525.Az

Ağ evin sahibi dəyişsə... - Xaqani Cəfərli yazır


 

Ağ evin sahibi dəyişsə... - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

ABŞ-da prezident seçkisinə təxminən 9 aya yaxın vaxt qalmasına baxmayaraq, bütün dünyanın diqqəti hazırkı prezident Cozef Baydenlə keçmiş dövlət başçısı Donald Tramp arasındakı rəqabətə yönəlib. Fövqəladə hadisə baş verməsə, Cozef Baydenin demokratların, Donald Trampın isə respublikaçıların prezidentliyə namizədi olacağı yəqinləşmiş məsələ hesab olunur.

Ağ evin indiki və keçmiş sahibləri arasında mübarizənin tədricən dünyanın gündəminin əsas mövzusuna çevrilməsi anlaşılandır. Çünki keçmiş prezident Donald Tramp qalib gələcəyi halda sələfinin formalaşdırmağa başladığı yeni dünya düzənindən imtina edəcəyini bəyan edir.

Hazırkı prezident Cozef Bayden kürsüsünü qoruyub saxlayacağı halda soyuq müharibənin başa çatmasından sonra yaranmış Avroatlantik mərkəzli dünya nizamını gücləndirməyə və genişləndirməyə davam edəcəyi şübhəsizdir. Baydenin prezidentliyinin ilk üç ilində Ağ evin apardığı siyasət bunu ehtimal etməyə ciddi əsas yaradır. Finlandiya və İsveçin NATO-ya cəlb edilməsi Avroatlantik mərkəzli dünya düzəninin gücləndirilməsinə xidmət göstərirdi. Bayden 2021-ci ilin yanvarında prezident səlahiyyətlərinin icrasına başladıqdan dərhal sonra Finlandiya və İsveçin NATO-ya daxil olmasını Vaşinqtonun əsas hədəflərindən birinə çevirmişdi. İsveçin NATO-ya üzvlüyünə razılıq verməyən Türkiyə və Macarıstana təzyiqlər də Finlandiya ilə yanaşı, İsveçin də Şimali Atlantika Alyansında təmsil olunmasının Ağ evin indiki sahibinin siyasətində önəmi ilə bağlıdır.

Belə fikirlər var ki, Vaşinqton rəsmiləri diplomatik danışıqlarda İsveç və Finlandiya ilə bir blokda olmaq istəməyənlərin Şimali Atlantika Alyasını tərk etməli olacağını ifadə etməkdən çəkinməyiblər. Təkzib olunmayan bu məlumat da göstərir ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü Bayden üçün hansı əhəmiyyətə malikdir. Beləliklə də, üç il əvvəl başlayan NATO-nun İsveç və Finlandiyanın hesabına genişlənməsi prosesi bu ilin martın 7-də başa çatdı. Finlandiya və İsveçin NATO-ya üzv olmasından sonra Rusiya ilə Şimali Atlantika Alyansı arasında quru sərhədi iki dəfədən çox artaraq 1260 kilometrdən 2600 kilometrə çatdığı kimi, Baltik dənizi də Alyansın daxili su hövzəsinə çevrildi. 

Prezident Cozef Bayden Konqresə müraciəti zamanı salonda fəxri qonaqlar arasında olan İsveçin Baş naziri Ulf Kristerssonu NATO-ya üzv olmaları münasibətilə təbrik etdikdən bir neçə saat sonra Kral Hərbi Hava Qüvvələrinin uzaq məsafələrdə hədəf aşkarlama sistemi ilə təchiz edilmiş Saab 340 AWACS və elektron kəşfiyyatda ixtisaslaşmış Gulfstream S102B təyyarələri ilk dəfə Rusiya sərhədi yaxınlığında uçuşlar həyata keçiriblər. Bu hadisə dünyanın son üç ildə nə qədər dəyişdiyini, Baydenin üç illik prezidentliyi dövründə Avroatlantik mərkəzli təhlükəsizlik sisteminin nə qədər genişləndiyini göstərir. Bayden noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, bu siyasətin davam edəcəyi kimi Avratlantik mərkəzli təhlükəsizlik sisteminin daha da genişlənəcəyi də şübhəsizdir. Belə olacağı halda Baydenin prezidentliyinin ikinci müddətinin sonuna kimi Ukrayna, Moldova və Gürcüstanın NATO-ya üzvlüyü gerçəkləşə, Ermənistan, Azərbaycan və Belarus da bu prosesə cəlb oluna bilər.

