525.Az

"Bizdə aktyorların zəhməti layiqincə qiymətləndirilmir"


 

AKTRİSA RUMİYYƏ AĞAYEVA: "ÖZÜMÜ GƏLƏCƏYİN HOLLİVUD  ULDUZU KİMİ GÖRÜRƏM"

"Bizdə aktyorların zəhməti layiqincə qiymətləndirilmir"<b style="color:red"></b>

Bu gün ölkədə fəaliyyət göstərən ayrı-ayrı teatrlarda bir çox  professional aktyorlar çalışırlar ki, onları müxtəlif seriallarda da görə bilirik. Son vaxtlar səhnədə və filmlərdə yaratdığı fərqli obrazlarla sevilən belə sənət adamlarından biri də Akademik Rus Dram Teatrının aktrisası Rumiyyə Ağayevadır. Onunla söhbəti təqdim edirik.

 

- Rumiyyə xanım, teatr sahəsində kifayət qədər təcrübəsi olan sənətkarlar var. Onlar gənclərə dəstək olurlarmı?

- Dəstək duranlar da var, durmayanlar da. Öz fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, səhnə təcrübəsi qazanmağımda  sənətkarların rolu böyük olub. Bir dəfə Lyudmila Duxovnanaya ilə "Payız sonatası" tamaşasında oynadıq. Səhnədə bizdən əlavə, başqa aktyorlar da rol alsalar da, dialoqlar ikimizin üstündə qurulmuşdu. Onunla bir yerdə işləmək mənim üçün təcrübə oldu. Hazırda  rejissor Raulya Turkkanın "Səkkiz sevən qadın" tamaşasına hazırlaşırıq. Teatrın heyətində gənclər də var və L.Duxovnaya bir məktəb olaraq hamımıza dəstək durur.

- İlk dəfə səhnəyə neçə yaşda çıxmısınız?

- Uşaqlıqdan rejissor olmaq istəyirdim, düşünmürdüm ki, nə vaxtsa aktrisa olacağam. Hazırda həm də rejissor kimi fəaliyyət göstərirəm. Əsl aktyor rejissorluğu da bilməlidir. Düşünürəm ki, səhnədə obraz yaratmaq üçün ən lazımlı məqamlardan biri də budur. Atam Namiq Ağayev Akademik Milli Dram Teatrında tamaşa qoyanda xoreoqrafiya işlərini mən görürdüm. Yadımdadır ki, o vaxt mənə  çox kiçik bir  rol vermişdilər. O vaxt anladım ki, teatr məni özünə çəkir. Rəqqasə olaraq isə lap kiçik yaşlardan fəaliyyət göstərmişəm. Bakı Xoreoqrafiya Məktəbinin Milli rəqslər şöbəsinin məzunuyam. "Todes" şou baletinin solistlərindən biri də mən idim. Sonradan  "NERO" şou baletində fəaliyyət göstərməyə başladım. Onu da qeyd edim ki, "NERO"nu öz adlarımıza uyğun qoymuşduq. Açıqlaması Nərgiz, Emin, Rumiyə, Olesya idi. Məndən sonra digər iştirakçılar da oranı tərk elədilər. Hazırda yalnız iki nəfər fəaliyyətlərini davam elətdirir.

- Hazırda olmaq istədiyiniz yerdəsiniz?

- Həyatımdan razıyam, lakin hər kəs daha böyük zirvələri fəth eləmək istəyir. Bu, xüsusilə yaradıcı adamlara aiddir. Özümü gələcəyin Hollivud  ulduzu kimi görürəm.

- Babanız Firudin  Ağayev yazıçı, atanız Namiq Ağayev rejissordur. Sizin bu sahəyə gəlişinizdə onların da təsiri olub yəqin.

- Onlardan da əlavə,  nənəm Rimma Məmmədova da Xoreoqrafiya məktəbinin direktoru olub, indi də orada dərs deyir. O vaxtlar "Bizim küçə" filmi var idi, nənəm orada Sara obrazını canlandırırdı. Eyni zamanda anam da rejissorluq sahəsini oxuyub, hazırda Xoreoqrafiya Akademiyasında dərs deyir. Atamla anam iki yaşım olanda yollarını ayırdılar.  Bu sahəyə gəlişimdə hamısının təsiri olub. Lakin daha çox anamdan təsirlənmişəm. O, atamı həmişə mənə tərifləyirdi, hətta onun dahi olduğunu deyirdi.

- Bizdə bəzən valideynlər ayrılanda qarşı tərəfi mənfi obraz kimi təqdim edirlər uşaqlara.

- Anam heç vaxt atam haqqında mənfi nəsə deməyimə imkan vermirdi. Hətta mən uşaq ağlımla ona əsəbləşdiyimi bildirirdim. Anam isə bizi atmadığını, sadəcə sənəti seçdiyini başa salırdı. Qeyd edim ki, ailəmizdə sənət hər şeydən üstün olub.

- Sosial şəbəkələrdə daha çox rəqs videoları ilə gündəmdə olursunuz. Bunun işinizlə bir bağlılığı var?

- Əslində heç sosial şəbəkə adamı deyiləm. Mütəmadi olaraq nələrsə etməyə tənbəllik edirəm. İşimə görə daha çox aktiv olmağa çalışıram.

- Rumiyyə Ağayeva özünə tamaşaçı kütləsini formalaşdırıb, yoxsa hələ formalaşdırmaqdadır?

- Müəyyən kütlə var, lakin düşünürəm ki, bu, zamanla dəyişən bir prosesdir, çünki  zövqlər dəyişir. Bayaq dediyiniz sosial şəbəkələrdən daha çox istifadə etməyimin məqsədi də sırf izləyici kütləsini aktiv saxlamaqdır.

- Niyə məhz Akademik Rus Dram Teatrı?

- Buranı ruhuma daha yaxın hiss edirəm. İlk dəfə addım atdığım teatr məhz Akademik Rus Dram Teatrı olub. Atamın danışdığına görə, üç yaşımda ilk dəfə bu teatrda səhnəyə çıxmışam. Qismət elə gətirdi ki, fəaliyyətimi burada davam etdirməli oldum.

- Bir az da kino sahəsindən danışaq. Təkliflər alırsınız?

- Bəli, təkliflər olur, elələri var qonorar məsələsinə görə imtina edirəm. Düşünürəm ki, bizdə  qonorar sistemi düzgün formalaşmayıb və aktyorların zəhməti layiqincə qiymətləndirilmir. Son dəfə "Alatava" serialına dəvət almışdım. Ssenari, aktyorlar, çəkiliş heyəti yüksək səviyyədə olsa da, qonorarı az idi. Lakin sənətə görə razılıq verdim. Elə vaxtlar olur, film həm keyfiyyət, həm də qonorar baxımından qane edir məni. Elə vaxtlar da olur razılığa gələ bilmirik.

- Bəs teatrdan verilən qonorar qane edir sizi?

- Əvvəllər lap az idi. Cənab  Prezident bizə akademik status verəndən sonra maaşımız 100 faiz qalxdı. Buna görə bir daha minnətdarlığımızı bildiririk. Təbii ki, tək o məbləğlə dolanmaq çətindir, amma yenə də Allaha şükür!

Havar ŞƏFİYEVA

 

 

 





13.03.2024    çap et  çap et