525.Az

Müharibə sərmayəsi artır


 

Müharibə sərmayəsi artır<b style="color:red"></b>

Polşa prezidenti Anjey Duda NATO ölkələri üçün müdafiə xərclərinin minimum səviyyəsini Ümum Daxili Məhsulun 3 faizinə çatdırmağı təklif edir. Bu təklif Polşa prezidenti Anjey Dudann ABŞ prezidenti Cozef Baydenlə görüşündə səslənib. Polşa rəhbərliyi Şimali Atlantika Alyansının şərq cinahının gücləndirilməsini istəyir və hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılması təklif edir. Polşa rəhbərliyini belə addım atmağa Vladimir Putinin Rusiyaya ən yaxın NATO ölkələrinə hərbi zərbələr endirə biləcəkləri ilə bağlı bəyanatı vadar edir. Polşa ilə yanaşı, Baltikyanı ölkələr də NATO-nun şərq cinahının gücləndirilməsini istəyirlər.

Hərbi xərclərin artırılması təklifi isə çoxalır. Avropa İttifaqının sənaye üzrə komissarı Terri Breton İttifaq ölkələrini müdafiə məsələlərinə 100 milyard avro xərcləməyə çağırıb. Komissar eyni zamanda iqtisadiyyatın hərbi relslər üzrə keçirməyə təklif edir.

Ukraynada müharibənin iki ili geridə qalıb və nə zaman bitəcəyi məlum deyil. Belə bir zamanda Ukraynanın hərbi xərclərinin dəstəklənməsi, eyni zamanda Rusiya ilə ehtimal edilən hərbi toqquşmaya hazır olmaq üçün müdafiə xərclərinin maliyyələşdirilməsi məsələsi prioritet məsələyə çevrilir. Hərbi xərclərin maliyyələşdirilməsinə sürətlə başlamaq üçün maliyyəçilər "müharibə istiqrazları"nın buraxılmasını təklif edirlər. Sərmayəçilərin belə istiqrazlar üçün "ac" olduğunu qeyd edən maliyyəçilər AAA kredit reytinqli, gəlirliliyi Almaniya və Fransanın dövlət istiqrazlarından yüksək olan qiymətli kağızların çox cəlbedici olacağını bildirirlər.

Birgə borclanma müharibə xərclərini qarşılamaq üçün ən asan yol hesab olunur. Fransa və Baltikyanı ölkələr bu təklifi qızğınlıqla dəstəkləyirlər. Bu təklifin gerçəkləşəcəyi halda Fransanın hərbi sənayesi bundan ən çox fayda götürən tərəflərdən biri olacaq. Ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı geniş müdaxiləsindən sonra Fransanın hərbi sənaye kompleksi ixracatı ciddi şəkildə artırıb.

Avropa İttifaqının koronavirus pandemiyası zamanı ilk dəfə buraxdığı istiqrazlar uğurlu olmuşdu. Hazırda bu qiymətli kağızların təxminən 450 milyard avroluq istiqrazlar maliyyə bazarlarında alınıb-satılır. Lakin onların buraxılışı 2026-cı ildən sonra dayandırılacaq. Bir çox sərmayəçilər isə belə istiqrazlara tələbatın son dərəcə yüksək olmasını əsas gətirərək istiqraz proqramının daimi olmasını təklif edirlər. Ekspertlər hesab edirlər ki, bu təklifin gələcəyi Rusiya qoşunlarının İttifaqın şərq sərhədinə doğru irəliləməsindən asılı olacaq. Belə bir təhlükə yaranacağı halda müdafiə xərclərinin maliyyələşdirilməsi üçün istiqrazlar buraxıla bilər. "Zurich Insurance"nin direktoru Qay Miller deyir ki, Avropanın hərəkətə gəlməsi üçün bir böhran yaşanmalıdır. Görünür, bu sözdə böyük həqiqət var. Brüssel təhlükəni tam hiss etməyənə qədər lazımi addımları atmır.  

 

 





14.03.2024    çap et  çap et