursatları və 155 mm-lik artilleriya silahları üçün 40 milyon dollarlıq müqavilə daxildir.

Rəsmi Bakı dəfələrlə bu məsələyə münasibətini bildirib və onun sülh gündəliyinə zidd olduğunu bəyan edib. İllərlə qonşu dövlətin ərazilərinin 20 faizini işğalda saxlayan, bu gün də təcavüzkar siyasətindən əl çəkmək istəməyən, Konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı bir dövləti silahlandırmaq əlbəttə ki, regionu yeni müharibəyə sürükləməkdir. Təəssüf ki, Hindistan silahların Ermənistana tədarük etməklə Cənubi Qafqazda sabitliyə təhdid yaradır.

İndi sual ondan ibarətdir ki, hava dəhlizi necə reallaşacaq? Bu yol yalnız İran üzərindən reallaşdırıla bilər. Təbii ki, Azərbaycan heç vaxt öz hava məkanından bu məqsədlər üçün istifadə olunmasına imkan verməyəcək.

Bəs Tehran necə? Məntiqlə, eyni zamanda dövlətin maraqları baxımından düşünəndə İran da bu planın gerçəkləşməsinə yaşıl işıq yandırmalı deyil. Birincisi, ona görə ki, bu, ilk növbədə elə İranın özünə qarşıdır. Rəsmi Tehranın Azərbaycana münasibəti bəllidir. Yəni sözdə dost, qardaş deyib, arxa planda ölkəmiz əleyhinə iş aparmaq. Düzdür, Vətən müharibəsindən sonra İran bunu açıq müstəvidə apardı, hətta münasibətlərin görünməmiş həddə gərginləşməsinə qədər getdi. Amma sonunda özü geri addım atmalı oldu. Bakı-Tehran münasibətləri hələ də tam normasına düşməyib. İran hətta Azərbaycan ziyan çəksin deyə, buna getməli olsa, deməli, ilk növbədə öz maraqlarını qurban verəcək. Ona görə də silahlanmanın region üçün yaradacağı riskləri nəzərə almalıdır.

Məlumdur ki, Ermənistan Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Buna görə də Rusiyadan tamamilə qopmaq və Qərbin nəzarətinə keçmək yolunu seçib. Onun bu planına İran ortaq olmalı deyil. Digər tərəfdən, Tehran hər zaman bəyan edib ki, kənar qüvvələrə regionda yer yoxdur. Ermənistanın məqsədi də məhz kənar qüvvələri, Qərbi regiona cəlb etmək, buranı risklər və təhdidlər altında saxlamaq, qarşıdurma ocağına çevirməkdir.

Qeyd etdiyimiz kimi, hava dəhlizi vasitəsilə perspektivdə Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silahların Ermənistana daşınması da nəzərdə tutulur.  Hazırda Ermənistanda Avropa İttifaqı missiyası fəaliyyət göstərir. Rusiya hərbi kontingentinin fəaliyyət çərçivəsi getdikcə daralır və qarşıdan gələn dövrdə buna tamamilə son qoyulması planlaşdırılır. Göründüyü kimi, Ermənistanda Rusiyaya qarşı yeni cəbhə açılır. İran Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaratmaqla bu planın gerçəkləşməsinə töhfə vermiş olur ki, bunun da nəticədə İranın özü üçün hansı problemlər yaradacağı aydındır. Tehran reallıqları nəzərə alacaq, yoxsa İrəvanın fitvasına gedəcək?

Hərbi ekspert Elxan Şıxəliyev mövzu ilə bağlı "525"ə bildirib ki, Ermənistan son zamanlar bir neçə istiqamətdə silahlı qüvvələrində mövcud olan hərbi texniki parkın çatışmayan hissəsini təmin etməyə çalışır. Bunun bir istiqaməti Fransa, digəri Yunanıstan, daha bir istiqaməti isə Hindistandır. Bunun içində əlbəttə ki, Rusiya variantı da var idi. Amma indi ermənilər deyirlər ki, silahlanmanın diversifikasiyasını həyata keçirirlər.

Ekspertə görə, Ermənistan bir neçə istiqamətdən silahlanmanı aparır ki, hər hansı bir fors-major halında tək bir dövlətin təminatından asılı olmasın: "Bu səbəbdən indi Hindistanla hərbi texniki əlaqələri genişləndirirlər. Hindistanın müdafiə sənayesi şirkətləri dünyanın TOP-10 müdafiə sənayesi şirkətləri arasında olmasalar da, bazar yaranmışkən fürsətcil davranırlar. Yəni Ermənistan silahlı qüvvələri üçün həm texniki baxımdan, həm qiymətlərinə, həm də taktiki-texniki xüsusiyyətlərinə görə uyğun ola bilən əsas artilleriya sistemlərini Hindistandan almağa çalışacaq. Artilleriya sistemlərini, xüsusən indi raket artilleriya sistemlərini deyək, Hindistan istehsalı olan və gələcəkdə bu hissəsini sırf ordan təmin etməyə çalışırlar. Hava yolunun açılması Ermənistanı tez bir zamanda hərbi-texniki avadanlıq, artilleriya və raket sistemləri ilə təmin etməkdir. Hava yolu dəhlizi o deməkdir ki, daşımaların çoxunu hava ilə həyata keçirməyə çalışacaqlar. Axtarışlar içərisində dəniz vasitəsilə Ermənistana daşınma da var. Lakin bu, çox bahalı olduğu üçün hava yolundan yük təyyarələri ilə daşımaları həyata keçirmək planları var. İndi hansı ölkələrin üzərindən uçuşların həyata keçirilməsi dövlətlərin razılığına bağlı olduğu üçün məsələni müzakirəyə çeviriblər".