Uzaq Şərqdə isə Dördtərəfli Təhlükəsizlik Dialoqu (Quadrilateral Security Dialog - QUAD) olan ABŞ, Hindistan, Yaponiya və Avstraliyadan ibarət ittifaqla yanaşı, indidən "mini NATO" adlandırılan ABŞ, Yaponiya və Cənubi Koreaya arasında vahid hərbi blokla yanaşı, Vaşinqton Banqladeş, Bruney Darüssəlam, Kamboca, İndoneziya, Malayziya, Filippin, Sinqapur, Şri-Lanka, Tailand, Monqolustan, Maldiv adaları, Şərqi Timor, Fici, Solomon adaları, Nepal, Papua-Yeni Qvineya, Vyetnam, Tonqa kimi ölkələrlə ikitərəfli və ya çoxtərəfli hərbi əməkdaşlığını gücləndirməklə Çini cilovlamağa çalışacaq.

Donald Tramp qalib gələcəyi halda Baydenin formalaşdırmağa başladığı yeni dünya düzəninə ciddi dəyişikliklər etməyə cəhd edə bilər. Məsələn, Tramp qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya yardımdan imtina edəcəyinə dəfələrlə işarə edib. Ən son olaraq Macarıstanın Baş naziri Viktor Orban Trampla görüşdən sonra bəyan edib ki, keçmiş prezident yenidən Ağ evə qayıdacağı halda Ukraynaya bir sent də xərcləməyəcək. Trampın fikrincə, ABŞ Kiyevi maliyyələşdirməyi dayandırsa, müharibə başa çatacaq. Eyni zamanda Tramp hesab edir ki, Avropa təhlükəsizliyinin təmin edilməsi üçün bunun pulunu ödəməli, ya da öz ordusunu yaratmalıdır. "Tramp avropalıların əvəzinə Avropanın təhlükəsizliyini təmin etmək fikrində deyil". Bu isə İkinci Dünya müharibəsindən sonra yaranan əsas təhlükəsizlik strukturunun - NATO-nun dağılmasına səbəb ola bilər. Tramp əvvələr də NATO-dan çıxa biləcəklərinə işarə etmişdi. 

Lakin bütün bunlar Trampın söylədiyi kimi asan məsələlər deyil. Bunu Trampın özü də yaxşı bilir. Belə prezidentliyi dövründə NATO-dan çıxa biləcəkləri ilə bağlı fikirlər səsləndirməyə başladıqda Konqres ABŞ-ın NATO-dan çıxması ilə bağlı prezidentin təkbaşına qərar qəbul etməsini məhdudlaşdıran qanun qəbul etməklə Trampın fəaliyyətini məhdudlaşdırmışdı. Əgər prezident bu fikirində israr edərsə, Konqres onu istefaya göndərə bilər.

ABŞ-ın siyasi elitası ilə yanaşı, nəhəng hərbi-sənaye kompleksi və bürokratiyası da ABŞ-ın NATO-dan çıxmasının qəti əleyhinədir. Çünki 2019-2023-cü illərdə ABŞ silah ixracını əvvəlki dövrlə müqayisədə 17 faiz artırıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasına görə, qlobal silah bazarında ABŞ-ın payı 34 faizdən 42 faizə yüksəlib. ABŞ-ın tarixində ən yüksək rekord silah satışına imkan verən əsas məqam Birləşmiş Ştatların NATO-nun üzvü olması və Ukraynaya qarşı müharibədə Rusiyaya qarşı alyansın lideri olmasıdır. Tramp bu siyasətdən geri çəkilsə, ABŞ silah bazarında indiki mövqelərini itirəcək. Bu, siyasi elitanın və nəhəng hərbi-sənaye kompleksinin maraqlarına tamamilə ziddir. Tramp isə təkbaşına siyasi elitaya və "dərin dövlət" adlandırılan nəhəng hərbi-sənaye kompleksinə və bürokratiyaya qarşı dayana bilməz. Keçmiş prezidentin iddialı bəyanatlarına baxmayaraq, Trampın diktator olması üçün şərtlər mövcud deyil. Prezident yalnız hakimiyyət qollarından birinə rəhbərlik edir və digərləri ilə uzlaşmaq məcburiyyətindədir.

Digər tərəfdən Tramp Avropanın mövqeyini nəzərə almaq məcburiyyətindədir. Əks halda ABŞ Çinlə rəqabətdə təkbaşına qala bilər. Avropalı diplomatlar Vaşinqtonda bütün müzakirələrdə tərəfdaşlarının diqqətinə çatdırırlar ki, ABŞ Rusiyaya qarşı Avropanı dəstəkləməsə, Çinlə rəqabətdə də Avropanın dəstəyinə ümid etməməlidir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Tramp qalib gəlsə belə, Baydenin müəyyən etdiyi yeni dünya düzənin dağıtmağa gücü çatmayacaq.

Trampın qalib gəlmə ehtimalı ötən ayla müqayisədə bu gün daha azdır. Qarşıdakı aylarda da Trampın qalib gəlmək şansının azalacağı ehtimalı böyükdür. Trampın mövqelərinin güclənmək əvəzinə zəifləməsinin səbəbləri isə başqa bir yazının mövzusudur. 

 

 

 

 





13.03.2024    çap et  çap et