525.Az

"Şuşanın gözəl günlərindən biri" - "Bir rəsmin dedikləri"


 

"Şuşanın gözəl günlərindən biri" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, sənətşünas Emil Ağayevdir. Onunla Əməkdar rəssam Asif Azərellinin "Şuşanın gözəl günlərindən biri" əsəri haqqında danışmışıq.

Asif Hüseyn oğlu Azərelli 1946-cı ildə Bərdə rayonunda anadan olub. Gənc rəssam daha sonra təhsilini Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbində alaraq, 1971-ci ildə tanınmış qrafika ustası Əliağa Məmmədovun sinfini bitirir. 1974-cü ildə Tbilisi Rəssamlıq Akademiyasına daxil olur. Rəssam burada Gürcüstanın tanınmış sənətkarları - Korneli Sanadze və Uça Çaparidzedən sənətin incəliklərini öyrənir. Rəssamın yaradıcılığında Qarabağ mövzusu leytmotiv təşkil edir. Bu silsiləyə "Laçın qayası" (2015), "Şuşa qalası" (2016), "Şuşa qalası tele qüllə ilə" (2015), "Əsgəran qalası" (2015) və başqa əsərlər daxildir.

 

- Emil bəy, əsər neçənci ilə aiddir və indi harada saxlanılır?

- Əsər 2019-cu ilə aiddir. Tablo sifarişçi tərəfindən alınıb.

- Əsərin rəng və kompozisiya quruluşu necədir?

- "Şuşanın gözəl günlərindən biri" əsərində əhalinin məişət həyatını əks etdirən sənətkar burada baş verən hadisələri tematik tablo kimi canlandırır. Monumental boyakarlıq ənənələrinə xas olan xüsusiyyətləri özündə birləşdirən əsərdə xalqın məişət, geyim tərzi və estetik ruhunu duya bilərik. Şuşanın qədim evləri, gözətçi məntəqəsi görünür. Fonda cavanlar özlərinə ov quşu və qılınc seçir. Ata öz gənc qızlarına cehizlik Şuşa xalçasını göstərir. Şuşa xalçaları xovunun daha da hündür olması, əlvan, şux koloritli, çox nazik, incə, zərif, xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü xalçaların toxunması ilə seçilir. Bu qrupa daxil olan xalçaların tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın əsasının qoyulmasından sonrakı dövrə təsadüf edir. XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən mərkəzi Şuşa şəhərində inkişaf edir. Toxunan xalça-palazların sayı və keyfiyyətinə görə mədəniyyət paytaxtı XIX əsrdə Qarabağda birinci yeri tuturdu. Oxumuş insanın özünə çıraq seçməsi, ustanın dəmir düzəltməsi tarixi şəhərimizdə müxtəlif sənət növlərinin inkişafını bir daha sübut edir. Əsərdə geyimlərin təsviri obrazların parlaqlılığını vurğulayır. Azərbaycanın, eləcə də Qarabağın zəngin maddi mədəniyyət irsinin araşdırılması kontekstində geyimlərin və bəzəklərin özünəməxsus yeri var.

- Kompozisiyada Qarabağın geyim mədəniyyəti xüsusi yer tutur. Bir qədər bu haqda danışaq.

- Uzun sürən tarixi inkişaf prosesinin məhsulu olan geyim mədəniyyəti yerli təbii-coğrafi şəraitin, əhalinin təsərrüfat məşğuliyyətinin istiqamətinin, mədəni əlaqələrin yaratdığı müştərək zənginləşmənin fəal təsiri altında formalaşıb inkişaf etmişdi.  XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi qadın geyimləri özünün parlaq rəng əlvanlığı, biçim tərzi və tikiş üslubunun mürəkkəbliyi, eləcə də tip və formalarının fərqli olması ilə seçilirdi. Qarabağın milli qadın geyimləri tarixən "alt paltarı" və "üst paltarı" olmaqla iki əsas variantda mövcud olub. Qadın alt köynəkləri tuniki biçim üslubunda tikilib, əldə toxunan, satınalma pambıq və zərli ipək parçalardan tikilirdi. Üst geyim tiplərinin əsas elementlərindən biri üst köynəyi hesab olunurdu. Onu tuniki və ya kəsmə (doğrama) biçim üsulu ilə tikərək, qollarının ağzını bilərzikli və ya yelpazəli hazırlayır, qoltuğunun altına isə fərqli parçadan incə xiştək qoyurdular. Qarabağ qadın köynəklərinin boyun hissəsi həm boyunduruqlu, həm də boyunduruqsuz olurdu. Məşhur baş geyimləri ilə öz şöhrətini qazanan bu bölgə geyim mədəniyyətimizin inkişaf tarixindən xəbər verir.

XIX əsrdə və XX əsrin əvvəllərində Qarabağ əhalisinin ənənəvi kişi geyimləri öz biçim üsuluna və tikiş texnikasına görə ümumazərbaycan və hətta ümumqafqaz səciyyəsi daşıyır, eyni zamanda lokal-məhəlli xüsusiyyətləri ilə seçilirdi.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Əsər bütövlükdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın məişət həyatı ilə bərabər, mədəniyyətini də təqdim edir. Rəsmdə şəhər çox canlı təsvir olunub. Bu əsərdə Azərbaycan xalqının yaşayışı, mədəniyyəti və geyim estetikası xüsusi vurğulanır. Eyvanda gülləri sulayan gənc qızın öz işini görməsi, yoxsa cavan oğlana sevgi dolu baxışlarla baxması tamaşaçıda sual doğurur. Rəssam bu əsərdə Şuşa əhalisinin gözəl günlərindən birini təsvir edib.

Aytac SAHƏD

 

 





13.03.2024    çap et  çap et