525.Az

Türkiyəli oxucular üçün "Yurd həsrəti"


 

Türkiyəli oxucular üçün "Yurd həsrəti"<b style="color:red"></b>

Məhsuldar yaradıcılıq yolu keçən yazar, "Yada düşdü" ədəbi-bədii dərgisinin təsisçisi, Respublika Xatirə Kitabının redaktoru Nəzakət Məmmədli həm də tanınmış şair və media işçisidir:

 

Keçdiyim qayğılı ömür yolunda,

Gözləri dolubdu bəzən yolun da,

Ümidim dopdolu arzularımda,

Bu xanım ömrümü mərd daşıyıram.

Bu gecə çiynimdə dərd daşıyıram,

Aranı dağlara çəkib aparıb

Dağları arana tək daşıyıram,

Bu gecə çiynimdə dərd daşıyıram...

 

Mütəmadi olaraq şeirləri dövri mətbuatda yayımlanan N.Məmmədlinin 2002-ci ildən bəri yeddi şeir kitabı, o cümlədən, "Ömrüm", "Ömrün  qatarı" adlanan  poeziya toplusu Azərbaycanda nəşr olunub. O həm də "Vətən daşı", yaxud 44 günlük dastanı" adlı film proyektinin, həmçinin irihəcmli poemaların müəllifidir.

Onun haqqında Azərbaycan mətbuatı ilə yanaşı, türk mətbuatında da maraqlı məqalələr dərc olunub. N.Məmmədlinin "Saralmış yarpağa bənzər ömrüm" şeirlər və məqalələrdən ibarət kitabı 2014-cü ildə Türkiyədə işıq üzü görüb. 2023-cü ildə isə İstanbulda "Yurd həsrəti" adlı şeirlər toplusu nəşr edilib.

Kitabın tərtibçisi və ön söz müəllifi İmdat Avşar N.Məmmədlinin ədəbi-bədii yaradıcılığından, onun poetik düşüncələrindən və ictimai fəaliyyətindən söz açır: "Nəzakət Məmmədli Vətən torpağı, yurd və millət sevgisi ilə yoğrulmuş, könlünün zirvələrində hər zaman üçrəngli Azərbaycan bayrağını dalğalandıran şairdir".

Kitabda toplanan şeirlər öz mövzu və mündəricəsi ilə diqqət çəkir. Bu şeirlərdəki Qarabağ, Vətən, ana, şəhidlik, qardaş ölkə Türkiyəyə sevgi mövzulu şeirlər kitabın ana xəttini təşkil edir.

İ.Avşar kitabın ön sözündə N.Məmmədlinin Cənubi Azərbaycan mövzusunda yazdığı şeirlərin adlarını çəkir və bu şeirlər haqqında mülahizələrini bölüşür: "Keçmişdə itirilənlərə bir vətəndaş münasibəti bildirən şair ölkəsinin başına gətirilənləri sadalayır, gələcək nəsillərə uğurlu bir hədəf də göstərir" (səh. 10).

Kitabda toplanan şeirlərin bir qismi isə İkinci Qarabağ müharibəsində  qazanılan qələbəyə, Azərbaycan ordusunun qəhrəmanlığına həsr olunub.

İnanırıq ki, N.Məmmədlinin poetin nümunələri türkiyəli oxucuların qəlbinə yol tapacaq. Azərbaycana, onun şair qızına məhəbbətlə tərtib edilmiş "Yurd həsrəti" kitabının tərtibçisi İmdat Avşara təşəkkür edirik.

Maarifə HACIYEVA,

Filologiya elmləri doktoru, professor

 





13.03.2024    çap et  çap et