Hərbi ekspert əlavə edib ki, hava dəhlizinin İran üzərindən keçməsində yanaşma ondan ibarətdir ki, İran heç bir halda ya quru daşınmalar, ya da hava dəhlizinin açılması yönündə məhdudiyyət yaratmayacaq: "Yəni Ermənistanla eyni platformada çıxış edəcəklər. Ona görə də təbii ki, indi bunun üzərindən Ermənistanla bir bazarlığa gedəcəklər. Xüsusən də indi Cənub-Şimal dəhlizi üzərindən İranın Avropaya çıxışı həyata keçirilir. Ona görə də bu strateji kommunikasiyaların Ermənistana lazım olan hissəsinin İrandan keçməsində Ermənistanla İranın istəkləri üst-üstə düşür. Risklər hər zaman var. Çünki Ermənistan ərazisində bir çox fərqli mövqelərdə olan dövlətlər artıq hərbi-texniki əməkdaşlığa başlayıblar ki, yekunda bu, Ermənistan ərazisində mümkün eskalasiya və münaqişəyə gətirib çıxara bilər. Xüsusən, Ermənistanla Rusiyanın münasibətləri, Ermənistanla Azərbaycanın münasibətləri üzərindən. Ona görə də Ermənistan ən pis variantı seçib".

E.Şıxəliyev əlavə edib ki, uzunmüddətli perspektivdə Ermənistanla Hindistan hərbi-texniki əməkdaşlığı daha da dərinləşdirməyə çalışacaq: "Heyətlərin səfərləri, Ermənistana veriləcək artilleriya və raket sistemləri heyətlərinin yetişdirilməsindən söhbət gedir. Heyətlər yetişdiriləndən sonra silahları dövr edəcəklər. Ermənistan 44 günlük müharibədə həm xeyli canlı qüvvəsini, həm də silah-sursatını itirdi. İndi həmin boşluğu doldurmağa çalışacaq. Lakin bu boşluğu qısa müddətə doldurmaq mümkün deyil. Silahların Ermənistan tərəfindən istifadəyə nə qədər uyğun olmasının mümkünlüyünü isə münaqişə halı göstərə bilər. Necə ki, Ermənistanın əvvəl də Rusiyadan silahlanması səbəbdən düşünürdülər ki, Cənubi Qafqazda onların orduları kimi ikinci ordu yoxdur. Amma gördülər ki, yox, məsələ silah məsələsi deyil, silahı istifadə edən hərbçilərdir. Düşünürəm ki, Ermənistanın hansı ölkədən silahlanmanı davam etməsinə baxmayaraq, Azərbaycanla arada olan fərqi qısa zamanda doldura bilməyəcək. Xüsusilə, nəzərə alaq ki, Azərbaycan Ordusu dünyada gücünə görə, 59-cu yerdə, Ermənistan isə 102-ci yerdədir. Arada azından 43 pillə fərq var".

Ekspertə görə, hər ölkə Hindistanın silahını almaq istəməz. Hindistan Ermənistana silah satmaqla iqtisadi dividentlər əldə edəcək: "Bu, sahədə Azərbaycanla Ermənistan arasında güc nisbətini fərqli şəkildə dəyişəcəkmi? Yaxın müddətdə, xeyr. Ən azı bu proses 5 il bu templə davam etsə, Ermənistan 2020-ci ilin 27 sentyabr tarixinə olan vəziyyətə ordusunu gətirə bilər. Ona qədər Azərbaycan Ordusu da yerində saymayacaq. Təkrar edirəm ki, onlar ən pis variantı, yenə silahlanmanı seçdilər. Silahlanma baş verirsə, bir gün bu silahlar kiməsə qarşı istifadə olunacaq. Burda əlbəttə ki, Azərbaycandan söhbət gedir. Görünür, Ermənistan yeni bir eskalasiyanın, müharibənin hazırlığındadır. Qısa yolla getmək - sülh sazişinə imza atıb, bu coğrafiyada bizimlə dinc şəkildə yaşamaq istəmirlərsə, seçim özlərinindir. Nəticəni isə də indiyə kimi iki mərhələdə görüblər: 44 günlük müharibədə və 23 saatlıq antiterror tədbirlərində. İndi seçim özlərinindir".

 

 

 





13.03.2024    çap et  çap et